Siyasət dahisi

 

Ümummilli lider Heydər Əliyev bəşər tarixində dahi siyasətçi və dövlət xadimlərindən, qüdrətli zəka sahiblərindən biri idi. O, elə fenomenal şəxsiyyət idi ki, cəmiyyətdə və dünyada baş verən hadisələrin hansı istiqamətdə inkişaf edə biləcəyini görə bilirdi.

1970-1980-ci illərdə ulu öndər Azərbaycana rəhbərlik etdiyi və sonradan Sovet ittifaqı rəhbərliyində işlədiyi dövrlərdə çox böyük uzaqgörənliklə Azərbaycan Respublikası üçün mühüm tarixi əhəmiyyətli işlər gördü. Belə ki, o dövrdə Sovet İttifaqının mərkəzi dövlət aparatında Azərbaycana yad və düşmən olan qüvvələr (Qorbaçovlar, Aqabekyanlar, Mikoyanlar və s.) hökmranlıq edirdilər. Belə bir çətin şəraitdə Heydər Əliyev çox böyük məharətlə, ustalıqla İttifaq rəhbərliyinin diqqətini Azərbaycana yönəldə bilirdi. Məlum olduğu kimi, o dövrdə sovet respublikalarının dövlət büdcəsi mərkəzdən ayrılırdı.

Ümummilli lider o zaman Azərbaycanda sənayenin və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün çox böyük məharətlə və bacarıqla mərkəzdən Azərbaycana kifayət qədər pul vəsaitinin ayrılmasına nail ola bilirdi. Məhz bunun nəticəsi idi ki, o dövrdə Azərbaycanda sənayenin və kənd təsərrüfatının inkişafı geniş vüsət alırdı və xalqın həyat səviyyəsi yüksəlirdi. Ümummilli lider o dövrdə SSRİ-nin bir çox respublikalarında metro nəqliyyatı olmadığı halda, Bakı şəhərində buna nail oldu. Bu, Azərbaycan paytaxtının həyatında böyük və tarixi bir hadisə idi. Əgər metro olmasaydı, şəhər sərnişin nəqliyyatında nə qədər böyük çətinliklər və fəsadlar olardı! Bununla yanaşı, o dövrdə on minlərlə yaşayış binaları tikildi və vətəndaşlara paylandı. Yüzlərlə sənaye obyektləri tikildi. Yüz minlərlə insan işlə təmin olundu. Ölkənin kənd təsərrüfatı üçün külli miqdarda maşın və mexanizmlər alındı. Kəndlərin abadlığı və həyat səviyyəsi yüksəldi. Demək olar ki, Azərbaycanın bütün regionları elektrikləşdirildi və qazlaşdırıldı. Bakıya "Kür" su kəməri çəkildi. Kondisioner zavodunun tikilməsi və istifadəyə verilməsi ölkənin həyatında böyük hadisə oldu. Çoxlu sayda mədəniyyət ocaqları tikildi və xalqın istifadəsinə verildi. Bir sözlə, bu dövrdə Azərbaycanda sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət və incəsənət sahələri görünməmiş vüsət aldı. Xalqın həyat səviyyəsi yüksəldi. Bütün bunlar Heydər Əliyev zəkasının, təşkilatçılığının və uzaqgörənliyinin nəticəsi idi. Uzaqgörənlik Heydər Əliyev dühasına xas idi. O, heyrətamiz dərəcədə güclü, fenomenal yaddaşa malik idi ki, bu da ona çoxlu sayda problemləri və hadisələri tez bir zamanda təhlil edərək düzgün nəticələrə gəlməyə və qərarlar qəbul etməyə kömək edirdi. Ulu öndər Heydər Əliyev cəmiyyətdə və beynəlxalq aləmdə hər gün baş verən hadisələri yaradan ümumi hərəkətverici qüvvəni və onların qlobal mənzərəsini görə bilirdi. Bu fenomenal bacarıq yalnız Heydər Əliyev zəkasına xas idi və onun böyüklüyünü göstərirdi. Hətta əleyhdarları belə, onun dahiliyini və fenomenal bir şəxsiyyət olmasını etiraf edirdilər və indi də edirlər. Heydər Əliyevin yalnız özünə xas olan siyasi və iqtisadi vasitələri var idi. O, həmişə lazım gəldikdə, bu vasitələrdən dünya siyasətində çox bacarıqla istifadə edirdi. Əgər 1990-cı ildə ulu öndər Azərbaycanda hakimiyyətdə olsaydı, Dağlıq Qarabağ münaqişəsi baş verməzdi. Bu hadisələr bəşər tarixində hər hansı bir millətin taleyində şəxsiyyətin nə qədər böyük rol oynadığını göstərir.

