Kitabxana sahəsinə dövlət qayğısı

 

Azərbaycan Respublikasının Prezidenti 6 oktyabr 2008-ci il tarixində "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" sərəncam imzalamışdır. Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələyə başlanğıc verən bu mühüm sənəd ölkə Prezidentinin bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizə diqqət və qayğısının bariz nümunəsidir. Bu, həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəni quruculuq siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir.

Dövlət proqramı Prezident İlham Əliyevin 2007-ci il aprel ayının 20-də imzaladığı "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamının 2-ci bəndində verdiyi tapşırığa uyğun Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmışdır. Təqribən bir il yarımlıq çox qısa zaman kəsiyində respublikamızda kitabxana sahəsinin inkişafına və təkmilləşdirilməsinə dair 2 proqram sənədin qəbul olunması kitabxana quruculuğunun Azərbaycan dövləti tərəfindən prioritet sahə kimi müəyyənləşdirilməsini təsdiq edir. Bu fikir dövlət proqramının elə ilk cümləsində aşağıdakı kimi əksini tapmışdır: "Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir".

Yaxın onilliklər üçün Azərbaycanda kitabxana-informasiya sahəsinin inkişafının əsas prioritet inkişaf istiqamətlərini müəyyən edən dövlət proqramı iki hissədən ibarətdir. Birinci hissədə 2008-2013-cü illərdə ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafının əsas istiqamətləri və bu yöndə həyata keşirilməsi vacib olan tədbirlər öz əksini tapmış, ikinci hissədə isə onların həyata keçirilməsi üzrə tədbirlər planı təsdiqlənmişdir.

Bu çox mühüm proqram sənədinin ilk bölməsində Azərbaycanda kitabxana işinin bugünkü vəziyyətinə ekskurs edilir, respublikanın kitabxana şəbəkəsinin durumu, kitabxana fondlarının zənginləşdirilməsi, maddi-texniki bazanın və texniki təchizatın yaxşılaşdırılması istiqamətlərində ölkə Prezidenti və Azərbaycan hökuməti tərəfindən atılan inamlı addımlardan bəhs edilir. Daha sonra ötən əsrin 80-ci illərinin sonunda və 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən hadisələr fonunda respublika kitabxana şəbəkəsinin iflic vəziyyətinə düşməsindən, kitabxanaların təchizatı sisteminin tam dağılmasından, kitabxanalara gələnlərin və potensial oxucuların sayının xeyli azalmasından və nəhayət bir sıra kitabxanaların bağlanmasından, bütün bunların məntiqi nəticəsi olaraq ölkə kitabxanalarının 90 faizindən çoxunun müasir tələblərə cavab verməməsindən bəhs olunur.

Belə bir şəraitdə ölkədə fəaliyyət göstərən 12 mindən artıq kitabxananın kitab fondlarının zənginləşməsində cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli bütün dünyada analoqu olmayan sərəncamının əhəmiyyəti xüsusi qeyd olunur. Bu sərəncama əsasən artıq 450 adda kitab hər biri 25 min nüsxə tirajla və ümumilikdə 10 milyon nüsxədən artıq olmaqla çap edilərək ölkə Prezidentinin hədiyyəsi kimi təmənnasız olaraq kitabxanalara göndərilmişdir ki, bu gün onlar ölkə kitabxanalarının latın qrafikası ilə çap olunmuş kitab fondunun əsas özəyini təşkil edir. Prezidentin sonrakı sərəncamları ilə nəşrə başlanılan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan kitablar respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunun tam şəkildə formalaşması ilə nəticələnəcəkdir. Ölkə Prezidenti tərəfindən həyata keçirilən bu məqsədyönlü tədbirlər nəticəsində artıq kitabxanaların 90-cı illərin əvvəllərində itirdikləri oxucuların yenidən qayıdışı prosesi başlanmışdır.

Qloballaşma dövründə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi mühüm əhəmiyyət kəsb edir və dövlət proqramında Azərbaycan kitabxanalarında bu istiqamətdə görülən işlərdən danışılır. M.F.Axundov adına Milli Kitabxanada, Prezident Kitabxanasında, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Dillər Universitetinin, Xəzər Universitetinin, Qərb Universitetinin kitabxanalarında, F.Köçərli adına Dövlət Uşaq Kitabxanasında və digər az sayda kitabxanalarda elektron kataloqların və elektron kitabxanaların artıq yaradıldığı qeyd olunsa da, hələ bu sahədə xeyli işlərin görülməsinə ehtiyac olduğu göstərilir.

