Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir

 

 Qeyd edək ki, 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Mükafatı ilk dəfə təqdim olunurdu. Heydər Əliyev Mükafatı komissiyası öz iclaslarında ölkənin ən yüksək mükafatına layiq görülən şəxsiyyətlərin yaradıcılıq yolunu və fəaliyyətini araşdırmışdır. Komissiya 2009-cu il 5 may tarixli iclasında öz qərarı ilə Azərbaycan Respublikasının Prezidentinə müvafiq sərəncam vermək üçün 3 namizəd təqdim etmişdir.

Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafındakı xüsusi xidmətlərinə görə heykəltəraş, xalq rəssamı Ömər Eldarova Heydər Əliyev Mükafatını təqdim etdi.

 

Ömər Eldarov təşəkkür edərək dedi:

 

- Əziz dostlar! Mən xoşbəxtəm desəm, bu, heç nə deməmək kimi olar. Mən həyəcanlıyam, ona görə də, danışığım səlis olmayacaq. Bu mükafatı almaq mənim üçün çox böyük fərəhdir. Bu, respublikamızda mövcud olan ən yüksək mükafatdır. Bu mükafatı almaq məni ona görə xüsusilə sevindirir ki, o, dövlətimizin banisi Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev bu gün çiçəklənən dövlətin iqtisadi və başqa əsaslarını uzun illər boyu yaratmışdır.

Obrazlı şəkildə desək, indi Azərbaycan dünyada kiçik, lakin ən parlaq və ən dinamik inkişaf edən ölkədir. Çox sağ olun, İlham Heydər oğlu! Çox sağ olun!

Dövlətimizin başçısı ölkəmizin musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə bəstəkar, xalq artisti Arif Məlikova Heydər Əliyev Mükafatını təqdim etdi.

 

Arif Məlikov dedi:

 

- Azərbaycan Prezidentinə, onun xanımına öz dərin təşəkkürümü bildirir və bu gün xatirəsini böyük ehtiramla yad etdiyimiz dahi şəxsiyyətin qarşısında baş əyirəm və onun surəti həkk olunan bu nişanı həmişə fərəhli günlərdə fəxrlə döşümdə aparacağam. Mən Heydər Əliyevlə uzun illər ünsiyyətdə olmuşam və bu ünsiyyətin nəticəsində borc bildim ki, bir neçə il üzərində işlədiyim səkkizinci simfoniyanı ona həsr edim. Bu yaxınlarda Prezidentin sərəncamı ilə mənim yubiley günlərimi keçirəndə ilk gecədə səkkizinci simfoniya səsləndi. Yeddinci simfoniya İhsan Doğramacıya həsr olunmuşdu. İki simfoniya birlikdə səsləndi. Mən bununla fəxr edirəm. İndi o, CD və DVD formasında buraxılıb. İnanıram ki, onun dinləyiciləri bundan sonra da artacaq. Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun.

Prezident İlham Əliyev Heydər Əliyev Mükafatını Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim etdi.

 

 Mehriban xanım Əliyeva dedi:

 

- İlk növbədə, cənab Prezident, Sizə və mənim fəaliyyətimə belə yüksək qiymət verən bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm. Vətənimizə ləyaqətlə xidmət etmək hər birimizin borcudur. Heydər Əliyev Mükafatı ilə təltif olunmaq mənim üçün ən böyük şərəfdir. Mənə inanan, mənə kömək edən, məni dəstəkləyən bütün insanlara bir daha öz dərin təşəkkürümü bildirirəm. Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə - atama, uşaqlarıma və həyat yoldaşıma öz hədsiz məhəbbətimi və dərin hörmətimi bildirirəm. Sonda mənə verilən pul mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna keçirməyimi elan edirəm. Təşəkkür edirəm, çox sağ olun.

Sonra Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi oldu.

Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatı müxtəlif nominasiyalar üzrə sahiblərinə təqdim edildi.

"Qızıl çinar" beynəlxalq mükafatı həyatını Yer üzündə bəşəri dəyərlərin, humanizm prinsiplərinin bərqərar olmasına həsr edən ictimai xadimlərə, dünyanın tanınmış adamlarına, seçilən və sevilən insanlara təqdim olunacaqdır. Bu gün "Qızıl çinar" beynəlxalq mükafatı Heydər Əliyev Fondunun layihə və proqramlarında fəal iştirak edən, sıx əməkdaşlığa səy göstərən, xalqlararası əlaqələrin möhkəmlənməsinə, ümumi işə öz töhfəsini verən insanlara təqdim olunur.

"Qızıl çinar" beynəlxalq mükafatını nominantlara Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təqdim etdi.

Sıx əməkdaşlığa və ümumi işə verdiyi töhfəyə görə ilk nominasiyada mükafata bütün həyatı humanizm ideyalarından qaynaqlanan, ulu öndərin məsləkdaşı və yaxın dostu professor, doktor İhsan Doğramacı layiq görülmüşdür. Mükafat İhsan Doğramacının oğlu, Bilkənd Universitetinin rektoru Əli Doğramacıya təqdim edildi.