1990-cı illərin əvvəllərində Azərbaycanda xaos və anarxiya baş alıb gedirdi. Bir tərəfdən mənfur erməni separatçılarının Azərbaycana qarşı apardıqları qanlı müharibə, digər tərəfdən daxili çəkişmələr Azərbaycan dövlətçiliyini dağılmaq təhlükəsi qarşısında qoymuşdu. Azərbaycan xalqının xarici və daxili düşmənləri yaranmış bu vəziyyətdən xəyanətkarcasına və məharətlə istifadə edirdilər.

Bəşər tarixi boyunca hər bir millət təhlükə ilə üzləşdikdə sanki Yaradan ona bir xilaskar göndərir. Azərbaycan xalqının taleyində xilaskar missiyası ulu öndər Heydər Əliyevin üzərinə düşdü. Azərbaycanın böyük oğlu bu çətin vəzifələrin öhdəsindən bacarıqla gəldi. Obrazlı desək, o, qüdrətli bir kapitan kimi fırtınalar qoynunda batmaqda olan gəmini məharətlə xilas etdi.

1993-cü il iyun ayının 15-də ümummilli lider hakimiyyətə gələrək əvvəl Milli Məclisin Sədri, sonra Azərbaycan Respublikasının Prezidenti oldu. Bu isə Azərbaycan naminə görüləcək tarixi və əzəmətli işlərin başlanğıcı demək idi. Ulu öndər Heydər Əliyev, ilk növbədə, Azərbaycanda siyasi sabitlik yaratdı. Bundan sonra isə güclü iqtisadiyyat haqqında düşünməyə və qlobal konsepsiyalar hazırlamağa başladı. Güclü iqtisadiyyata malik olmayan dövlət nə güclü orduya, nə sabitliyə, nə də beynəlxalq nüfuza malik ola bilər. Ümummilli lider bilirdi ki, bunun üçün Azərbaycana xarici investisiya gətirmək lazımdır. Bunun üçün isə böyük dövlətlərdə Azərbaycana qarşı iqtisadi maraq oyatmaq və onları bura cəlb etmək lazım idi. Ümummilli lider özünün yeni neft strategiyası ideyasından maksimum səmərəli istifadə edərək superdövlətlərin iştirakı ilə "Əsrin müqaviləsi"nin imzalanmasına, bu çərçivədə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin həyata vəsiqə almasına nail oldu. Bu tarixi işin həyata keçməsi Azərbaycan üçün böyük siyasi və iqtisadi imkanlar yaratdı, gələcək üçün geniş üfüqlər açdı. Bütün bunlar Heydər Əliyevin dahiyanə uzaqgörənliyinin nəticəsi idi.

Ümummilli lider güclü, nizami ordu quruculuğuna xüsusi fikir verir və onu məharətlə həyata keçirirdi. Bunun nəticəsidir ki, indi Azərbaycanda düşmənə layiqincə cavab verə biləcək güclü ordu yaranmışdır və bu proses davam edir.

Heydər Əliyev Azərbaycanda elmin, mədəniyyətin və incəsənətin inkişafına xüsusi diqqət yetirirdi. Ulu öndər həmişə elm adamlarına, ədəbiyyat və incəsənət xadimlərinə xüsusi qayğı göstərir, onların yubileylərini keçirir və mükafatlandırırdı. Azərbaycanın şöhrətini dünyada artıran hər bir iş onun diqqət mərkəzində idi. Heydər Əliyev qürur və sevinc hissi ilə deyirdi: "Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!"

 

 

Əli Teyqubadoğlu

Yazıçı

 

Azərbaycan.-2009.-3 may.-S.3.