Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir

 

"Sərhədlərdən təxribatçıların, terrorçuların keçməsinə, eyni zamanda, narkobiznesin həyata keçirilməsinə, cürbəcür cinayətkar adamların keçməsinə, qaçaqmalçılıq əməliyyatlarının həyata keçirilməsinə yol vermək olmaz. Azərbaycanda giriş-çıxış yerləri çox etibarlı qorunmalıdır".

 

Heydər Əliyev

 

 

Azərbaycan xalqının ümummilli lideri

 

Hər bir dövlətin yaşaması və xalqın varlığını davam etdirməsi üçün onun milli təhlükəsizlik strategiyasıının mövcudluğu mütləqdir. Məlumdur ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyi siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələr üzrə təmin olunur. Ölkənin milli təhlükəsizliyinin təminatının əsas məqsədləri insan - onun hüquq və azadlıqlarının, cəmiyyət - onun maddi və mənəvi dəyərlərinin, dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyünün təmin edilməsidir. Hər bir dövlət öz təhlükəsizlik strategiyasını məhz milli maraqları və mənafeləri əsasında formalaşdırır.

Ümummilli lider Heydər Əliyevin ölkənin milli təhlükəsizlik prioritetlərini dəqiq, aydın müəyyənləşdirməsi, cəmiyyətlə dövlət arasında olan inamın və etimadın daha da möhkəmlənməsinin təmin edilməsi sahəsində misilsiz xidmətləri həmin strategiyanın məzmununu təşkil edir. Bu gün ulu öndərin bizə zəngin irs olaraq qoyduğu milli təhlükəsizlik prioritetləri, onun bu istiqamətdə atdığı addımlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beş ildən artıq müddətdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən cənab İlham Əliyevin 2008-ci il 15 oktyabr seçkilərində xalqın böyük dəstəyi və etimadı ilə ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi dövlət başçısının hər bir fərdin mənafeyinə hesablanan və milli maraqları özündə ehtiva edən çoxşaxəli siyasət yürütdüyünü bir daha təsdiqlədi.

Ölkəmizdə həyata keçirilən milli təhlükəsizlik siyasətinin əsas daşıyıcılarından və aparıcı qüvvələrindən olan Milli Təhlükəsizlik Nazirliyinin başlıca vəzifələri milli maraqların etibarlı qorunması, təhlükəsizliyin hərtərəfli təmin edilməsi, ölkə həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyatda dinamik inkişafa nail olunmasına, ümumən sosial-iqtisadi və xarici siyasətin uğurla həyata keçirilməsinə əlverişli şərait yaratmaqdır. Dövlət quruculuğunun müasirləşmə mərhələsində Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin prioritet istiqamətləri dövlət başçısının qarşımızda qoyduğu vəzifələrdən, ayrı-ayrı nitqlərindəki fikirlərindən, o cümlədən MTN-in Heydər Əliyev adına Akademiyasında proqram xarakterli çıxışından qaynaqlanır: "Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir. Mən bunu xüsusilə qeyd etmək istəyirəm".

Ölkədə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində aparılan çoxşaxəli islahatlar beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunu və mövqelərini möhkəmləndirərək iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlərdən birinə çevirib.

Hazırda bəşəriyyətin inkişafı özünün qloballaşma mərhələsinə qədəm qoyub və bu mərhələni səciyyələndirən ən mühüm cəhətlərdən biri ictimai həyatın bütün sahələrində baş verən inteqrasiya və demokratikləşmə prosesləridir. Azərbaycan Respublikası bu proseslərdən kənar qalmayaraq dünyanın bir çox dövlətləri, eləcə də əksər beynəlxalq təşkilatlarla etibarlı tərəfdaşlıq əlaqələri yaradıb. Ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğu, şəffaf idarəçilik mexanizmlərinin yaradılması istiqamətində atılan addımlar da öz bəhrəsini verməkdədir.

