Milli parlamentarizm ənənələri yaratmış lider

 

Hər bir xalqın inkişaf yolunun banisi kimi əbədiyaşarlıq zirvəsinə yüksəlmiş fenomen liderlər milli dövlətçilik təfəkkürünə əsaslanan idarəetmə sistemi formalaşdırmaqla yanaşı, böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını da təmin etmişlər. Xalqın maraq və mənafeyini özündə maksimum dərəcədə ehtiva edən bu ideyalar eyni zamanda onun perspektiv milli inkişafı, dünya arenasında özünə layiqli yer tutması üçün də möhkəm bünövrəyə, özülə çevrilir. Həqiqi azadlığa zəmin yaradan iqtisadi və siyasi müstəqillik də məhz belə şəxsiyyətlərin milli potensialı nəzərə almaqla müəyyənləşdirdikləri inkişaf strategiyasına əsaslanır.

XX əsr Azərbaycan tarixinin ən parlaq şəxsiyyəti, dunya miqyaslı ictimai-siyasi xadimi kimi bütün həyatını xalqının nicatına həsr etmiş ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən biri kimi müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı milli istiqlala qovuşdurmaqla yanaşı, müstəqilliyinin daimi və dönməz olmasını təmin etmişdir. Əsrlər boyu əxz etdiyi dövlətçilik təfəkkürünü, özünəməxsus milli-mənəvi dəyərləri, adət-ənənələri, mental xüsusiyyətləri müdrik rəhbərinin sarsılmaz iradəsi, qətiyyəti sayəsində vahid sistem halına gətirərək özünütəsdiq imkanı qazanmış xalqımız hələ keçmiş ittifaq dövründə gələcək müstəqilliyinə etibarlı təməl formalaşdıra bilmişdir.

Müstəqil Azərbaycanın bu gün sosial-iqtisadi, siyasi və hüquqi sahədə əldə etdiyi böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 60-70-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. Cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin təminatına çalışan Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün saymışdır. 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə görülmüş kompleks tədbirlər təkcə sosial-iqtisadi, ədəbi-mədəni sferaları əhatə etməmiş, elm, təhsil, səhiyyə, kadr hazırlığı üzrə həyata keçirilən məqsədyönlü işlərin uğurlu nəticələri bir neçə onillikdən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna etibarlı bünövrə, münbit zəmin hazırlamışdır.

Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Xalqına daxilən bağlı olan, onun tərəqqisi, inkişafı üçün əlindən gələni əsirgəməyən ümummilli lider Heydər Əliyev zəngin iqtisadi potensialını reallaşdıra bilməyən Azərbaycanı qısa zamanda sürətli intibah yoluna çıxarmış, cəmiyyət həyatının müxtəlif sahələrində özünü qabarıq göstərən ideoloji-siyasi, sosial-iqtisadi və mənəvi böhranın qarşısını məharətlə almışdır. Ulu öndərin müdrik addımları sayəsində 70-80-cı illərdə respublikamız bir çox sahələrdə - milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalatda tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq miqyasında ön sıralara çıxmışdır. Azərbaycana birinci rəhbərliyi dövründə respublikanı nəhəng tikinti meydanına çevirən, irimiqyaslı tikinti və sənaye obyektlərinin inşasına xüsusi əhəmiyyət verən, yeni təhsil ocaqları yaradan, mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olan, milli irsi, intellektual mülkiyyəti qoruyan Heydər Əliyev bugünkü və gələcək tərəqqinin təməlini qoymuşdur.

Ümummilli lider həmin illərdə müstəqil Azərbaycan üçün möhkəm siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin də əsasını qoymuş, yüksək siyasi iradə göstərərək qanunverici orqanın xalqın milli maraqlarına uyğun çevik və işlək fəaliyyətini təmin etmişdir. Haqq-ədalətə, düzgünlüyə tapınan müdrik rəhbərin yeritdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunverici orqana da ən bacarıqlı, layiqli şəxslərin seçilməsinə münbit şərait yaratmış, Ali Sovetin işində ciddi dönüş baş vermiş, müxtəlif sahələri əhatə edən yeni daimi komissiyaların fəaliyyətə başlaması parlamentin fəaliyyətində yüksək səmərəliliyi təmin etmişdir. Xüsusi xatırlatmaq lazımdır ki, bu gün Milli Məclisin yerləşdiyi əzəmətli bina da məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə - keçmiş ittifaqda analoqu olmayan memarlıq üslubunda inşa edilmişdir.