Təkcə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan kitabxanaların cəmi 4-də (0,07 faiz) kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işlərinə başlanılmışdır, cəmi 14 kitabxana (0,19 faiz) internet xidmətlərindən istifadə edə bilir. Bütün bunlar isə müasir qloballaşma və informasiyalı cəmiyyət quruculuğu şəraitində, dünya miqyasında kompüterin və internetin insanların məişətinə daxil olduğu bir vaxtda çox aşağı göstəricidir.

Kitabxana-informasiya sahəsində mövcud olan ciddi problemlərdən biri də kitab fondlarının mühafizəsi ilə əlaqədardır. Ölkə kitabxanalarının, demək olar ki, tam əksəriyyətində kitabların mühafizəsi üçün elementar şərait belə yoxdur, qiymətli kitabların etibarlı mühafizə olunaraq gələcək nəsillərə çatdırılması məqsədilə yaradılmış xüsusi mühafizə şəraitindən danışmaq isə heç mümkün deyildir: xüsusi bərpa mərkəzləri, diqitallaşdırma-skanerləşdirmə və mikrofilmləşdirmə, nadir kitabların elektron daşıyıcılara köçürülməsi üçün avadanlıq yoxdur. Hətta M.F.Axundov adına Milli Kitabxananın nəzdində də tarixi yaddaşımız olan qiymətli kitabların bərpası və konservasiyası üçün emalatxana da yoxdur.

Nəhayət, kitabxanaların maddi-texniki bazasının zəifliyi, onların əksəriyyətinin binalarının yararsız və qəza vəziyyətinə düşməsi, kadrların peşə hazırlığının aşağı olması və digər amillər ölkədə kitabxana işinin inkişafında ciddi problemlər yaradır.

Məhz "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" respublikamızda kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli şəkildə həllinə yönəldilmişdir.

Dövlət proqramının növbəti bölməsində onun məqsəd və vəzifələri geniş şərh olunur. Sənəddə göstərilir ki, proqramın əsas məqsədi "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan müddəalara uyğun olaraq kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə mədəni sərvətlərin toplanmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Bundan başqa, kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, habelə əhalinin fasiləsiz təhsilinin təmin edilməsi üçün şərait yaradılmasından ibarətdir.

Daha sonra bu məqsədlərə nail olmaq üçün qarşıda duran əsas vəzifələrin şərhi verilir və həyata keçirilməsinin vacibliyi göstərilir. Bunların sırasında: beynəlxalq standartlar və normativ-hüquqi aktlar əsasında ölkədə fəaliyyət göstərən kitabxanaların modernləşdirilməsi, kitabxana sahəsində köklü islahatların aparılması və kitabxana-informasiya resurslarının dünya məkanına inteqrasiyasının təmin edilməsi, elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın təşkili, elektron kataloq və kitabxanaların inkişaf etdirilməsi, kompüterləşdirilmiş kitabxana infrastrukturunun qurulması və kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi, Beynəlxalq Kitabxanalar və Cəmiyyətlər Assosiasiyası, Avropa Milli Kitabxanalar Konfransı Təşkilatı, ABŞ Kitabxana Assosiasiyası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, mövcud kitabxana binalarının təmiri, müasir tipli yeni kitabxana binalarının inşası və digər ən vacib vəzifələr göstərilmişdir.

Birinci hissənin üçüncü bölməsi dövlət proqramının icrasının əsas istiqamətlərinə həsr olunmuşdur. Burada yuxarıda qeyd olunan vəzifələrin icrası üçün bir neçə istiqamətdə işlərin aparılmasının nəzərdə tutulduğu göstərilir. Bütün işlərin kitabxana fondlarının kitabla təchizatı sisteminin yaradılması və müasir tipli informasiya daşıyıcıları ilə təmin edilməsi, kitabxanaların kompüter və informasiya-proqram təminatı, respublika avtomatlaşdırılmış kitabxana-informasiya şəbəkəsinin yaradılması, xalqımızın zəngin mədəni irsinin və informasiya ehtiyatlarının mühafizəsi və gələcək nəsillərə çatdırılması, əhaliyə kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, forma və məzmunca yeniləşdirilməsi, respublika kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi və kadr islahatlarının həyata keçirilməsi, kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, yeni kitabxana binalarının tikilməsi və kitabxanaların maddi-texniki bazasının müasir dövrün tələblərinə uyğun möhkəmləndirilməsi, kitabxanaların beynəlxalq əlaqələrinin genişləndirilməsi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir tipli informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.