Lakin Azərbaycanın mühüm və həssas coğrafi-strateji məkanda yerləşməsi, mövcud hərbi-siyasi vəziyyət və həmçinin ölkəmizdə həyat əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsi ciddi və kompleks təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir. Digər aidiyyəti dövlət qurumları ilə birgə, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti də xalqımızın mənafelərinin etibarlı təmin olunması üçün cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək daim ön sıradadır. Ölkə başçısının dediyi aşağıdakı sözlər Milli Təhlükəsizlik Nazirliyinin hər bir əməkdaşının fəaliyyət prinsipinə, istiqamətinə çevrilmişdir: "Milli təhlükəsizlik orqanlarının Azərbaycanda çox böyük funksiyaları vardır. Ölkəmizin keçid dövrünü yaşadığını, Azərbaycanın gənc, müstəqil ölkə, dövlət olduğunu və hər bir gənc dövlət kimi Azərbaycanın da çoxlu problemləri olduğunu, ölkəmizin coğrafi-siyasi vəziyyətini, təbii ehtiyatlarını və ərazimizdən keçən neft-qaz kəmərlərini, nəhəng enerji layihələrinin Azərbaycanda həyata keçirilməsini nəzərə alsaq, görərik ki, müxtəlif dairələrin diqqəti Azərbaycana yönəlmişdir. Biz buna hazır olmalıyıq. Yeni zəmanənin çağırışlarına hazır olmalıyıq".

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanın uzaqgörən, praqmatik siyasi təhlilinin nəticələri özünü real həyatda açıq-aydın göstərir. Lakin qeyd etmək lazımdır ki, bəzən ayrı-ayrı ölkələrin ərazisində fəaliyyət göstərən, yaxşı təşkilatlanmış cinayətkar birləşmələr şəxsi mənafeləri naminə demokratiya və inteqrasiya proseslərinin yaratdığı imkanlardan sui-istifadə etməklə qanunsuz yolla külli miqdarda gəlir, müxtəlif maddi sərvətlər əldə etməyə cəhd göstərirlər. Onların bu məqsədlə həyata keçirdikləri bir sıra cinayətkar fəaliyyətlər isə bütün bəşəriyyət, o cümlədən Azərbaycan Respublikası üçün böyük təhlükə yaradır.

Belə ki, ən gəlirli kriminal sahələri əhatə edən bu fəaliyyətlər bir tərəfdən minlərlə insanın həyatını məhv edir, digər tərəfdən isə daha ağır cinayətlərin törədilməsinə, o cümlədən terrorçuluq əməllərinin maliyyələşməsinə zəmin yaradır. Eyni zamanda, həmin əməllər normal dövlətlərarası münasibətlərin pozulması, müxtəlif sahələrdə ölkələrin, təşkilat və vətəndaşların əməkdaşlığının əngəllənməsi kimi mənfi tendensiyalara da gətirib çıxara bilər.

Ümumiyyətlə, sözügedən cinayətkar fəaliyyətlərə əsas etibarilə qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, kütləvi qırğın silahları da daxil olmaqla, qanunsuz silah-sursat ticarəti, qeyri-leqal miqrasiya və insan alveri aid edilir. Beynəlxalq təcrübəyə əsasən, göstərilən kriminal əməllər vahid bir terminlə - "transmilli mütəşəkkil cinayətkarlıq" anlayışı ilə ifadə olunur.

Bu gün transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran prioritet vəzifələrdən biridir. Transmilli kriminal şəbəkələrin üzvləri insan hüquq və azadlıqlarından, xüsusilə də, sərhədlərin şəffaflığından, eləcə də ölkələrarası iqtisadi əlaqələrdən məharətlə sui-istifadə etməyə cəhd göstərirlər. İndi bu təhdidlə mücadilə üçün hərtərəfli, çevik və prinsipial yanaşma tələb olunur. Məhz göstərilən faktorları nəzərə alaraq, Milli Təhlükəsizlik Nazirliyi transmilli cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparır.

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin milli təhlükəsizlik orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edərək deyib: "Fəaliyyətimizin daha bir mühüm istiqaməti transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədir. Bu məsələyə biz həm milli təhlükəsizlik, həm də qlobal beynəlxalq təhlükəsizlik sisteminin komponenti kimi baxırıq. Narkotiklərin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, insan alveri, çirkli pulların yuyulması, qeyri-bank pul ödəniş sistemləri, kibercinayətlər və sairə bu kimi transmilli mütəşəkkil cinayətkarlıq təzahürləri ilə mübarizə nazirliyin əsas fəaliyyət yönümlərindən birini təşkil edir".

Son zamanlar narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, kibercinayətkarlıq, habelə qanunsuz silah-sursat ticarəti ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar qrupların ölkəmizin ərazilərində fəallaşmaq cəhdləri daha da intensivləşib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən transmilli cinayətlərə qarşı mübarizə xətti üzrə konkret əməliyyat tədbirləri keçirilmiş və bir sıra nailiyyətlər əldə edilmişdir.

