Sürətlə inkişaf edən Azərbaycan- Türkiyə münasibətləri bölgədəki proseslərə çox ciddi və müsbət təsir göstərir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

- Hörmətli cənab Prezident!
Hörmətli Hayrünnisə xanım!
Hörmətli cənab Baş nazir!
Əziz dostlar!

İlk növbədə, əziz dostum, Prezident Abdullah Gülə məni Türkiyəyə dəvət etdiyinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Təsadüfi deyil ki, prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim məhz Türkiyəyədir. Bu, təbiidir, iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərinin təzahürüdür. Bu, çox önəmlidir. Türkiyə-Azərbaycan əlaqələri həm ölkələrimiz, xalqlarımız üçün, həm bütün bölgə üçün çox böyük əhəmiyyət daşıyır.

Əziz dostum cənab Prezident öz nitqində ikitərəfli münasibətlərin, demək olar ki, bütün sahələrini əhatə etdi. Bu, doğrudan da hərtərəfli münasibətlərdir, bütün sahələri əhatə edir, elə bir sahə yoxdur ki, orada Türkiyə-Azərbaycan münasibətləri inkişaf etməsin. Çox böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, biz bütün sahələrdə uğurları görürük. Praktik əməkdaşlığın gözəl nəticələrini görürük. Bizim birgə təşəbbüslərimiz - istər siyasi sahədə, istər iqtisadi, istərsə enerji, nəqliyyat sahələrində irəli sürülmüş təşəbbüslər həm ölkələrimizi gücləndirir, həm iki ölkə arasında olan münasibətləri yeni pilləyə qaldırır, həm yaşadığımız bölgədə əməkdaşlığın, sabitliyin möhkəmlənməsinə gətirib çıxarır. Bu gün tam qətiyyətlə deyə bilərəm ki, Türkiyə Azərbaycanın birgə fəaliyyəti bölgədə sabitləşdirici amilə çevrilibdir. Bizim iştirakımız olmadan, razılığımız olmadan bölgədə heç bir layihə - istər siyasi, istər iqtisadi başqa layihələr icra oluna bilməz. Məhz bizim təşəbbüsümüzlə bölgə üçün dünya üçün böyük əhəmiyyət daşıyan enerji, nəqliyyat layihələri çox uğurla gerçəkləşir. Bu uğurun təməlində iki ölkə arasında olan münasibətlər dayanır, iki xalqın iradəsi, bir-birimizə olan dostluq-qardaşlıq duyğuları dayanır. Ən əsası bundan ibarətdir. Türk Azərbaycan xalqları əsrlər boyu bir yerdə yaşamışlar. Biz bir millət - iki dövlətik. Ancaq bu gün biz iki müstəqil dövlətik. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, ilk növbədə bizi Türkiyə dəstəkləmişdir. Ən çətin anlarımızda Türkiyə daim bizim yanımızda olubdur. Bu gün belədir. Ancaq bu gün Azərbaycan da güclənibdir. Azərbaycan da ikitərəfli münasibətlərə öz töhfəsini verir bir-birimizi dəstəkləməyimiz, əlbəttə ki, bizi gücləndirir. Bunu biz bölgədə gedən proseslərdə görürük, geniş mənada beynəlxalq müstəvidə görürük.

Bu fürsətdən istifadə edib, bütün türk xalqını bu yaxınlarda Türkiyənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, böyük qələbədir. Böyük uğurdur. Böyük səsçoxluğu ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək böyük nailiyyətdir. Bu, Türkiyənin artan imkanlarını, təsir imkanlarını göstərir. Bu, Türkiyəni gücləndirir Azərbaycanı gücləndirir.
Qarşımızda duran məsələlər uğurla həll olunur biz bölgədə, Cənubi Qafqazda sülhün bərqərar olunmasında Türkiyənin rolunu alqışlayırıq, bunu bəyənirik, dəstəkləyirik. Türkiyənin Cənubi Qafqaz bölgəsində gedən proseslərdə fəal iştirakını biz böyük sevinclə qarşılayırıq görəndə ki, bu təşəbbüslər artıq bölgədə vəziyyətin müsbət istiqamətdə dəyişməsinə gətirib çıxarır, sevincimiz daha da artır. Türkiyə tərəfindən irəli sürülmüş Qafqazda Sabitlik Əməkdaşlıq Platformasının ilkin əlamətlərini biz görürük. Ümid edirik ki, bu təşəbbüs bölgədə yaşanan digər hadisələr, digər təşəbbüslər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gətirib çıxara bilər. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında həll oluna bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır işğaldan əziyyət çəkən Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu məsələnin həlli yolları ilə bağlı fikir artıq dünyada daha da aydın görünür. Daha da aydın görünür ki, beynəlxalq hüquq normaları əsas şərtdir. Çox sevindirici haldır ki, nəhayət, Ermənistan tərəfi bunu qəbul etməyə başlamışdır. Bunun əyani sübutu bu yaxınlarda Moskvada Rusiya, Ermənistan Azərbaycan prezidentlərinin imzaladığı birgə Bəyannamədir.

Bir sözlə, bölgədə sülhün, sabitliyin tam bərqərar olunması bizim qarşımızda yeni imkanlar, yeni üfüqlər açacaqdır. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini taparsa, yeni imkanlar açılacaqdır. Bölgədə əməkdaşlıq, bölgədə yaşayan xalqların bir-biri ilə əlaqələrinin qurulması, ölkələrarası münasibətlər - bütün bunlar öz həllini tapa bilər. Bizim niyyətimiz xoş niyyətdir. Bir daha demək istəyirəm ki, Türkiyə-Azərbaycan təşəbbüsləri, son illər ərzində bölgədə irəli sürülmüş təşəbbüslər yalnız əməkdaşlığa yönəldilibdir. Ümid edirəm ki, növbəti illərdə biz bu təşəbbüslərin daha da böyük nəticələrini görəcəyik.
Mən bu gün çox şadam ki, yenidən qardaş Türkiyədəyəm, yenidən öz dostlarımın arasındayam. Bizim şəxsi münasibətlərimiz çox səmimidir, çox gözəldir. Həm əziz dostum Prezidentlə,- həm əziz dostum Baş nazirlə çoxsaylı görüşlərimiz, - həm Bakıda, həm Ankarada, İstanbulda, digər şəhərlərdə, - həm bizim aramızda olan münasibətləri daha da gücləndirir, eyni zamanda, iki ölkə arasındakı, sözün əsl mənasında, qardaşlıq əlaqələrini gücləndirir. Bu, çox sevindirici haldır. Mən tam əminliklə deyə bilərəm ki, bəlkə dünyada Türkiyə-Azərbaycan münasibətləri qədər ikinci belə səmimi yaxın münasibətlər yoxdur. Bu, böyük bir dəyərdir, böyük bir nemətdir. Təbii ki, bu münasibətlər dərin tarixi əsaslar üzərində qurulubdur. Ancaq bununla bərabər, bizim birgə siyasətimiz, bir-birimizə olan münasibət, bir-birimizə göstərilən dəstək, əlbəttə ki, bu münasibətləri daha da gücləndirir.

Mən bütün türk xalqına yeni uğurlar, yeni qələbələr, xoşbəxtlik rifah arzulayıram!

Azərbaycan.-2008.-7 noyabr.-S.1.