Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıq

 

Qonağa muzeyin tarixi barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır. 1895-1897-ci illərdə tikilmiş bina Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur.

300 mindən çox eksponatı olan muzeydə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyatı fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır.

Muzeyin müxtəlif zallarında nümayiş olunan nadir eksponatlarla tanışlıq Arnold Rüyteli valeh etmişdir.

Bildirilmişdir ki, qədim Azərbaycanın ərazisində mövcud olmuş Albaniya, Atropatena, Şirvanşahlar dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrinin bariz nümunəsidir.

Orta əsr Azərbaycan əhalisinin məişətdə işlətdiyi əşyalar estoniyalı qonağın xüsusi marağına səbəb olmuşdur.

A.Rüytel muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 may.-S.3.