Buta” sarayında möhtəşəm gecə

 

   Mayın 10-da “Buta” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə mərasim keçirilib.

   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

   Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çıxış edərək Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk növbədə vətənpərvərliyə, Vətənə olan sonsuz məhəbbətə söykəndiyini bildirib.

   Azərbaycanın birinci xanımı dahi rəhbərin ölkəmiz və xalqımız qarşısında xidmətlərini xatırladaraq, yalnız böyüknadir insanların yüksək və ali missiyanın daşıyıcıları olduqlarını söyləyib: “Belə insanların ömür yolu ali məqsədlərə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Heydər Əliyev qalibiyyətinin nəticəsi müstəqil Azərbaycandır”.

    Mehriban xanım Əliyeva çıxışında rəhbərlik etdiyi Fondun beş illik fəaliyyətinə nəzər salıb. Fondun mövcud olduğu beş ildə cəmiyyəti narahat edən bir çox problemlərin həllinə diqqət yetirdiyini, iri layihələr həyata keçirdiyini bildirən Mehriban xanım Əliyeva deyib: “Bu beş il ərzində görülən işlər bir çox sahələri - elmi, təhsili, mədəniyyəti, səhiyyəni, sosial sferanı əhatə edir. Lakin onları birləşdirən bir amil var. Bu da Azərbaycana, Vətənə xidmət etmək arzusu və şərəfidir. Bir daha sizi əmin etmək istəyirəm ki, Heydər Əliyevin adını daşıyan bu Fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir. Qoy Tanrı hər zaman Azərbaycanı qorusun”.

   Sonra ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilib. Filmdə ulu öndərin ailə həyatından görüntüləri əks etdirən kadrlar ilk dəfə ictimaiyyətə təqdim olunub.

   Mərasimdə çıxış edən Prezident İlham Əliyev Heydər Əliyevin bütün dövrlərdə ən ağır sınaqlardan şərəflə çıxdığını qeyd edib: “Bu gün ulu öndərin siyasəti, onun ideyaları yaşayır və uğurla davam etdirilir. Biz - onun davamçıları bundan sonra da onun siyasətini davam etdirəcəyik və Azərbaycanı onun yolu ilə irəliyə aparacağıq. Azərbaycan müasir dövlətdir və ölkəmiz inkişaf edir. Bu inkişaf yolunu isə bizə Heydər Əliyev göstərib və ulu öndərin bizə ərmağan etdiyi azərbaycançılıq ideyası dövlətimizin əsas ideoloji sütunlarından biridir. Çox böyük qürur hissi keçirirəm ki, biz - Heydər Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən, ilk növbədə, Heydər Əliyev kimi xalqın inamına arxalanırıq, öz siyasətimizi xalqın iradəsi ilə aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir.

   Heydər Əliyev Fondu fəaliyyəti dövründə yardıma ehtiyacı olan hər kəsin yanında olmuş, onlara yardım əlini uzatmışdır. Heydər Əliyev Fondu artıq ölkə həyatında önəmli amilə çevrilib. Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll edilə bilər. Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “xoş niyyət” deyərdim».

   Sonra Heydər Əliyev mükafatının təqdimetmə mərasimi olub.

   Azərbaycan təsviri sənətinin inkişafındakı xüsusi xidmətlərinə görə heykəltəraş, xalq rəssamı Ömər Eldarova, ölkəmizin musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə bəstəkar, xalq artisti Arif Məlikova və Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Heydər Əliyev mükafatı təqdim edilib.

   mükafat alan Ö.Eldarov və A.Məlikov dövlət başçısına öz xoş ürək sözlərini çatdırıblar. Mehriban xanım Əliyeva da ona təqdim olunan mükafata görə öz minnətdarlığını bildirib: “İlk növbədə, cənab Prezident, Sizə və mənim fəaliyyətimə belə yüksək qiymət verən bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm. Vətənimizə ləyaqətlə xidmət etmək hər birimizin borcudur. Heydər Əliyev mükafatı ilə təltif olunmaq mənim üçün ən böyük şərəfdir. Mənə inanan, mənə kömək edən, məni dəstəkləyən bütün insanlara bir daha öz dərin təşəkkürümü bildirirəm. Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə - atama, uşaqlarıma və həyat yoldaşıma öz hədsiz məhəbbətimi və dərin hörmətimi bildirirəm. Sonda mənə verilən pul mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna keçirməyimi elan edirəm. Təşəkkür edirəm, çox sağ olun”.

   Sonra Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi olub.

   Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı müxtəlif nominasiyalar üzrə sahiblərinə təqdim edilib.

   Heydər Əliyev Fondunun layihə və proqramlarında fəal iştirakına, xalqlararası əlaqələrin inkişafına töhfəsinə görə ilk nominasiyada mükafat ulu öndərin məsləkdaşı və yaxın dostu İhsan Doğramacıya verilib. Mükafat İhsan Doğramacının oğlu, Bilkənd Universitetinin rektoru Əli Doğramacıya təqdim edilib.

   Qədim muğam irsinin qorunmasında, muğam ifaçılıq məktəbinin inkişafında, yeni ifaçılar nəslinin yetişdirilməsindəki xidmətlərinə görə xalq artisti Əlibaba Məmmədova “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olunub.

   Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığa, beynəlxalq əhəmiyyətli layihədə fəal iştirakına və bu işə verdiyi töhfəyə görə BMT-nin ölkəmizdəki sabiq rezident əlaqələndiricisi Marko Borsotti də “Qızıl çinarla mükafatlandırılıb.

   Növbəti nominasiyada qalib Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyətinə verdiyi dəstəyə görə ürək və damar cərrahı Rəşad Mahmudov elan olunubmükafat sahibinə təqdim edilib.

   Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə göstərdiyi dəstəyə görə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskiyə də “Qızıl çinar” beynəlxalq mükafatı verilib.

   Sonuncu nominasiyada gənc nəslin hərtərəfli, sağlam vətəndaş kimi böyüməsi sahəsindəki xidmətlərinə görə paytaxtın Nizami rayonundakı 1 saylı Uşaq evinin direktoru Nərminə Zöhrabova qalib elan edilib.

   Mükafatlandırma mərasimindən sonra incəsənət ustalarının maraqlı konsert proqramı olub.

 

Mədəniyyət. - 2009.- 13 may.- S. 2.