Transmilli mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən sayılan, bütün bəşəriyyətin gələcəyini, milli genefondumuzu təhdid edən, "ağ ölüm"ə şərait yaradan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə də nazirliyin fəaliyyətinin mühüm hissəsidir. Ölkəmiz üçün bu təhdid əsasən işğal altında olan ərazilərimizdən və tranzit daşımaların mövcudluğundan irəli gəlir. Respublika ərazisindən tranzit kimi əsasən Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan, Əfqanıstan-İran-Azərbaycan-Rusiya, Əfqanıstan-İran-Türkmənistan-Azərbaycan-Rusiya, Əfqanıstan-Tacikistan-Rusiya-Azərbaycan marşrutları ilə narkotik vasitələrin daşınması həyata keçirilir. Narkotiklərin Azərbaycan Respublikası ərazilərindən tranzit daşınmasına təsir edən ən mühüm amillərdən biri də respublikamızın dünyanın ən çox narkotik istehsal edən ölkələrinin yaxınlığında yerləşməsi ilə əlaqədardır.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son beş ilə yaxın müddətdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan 2 tondan artıq ağır tərkibli müxtəlif növ narkotiklər (heroin, həşiş, tiryək və s.) aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu illər ərzində 70 cinayət işi başlanıb, 240 nəfər, o cümlədən 25 nəfər xarici ölkə vətəndaşı istintaqa cəlb olunub.

Beynəlxalq təhlükəsizlik sisteminin komponenti kimi nəzərdən keçirilən, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində qeyri-leqal miqrasiya ilə əlaqəli cinayətlərin aşkarlanması və qarşısının alınması da vacib yer tutur. Qeyri-leqal miqrasiya ilə əlaqəli cinayətlərin qurbanlarının asılı olmaları baxımından terrorçuların təsiri altına düşmələri və bu yöndə alətə çevrilmələri istisna deyil. Digər tərəfdən, qeyri-leqal miqrantlardan insan alveri, qanunsuz silah-sursat ticarəti və narkobiznesdə istifadə olunmasına da dair faktlar mövcuddur.

Məlumdur ki, ölkəmizdə aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəlməsi və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf buraya gələn əcnəbilərin sayının ildən-ilə artmasına səbəb olmaqla miqrasiya proseslərinin intensivləşməsini şərtləndirib. Tranzit miqrasiya etmək niyyətində olan əcnəbilərin qeyri-leqal yollarla və saxta sənədlərlə respublikamıza gəlmə cəhdləri barədə preventiv tədbirlərlə əldə edilən qabaqlayıcı məlumatlar əsasında həmin cəhdlərin qarşısını almaq mümkün olur. Əsasən Çin, Əfqanıstan, Pakistan, İraq, İran, Hindistan, Banqladeş və Şri-Lankadan olan mühacirlər bir sıra qonşu dövlətlərin ərazisindən keçərək Qərbə miqrasiya etmək və ya burada qalmaq məqsədilə Azərbaycana gəlirlər. Son zamanlar dövlət tərəfindən iqtisadi liberallaşma üçün açılan geniş imkanlardan cinayətkar qruplar, şəxslər də sui-istifadə etməyə cəhd göstərirlər. Ümumən transmilli mütəşəkkil cinayətkar qrupların qeyri-leqal miqrasiyadan əldə etdikləri gəlirlər milyardlarla dollara bərabərdir ki, həmin gəlirlər sonradan terror aktlarının, eləcə də digər transmilli cinayətlərin törədilməsi üçün əlverişli şərait yaradır. Məhz bu səbəbdən Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində qeyri-leqal miqrasiyanın beynəlxalq terrorçuluqla əlaqələrinin aşkarlanmasına xüsusi diqqət yetirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev miqrasiya siyasətimizin daha da gücləndirilməsinin vacibliyini dəfələrlə vurğulayıb: "Azərbaycanda təhlükəsizlik məsələləri çox yüksək səviyyədə həll olunur, ictimai-siyasi asayiş yüksək səviyyədə qorunur, sabitlik, inkişaf var, dözümlülük, tolerantlıq var. Bunlar olmasaydı, əminəm ki, iqtisadi cəhətdən nə qədər cəlbedici olsa da, xaricdən buraya adam gəlməzdi. Ancaq bununla bərabər, biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq".

