Heydər Əliyevin müəllifi olduğu Konstitusiya hüquqi, demokratik və dünyəvi dövlətin inkişafının əsas təminatçısıdır

 

Müasir dövrümüzdə Azərbaycan Respublikasının konstitusion dövlət kimi təşəkkül tapması, ölkədə ictimai-siyasi proseslərlə müşayiət olunan tarixi şərait bu müstəvidə fəaliyyət göstərən görkəmli siyasi liderlərin dinamik mübarizə xətti ilə bağlıdır. Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır.

Konstitusiyaların keyfiyyətləri onun yüksək hüquqi qüvvəyə malik olması və hüquq sisteminin fundamental mənbəyi kimi çıxış etməsidir. Əvvəla, konstitusiya normaları digər normalara münasibətdə prioritet mövqedən çıxış edir. İkincisi, qanunlar və digər qanun qüvvəli aktlar konstitusiyada müəyyən edilən qayda və prosedura uyğun qəbul edilməlidir.

Məlum olduğu kimi, konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır.

Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.

Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.

Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair.

Əsas Qanunda konseptual baxımdan yeni ideyalardan biri ictimai münasibətlər sistemində dövlətin rolu ilə bağlıdır. Belə ki, ölkəmizin uzun illər daxil olduğu sovet siyasi sistemində dövlətin cəmiyyət həyatındakı rolu fövqəladə xarakter daşıyır, dövlət maraqları ilə şəxsiyyətin maraqları arasında yaranan münasibətlərdə üstünlük birmənalı olaraq birinciyə verilirdi. Bu isə, sözsüz ki, liberal demokratiya üçün öncül amillərdən olan şəxsi hüquq və azadlıqların müdafiəsinin arxa plana keçməsi ilə nəticələnirdi. Bu baxımdan Konstitusiyamızda dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyamız dövlətin məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

Azərbaycan Respublikası Konstitusiyasının hətta inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalarından biri Əsas Qanunda sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Belə ki, qeyd olunan prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir. Prinsip, eyni zamanda, insan hüquqlarının tətbiqi ilə bağlı milli qanunvericilik tənzimlənməsindən kənar qalmış hər hansı məsələyə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin birbaşa tətbiqini qanuniləşdirir.

Konstitusiya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikası hüquq sisteminin ayrılmaz tərkib hissəsi elan edir və nəzərdə tutur ki, Əsas Qanun və referendumla qəbul edilən aktlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yolverilən həddi təsbit edilmişdir.

Konstitusiya ölkə qanunvericiliyinin inkişafı üçün əsas baza kimi çıxış edir. Sözsüz ki, keçən əsrin 90-cı illərinin ortalarında yeni Konstitusiya qəbul edilmədən demokratik inkişafa və hüquqi dövlət quruculuğuna nail olmaq mümkün deyildi. Bu mənada, Əsas Qanun həqiqətən də milli dövlətçiliyimizin inkişafına güclü təkan verən mühüm amillərdən oldu. Konstitusiyamızın hüquqi dövlət quruculuğunun müasir tendensiyalarından çıxış edərək bir sıra yeni institutların - Konstitusiya Məhkəməsinin, insan hüquqları üzrə müvəkkilin (ombudsmanın), yerli özünüidarəetmə orqanlarının yaradılmasına, dövlət quruluşunda hakimiyyətlər bölgüsü prinsipinə ciddi əməl edilməsinə dair müddəaları demokratik siyasi sistemin qurulmasının zəruri şərti kimi çıxış etdi.

Azərbaycan Respublikası Konstitusiyasının dövlət və hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri də dövlət hakimiyyətinin ali orqanları sistemində müstəqil məhkəmə hakimiyyətinin mövqeyinin gücləndirilməsi olmuşdur. Çünki müasir sivil cəmiyyətlərdə güclü və müstəqil məhkəmə hakimiyyəti insanların dövlətə olan etimadının, vətəndaş sülhünün təminatının, vətəndaş cəmiyyəti quruculuğunun, hətta iqtisadi inkişafın vacib şərtlərindən biri kimi çıxış edir.