Dövlət proqramında nəzərdə tutulan bütün tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən gələn gəlir hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Dövlət proqramının birinci hissəsinin sonuncu bölməsi "Gözlənilən nəticələr" adlanır və burada nəzərdə tutulan bütün tədbirlər kompleksinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunması gözlənilən nəticələr sadalanır.

Çox geniş miqyasa malik bu proqramın icrası nəticəsində əldə olunacaq nəticələr sırasında ölkədə fəaliyyət göstərən kitabxanaların fondlarının ənənəvi və müasir tipli informasiya daşıyıcıları ilə təchizatı mexanizminin yaradılmasına və davamlı şəkildə inkişaf etdirilməsinə, elektron informasiya daşıyıcılarına köçürülərək gələcək nəsillərə çatdırılmasına, dünya informasiya sistemlərində Azərbaycan kitabxana resurslarının təbliğinə və müasir informasiya texnologiyaları ilə təmin edilməsinə nail olunması gözlənilir.

"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın ən vacib və əsas hissəsi "Dövlət proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" adlanır. Bu hissədə sənədin birinci hissəsində nəzərdə tutulan bütün tədbirlər kompleksinin icrasının müddətləri və icraya məsul olan təşkilatlar müəyyənləşdirilmişdir.

Dövlət proqramının ikinci hissəsi 9 bölməyə ayrılmışdır:

2.1. Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi;

2.2. Kitabxanaların kompüter və informasiya-proqram təminatı, respublika kompüterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı;

2.3. Azərbaycan Respublikasının milli-mədəni irsinin və informasiya ehtiyatlarının qorunması və gələcək nəsillərə çatdırılması;

2.4. Kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi;

2.5. Kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi;

2.6. Kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, kitabların hazırlanması və nəşri;

2.7. Yeni kitabxana binalarının tikilməsi, yeni və fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsi;

2.8. Kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı və beynəlxalq tədbirlərin təşkili;

2.9. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi.

Bütün bu kompleks tədbirlər spektrində kitabxana fondlarının komplektləşdirilməsi və mühafizəsi, kitabxanaların müasir tipli kompüter avadanlıqları və informasiya texnologiyaları ilə təmin edilməsi, idarəetmə strukturunun təkmilləşdirilməsi, yeni kitabxana binalarının inşası və onların maddi-texniki bazasının möhkəmləndirilməsi əhatə olunub. Eyni zamanda, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının və aparıcı respublika kitabxanalarının - C.Cabbarlı adına respublika gənclər, F.Köçərli adına respublika dövlət uşaq kitabxanalarının, habelə şəhər və rayon mərkəzi kitabxanalarının modernləşdirilməsi və müasir tipli kompüter texnologiyaları ilə təchizatı məsələləri qırmızı xətlə keçir və demək olar ki, dövlət proqramının əsasını təşkil edir.

2009-cu ilin investisiya proqramında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yenidən qurulması, modernləşdirilməsi və müasir tələblərə uyğun texniki təchizatının gücləndirilməsi məqsədilə müəyyən vəsaitin nəzərdə tutulması "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın müvəffəqiyyətlə yerinə yetiriləcəyindən xəbər verir.

Prezident İlham Əliyevin Azərbaycan Milli Kitabxanasının yaxın iki il ərzində dünyanın ən modern kitabxanaları səviyyəsinə çıxarılması barədə verdiyi göstəriş artıq icra olunmağa başlanmışdır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Almaniyadan, Avstriyadan, Belarusdan yüksək ixticaslı mütəxəssislər dəvət olunaraq layihə-smeta sənədləri hazırlanmışdır və 2009-cu ilin əvvəlindən Milli Kitabxanada əsaslı yenidənqurma işlərinə başlanılacaqdır.

Azərbaycanda kitabxana sahəsinin inkişafına dair dövlət proqramının təsdiq olunması Prezident İlham Əliyevin ölkə mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizəsinə diqqət və qayğısının bariz nümunəsi, müstəqil Azərbaycan mədəniyyətinin inkişafına yönəldilən Heydər Əliyev siyasətinin uğurlu davamı və təntənəsidir.

 

 

Kərim TAHİROV,

M.F.Axundov adına Azərbaycan

Milli Kitabxanasının direktoru

 

Azərbaycan.-2008.-18 noyabr.-S.6.