Birgə mətbuat konfransı

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab Baş nazir!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

İlk növbədə, mən Baş naziri bir daha Azərbaycanda salamlayıram, xoş gəlmisiniz. Bu gün biz sizinlə çox səmərəli işlədik. Geniş fikir mübadiləsi aparılmışdır. Həm təkbətək görüşdə, həm də ki, nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif sahələri nəzərdən keçirildi, təhlil edildi. Əldə edilmiş nailiyyətlər, uğurlar haqqında danışdıq və şübhəsiz ki, gələcək əməkdaşlıq haqqında da geniş fikir mübadiləsi aparıldı.

Türkiyə ilə Azərbaycan arasında əlaqələr həmişə olduğu kimi, çox yüksək səviyyədədir. Bizim xalqlarımız qardaş xalqlardır və bu birlik, qardaşlıq əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Biz bu gün həm ikitərəfli məsələləri geniş müzakirə etdik, həm də bölgədə mövcud olan vəziyyət nəzərdən keçirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli yolları müzakirə olundu və danışıqlar prosesi haqqında mən hörmətli cənab Baş nazirə öz fikirlərimi bildirdim. Regional vəziyyət, regionda baş verən hadisələr şübhəsiz ki, diqqətimizdən kənarda qalmadı. Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr, enerji sektorunda əldə edilmiş nailiyyətlər və perspektivlər haqqında da çox səmimi söhbətimiz olmuşdur.

Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəlidir, bu əlaqələrin çox böyük tarixi vardır. Bütün dövrlərdə bizim xalqlarımız bir yerdə yaşayıb-yaratmışlar. Bu gün isə iki müstəqil dövlət kimi biz öz imkanlarımızı ortaya qoyaraq, həm ikitərəfli münasibətlərin inkişafı üçün çalışırıq, həm də ki, bölgədə sülhün təmin olunması üçün birgə səylər göstəririk.

Beynəlxalq məsələlərdə Türkiyə ilə Azərbaycan bir çox hallarda vahid mövqedən çıxış edir. Əlbəttə, bu bölgədə yerləşdiyimizə görə biz istəyirik ki, bölgədə sülh nə qədər mümkünsə tez təmin olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və beləliklə, bölgə geniş mənada əməkdaşlıq çərçivəsində inkişaf etsin.

Mən aparılan danışıqlardan və keçirdiyimiz söhbətlərdən razıyam. Hesab edirəm ki, hər zaman olduğu kimi, səmimi söhbətlər bir çox məsələyə aydınlıq gətirdi və ən önəmlisi gələcək birgə fəaliyyət və əməkdaşlıq üçün çox gözəl şərait yaratdı. Sağ olun.

 

 

Azərbaycan.-2009.-14 may.-S.1.