Azərbaycan Respublikası Konstitusiyasının ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, o, müasir dövlət quruculuğu üçün tələb olunan, demək olar ki, bütün prinsipial məqamları özündə əks etdirir. Bu isə Konstitusiya müddəaları əsasında müxtəlif səviyyədə zəruri islahatların həyata keçirilməsinə rəvac vermişdir. Konstitusiyanın qəbul edilməsindən sonra ölkəmizdə irimiqyaslı dəyişikliklər baş verib: birbaşa xalq tərəfindən seçilən qanunverici orqan formalaşıb və ötən dövr ərzində Konstitusiya əsasında cəmiyyət və dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqi akt qəbul edilib; Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən və dövlətçiliyin varisliyini təmin edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan Prezident institutu formalaşıb; dövlət hakimiyyəti orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu - bələdiyyə orqanları yaradılıb və fəaliyyətə başlayıb.

Konstitusiya müddəalarının reallaşdırılması istiqamətində həyata keçirilən ən mühüm nailiyyətlərdən biri xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlar olmuşdur. Ölkədə bir neçə mərhələdə aparılmış özəlləşdirmə prosesi mülkiyyət münasibətləri subyektlərinin dairəsini xeyli genişləndirmiş, mülki dövriyyəni zənginləşdirmiş, əhalinin xüsusi mülkiyyətinin həcmini əhəmiyyətli dərəcədə artırmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən mühüm vəzifələrdən biri isə yeni hüquq sisteminin formalaşması, bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazasının yaradılması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Konstitusiyanın qəbulundan ötən müddət ərzində bu istiqamətdə də çox ciddi addımlar atılmışdır. Azərbaycanda aparılmış qanunvericilik islahatı nəticəsində hüquq sisteminin müxtəlif sahələrini tənzimləyən normativ baza formalaşmışdır. Ölkəmiz artıq onun qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan 200-dən artıq çoxtərəfli beynəlxalq müqaviləyə tərəfdar çıxmışdır və xüsusilə diqqətəlayiqdir ki, bu sənədlərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır. Dövlətin Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təsirli mexanizmlər vasitəsilə təmin edilməsində maraqlı olduğu qeyd olunan qanunvericilik aktlarının, o cümlədən bir sıra konstitusiya qanunlarının qəbul edilməsi ilə bir daha təsdiqlənir.

Bütün bunlar Konstitusiyanın səmərəli fəaliyyət göstərən əsas hüquqi sənəd olması barədə fikri təsdiqləməyə imkan verir. Aydındır ki, ölkəmizdə hüquqi dövlət ideallarının tam bərqərar olunması üçün hələ çox iş görülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, bu gün çoxəsrlik demokratiya təcrübəsinə malik, inkişaf etmiş dövlətlər də həmin dəyərləri əldə etmək üçün uzun və mürəkkəb inkişaf yolu keçmişlər. Bu mənada, Konstitusiyanın işlək mexanizm kimi fəaliyyət göstərməsi üçün görülən işlər bundan sonra da səylə davam etdirilməlidir. Bu gün qarşıda duran əsas vəzifələrdən biri isə cəmiyyətin həyatını Konstitusiyanın tələblərinə uyğun qurmaq və onun tətbiqini, xüsusilə də ölkə ərazisində birbaşa hüquqi qüvvəsini təmin etməkdən ibarətdir. Bu məsələdə ölkədə hüquq qaydasının yaradılmasına məsul olan dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyəti və hər bir ölkə vətəndaşı da yaxından iştirak etməlidir. Çünki ölkə əhalisinin fəal dəstəyi olmadan Konstitusiyanın daha səmərəli fəaliyyəti mümkün deyildir.

