Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir

 

Azərbaycan Prezidenti İlham Əliyev Göygöl rayonuna gəlmişdir

 

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfərini başa çatdıraraq mayın 25-də Göygöl rayonuna gəlmişdir.

Son illər rayonda geniş abadlıq-quruculuq işləri aparılmışdır. 2008-ci ildə rayon üzrə əsas kapitala 34 milyon 156 min manat investisiya qoyulmuşdur ki, bunun da 32 milyon 610 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Ötən il sənaye müəssisələrində çalışanların orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 25,2 faiz artmışdır. Bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul göstərilən xidmətlərin ümumi həcmi 9,9 faiz artaraq 15 milyon 580 min manat olmuşdur.

Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda aparılmış abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, abidənin ətrafında salınmış parkın sahəsi 3 hektara yaxındır. Ərazinin 2 hektardan çox hissəsində yaşıllıq zolağı salınmış, müxtəlif dekorativ kollar ağaclar əkilmişdir. Yaşıllıq zolaqlarının salınmasında milli ornamentlərdən istifadə olunmuşdur.

Rayon sakinlərinin ən sevimli istirahət guşələrindən biri olan parkda müxtəlif ölçülərdə 4 fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 may.-S.3.