Şəhidlərin xatirəsinə ehtiram

 

Gürcüstan Prezidenti Mixeil Saakaşvili mayın 20-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Mixeil Saakaşvili Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının məzarları üstünə tər çiçəklər düzdü, "Əbədi məşəl" abidəsi önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Mixeil Saakaşvili buradan Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

Gürcüstan Prezidentini Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər müşayiət edirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 may.- S. 2.