Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə paytaxtda möhtəşəm gül bayramı təşkil edilmişdir

 

 Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm gül bayramı təşkil edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları gül bayramında olmuşlar.

Dövlətimizin başçısına məlumat verildi ki, səhər tezdən başlayaraq paytaxt sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xarici ölkələrdən gətirilmiş gül-çiçəklə bəzədilən parka gəlirlər. Gül bayramında dünyanın 81 ölkəsindən gətirilmiş 1,5 milyondan çox müxtəlif güllərdən istifadə olunmuşdur.

Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament güllərlə hörülmüşdü.

 Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət etdilər, gül-çiçəyə qərq olmuş parkın gözəlliyini seyr etdilər.

Müxtəlif çiçəklərdən yığılan "xalça"lar və türk dünyasının böyük oğlu Heydər Əliyevin portreti orijinallığı ilə göz oxşayırdı. Yer kürəsinin maketi üzərində səkkizguşəli ulduzun içərisində qızılgüllərdən yığılmış "86" rəqəminin təsvir olunduğu kompozisiya gözəlliyi ilə diqqəti cəlb edirdi. Xarici ölkələrdən gətirilmiş və Azərbaycanda yetişdirilmiş cürbəcür çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar buraya gələnləri heyran qoyurdu. Fəvvarələrin ətrafından tutmuş hər tərəf bir-birindən gözəl, bahar təravətli gül-çiçək içində idi. Bir-birini əvəz edən musiqi nömrələri bayram ovqatını daha da yüksəldirdi.

 Prezident İlham Əliyevə və ailə üzvlərinə Hollandiyadan gətirilmiş zanbaq buketləri təqdim olundu. Məlumat verildi ki, qızılı-bənövşəyi rəngli bu güllər Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən dünyada ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin adına yetişdirilmişdir. Sertifikatın iki nüsxəsi Prezident İlham Əliyevə təqdim olundu. Sertifikatlardan daha biri Zanbaqların Kultivasiyası Beynəlxalq Reyestr Təşkilatına, digəri isə Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyasına təqdim edilmişdir. Dövlətimizin başçısı yeni uğurlu növ yetişdirilməsi münasibətilə assosiasiyanın nümayəndələrini təbrik edərək onlara müvəffəqiyyətlər arzuladı.

 Gül kimi bəzənmiş və bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə salamladılar. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva uşaqlarla söhbət etdilər, xatirə şəkli çəkdirdilər.

Prezident İlham Əliyev və ailə üzvləri gül kompozisiyalarına maraqla tamaşa etdilər. Güldən hazırlanmış müxtəlif mənzərələr, orijinal lövhələrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər böyük maraq doğurdu.

Dövlətimizin başçısı və ailə üzvləri ümummilli lider Heydər Əliyevin güllərdən yığılmış portreti önündə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.3.