Qeyd edək ki, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar da qəbul olunub. Belə ki, dövlət başçısının 4 mart 2009-cu il tarixdə imzaladığı "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərmanla cari il iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında bu prinsip tətbiq olunacaq. Azərbaycan Respublikasının təhlükəsizlik orqanları miqrasiya proseslərinin ölkənin milli təhlükəsizliyinə doğura biləcəyi təhdidlərin operativ öyrənilməsi və qiymətləndirilməsi, bu yönümdə işin səmərəli təşkili istiqamətində müvafiq dövlət strukturları ilə fəaliyyətlərin düzgün əlaqələndirilməsi üzrə konkret və zəruri tədbirlər həyata keçirir.

Transmilli mütəşəkkil cinayətkarlığın xalqımızın genefondu və ictimai-mənəvi dəyərlərimiz üçün real təhlükə doğuran digər növü isə insan ticarəti ilə əlaqəli cinayət əməlləridir. Ölkə vətəndaşları insan alverinə övladlığa qəbuletmə, ailə qurma və işəgötürmə örtüyü altında könüllülük əsasında, habelə aldatma və ya məcburetmə yolu ilə cəlb edilirlər. Qurbanlar bir qayda olaraq transmilli mütəşəkkil cinayətkar dəstələr tərəfindən fahişəlik, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, dilənçilik kimi qeyri-leqal fəaliyyətlərə sövq edilir.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi yuxarıda əksini tapmış təhdidləri nəzərə alaraq öz səlahiyyətləri çərçivəsində transmilli mütəşəkkil cinayətkarlığın bu formasına qarşı mübarizəni daha da gücləndirmişdir. Bu sahədə milli təhlükəsizlik orqanlarının prioritet fəaliyyət istiqamətlərinə isə şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsi, insan alverçiləri ilə transmilli mütəşəkkil cinayətkar qruplar arasında əlaqələrin müəyyənləşdirilməsi, insan alveri cinayətlərinin aşkarlanması, qarşısının alınması və açılması, bu cinayətlərin törədilməsinə bilavasitə bağlılığı olan fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi daxildir. 2008-ci ildə qanunsuz miqrasiya və insan alveri ticarətinə qarşı həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində toplanılmış materiallar aidiyyəti üzrə dövlət orqanlarına təqdim edilmişdir.

Digər bir təhlükə, transmilli mütəşəkkil cinayətkar qrupların müasir informasiya-kommunikasiya texnologiyalarından geniş miqyasda istifadəsi ilə əlaqədardır. Kibercinayətkarlığın, xüsusilə də, kiberterrorçuluğun getdikcə daha ciddi xarakter alması bu təhlükələrin qabaqlanması istiqamətində də fəaliyyətin daha da təkmilləşdirilməsini və müsbət xarici təcrübənin mənimsənilməsini zəruri edir. Son illər ərzində məhz göstərilən sahələrə diqqət artırılmış, eləcə də ölkəmizin kibertəhdidlərə qarşı mübarizə imkanlarının genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.

Hazırda bəşəriyyəti təhdid edən transmilli cinayətkarlıq növləri arasında qanunsuz silah-sursat ticarəti xüsusi yer tutur. Belə cinayət əməllərindən əldə olunan gəlirlərin milyardlarla dolları aşması danılmaz faktdır. Digər tərəfdən, dünyanın bir sıra regionlarında öz mənfur ideyalarını reallaşdırmağa çalışan silahlı separatçılar, beynəlxalq terrorçu və ekstremist təşkilatlar məhz qanunsuz silah ticarəti sahəsində "ixtisaslaşmış" transmilli mütəşəkkil cinayətkar qrupların "xidmətlərindən" yararlanırlar, yaxud özləri bu yolda dururlar. Nəticədə isə ayrı-ayrı ölkələrin özünümüdafiə məqsədi ilə istehsal etdikləri müasir silah və texnologiyalar son dərəcə təhlükəli ünsürlərin əlinə keçir və yüz minlərlə dinc, günahsız insan zərər çəkir. Xüsusilə də, terrorçu və ekstremist cinayətkar şəbəkələrin kütləvi qırğın silahları əldə etməsi nəticəsində hansı dəhşətli proseslərin baş verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Şübhəsiz, qanunsuz silah ticarəti nəinki ayrı-ayrı ölkələrin milli təhlükəsizliyinə, hətta birbaşa beynəlxalq sülh və təhlükəsizliyə qarşı yönəlmişdir.

