Azərbaycanda Tələbə Gənclər Təşkilatları İttifaqı yaradılacaqdır

 

Mayın 14-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasında (ADBTİA) bu ali təhsil ocağının tələbə gənclər təşkilatının hesabat-seçki konfransı keçirilmişdir.

Konfransda iştirak edən gənclər idman nazirinin müavini İntiqam Babayev 2005-ci ildən ölkəmizdə "Tələbə özünüidarəetmə" layihəsinin həyata keçirildiyini bildirmişdir. Bu layihə çərçivəsində tələbə gənclər təşkilatları öz fəaliyyətini nizamlaya bilirlər.

İ.Babayev artıq gələn ay Tələbə Gənclər Təşkilatları İttifaqının yaradılacağını söyləmişdir. Bu ittifaq respublikamızın bütün tələbə gənclər təşkilatlarını birləşdirən vahid orqan olacaqdır.

Akademiyanın tələbə gənclər təşkilatının sədri Yusif Babanlı isə görülən işlər haqqında məruzə ilə çıxış etmişdir. Tələbə gənclər təşkilatının son illərdəki fəaliyyəti uğurlu hesab olunmuşdur.

Daha sonra seçkilər keçirilmişdir. Üzvlərin daha çox səsini toplamış Hüseyn Məmmədov təşkilatın yeni sədri seçilmişdir. Sonra təşkilatın idarə heyətinə üzvlər gələn ay yaranacaq Tələbə Gənclər Təşkilatları İttifaqının təsis konfransına 3 nümayəndə seçilmişdir.

 

* * *

Mayın 15-də Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbə gənclər təşkilatının da hesabat-seçki konfransı keçirilmişdir.

Konfransda 2005-ci ildən ölkəmizdə "Tələbə özünüidarəetmə" layihəsinin həyata keçirildiyi onun əhəmiyyəti diqqətə çatdırılmış, bu il iyun ayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı yaradılacağı bildirilmişdir. Qeyd olunmuşdur ki, bu ittifaq respublikamızın bütün tələbə gənclər təşkilatlarını birləşdirən vahid orqan olacaqdır. Beləliklə, gənclər təşkilatlarının fəaliyyəti vahid mərkəzdən idarə olunacaqdır.

Universitetin tələbə gənclər təşkilatının sədri İradə Dadaşova hesabat məruzəsi ilə çıxış etmişdir. Tələbə gənclər təşkilatının son illərdəki fəaliyyəti uğurlu hesab olunmuşdur.

Sonra təşkilati məsələyə baxılmış, yeni idarə heyəti Tələbə Gənclər Təşkilatları İttifaqının təsis konfransına 3 nümayəndə seçilmişdir.

 

* * *

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə gənclər təşkilatının hesabat-seçki konfransı olmuşdur.

Təşkilatın sədr əvəzi Yusif Hacıyev hesabat məruzəsində həyata keçirilən tədbirləri, tələbələrin bilik və idman yarışlarında qazandıqları nailiyyətləri diqqətə çatdırmışdır.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Tahir Süleymanov, təhsil nazirinin müavini Elmar Qasımov, universitetin rektoru, professor Gülçöhrə Məmmədova tələbə gənclər təşkilatının işini yüksək qiymətləndirmiş, ölkədə gənclərə və təhsilə göstərilən dövlət qayğısından, tələbə özünüidarə orqanının fəaliyyətinin genişləndirilməsindən və vətənpərvər gənclərin qarşısında duran vəzifələrdən söz açmışlar.

Bildirilmişdir ki, tələbələr bu təşkilata qoşulmaqla ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, dünyagörüşlərini artırırlar. Son illər təhsilin daha da inkişafı sahəsində ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Hesabat-seçki konfransında Səadət İmanova təşkilatın yeni sədri, 17 nəfərdən ibarət idarə heyəti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis konfransına 12 nəfər nümayəndə seçilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-16 may.-S.2.