Türkün soyqırımı

                                                                                                          

Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə tərəfinin təkidinə baxmayaraq, Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını istəməyib. Qondarma soyqırımını tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə tədqiqatçı göndərməkdə maraqlı olmayıblar. Əslində isə tarix sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, öz mənfur əməllərini, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Azərbaycan və Anadolu türklərinə qarşı XX əsr boyu ən dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.

 

Naxçıvan bölgəsində soyqırımları

 

Naxçıvan bölgəsində azərbaycanlıların soyqırımları (1917-1920) erməni-daşnak silahlı dəstələrinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri kütləvi soyqırımlarıdan biridir. Rusiyada çarizmin devrilməsi ermənilərin Azərbaycanda apardıqları türk-müsəlman soyqırımlarının yeni dalğasının başlanmasına təkan verdi. 1917-ci ilin əvvəllərindən 1918-ci ilin martınadək təkcə İrəvan quberniyasında 197 Azərbaycan kəndi erməni silahlı qüvvələri tərəfindən dağıdıldı və boşaldıldı. Onların da müəyyən hissəsi həmin quberniyaya daxil olan Naxçıvan qəzasına və digər qonşu qəzalara aid idi.

S.Şaumyanın vasitəçiliyi ilə sovet Rusiyasının himayə və yardımına nail olan ermənilər, xüsusilə də Andranikin silahlı quldur dəstəsi 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan tutdular. Andranikin yürüşü zamanı ermənilər Yaycı kəndinin əhalisinin ciddi müqavimətilə üzləşsələr də, oranı viran qoymuşdular. Onlar Culfada Araz çayı üzərindəki körpünü yandırmış və Ordubadda 2000 türk-müsəlmanı qətlə yetirmişdilər. 300-ə qədər adam Arazı keçərkən boğulmuşdu. Yaycı kəndində ermənilər tarixdə bənzəri olmayan vəhşiliklər törətmişdilər (insanların kürəyinə qaynar samovar bağlanması, hamilə qadınların qarınlarının xəncərlə yırtılması və s.).

Digər bir erməni silahlı dəstəsi 1918-ci ildə "Yaqon" ləqəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən 40 km şimalda yerləşən Almalı yaşayış məntəqəsinin əhalisini qıraraq öz tarixi yurdlarından didərgin salmışdı. Təxminən 2000 kişi öldürülmüş, xeyli gənc qadın əsir aparılmışdı. Osmanlı ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı qırğınlardan xilas etdi. 1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun başçılıq etdiyi silahlı qüvvələr Şərur-Sədərək ərazilərində onları duz-çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törətdilər. Müsəlmanlar yaşayan 8 kənd mühasirəyə alındı, Dəmirçi kəndi dağıdıldı və qarət olundu, 60 nəfər həbs edilərək İrəvana göndərildi, 200 nəfər Arazı keçmək istərkən çayda boğuldu. Yerli əhali ilə toqquşmada ağır itkilər verən erməni hərbi hissəsi geri çəkilməyə məcbur oldu.

1919-cu ilin birinci yarısında Naxçıvan mahalında həyata keçirilən ingilis və erməni idarəçiliyi zamanı da burada azərbaycanlı əhaliyə qarşı ağlasığmaz zorakılıqlar edildi. Təxminən iki aylıq "erməni idarəçiliyi" (1919, may-iyul) müddətində yalnız Naxçıvan şəhərində 330-dək axtarış aparılmış, 500-600 nəfər həbs olunmuş, 100-150 nəfərə isə dəhşətli işgəncələr verilmişdi. Bölgənin yerli əhalisinin "erməni idarəçiliyi"nə qarşı bir həftəlik üsyanın (19-25 iyul) uğurla nəticələnməsi, yəni, daşnak silahlı dəstələrinin mahaldan çıxarılması yeni soyqırımlarının qarşısını aldı.