Milli Təhükəsizlik Nazirliyi qanunsuz silah ticarətinə qarşı mübarizədə göstərilən amilləri nəzərə alır. Ölkəmizdə kütləvi qırğın silahları ümumiyyətlə yoxdur və Azərbaycan Respublikası "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" və "Baktereoloji və toksin silahların ehtiyatlarının işlənilməsi, istehsalı və saxlanılmasının qadağan edilməsi və onların məhv edilməsi haqqında" konvensiyalara müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərə dönmədən əməl edir. Hazırkı dövrə qədər konvensiyalarla qadağan olunmuş silahların, habelə onların hazırlanmasında istifadə oluna biləcək maddələrin qanunsuz dövriyyəsi ilə bağlı faktlar qeydə alınmayıb.

Milli təhlükəsizliyin etibarlı təminatı işində mühüm amillərdən biri də dövlətin iqtisadi imkanları, onun iqtisadi qüdrətidir. Xəzərin Azərbaycan sektorunda həyata keçirilən böyük neft və qaz layihələrinə qarşı terror-təxribat niyyətlərinin qarşısının alınmasında, neft və qaz kəmərləri infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsində Milli Təhlükəsizlik Nazirliyi öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirir.

Bu gün Prezident İlham Əliyevin Azərbaycanın strateji maraqlarının təmin olunması istiqamətində düşünülmüş, uzunmüddətli məqsədlərə hesablanmış komplimentar siyasətinin nəticəsində Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi sahəsində dünya siyasətində özünəməxsus nüfuza malikdir və söz sahibidir. Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası onu tərəfdaş dövlətlərin Cənubi Qafqazdakı əsas müttəfiqinə çevirib. Bu mənada Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin inşası və istismarı bu əməkdaşlığa xüsusi önəm verib. Ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri təkcə Azərbaycanın deyil, bütövlükdə, beynəlxalq enerji təhlükəsizliyində mühüm rol oynamaqla, respublikamızın siyasi mövqelərini daha da gücləndirib. Azərbaycanın zəngin enerji resurslarının xalqımızın mənafelərinin hərtərəfli təminatı, o cümlədən siyasi və sosial-iqtisadi yüksəlişi naminə dövlətimizin siyasi rəhbərliyi tərəfindən məharətlə idarə olunması ölkəmizin müstəqil xarici siyasət yürütməsinə əlverişli zəmin yaratmışdır.

Ulu öndər Heydər Əliyev neft strategiyası üzrə layihələrin təhlükəsizliyi problemini Milli Təhlükəsizlik Nazirliyinin əsas vəzifələrindən biri kimi qiymətləndirirdi: "Azərbaycan öz iqtisadi imkanlarını genişləndirir. Ölkəmizə xarici investorlar gəlir. Azərbaycan neft sənayesinin inkişaf etdirilməsi üçün müqavilələr imzalayıb və onları həyata keçirir. Neft kəmərləri tikilir. Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün tədbirlər həyata keçirilir. Ancaq bunlar Azərbaycanın düşmənlərini çox narahat edir və bizim bu işlərimizi pozmaq üçün müxtəlif təxribat aksiyalarının keçirilməsi də mümkündür. Ona görə bizim iqtisadiyyat sahəsində apardığımız işlərin də mühafizə olunması Milli Təhlükəsizlik Nazirliyinin əsas vəzifələrindən biridir".

Enerji layihələrinin təhlükəsizliyinə təhdidlərin vaxtında aşkarlanaraq qarşısının alınması, mümkün təhdid və risklərin müəyyən edilməsi və sistemləşdirilməsi, əməliyyat şəraitinin proqnozlaşdırılması və digər tədbirlərin görülməsi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılan kompleks işlərin əsas tərkib hissələridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərilə desək, "...biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik və bu gün Azərbaycan böyük neft-qaz hasil və ixrac edən ölkəyə çevrilibdir".

