Sumqayıtda "Prezident İlham Əliyev mədəniyyət 2003-2008" kitabının elektron variantının təqdimatı olmuşdur

 

Sumqayıtın Səməd Vurğun adına Mərkəzi Kitabxanasında respublika Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi "Prezident İlham Əliyev və mədəniyyət 2003-2008" kitabının elektron variantının təqdimatı keçirilmişdir.

Nəfis tərtib olunmuş kitab iki hissədən ibarətdir. Birinci hissədə dövlətimizin başçısı İlham Əliyevin fəaliyyəti barədə informasiya - mərasimlər, görüşlər, qəbullar, çıxışlar, slaydlar, ikinci hissədə isə ölkə Prezidentinin imzaladığı qanunlar, fərmanlar və sərəncamlar, müvafiq fotomateriallar təqdim olunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin yerli qurumlarının rəhbərləri, habelə şəhər ictimaiyyətinin nümayəndələri tədbirdə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətindən və Azərbaycanda mədəniyyətin uğurlu inkişafı üçün əlverişli şəraitin yaradılmasında dövlətimizin başçısının rolundan danışmışlar. Cəmiyyətin inkişafında kitabxanaların da böyük əhəmiyyəti vardır. Çıxış edənlər elektron fondun genişləndirilməsinin aktuallığını diqqətə çatdırmışlar.

Bildirilmişdir ki, Səməd Vurğun adına Mərkəzi Kitabxananın əsaslı təmir edilməsi və müasir avadanlıqla təchiz olunması şəhərin 60 illik yubileyi münasibətilə sumqayıtlılara gözəl hədiyyədir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 may.- S. 3.