Müdrik rəhbərin təşəbbüsü və siyasi əzmkarlığı ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra qərarlar qəbul etmiş, bu məqsədlə ittifaq büdcəsindən respublikaya külli miqdarda vəsait ayrılmışdır. Bəzi strateji əhəmiyyətli sənaye komplekslərinin məhz Azərbaycanda inşa olunması, respublikamızın görkəmli şəxsiyyətlərinin xatirəsinin ittifaq miqyasında əbədiləşdirilməsi, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi kimi mühüm addımlar da ulu öndərin məqsədyönlü fəaliyyətinin nəticələri kimi vurğulanmalıdır.

Həmin illərdə parlamentdə Azərbaycanda milli özünüdərk prosesinə əsaslı təkan verən bir sıra taleyüklü qərarların qəbulu Heydər Əliyevin xalqına və dövlətinə necə bağlı şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Ümummilli lider xalqda milli şüuru oyadan, onda tarixi keçmişi, kimliyi barədə dolğun təsəvvür yaradan dövlət atributlarına xüsusi diqqətlə yanaşmış, ilk növbədə ana dilinin inkişafına fikir vermişdir. Parlamentdə əksər çıxış və məruzələrini Azərbaycan dilində edən Heydər Əliyev bu addımı ilə digər rəhbər vəzifəli şəxslərə, deputatlara da örnək göstərirdi. 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiya layihəsi qəbul edilərkən, ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbit edilməsi üçün göstərdiyi qətiyyəti də xüsusi xatırlatmaq lazımdır. Çox gərgin keçən müzakirələrdə Heydər Əliyev ittifaq rəhbərliyini bu müddəanın saxlanmasının vacibliyinə inandıra bilmişdi. Çox sonralar ulu öndər Heydər Əliyev həmin cəsarətli addımını belə izah edirdi: "Azərbaycan dilinin dövlət dili kimi qeyd olunması çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur. Ancaq mən o vaxt Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, bu dövlət dilinin Azərbaycan dili olduğunu da Konstitusiyamıza yazmalıyıq və yazacağıq".

Ümummilli liderin 70-80-cı illərdə mühüm fəaliyyət istiqamətlərindən biri də cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının etibarlı təmini məsələsi olmuş, Heydər Əliyev cəmiyyətdə sosial ədalətin təmini üçün bəzən qətiyyətli addımlar atmaqdan belə çəkinməmişdir. Heydər Əliyev respublikada ali hüquqşünas kadr hazırlığında dominant mövqeyə malik Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin fəaliyyətindəki bəzi nöqsanların aradan qaldırılmasını təmin etmiş, ən başlıcası, fakültəyə qəbul prosesinin şəffaf, azad, obyektiv əsaslarla aparılmasına nail olmuşdur. Bu dövrdə Azərbaycanın hüquq sisteminin müasirləşdirilməsi, vətəndaşların mənafeyinə cavab verən çoxsaylı qanun və qərarların qəbulu da Heydər Əliyevin qanunvericilik təşəbbüsləri ilə sıx şəkildə bağlıdır. Azərbaycan parlamenti ulu öndərin rəhbərliyi altında aparılan böyük quruculuq işlərinin təkmil hüquqi bazasının yaradılmasına mühüm töhfə vermişdir.

Ümumilikdə, Heydər Əliyevin rəhbərliyi altında 70-80-cı illərdə istər icra strukturları, istərsə də parlament səviyyəsində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görmüş, bu prosesi sürətləndirən mühüm addımlara imza atmışdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu öndər Heydər Əliyev Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda da əsil vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması, milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə atılmışdır. Muxtar respublikanın ali qanunverici orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş birinci sessiyasında keçmiş Naxçıvan MSSR-in adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqımızın müstəqillik mücadiləsi ilə bağlı konstitusion müstəvidəki ilk həlledici addımı atmış, bu qərarlarla Naxçıvan Muxtar Respublikası faktiki olaraq keçmiş SSRİ-nin yurisdiksiyasından çıxarılmışdır. Sonrakı mərhələdə muxtar respublika rəhbərliyinin çıxardığı digər tarixi qərarlar da Azərbaycan xalqının həqiqi müstəqilliyə qovuşması prosesini sürətləndirmişdir. Bu baxımdan təkcə 1991-ci il martın 17-də Azərbaycanda keçirilən və keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun Naxçıvanda boykot edilməsi faktını xatırlatmaq kifayətdir. Bu səsvermə aşkar saxtakarlıqla keçirilmiş, respublikanın o vaxtkı rəhbərliyi Moskvadan tələb edilən rəqəmi məmnuniyyətlə rəsmiləşdirmişdi. Fəqət, xalq və onun ziyalı nümayəndələri bu siyasi tamaşaya kəskin etiraz etmiş, demokratiya və müstəqillik tərəfdarları içində Heydər Əliyev həmişəki kimi öndə olmuşdur. 1991-ci il iyulun 19-da isə Sov.İKP sıralarını tərk edən ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırmışdır.