Ümummilli lider Heydər Əliyev həmin dövrdə qəbul edilmiş qanunların əhəmiyyətini qeyd edərkən belə söyləmişdir: "Bu qanunlar Azərbaycanda müstəqil dövlətin inkişafı, iqtisadi islahatların aparılması üçün, qanunun aliliyini təmin etmək, hüquqi dövlət yaratmaq üçün çox əhəmiyyətli olmuşdur".

2002-ci ildə ölkəmizin beynəlxalq birliyə inteqrasiyası və hüququn müasir inkişafı şəraitində Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi, Əsas Qanunun özünün də təkmilləşdirilməsi kimi mühüm tədbirlərin həyata keçirilməsi zərurəti ortaya çıxdı. Bu tədbirlər ilk növbədə Konstitusiyanın özündə müəyyən edilmiş konsepsiyanın reallaşdırılması, Azərbaycan hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması məqsədlərinə xidmət etmişdir. Bir amili etiraf etmək lazımdır ki, əgər Əsas Qanuna dəyişiklik tarixi zərurətdən, ictimai tələbatdan irəli gəlməklə proqressiv nəticələrə imkan yaradırsa, yalnız onun sabitliyini və dəyişilməzliyini əsas gətirərək konstitusiya və qanunvericilik islahatlarından imtina etmək heç bir halda mütərəqqi addım kimi qiymətləndirilə bilməz.

24 avqust 2002-ci il referendumunda Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində düzəlişlərin edilməsi həmin dövr üçün ictimai münasibətlərin daha effektiv tənzimlənməsi naminə aparılan ən uğurlu konstitusion islahatların tərkib hissəsi idi. Konstitusiyada həmin əlavə və dəyişikliklər bir sıra konstitusion mexanizmləri daha dəqiq əlaqələndirirdi. Bu dəyişikliklər bir sıra məsələləri, o cümlədən Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi, Azərbaycan Respublikasında apellyasiya instansiyası məhkəmələri, eləcə də ombudsman (insan hüquqları üzrə müvəkkil) institutunun yaradılması nəzərdə tutulmuşdur. Konstitusiyaya edilən həmin dəyişikliklər nəticəsində Azərbaycan Respublikası vətəndaşlarına Azərbaycan Respublikası məhkəmələrinə, insan hüquqları üzrə müvəkkilə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarla bağlı şikayət, müraciət və sorğu vermək hüquqları verilib. Eyni zamanda, Azərbaycan Respublikasında keçirilən parlament seçkilərinin majoritar seçki sisteminə keçirilməsi və ölkə Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə onun səlahiyyətlərini yerinə yetirmək hüququnun Azərbaycan Respublikasının Baş nazirinə verilməsi təsbit olunmuşdu.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə 24 avqust 2002-ci il tarixli referendumla edilmiş dəyişikliklər, ilk növbədə, cəmiyyətimizin inkişafından doğan və Konstitusiyamızın, qanunlarımızın, bütövlükdə hüquq sistemimizin təkmilləşdirilməsinə, demokratikləşdirilməsinə və insan hüquqlarının daha səmərəli müdafiə edilməsinə xidmət etmiş, Əsas Qanunun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.

Məlum olduğu kimi, qanunvericilikdə Konstitusiyanın aliliyinin təmin edilməsi və hər kəsin hüquq və azadlıqlarının müdafiəsi Konstitusiya Məhkəməsinin əsas məqsədləri kimi təsbit edilmişdir. Məhkəmə müstəsna olaraq Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarlarla bu məqsədləri həyata keçirir və milli hüquq sisteminə öz töhfəsini verir. İlk illər ərzində Konstitusiya Məhkəməsinin fəaliyyətinin ümumiləşdirilməsi göstərdi ki, məhkəmənin səlahiyyətlərinin artırılmasına, xüsusən də müraciət hüququna malik subyektlərin və nəzarətin predmetini təşkil edən aktların dairəsinin genişləndirilməsinə ciddi ehtiyac vardır. Konstitusiya nəzarəti institutunun müasir inkişaf tendensiyalarına uyğun olan bu tələblər həm də ölkəmizin dünya birliyinə, nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyündən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədlərinə xidmət edirdi.

