Belarus-Azərbaycan hökumətlərarası komissiyanın beşinci iclası olmuşdur

 

Minskdə Azərbaycan Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın beşinci iclası keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Belarusun Baş nazirinin müavini Andrey Kobyakov ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun qurulduğunu söyləmişdir. O demişdir ki, iki ölkə arasında ikitərəfli ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir. Son beş ildə qarşılıqlı ticarət dövriyyəsi 7 dəfədən çox artaraq 2008-ci ildə 100 milyon dollardan çox olmuşdur. Cari ilin ilk rübündə ölkələrimiz arasında ticarət dövriyyəsi 32 faiz artaraq 33,5 milyon dollar təşkil etmişdir.

Andrey Kobyakov qeyd etmişdir ki, "Belarus" traktorlarının "MAZ" yük avtomobillərinin Gəncə avtomobil zavodunda yığılmasına başlanılmışdır. Bu sahədə daha irəli gedərək "Belarus" traktorlarının istehsalı üzrə birgə şirkət yaradılması, texnikanın digər ölkələrin bazarlarına çıxarılması planlaşdırılır. Azərbaycanda yaxın gələcəkdə avtokranların, liftlərin, kommunal texnikasının yığılmasını da təşkil edəcəyik.

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov isə Azərbaycan iqtisadiyyatının xüsusi model üzərində qurulduğunu bildirmişdir. O demişdir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlətin əsas prioritetlərindən biridir.

Belarusun Azərbaycanın strateji tərəfdaşı olduğunu vurğulayan Yaqub Eyyubov son zamanlar Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlar barədə məlumat verərək bildirmişdir ki, bütün dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, böyük iqtisadi potensiala malik ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Biz Belarusla iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Əgər 2003-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 10 milyon dollar təşkil edirdisə, bu rəqəm beş ildə 10 dəfə artmışdır. Azərbaycan regionda lider ölkədir. Bu ilin ilk rübündə Azərbaycanda ümumi daxili məhsul istehsalı 4,1 faiz, qeyri-neft sektorunun inkişafı isə 14 faiz artmışdır. Neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycan ilə Belarusun qarşılıqlı əlaqələrinin inkişafında ölkələrimizin prezidentləri arasında möhkəm dostluq münasibətlərinin böyük rolu da vardır.

Belarus-Azərbaycan hökumətlərarası komissiyanın beşinci iclası hər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq haqqında protokolun imzalanması ilə başa çatmışdır. Sənədi Azərbaycan tərəfdən Yaqub Eyyubov, Belarus tərəfdən Andrey Kobyakov imzalamışlar.

Sonda Yaqub Eyyubov və Andrey Kobyakov jurnalistlərin suallarını cavablandırmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 may.-S.5.