 

Əli Doğramacı təşəkkür edərək dedi:

 

- Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Atam İhsan Doğramacı bu gün burada sizlərlə birlikdə olmağı çox istəyirdi. Atamın həkimləri isə onun daha çox yaşaması üçün səyahət etməməsini istəyirlər. Nəticədə atam həftənin yeddi günü Ankarada işləyir, amma təyyarəyə minib səyahət edə bilmir. Atam Heydər Əliyevi tanıdığı gündən ona heyran olmuşdur. Böyük lider Heydər Əliyevin həyatı boyunca sülhə, insanlığa, türk dünyasına və Azərbaycana etdiyi böyük xidmətlər və fədakarlıqlar qəlbimizdə və yaddaşımızda nəsillərdən-nəsillərə keçməklə iz buraxmışdır. Bu böyük insanın yolunu davam etdirmək üçün qurulmuş Heydər Əliyev Fonduna atamın təşəkkürlərini və hörmətlərini çatdırmaq üçün buradayam. Bu gün bu çox yüksək mükafatın atama verilməsinin Heydər Əliyevin ruhunu şad etdiyinə inanıram. Sizlərə dərin hörmətimi ərz edirəm. Sağ olun!

Qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Məmmədova "Qızıl çinar" beynəlxalq mükafatı təqdim olundu.

 Əlibaba Məmmədov təşəkkürünü bildirərək dedi:

- Mən bu gün çox şadam ki, bu mükafat ulu öndərimizin doğum günündə mənə təqdim olunur. Çox əzizimiz, hörmətli cənab Prezidentimizə və yenə də əzizimiz, hörmətli Mehriban xanıma ürəkdən təşəkkürümü bildirirəm. Çox sağ olsunlar!

Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığa, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən ilk layihədə fəal iştirakına, etibarlı tərəfdaşlığın qurulmasına və ümumi işə verdiyi töhfəyə görə BMT-nin ölkəmizdəki sabiq rezident əlaqələndiricisi Marko Borsotti də "Qızıl çinar"la mükafatlandırıldı.

 

Marko Borsotti dedi:

 

- Bu mükafatı almaq böyük şərəfdir. Bu fürsətdən istifadə edərək mən bütün qonaqların qarşısında bir daha bəyan etmək istəyirəm ki, ümummilli lider Heydər Əliyevlə görüşüm həmişə xatirimdədir. Həmin görüş zamanı o, mənə ölkənin gələcəyi ilə bağlı fikirlərini söylədi. Mən bir daha onun uzaqgörənliyinin şahidi oldum. Bir daha onu qeyd etmək istəyirəm ki, Heydər Əliyev - Azərbaycanın ümummilli lideri bu ölkənin irəliyə doğru aparılmasında, onun inkişafında çox böyük, müstəsna rol oynamışdır. Mən bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bundan sonra da onun əldə etdiyi nailiyyətləri dəstəkləyəcəyəm. Eyni zamanda, mən Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm ki, bu mükafatla məni təltif etmişdir. Çox sağ olun!

 Növbəti nominasiyada qalib Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyətinə verdiyi böyük dəstəyə, yüzlərlə insanın sağlamlığının bərpasına əvəzsiz töhfəsinə görə ürək və damar cərrahı Rəşad Mahmudov elan olundu və mükafat sahibinə təqdim edildi.

 

Rəşad Mahmudov təşəkkür edərək dedi:

 

- Məni belə bir mükafata layiq gördüyünüzə görə təşəkkür edirəm. İnanın, ildə ən azından 700-800 açıq ürək əməliyyatı aparan bir insan olaraq bu əməliyyatlarda keçirdiyim həyəcandan daha böyük həyəcan keçirdim. Mən əvvəlcə Azərbaycanda "Himayəçi Ana" obrazını və rəmzini bu qədər gözəl bir şəkildə yaratdığınıza görə, bunu dünya ictimaiyyətinə həm milli dəyərlərimiz, həm də müasirliyinizlə çatdırdığınıza görə, bizləri və bizlər kimi milyonlarla insanı xeyirxah işlərə ruhlandırdığınıza görə və nəticədə gördüyümüz işləri bu şəviyyədə yüksək qiymətləndirdiyinizə görə təşəkkür etmək istəyirəm.

Bir azərbaycanlı gənci olaraq, bir Azərbaycan həkimi olaraq fürsətdən istifadə edib Prezidentimə minnətdarlıq etmək istəyirəm! 2005-ci il mayın 10-da 15 illik təhsilimi bitirdikdən sonra Azərbaycana gələrək Mərkəzi Neftçilər Xəstəxanasında ürək və damar cərrahiyyəsi şöbəsində fəaliyyətə başladıq. O gündən bu günə qədər üç mindən çox insanın üzərində açıq ürək əməliyyatı aparmışıq.