Ermənilərin yürütdükləri "yandırılmış torpaq" - etnik təmizləmə siyasəti nəticəsində Naxçıvan mahalı 1918-1920-ci illərdə böyük qaçqınlar ordusu problemi ilə də üz-üzə qaldı. Bir tərəfdən ermənilərin İrəvan ətrafında və Zəngəzurdan qovduqları türk-müsəlman əhali Naxçıvana pənah gətirmiş, digər tərəfdən isə Andranikin yürüşü və "erməni idarəçiliyi" zamanı bölgənin xeyli yerli sakini Cənubi Azərbaycana üz tutmuşdu. Erməni hərbi hissələrinin Ordubad mahalına 1920-ci ilin martındakı hücumları da çoxsaylı dinc əhalinin qırılması ilə nəticələnmişdi.

Şimali Azərbaycan Rusiya tərəfindən yenidən işğal olunduqdan sonra, sovet hakimiyyətinin ilk çağlarında da müsəlman əhali ermənilərin törətdikləri soyqırımlarına məruz qalmışdır. Belə dəhşətli qırğınlardan biri 1920-ci ilin yay aylarında həyata keçirilmişdi. Erməni silahlı qüvvələrinin Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur istiqamətindəki qanlı yürüşü zamanı həmin ərazilərin dinc əhalisinə qarşı törədilən vəhşilik və zorakılıqlara dair rəsmi araşdırma-təhqiqatlar aşağıdakı dəhşətli faciələri üzə çıxarmışdı: Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 18 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək orada evsiz-eşiksiz qalmışdı; Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşlərilə öldürülmüş, 6 qadın əsir aparılmış, 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdi. Dərələyəzdə 74, Şərur və Şahtaxtıda isə 76 kənd yandırılmışdı. Şərurda 810 xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadın əsir götürülmüş, 72 nəfər top atəşilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdü. Şahtaxtıda isə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdi.

Bütövlükdə, 1918-1921-ci illərdə erməni quldur dəstələri Naxçıvan bölgəsində 73727 nəfər türk-müsəlman əhalini vəhşicəsinə qətlə yetirmişdilər.

1921-ci ilin yanvarında Naxçıvan əhalisi referendum yolu ilə Azərbaycanın tərkibində qalmaq arzusunu qəti şəkildə bildirməsi, Moskva və Qars müqavilələri (1921) ilə diyara Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsi və Naxçıvan Muxtar Respublikasının yaradılması (1924) ilə bölgədə türk-müsəlmanların soyqırımına qismən son qoyuldu. Lakin "böyük Ermənistan" yaratmaq kimi sərsəm xülyalarla yaşayan erməni şovinistləri sonralar da bu siyasətdən əl çəkməmiş, öz cinayətkar aksiyalarını XX əsr boyu açıq və gizli şəkildə davam etdirmişlər.

 

Zəngəzur qırğınları

 

Erməni-daşnak quldur dəstələri 1918-ci ildən 1920-ci ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətmişlər. Bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı zorakılıq aktları hərdən səngisə də, zaman-zaman daha qəddarlıqla təkrar olunmuşdur. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andranikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları da var idi. Nizami qoşunu və erməni quldur dəstələrini ətrafında cəmləşdirmiş Andranik Ermənistan hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxulub müsəlman əhalidən ya Ermənistan hökumətinə tabe olmağı, ya da guya "Ermənistan Respublikasına daxil olan" bu qəzanın ərazisindən çıxmağı tələb edirdi. Qəzanın, demək olar ki, xarici aləmdən təcrid olunmuş və çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdikdə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmiş, kütləvi soyqırımları həyata keçirmişdilər.

Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığı göstərilir. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Şahidlərin ifadəsi əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilmişdir. Vaqudi kəndində erməni vandalları 400-dən yuxarı azərbaycanlı əhalinin sığınacaq tapdığı məscidə əvvəlcə əl qumbaraları atmış, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırmışdılar. Qaniçən quldurlar həmin kənddən qaçıb, canını qurtarmaq istəyən uşaq və qadınların başlarını qılınc və xəncərlərlə üzmüş, İmişli kəndini qətl-qarət edərkən südəmər uşaqları süngülərə taxaraq göyə qaldırmış, öldürülənlərin meyitlərini tikə-tikə doğramışdılar. Göstərilənlər ermənilərin törətdikləri vəhşiliklərin cüzi bir hissəsi idi. Şahidlərin dediyinə görə, bütün bu cinayətlər bilavasitə Andranikin başçılığı ilə həyata keçirilmişdi.

Zəngəzurun müsəlman əhalisinə qarşı erməni basqınları, vəhşilikləri 1919-cu ilin dekabrından etibarən yenidən şiddətləndi. Müsəlmanlar yaşayan Oxçu, Şabadan, Atqız, Pordavdan kəndlərinə qarşı hərbi əməliyyatlar başlandı.

Andranikin "döyüşçüləri"nin vəhşilikləri misli görünməmiş həddə çatmışdı. Şahidlərin söylədiklərinə görə, Vaqudi kəndində 15 qız erməni yaraqlıları tərəfindən mənəvi və fiziki işgəncələrlə öldürülmüşdü. Həmin kənddə ermənilər qadınları öldürməzdən əvvəl zorlayır və döşlərini kəsirdilər. Meyitlər o qədər eybəcərləşdirilmişdi ki, onları tanımaq mümkün olmurdu. Quldur dəstələri bütün müdafiəsiz müsəlman kəndlərini talan etdikdən sonra hər yeri və hər şeyi oda qalayırdılar. Kəndlərdən hansısa biri müdafiə olunmağa cəhd göstərdikdə mühasirəyə alınır və yerlə yeksan edilirdi. Bu hadisələrin iştirakçısı olan A.Lalayan yazırdı: "Türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələriE maksimum şücaət göstərirdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan azad olunur və eybəcərləşdirilmiş meyitlərlə dolu xarabazarlığa çevrilirdi".

Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali arasında ümidsizlik doğururdu. 1920-ci il yanvarın 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadə və başqaları tərəfindən Azərbaycan Cümhuriyyəti parlamenti və hökuməti adına göndərilən teleqramda deyilirdi: "İkinci dəfə olaraq teleqraf edirik. Zəngəzur müsəlmanları sarıdan başınız sağ olsun. Zəngəzurlular nə qədər ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadıE Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmən müqabilində bir az kişi qalıb. Lakin onlar da ümidsiz vəziyyətdədirlər. Heç bir tərəfdən kömək gəlməmişdir. Ermənilərin nizami orduları on min nəfərə çatmışdır və qüvvələri hər an artmaqdadır".

Həmin gün Cəlil Sultanovdan Azərbaycan parlamentinə və hökumətinə aşağıdakı məzmunda teleqram daxil olmuşdu: "İndicə aldığım səhih məlumata görə, yanvarın 19-da erməni nizami ordusu 10 top və çoxlu pulemyotlarla Xocahan və Qaladərəsi arasındakı bir sıra tatar (Azərbaycan) kəndlərinə hücum etmişlər. Dünənə qədər 15 kənd məhv edilmişdir". C.Sultanov əməliyyat yerindən parlamentə göndərdiyi üçüncü teleqramda yazırdı: "Bu gün axşam vaxtı qəza rəisi ilə birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatırE Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfindən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşmək, nəticədə Naxçıvanla əlaqəni tamamilə kəsmək, beləliklə də həm Qarabağ, həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın dağlıq hissələrinin erməniləri sürətlə üsyana hazırlaşırlar".

Yanvarın 24-də C.Sultanovun Cəbrayıldan göndərdiyi son teleqramda deyilirdi: "Bütün teleqramlarıma əlavə olaraq, hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədində cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir".