24 avqust 2002-ci ildə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər mühüm əhəmiyyət kəsb etmiş və məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur. Dəyişikliklərin nəticəsi olaraq bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik konstitusiya nəzarəti orqanıdır. Nəzarətin yurisdiksiyasına normativ-hüquqi aktların geniş spektri daxildir. Bu isə bütün qanunvericilik sisteminə konstitusiya nəzarətini həyata keçirmək, Konstitusiya və qanun normalarının təfsiri vasitəsilə hüququn inkişafı və tətbiqi təcrübəsinin istiqamətləndirilməsi kimi əhəmiyyətli səlahiyyətlər deməkdir. İslahatlardan sonra Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi də əhəmiyyətli dərəcədə genişləndirilmiş, Azərbaycanda ilk dəfə olaraq konstitusiya şikayəti institutunun tətbiqinə başlanılmış, eləcə də ombudsmana və məhkəmələrə Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək imkanları verilmişdir. Şübhəsiz ki, bütün bunlar ilk növbədə Konstitusiya Məhkəməsinin timsalında hüquqların müdafiəsi üçün əhəmiyyətli bir vasitənin əldə edilməsi deməkdir. Xüsusilə də konstitusiya şikayətinin verilməsinin mümkün olduğu məsələlərin dairəsi xeyli geniş müəyyən edilmişdir. Bu institutun mövcud olduğu ölkələrin əksəriyyətində şikayətin predmeti yalnız iş üzrə tətbiq edilən və ya edilməli olan qanunun Konstitusiyaya uyğunluğu məsələsi ola bilər. Halbuki ölkəmiz daha mütərəqqi təcrübəni qəbul edərək konstitusiya şikayətinin predmetinə normativ-hüquqi aktlarla yanaşı, məhkəmə və bələdiyyə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını da daxil etmişdir.

Konstitusiya Məhkəməsinin qərarlarında şikayətlər əsasında qəbul edilmiş qərarların çəkisi təxminən 34 faiz təşkil edir. Belə ki, 2004-cü ildə qəbul edilmiş 30 qərardan 21-i, 2005-ci ildə qəbul edilmiş 19 qərardan 15-i, 2006-cı ildən hal-hazıradək qəbul olunmuş 9 qərardan 8-i konstitusiya şikayətləri əsasında qəbul edilmişdir. Eyni zamanda, müraciətin yeni subyektlərindən sayılan insan hüquqları üzrə müvəkkilin (ombudsman) sorğuları əsasında 3 qərar və 1 qərardad qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı dövrdən bütün dövlət orqanları ilə, xüsusilə də ümumi yurisdiksiyalı məhkəmələrlə sıx əməkdaşlığa böyük önəm vermişdir. Konstitusiya Məhkəməsinin bugünədək qəbul etdiyi qərarların böyük bir hissəsi məhz ümumi yurisdiksiyalı məhkəmələrin sorğu və müraciətləri, əsasən isə Ali Məhkəmənin sorğuları əsasında qəbul edilmişdir.

Sevindirici haldır ki, bu gün ölkəmizdə Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev dövlətçilik kursunu uğurla davam etdirir. Ölkədə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Bütün bunlar, həmçinin milli səviyyədə formalaşmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı daha da artırır.

Bu gün doğrudan da hər bir azərbaycanlının fəxrlə öyünə biləcəyi ali qanunu - Konstitusiyası var. Fikrimcə, Konstitusiyaya hörmət ilk növbədə onu öyrənməkdən, peşəsindən və fəaliyyət sahəsindən asılı olmayaraq hər bir ölkə vətəndaşı tərəfindən gündəlik həyatda tətbiq edilməsindən ibarətdir.

Konstitusiya müasir dövlətçiliyimizdə öz funksiyasını yerinə yetirərək ictimai proseslərin siyasi-hüquqi kontekstdə tənzimlənməsini təmin edir. Azərbaycan Respublikasında məhz ictimai-siyasi münasibətlərin qaydaya salınması, sosial-hüquqi sferada müvafiq islahatlar proqramının həyata keçirilməsi, konstitusion münasibətlərin sabit inkişaf dinamikası ölkədə uğurla irəli getməkdədir.