Prezidentimizin sosial inkişaf istiqamətində apardığı əməli işlərin və səhiyyəyə göstərdiyi dəyərin ən gözəl və ilk nümunəsi olan Lənkəran Müalicə-Diaqnostika Mərkəzində, ilk dəfə Azərbaycan paytaxtından kənarda, ucqar bir rayonda açıq ürək əməliyyatını - bu şərəfli işi mənə etibar etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bunun ardınca 31 yaşında ikən "Tərəqqi" medalı ilə təltif etdikdən sonra daha da ruhlandıraraq Naxçıvanda, Şirvanda, Qəbələdə, Zaqatalada keçirilən yüzlərlə açıq ürək əməliyyatında bu şərəfli işi mənə həvalə etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan həkiminin Sovetlər Birliyi süquta uğradıqdan sonra uzun illər natamamlıq hissi içərisində yaşaması, xaricdə keçirilən konfranslarda, simpoziumlarda iştirakdan çəkinməsi artıq arxada qalmışdır. Bu gün yaratmış olduğunuz bu gözəl, bu əvəzedilməz səhiyyə ocaqları ilə biz həkimlərin xəstələrimizə yüksək xidmət göstərmək imkanı yaratdığınıza görə təşəkkür edirəm. Bu gün Azərbaycan xəstəsinin öz həkiminə inamını qaytardığınıza görə təşəkkür etmək istəyirəm. Bu gün xaricdə təhsil alan minlərlə azərbaycanlı gəncin işləmək üçün ölkəmizə qayıtmaq istəyini yaratdığınıza görə təşəkkür etmək istəyirəm. Bu gün Azərbaycanda tibb təhsili alan minlərlə gəncdə gələcəyə inam yaratdığınıza və düşüncələrini genişləndirdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Biz gənclər ideya atamız Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu inkişaf yolunun, Prezidentimizin səhiyyə sahəsində müsəlləh əsgərləriyik. Bu gün Azərbaycanda zəngin maddi-texniki bazası olan gözəl müalicə ocaqları yaradılarkən biz həkimlər də üzərimizə düşən məsuliyyətin fərqindəyik və Sizi inandırırıq ki, Azərbaycanın Avropa tibbinə inteqrasiya proqramı çərçivəsində görəcəyimiz çox işlər vardır. İnşallah, sizlərin humanizm bayrağı altında sıx birləşərək bütün bu işlərin öhdəsindən layiqincə gələcəyik. Bu gün mənə verilən bu mükafata görə dərin qürur hissi keçirirəm və buna görə hamınıza təşəkkür edirəm. Çox sağ olun!

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə göstərdiyi dəstəyə və ümumi işə verdiyi töhfəyə görə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskiyə də "Qızıl çinar" beynəlxalq mükafatı verildi.

 

 Kşiştof Krayevski dedi:

 

- Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım Əliyeva!

Hörmətli xanımlar və cənablar!

İlk öncə, mənə verilən bu yüksək mükafata görə sizə Polşa Respublikası adından və öz adımdan səmimi minnətdarlığımı bildirmək istərdim. Mən çox həyəcanlıyam. Polşa Respublikasının Azərbaycandakı səfiri qismində öz fəaliyyətimə başlayarkən mən arzulayırdım ki, ölkələrimiz arasındakı əlaqələrimiz bir çox sahələrdə dostluq mühitində inkişaf etsin. Təhsil hər iki ölkənin gələcəyi üçün olduqca əhəmiyyətli bir sahədir. Mən çox şadam ki, Polşa Sarıqamış kəndindəki məktəbin tikintisi ilə bağlı layihədə iştirakı ilə Azərbaycanda gənc nəslin formalaşmasına töhfələr verdi. Layihənin həyata keçirilməsi Heydər Əliyev Fondunun iştirakı olmadan mümkün olmazdı. Öz xeyirxah işləri ilə fərqlənən və nəcib bir təşkilat olan Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan fəxr edirəm. Habelə xanım Mehriban Əliyevaya, onun tərifəlayiq fəaliyyətinə görə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Bilin ki, Azərbaycanın mənim şəxsimdə səmimi bir dostu vardır və mənim üçün Polşa ilə Azərbaycan arasında dostluq əlaqələrinin qurulması olduqca dəyərlidir. Yaşasın Azərbaycan!

Sonuncu nominasiyada gənc nəslin hərtərəfli, əsl vətəndaş kimi böyüməsi sahəsindəki xidmətlərinə görə paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova qalib elan edildi.

 

Nərminə Zöhrabova minnətdarlıq edərək dedi:

 

- Mən övladlarım adından, böyük ailəmiz adından cənab Prezidentimizə və onun xanımı Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Çox sağ olun, təşəkkür edirik. Əməyimizə verdiyiniz qiymətə görə sağ olun.

Mükafatlandırma mərasimindən sonra geniş konsert proqramı təqdim olundu. İncəsənət ustaları konsertdə maraqlı proqramla çıxış etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.5.