Aprel işğalından sonra Rusiyanın Zəngəzur məsələsi ilə bağlı yeritdiyi siyasət Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra köklü şəkildə dəyişdi. Belə ki, 1920-ci il aprelin sonunda 11-ci Qırmızı ordunun siyasi rəhbərliyi və Azərbaycan İnqilab Komitəsi sədrinin müavini M.D.Hüseynovun Ermənistan daşnak hökumətinə notasında Qarabağı və Zəngəzuru erməni qoşunlarından təmizləmək tələb olunurdusa, artıq həmin ilin dekabrında Azərbaycan Zəngəzuru Ermənistana "bağışlamağa" məcbur edildi. Bu, imperiyanın bölgədə yeritdiyi yeni müstəmləkəçilik siyasətinin təzahürü idi. Məkrli planlarını onilliklərə irəlicədən hesablayan ermənilər daim azərbaycanlıları bu bölgədən sıxışdırmış, nəhayət, ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyindəki həmayədarlarının köməyi ilə onları əzəli torpağından son nəfərinə kimi çıxarmışlar.

 

Sovet dövründə azərbaycanlılara qarşı deportasiya və soyqırımı siyasəti

 

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kommunist və bolşevik qiyafəsinə girmiş daşnakların əl-qolu daha da açıldı. Bolşevik rejimi və mərkəzi sovet hökuməti tərəfindən himayə olunan və hər cür kömək alan ermənilər, əvvəldə qeyd etdiyimiz kimi, Zəngəzuru ələ keçirdilər. Naxçıvan və Qarabağı Azərbaycandan qoparmağa çalışdılar. 70 illik sovet hakimiyyəti dövründə mərkəzin köməyi ilə ermənilər, bir tərəfdən öz ərazilərini Azərbaycan torpaqları hesabına daim genişləndirir, digər tərəfdən isə bütün vasitələrdən istifadə edərək azərbaycanlıları tutduqları ərazilərdən sıxışdırıb, yalnız ermənilərdən ibarət "türksüz Ermənistan" yaratmaq siyasəti yeridirdilər.

Cənubi Qafqazın sovetləşməsindən məkrli niyyətləri üçün istifadə edən ermənilər tez bir zamanda "bolşevikləşərək" Azərbaycan xalqına qarşı soyqırımı siyasətini Azərbaycan SSR-in özündə də qəddarlıqla həyata keçirə bilmişdilər. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycan SSR-də rəhbər vəzifələrə soxulmuş ermənilərin əli ilə rəsmi məlumatlara görə daha 48 min nəfər azərbaycanlı məhv edilmişdi. Bu proses 30-cu illər repressiyası dövründə xüsusi xidmət orqanlarında yuva salmış xain xislətli ermənilər tərəfindən daha məkrli şəkildə davam etdirilmiş, nəticədə xalqımızın yüzlərlə say-seçmə ziyalısı - şairlər, alimlər məhv edilmiş, elm və mədəniyyətimizə ağır zərbə vurulmuşdur.

XX əsrin 20-30-cu illərində Azərbaycanın Zəngəzur qəzası və bəzi əraziləri SSRİ hökumətinin qərarı ilə Ermənistana birləşdirilmişdir. İkinci dünya müharibəsi ərəfəsində kütləvi kolxoz hərəkatı həyata keçiriləndə Ermənistan SSR-dən repressiyaya məruz qalanların əksəriyyəti azərbaycanlılar idi.

XX əsrin 30-cu illərində indiki Ermənistanın Vedibasar, Zəngibasar, Qəmərli, Dərələyəz, Ağbaba və digər bölgələrinin 50 min nəfərdən artıq azərbaycanlı əhalisi Qazaxıstan çöllərinə sürgün olunmuşdu. Sərt iqlim şəraitinə uyğunlaşa bilməyən azərbaycanlıların xeyli hissəsi tələf olmuşdu. Sürgün müddəti başa çatmış bir çox azərbaycanlılar isə sonralar müxtəlif bəhanələrlə Ermənistana buraxılmamışdılar.

Ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları 1941-45-ci illər müharibəsindən sonra yenidən baş qaldırdı. 1945-ci ilin noyabrında Ermənistan SSR rəhbərliyi heç bir əsaslı səbəb göstərmədən İttifaq hökuməti qarşısında Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi məsələsini irəli sürdü. İstədiyinə nail ola bilməyən Ermənistan rəhbərliyi bu dəfə başqa bir hiyləyə əl atdı: guya "xaricdən gələn erməniləri yerləşdirmək üçün onların torpaqları çatmır"; Azərbaycan SSR-in Kür-Araz ovalığında isə pambıqçılığı inkişaf etdirmək üçün qüvvəsi çatışmır; Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Kür-Araz ovalığına köçürülməsi bu məsələlərin hər ikisinin "həllinə" imkan verərdi. Azərbaycan rəhbərliyi ilə gizli surətdə razılaşdırılmış bu təklif SSRİ rəhbərliyi və şəxsən Stalin qarşısında qaldırıldı və ermənilər istədiklərinə nail oldular. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin "Ermənistan SSR-də yaşayan kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar imzaladı. Qərarın birinci bəndndə deyilirdi: "1948-50-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ildə 10 min nəfər, 1949-cu ildə 40 min nəfər, 1950-ci ildə isə 50 min nəfər köçürülsün". Qərarın axırıncı - 11-ci bəndində isə Ermənistan SSR Nazirlər Sovetinə tapşırılırdı ki, Kür-Araz ovalığına köçürülən azərbaycanlıların evlərinə xaricdən gələn ermənilər yerləşdirilsin.

Azərbaycanlıların Ermənistandan zorla köçürülməsi 1950-ci ilə qədər deyil, 1953-cü ilə, Stalinin ölümünə qədər davam etdirilmişdir. Ermənistanın dağlıq-yaylaq rayonlarından köçürülən əhalinin əksəriyyəti Kür-Araz ovalığının aran iqlim şəraitinə alışa bilmir, kütləvi surətdə qırılır, digər hissəsi isə Azərbaycanın dağ rayonlarına qaçır və ya geri qayıdırdılar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-ci ilin mayında ölkəmizin müstəqilliyi - Respublika Günü münasibətilə xalqımızın başına gətirilən bu müsibətlə bağlı demişdir: "Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də 1947-1948-ci illərdə Azərbaycan xalqına qarşı sovet hakimiyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəssüflər olsun ki, tarixçilərimiz və hamımız nədənsə bu hadisəyə o vaxtlar da və indi də, xüsusilə dövlət müstəqilliyimizi əldə edəndən sonra da doğru-düzgün qiymət verə bilməmişik, Ebiz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana artıq təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar".

Bütün bunları nəzərə alaraq ulu öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" xüsusi fərman imzalamışdır. Bu fərmanla həmin məsələlərin hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması üçün Prezidentin özünün sədrliyi ilə geniş tərkibdə dövlət komissiyası yaradılmışdı. Azərbaycan xalqına qarşı törədilən tarixi ədalətsizliklər - zorakı köçürmələr yalnız bu fərmandan sonra geniş surətdə öyrənilməyə və beynəlxalq ictimaiyyətə çatdırılmağa başlanmışdır.