1991-ci il avqustun 30-da isə keçmiş Azərbaycan SSR Ali Soveti demokratik qüvvələrin, o cümlədən Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin səyləri ilə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyanat qəbul etmişdir. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquqi paktlarda və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdır. Ali Sovetin 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktı layihəsinin iki həftə müddətində hazırlanması barədə qərar qəbul edilmişdir. Respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitsə də, xalqın müstəqillik arzusuna qarşı çıxa bilməmişdir. Nəhayət, 1991-ci il oktyabrın 18-də qüdrətli dövlət xadimi Heydər Əliyevin də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı" ilə Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir.

Dövlət müstəqilliyini qazanmış Azərbaycanın sonrakı mərhələdə üzləşdiyi fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, xaos və anarxiya mühiti təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

Belə böhranlı və ağır vəziyyətdə xalq çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin yenidən hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Xalqın təkidli tələbi və istəyi ilə 1993-cü ilin 9 iyununda Naxçıvandan Bakıya gələn Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük uzaqgörənliklə Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuşdur.

1993-cü ilin 15 iyununda Heydər Əliyevin Azərbaycan Ali Sovetinin - parlamentinin Sədri seçilməsi isə qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır. Ali Sovetin 15 iyun 1993-cü il tarixli iclasındakı çıxışında ulu öndər Heydər Əliyev ona göstərilən etimadı doğrultmağa çalışacağını vurğulamışdır: "Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını vəhdət tutaraq əlimdən gələni edəcəyəm".

Ulu öndər mürəkkəb bir siyasi dövrdə parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirmiş, onun sivil, işlək orqana çevrilməsini təmin etmişdir. Müdrik siyasətçinin iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, deputatların çıxışlarının məzmununu tutmaq bacarığı, dəyərli fikirləri ümumiləşdirərək ən optimal variantı seçmək qabiliyyəti bu gün də böyük ehtiram hissi ilə xatırlanır. Dövlətin ən çətin günlərində Ali Sovetin sədri kimi məsul vəzifəni şərəflə daşımış Heydər Əliyev bir-birindən mürəkkəb problemləri böyük siyasi məharətlə yoluna qoymuş, yüksək idarəçilik keyfiyyətləri sayəsində parlamentin xoşagəlməz siyasi çəkişmələr meydanına çevrilməsinin qarşısını almışdır.

Ulu öndər ilk gündən milli qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması, cəmiyyət həyatı üçün faydalı olan bir sıra yeni qanunların qəbulu prosesini də diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyildir ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Respublikası parlamentinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizmi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi, hərbi əməliyyatların şiddətləndiyi bir zamanda Heydər Əliyev Milli Məclisdə ilk növbədə müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsinə, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanmasını və qəbulunu vacib saymışdır. Bu baxımdan "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" 3 sentyabr 1993-cü il tarixli, habelə "Müdafiə haqqında" 26 noyabr 1993-cü il tarixli qanunları xüsusi vurğulamaq lazımdır.