Əsas Qanunu mahiyyətcə konstitusiya qanunları da tamamlayır. Onlar eyni hüquqi qüvvəyə malikdir. Konstitusiyanın 156-cı maddəsinin 5-ci bəndində göstərilir ki, "konstitusiya qanunları Azərbaycan Respublikasının Konstitusiyasının ayrılmaz hissəsidir".

Konstitusiyanın əsas məqsədi insan hüquq və azadlıqlarının təminatıdır. Konstitusiya bir "ictimai müqavilə" olaraq dövlət, cəmiyyət və fərd arasındakı münasibətləri müəyyən edir. İnsan hüquqlarının prioritetliyini konstitusion kateqoriyaların Konstitusiyanın strukturunda əks olunan ardıcıllıqdan da müşahidə etmək olar. Konstitusiyanın əsaslarını müəyyən edən bölmədən sonra ən birinci və böyük bölmə insan haqlarına və vəzifələrinə ayrılıbdır. Konstitusiyanın 12-ci maddəsi isə bəyan edir ki, "insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir".

Konstitusiyada hakimiyyət bölgüsü hakimiyyət qolları arasında qarşılıqlı nəzarətin yaranması məqsədilə təsbit edildi. Qarşılıqlı nəzarət dövlət hakimiyyətinin məhdudlaşdırılması mexanizmi, ilk növbədə, insan hüquqlarının qorunmasına xidmət edən vasitədir. Hələ Konstitusiya layihəsi hazırlananda komissiyanın sədri Heydər Əliyev öz tövsiyələrini verərək qeyd edirdi: "Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir".

Xalqın dərin inamını qazanmış cənab İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərək ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, bu müstəqil institutun nüfuzuna, insan hüquq və azadlıqlarının tənzimlənməsinə xüsusi diqqət yetirir. Prezidentin təşəbbüsü ilə "Məhkəmələr və hakimlər haqqında" qanunda mütərəqqi dəyişikliklər olunmuş, "Məhkəmə-Hüquq Şurası haqqında" qanun qəbul edilmişdir. Dövrün tələbinə uyğun gələn bu dəyişikliklər məhkəmələrin işinin təkmilləşməsinə, onların fəaliyyətində geniş şəffaflığın təmin olunmasına, yüksək dəyərlərə uyğun hakimlərin seçilməsi qaydasına, qanunu düzgün tətbiq etməyən hakimlərə münasibətdə intizam məsuliyyətinin artırılmasına yönəlir.

2008-ci il prezident seçkilərində yüksək fəallıq nümayiş etdirən Azərbaycan xalqı cənab İlham Əliyevi bir daha dəstəkləməklə ulu öndər Heydər Əliyevin ideyalarının davamına səs verdi. Bu seçki bir daha göstərdi ki, cəmiyyətimizdə Heydər Əliyevin ideyalarının alternativi yoxdur.

Uzun müddət idi ki, ölkə ictimaiyyətinin geniş müzakirə predmetinə çevirdiyi Konstitusiya islahatları ilə bağlı təşəbbüsə də aydınlıq gətirilməsi 2008-ci ilin mühüm hadisələrindən biri oldu. 2008-ci ilin axırlarına doğru Konstitusiyaya düzəlişlərlə bağlı müzakirələr daha da intensivləşdi və Milli Məclisin payız sessiyasının son iclaslarında "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi müzakirəyə çıxarıldı.

"Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin hazırlanaraq Milli Məclisin 26 dekabr 2008-ci il tarixli iclasında geniş müzakirəsindən sonra referenduma çıxarılması haqqında qərar qəbul edildi.