Erməni millətçiləri XX əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı iyrənc mənəvi təcavüz kampaniyasına başlayaraq, mədəniyyətimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu "sübut etməyə" cəhdlər göstərirdilər, bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq üçün ən çirkin böhtan və iftiralara əl atırdılar. Bunun ardınca isə ermənilərin 1987-ci ildən törətdikləri yeni münaqişənin - qondarma Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı Ermənistandakı tarixi-etnik torpaqlarından qovuldu. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılması haqqında qeyri-konstitusion qərar qəbul edildi. Azərbaycan xalqı o zaman SSRİ-nin partiya və dövlət rəhbərliyini ələ keçirmiş ermənipərəst M.S.Qorbaçovun göstərişi ilə SSRİ hökumətinin bu açıq-aşkar işğalçılıq aktına heç bir mənfi reaksiya verməməsini qəzəblə qarşıladı və siyasi etiraz aksiyalarına əl atmaq məcburiyyətində qaldı. Etiraz mitinqlərində torpaqlarımızın işğalı siyasəti hamılıqla lənətləndi. Buna cavab olaraq SSRİ hökuməti Azərbaycanda getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya əsasən ehtiyatda olan erməni əsgər və zabitlərindən təşkil edilən qoşun hissələri yeritdi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə dinc azərbaycanlı məhv və şikəst edildi, yaralandı, müxtəlif fiziki təzyiqlərə məruz qaldı (132 adam öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu, bir çoxları itkin düşdü).

1988-ci ildən ermənilərin təcavüzü ilə başlayan və hələ də həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün uzunmüddətli ağır problemə çevrilmişdir. Nəticədə Azərbaycan ərazisinin 20 faizini təşkil edən 12 rayonu işğal olunmuş, 1 milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün düşmüş, 30 min nəfər azərbaycanlı öldürülmüş, 20 min nəfəri yaralanmış, 50 mindən artıq insan ömürlük əlil olmuş, 783 soydaşımız əsir alınmış, 5 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Müharibə nəticəsində 877 şəhər, qəsəbə və kənd dağıdılmış və yandırılmış, 4 mindən çox təhsil, 2 mindən çox mədəniyyət ocağı, 700 səhiyyə müəssisəsi, məscidlər, məbədlər, tarixi abidələr, muzeylər və digər sosial obyektlər məhv edilmişdir. Bütövlükdə XX əsr ərzində 1,5 milyon azərbaycanlı erməni qəsbkarlarının əli ilə soyqırımına məruz qalaraq qətlə yetirilmiş, 2 milyon vətəndaşımız qaçqına, didərginə çevrilmişdir.

 

Xocalı soyqırımı

 

1992-ci ilin fevralında ermənilər Azərbaycanın Xocalı şəhərinin əhalisinə vəhşicəsinə divan tutdular, Azərbaycan tarixində daha bir dəhşətli soyqırımı - Xocalı soyqırımını törətdilər; dinc azərbaycanlılar ağır işgəncələrə məruz qaldı, əsir götürüldü, məhv edildi, şəhər isə yerlə yeksan olundu. Təkcə fevralın 25-dən 26-na keçən gecə tərkibində xeyli erməni əsgər və zabiti olan Rusiyanın Qarabağdakı 366-cı motoatıcı alayı ilə birgə Xocalıya hücum edən ermənilər 613 azərbaycanlını (o cümlədən, 106 qadını, 63 uşağı, 70 qocanı) qətlə yetirdilər. Xocalı faciəsi zamanı 487 nəfər soydaşımız ömürlük şikəst oldu, 1275 dinc sakin əsir alındı, 150 nəfər itkin düşdü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 70 uşaq isə bir valideynini itirdi. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər.

Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımlarının siyasi baxımdan qiymətləndirilməsinə Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi ötən əsrin 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində başlasa da, ona əsl və tam siyasi qiymət həmin illərin sonunda verilmişdir. Bu qiymət Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanında bütün dolğunluğu ilə əksini tapmışdır. Fərmanda deyilir: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarımızın zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisənin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir".

Bu fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

 

P.S. Bu məqalə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının materialları əsasında hazırlanmışdır. Gələcəkdə bu cür nəşrlər işıq üzü gördükcə qəzetimiz onlardan istifadə etməklə materiallar hazırlayıb oxuculara təqdim edəcəkdir.

 

 

Əvvəli qəzetin 24, 25 və 26 aprel tarixli nömrələrində

 

Hazırladı:

Rəşad Cəfərli,

 

Azərbaycan.-2009.-1 may.-S.6.