1993-cü ilin 10 oktyabrında xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə, bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və hərbi sahənin inkişafına yönəlmiş hüquqi sənədlər sırasında 1994-cü il 4 yanvar tarixli "Sərhəd qoşunları haqqında", 1994-cü il 8 fevral tarixli "Daxili qoşunların statusu haqqında", 1994-cü il 23 sentyabr tarixli "Silahlı qüvvələrin intizam Nizamnaməsinin təsdiqi haqqında", 1995-ci il 10 yanvar tarixli "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında Əsasnamənin təsdiqi haqqında" qanunlar xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin 1995-ci il iyulun 3-də keçirilən iclasında Heydər Əliyev milli maraqları əsas tutaraq AXC-nin iqtidarı zamanı xarici şirkətlərlə neft sahəsində aparılan bütün danışıqların müvəqqəti olaraq dayandırıldığını bəyan etmişdir. Danışıqların Azərbaycanın mənafeyinə cavab vermədiyini bilən ulu öndər demişdir ki, məsələ mütəxəssislər tərəfindən ətraflı öyrənildikdən sonra hansısa qərar qəbul edilə bilər. 1994-cü il sentyabrın 20-də imzalandıqdan sonra parlament tərəfindən də ratifikasiya edilmiş "Əsrin müqaviləsi" isə xalqın və dövlətin maraqlarına tam cavab vermiş, Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Ulu öndər Heydər Əliyev peşəkar siyasi xadim kimi parlamentin formalaşdırılması işində də həlledici rol oynamış, 1995-ci ilin 12 noyabrında yeni Konstitusiyanın qəbulunun ümumxalq referendumuna çıxarılması ilə paralel şəkildə Azərbaycan Respublikası Milli Məclisinə ilk demokratik seçkilərin keçirilməsini təmin etmişdir. Azad, ədalətli və şəffaf şəraitdə keçən seçkilərdə Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırılmış, ölkədə demokratik parlamentarizm təcrübəsinin əsası qoyulmuşdur. Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi Konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərini uğurla yerinə yetirmiş, fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurmuşdur. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə xeyir-duasını vermişdir.

Azərbaycan Respublikasının Milli Məclisi 1995-ci ildən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, ölkəmizin Avratlantik məkana inteqrasiyası üçün hüquqi bazanın yaradılması kimi vəzifələri uğurla yerinə yetirmiş, qanun yaradıcılığı işində dünyanın qabaqcıl demokratik ölkələrinin təcrübəsindən bəhrələnmiş, qanunvericilik fəaliyyətində mühüm nailiyyətlər qazanmışdır. Statistik rəqəmlər göstərir ki, 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclisdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdur.

Həyata keçirilən islahatların mühüm bir istiqamətini də məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması məsələləri təşkil etmişdir. Ulu öndər Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılmış Hüquqi İslahatlar Komissiyası tərəfindən hazırlanaraq Milli Məclisdə qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və digər qanunlar, habelə mülki və cinayət-prosessual məcəllələr ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmini məqsədinə xidmət etmişdir.

Ümummilli lider Heydər Əliyevin yüksək humanizminin və insanpərvərliyinin təcəssümü kimi 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü Milli Məclisin 10 fevral 1998-ci il tarixli qərarı ilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Bu tarixi qərar Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 17 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Azərbaycan parlamentinin təşkilatla son 8 illik səmərəli əməkdaşlığı milli qanunvericiliyinin Avropa standartlarına uyğun təkmilləşdirilməsi prosesinə ciddi təkan vermişdir.

Ümummilli lider Heydər Əliyev 2001-ci ildə müstəqil dövlətimizin ilk parlamentinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Milli Məclis Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesinin inkişafı üçün, sosial-iqtisadi, hüquqi-siyasi islahatların keçirilməsi üçün çox iş görmüşdür və görülən işlərin əsas mənası da qəbul olunmuş qanunlardır. Tam cəsarətlə deyə bilərəm ki, ötən beş il ərzində Azərbaycanın Milli Məclisi çox məhsuldar işləmiş, çox böyük əhəmiyyətə malik olan və mürəkkəb xarakter daşıyan qanunlar qəbul etmişdir. Bu qanunlar Azərbaycanda müstəqil dövlətin inkişafı, iqtisadi islahatların aparılması üçün, qanunun aliliyini təmin etmək, hüquqi dövlət yaratmaq üçün çox əhəmiyyətli olmuşlar. Eyni zamanda Milli Məclis Azərbaycan dövlətinin xarici siyasətinin həyata keçirilməsində də parlamentlərarası əlaqələr vasitəsilə, başqa vasitələrlə bizim ümumi işimizə öz payını vermişdir".