Nəqliyyat sistemində təhlükəsizliyin təmin olunması da milli təhlükəsizlik orqanlarının fəaliyyətinin vacib hissədir. Ölkə rəhbərinin Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində nəqliyyat təhlükəsizliyi məsələsi xüsusi yer alıb. Dövlət başçısı respublikamızın bu sahədə əvəzolunmaz ölkəyə çevriləcəyini qürur hissilə bildirib: "Nəqliyyat təhlükəsizliyi məsələləri də öz həllini tapır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri nəticəsində Azərbaycan bu sahədə əvəzolunmaz ölkəyə çevriləcəkdir".

Qeyd etmək lazımdır ki, ölkəmizin müharibə şəraitində olduğunu, Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın nəqliyyat infrastrukturlarında vaxtilə törədilən terrorçuluq cinayətləri və bu cəhdlərin səngimədiyi barədə daxil olan əməliyyat məlumatları milli təhlükəsizlik orqanlarını daim ayıq-sayıq olmağa, zəruri, permanent tədbirlərin görülməsinə çağırır.

Qloballaşma şəraitində bazar sisteminin təsiri ilə dövlətin yeni müstəqil vəzifəsi kimi ölkənin iqtisadi təhlükəsizliyinin müxtəlif komponentlər üzrə qorunması da vacib vəzifə olaraq durur. Azərbaycanda irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə təhlükəsizlik orqanlarının fəaliyyətinin daim təkmilləşdirilməsini zəruri edir. Bazar iqtisadiyyatının inkişafı, iqtisadi potensialın gücləndirilməsi, eləcə də daxili və xarici kapital qoyuluşu üçün əlverişli şəraitin yaradılması, iqtisadi infrastrukturun sabitliyinin təmin olunması, regional və dünya bazarlarının formalaşmasında, fəaliyyət göstərməsində azad və bərabərhüquqlu iştirakın təmin edilməsi bu sahədə milli maraqlarımızın əsasını təşkil edir.

Müasir dövrdə dövlətin iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biri kimi bioloji təhlükəsizlik, habelə ərzaq təhlükəsizliyi çıxış edir. Bioloji təhlükəsizlik problemləri əsasən Azərbaycanın 20 faizdən çox ərazisini işğal etmiş və bununla yanaşı, atəşkəs dövründə müxtəlif vasitələrlə su hövzələrinin və işğal olunmuş torpaqların zəhərli maddələrlə çirkləndirilməsi, eləcə də tərkibində yüksək səviyyədə genetik modifikasiya olunmuş orqanizmlər olan ərzaq məhsullarının müxtəlif yollarla ölkəmizə idxalına çalışan Ermənistanla bağlıdır. Belə ki, əldə olunan faktların təhlili göstərir ki, erməni milliyyətindən olan iş adamları tərəfindən qonşu dövlətlərin ərazisindən keçməklə müxtəlif ölkələrin vətəndaşları vasitəsilə Ermənistanda istehsal olunmuş sənaye, ərzaq və kənd təsərrüfatı məhsullarının Azərbaycana gətirilməsi və satılmasına cəhdlər göstərilir. Bu növ mallarda genetik modifikasiya olunmuş maddələrin mövcud olması istisna edilmir. Respublikaya daxil olan bu cür qida məhsulları müvafiq normalara uyğun gəlmir və gələcək genefondumuzun inkişafına zərər gətirə bilər. Bu istiqamətdə də Milli Təhlükəsizlik Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər həyata keçirir.

Dövlətçiliyə daim sədaqətlə xidmət edən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları martın 28-də peşə bayramlarını qeyd etməyə hazırlaşırlar. Bu il həm də onunla əlamətdardır ki, peşə bayramı milli təhlükəsizlik orqanlarının yaranmasının 90 illiyinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli sərəncamı ilə martın 28-i milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmuş, bu unudulmaz hadisə Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi tarixilik qazanmışdır. Belə bir sərəncamın imzalanması varislik əlaqələrinin bərpası olmaqla yanaşı, milli təhlükəsizlik orqanlarının keçmişinə və tarixi təkamül mərhələlərinə yüksək diqqət və ehtiramın bariz nümunəsidir.

Tam əminliklə söyləmək olar ki, Milli Təhlükəsizlik Nazirliyi bundan sonra da ölkəmizdə milli maraqların transmilli mütəşəkkil cinayətkarlığın doğurduğu təhlükələrdən və təhdidlərdən qorunması işinə öz layiqli töhfəsini verəcəkdir.

 

 

Ramiz Tağıyev,

MTN-in Baş idarə rəisi,

general-mayor

 

Azərbaycan.-2009.-21 mart.-S.6.