1995-ci ildə ümumxalq səsverməsi (referendum) ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub, 2002-ci ildə isə ona çox əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Amma Azərbaycanın siyasi, iqtisadi inkişafı, sürətlə həyata keçirilən hüquqi və siyasi islahatlar, bu islahatların iqtisadi islahatlarla paralel keçirilməsi, demokratik inkişaf sahəsində əldə edilən uğurlar bu gün Konstitusiyaya bir daha nəzər salmağı, Əsas Qanunu daha da təkmilləşdirməyi zərurətə çevirmişdi. Qarşımızda duran ən vacib vəzifə Azərbaycan dövlətinin Konstitusiya əsaslarını möhkəmləndirməkdən ibarətdir.

Referendum Aktında qəbul olunan əlavə və dəyişikliklər Konstitusiyanın insan hüquqları və azadlıqları hissəsində hüquqların təminatını daha da genişləndirir. Bunun bariz nümunəsini 12-ci maddəyə edilən əlavələrdə görmək olar. Dövlət rəmzlərinə hörmət məsələsi hər zaman aktual olub. 75-ci maddəyə II hissə kimi əlavə edilən "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur" müddəasının Konstitusiyada əksini tapması olduqca yerinə düşür. Qanunvericilik hakimiyyəti bölməsindəki düzəliş də maraq doğurur. Konstitusiyanın 84-cü maddəsinin I hissəsinə bu məzmunda əlavə edilir: "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir".

Milli Məclisin Nizamnaməsində iclasların qapalı və açıq keçirilməsi məsələsi öz əksini tapıb. Amma bu məsələnin Konstitusiyada öz əksini tapması mühüm əhəmiyyət kəsb edir. Ona görə 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə olundu: "Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər".

Layihəyə əsasən 95-ci maddəyə bir neçə mühüm dəyişiklik təklif edilirdi. Bunlardan biri "bələdiyyələrin hesabatlarının dinlənilməsi" məzmununda 20-ci bənddir. Bu, Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı əhəmiyyətli bir məsələdir. Bələdiyyələrin məhz parlamentdə hesabat verməsi məsələsi həm hesabatlıq baxımından, həm də bütövlükdə demokratik islahatlar baxımından əhəmiyyətli bir addımdır.

Referenduma əsasən 96-cı maddədə I hissəyə "Ali Məhkəməsinə" sözlərindən sonra "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına" sözləri, II və IV hissələrinə "Ali Məhkəməsinin" sözlərindən sonra "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının" sözləri əlavə edilmişdir. Azərbaycanda demokratiyanın inkişafının indiki mərhələsində bu, bizim demokratik inkişafa verdiyimiz çox mühüm töhfədir. Bu, siyasi islahatlar baxımından da əhəmiyyətli bir dəyişiklik kimi qiymətləndirilə bilər.

101-ci maddənin V hissəsinin yeni redaksiyası belədir: "V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir".

108-ci maddənin mövcud mətni I hissə hesab edilmiş və maddəyə aşağıdakı məzmunda II hissə əlavə olunmuşdur: "II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminat qaydaları konstitusiya qanunu ilə müəyyən edilir". Bu, eks-prezident institutunun Konstitusiya qanunu ilə müəyyənləşdirilməsini ehtiva edir.

Konstitusiyada bir sıra müddəaların daha da təkmilləşdirilməsi müvafiq zaman kəsiyində zəruri fakt kimi çıxış edir. Konstitusiyaya edilən düzəlişlər heç də Konstitusiyanın və ya konstitusiya qanunlarının təftişi demək deyildir. Bu, Konstitusiyada öz əksini tapmış müddəaların daha da genişləndirilməsinə, insan hüquq və azadlıqlarının təminatına geniş şərait yaradılmasına əsas verən bir amildir.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı layihəsi ümumxalq səsverməsində xalqın böyük dəstəyini qazanmış və hüquqi qüvvəyə minmişdir.

Bu gün Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir.

 

 

Ziyafət Əsgərov,

Milli Məclis Sədrinin

birinci müavini,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.-2009.-1 may.-S.2.