Ötən illərdə Milli Məclisdə dünyanın 60-dan çox ölkəsinin parlamenti ilə əlaqələr üzrə işçi qrupları yaradılmış, qanunverici orqanın beynəlxalq əlaqələri genişlənmişdir. Azərbaycanın parlament nümayəndə heyəti tez-tez xarici ölkələrdə işgüzar səfərlərdə olur, habelə Milli Məclisdə xarici ölkələrin siyasi və dövlət xadimləri, parlament üzvləri ilə görüşlər təşkil edilir. Bütün bunlar həm də qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətlidir. Azərbaycan parlamenti ölkənin beynəlxalq əlaqələrinin inkişafına layiqli töhfəsini verməklə yanaşı, respublikanın demokratik imicinin yüksəlməsində də öz sözünü deyir.

Böyük strateq Heydər Əliyevin lider və şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu strateji siyasi kursun davamlılığını təmin etməsilə şərtlənir. 2003-cü ilin 15 oktyabrında xalqın iradəsilə Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev parlamentin ölkə həyatındakı rolunu yüksək dəyərləndirmiş, onun maddi-texniki bazasının yeniləşməsi, iş üsul və vasitələrinin müasirləşdirilməsi prosesinə öz töhfəsini vermişdir. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası əsaslı, ən müasir səviyyədə təmir edilmiş, infrastrukturu yeniləşdirilmiş, bir sözlə, deputatların səmərəli və normal fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. Bundan başqa, ulu öndər Heydər Əliyevin dövlət və xalq qarşısında misilsiz xidmətlərinin obyektiv dəyərləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Məclisin foyesində büstü qoyulmuş, eyni zamanda parlamentdə "Heydər Əliyev Muzeyi" yaradılmışdır.

2005-ci il noyabrın 6-da üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər Azərbaycan xalqının Heydər Əliyevin ideayalarına yüksək inamını, hörmət və ehtiramını növbəti dəfə təcəssüm etdirmişdir. Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının şəksiz qələbə qazanması həm bu hörmət və ehtiramın nəticəsi, həm də dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin nəticələrinin insanlar tərəfindən yüksək qiymətləndirilməsi olmuşdur. 2005-ci il dekabrın 2-də üçüncü çağırış Azərbaycan Milli Məclisinin ilk iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçkilərdə qələbə qazanmış deputatları təbrik etmiş, onlara gələcək qanunvericilik fəaliyyətlərində uğurlar arzulamışdır. Cənab İlham Əliyev demokratik parlament seçkilərinin ölkəmizin demokratik inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir: "Bütövlükdə, parlament seçkilərinin Azərbaycanın demokratik inkişafında çox mühüm rolu vardır. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilib və bizə imkan verəcək ki, Azərbaycan hərtərəfli inkişaf etsin, Azərbaycanda siyasi proseslər daha da sürətlə aparılsın, ölkədə demokratik islahatlar davam etdirilsin və bütövlükdə Azərbaycan demokratik dövlətə çevrilsin".

Son beş ildə Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında ölkə həyatı üçün vacib əhəmiyyət kəsb edən çoxlu sayda qanun və qərarlar qəbul edilmiş, parlamentin ölkənin ictimai-siyasi həyatında rolu daha da yüksəlmişdir. Ötən il Azərbaycan Parlamentinin yaranmasının 90-cı ildönümü təntənəli şəkildə qeyd olunmuş, bu əlamətdar tədbirdə dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi mövcud qanunvericiliyin təkmilləşdirilməsi prosesində yaxından iştirak edir, hər bir addımda dövlətçilik maraqlarını, insan və vətəndaş hüquq və azadlıqlarının aliliyi prinsipini əsas tutur. Xüsusi vurğulamaq lazımdır ki, 18 mart 2009-cu il tarixli ümumxalq referendumu nəticəsində Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin bir qismi Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət etmişdir.

Tarixi təcrübə göstərir ki, siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Ulu öndər Heydər Əliyev təcrübəli dövlət xadimi, hakimiyyət ustadı olaraq Azərbaycan xalqının milli mentaliteti və dünyagörüşü ilə uzlaşan, reallığa adekvat olan milli inkişaf strategiyası seçməklə yanaşı, bu strategiyanın reallaşdırılmasında parlamentin geniş imkanlarından yetərincə bəhrələnmişdir. Heydər Əliyevin dövlətçilik ideallarına tapınan Azərbaycan Respublikasının Milli Məclisi bu gün də üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarının keşiyində layiqincə dayanmağa, habelə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara töhfəsini verməyə çalışır.

 

 

Azərbaycan.-2009.-9 may.-S.3.