İnnovasion inkişaf naminə: intellektual sərvət və milli elita

 

Elmə və təhsilə, intellektual ehtiyatların artımına yetirilən diqqət və göstərilən qayğı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi, təməlini qoyduğu uğurlu inkişaf strategiyasının tərkib hissəsi olaraq bu gün öz bəhrəsini verməkdədir. Son illərdə qazanılmış nailiyyətlər artıq bizi yeni-yeni problemlərin həllinə, vəzifələrin icrasına səsləyir. Belə ki, Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda (15 dekabr 2005-ci il) söylədiyi kimi, "müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ölkənin inkişafını, potensialını elmin inkişafı müəyyən edir". Ölkə başçısı həmin yığıncaqda bu həqiqətin də vurğulanmasını vacib bilir: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, onu da görəcəyik ki, nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət yox, məhz intellektual potensial, elmin səviyyəsi o ölkələrin tərəqqisini müəyyən və təmin edir, ölkəni inkişaf etmiş ölkəyə çevirir". Cəmiyyətimizin sürətli və sabit inkişafından doğan müvəffəqiyyətlər, müasir tarixin və zamanın tələbləri bizi artıq innovasion ictimai sistem, innovasion (proqressiv) iqtisadiyyat, nümunəvi və mütərəqqi mənəvi həyat barədə daha dərindən düşünməyə və əməli işlər görməyə vadar edir.

Cəmiyyətin və dövlətin innovasiyalara olan kütləvi və kəskin tələbatı bu gün bir fakt olaraq qalmaqdadır. İçtimai yeniləşmə zərurətindən qaynaqlanan bu tələbat çoxşaxəli və çoxsəviyyəlidir. İnnovasion tələbat yeni iqtisadi üsul və formalardan tutmuş yeni sosial təşkilatlanma və idarəetmə məsələlərinə qədər problemləri əhatə edir. Biz bir tərəfdən, qabaqcıl elmi-texniki və texnoloji nailiyyətləri mənimsəməli və mənimsəyərək də müvafiq iqtisadi, təsərrüfat sistemi daxilində bu nailiyyətlərdən səmərəli istifadə etməli, digər tərəfdən, fərdi və kollektiv yaradıcılığa, daha yüksək birgə yaşayış və birgə fəaliyyət mədəniyyətinə yol açan sosial-siyasi, hüquqi norma və prinsiplər əsasında təşkilatlanıb tənzimlənən ictimai mühit yaratmalıyıq. Sözsüz ki, bu istiqamətlər üzrə son illər ərzində xeyli işlər görülüb və bu fakt danılmazdır. Lakin görüləsi işlər hələ çoxdur və burada bir mühüm məsələyə xüsusi diqqət yetirilməlidir. Söhbət hansı məsələdən gedir?

Tarixi təcrübə, o cümlədən başqa ölkələrin təcrübəsi göstərir ki, həqiqi innovasion tələbat o vaxt və o yerdə etibarlı surətlə ödənilir ki, yeniləşmə istəyində olan cəmiyyətdə pozitiv mahiyyətli mənəvi (ruhi) çevriliş baş verir, iqtisadiyyat, idarəetmə, siyasi və bütövlükdə içtimai həyat elmi biliklərə, intellektual resurslara arxalanmaqla qurulur, fəalliyət göstərir. Həm də söhbət yalnız artıq əldə edilmiş, başqa xalqlar tərəfindən qazanılıb ortaya qoyulmuş elmi biliklərdən, intellektual sərvətlərdən getmir. "Özgəsinin atına minən tez düşər" deyirlər. Qabaqcıl ölkələrin elmi, texniki-texnoloji, iqtisadi və mədəni nailiyyətlərindən istifadə mümkündür və vacibdir, ancaq heç olmasa halallıq naminə özümüz də zəhmət çəkib nəsə etməliyik. Yalnız xaricdən nəyisə mənimsəməklə, daim başqalarının "ehtiyat anbarı"na göz dikməklə, haramçılıqla uzağa getmək olmaz! Allah da bu haramçılığı, müftəxorluğu qəbul etmir və bağışlamır. Tarixi-zaman həmişə tənbəl, ələbaxan, məsuliyyətsiz xalqları, yalnız "tükənməz" sərvətləri hesabına firavan yaşamaq istəyən ölkələri cəzalandırıb, əməlli-başlı silkələyib ki, ayılsınlar, dünyaya açıq gözlə baxıb işə girişsinlər, "neftim, qazım var!" deyib fironluq iddiasında olmasınlar.

Yalnız elmi sərvətlərə, intellektual qazanclara arxalanmaqla bəşəriyyət öz həqiqi təkamülünü reallaşdırmış - ibtidai aqrar həyat tərzindən industrial və postindustrial (informasion) cəmiyyətlər səviyyəsinə sıçrayış edə bilmiş, kütləvi cəhalətdən kütləvi maariflənməyə doğru getmiş, yüksək şüur və mədəniyyət səviyyəsinə çatmışdır. Məhz bu əsasda "diri tərpənişli" və nizamsevər xalqlar tayfa-qəbilə, etnik pərakəndəlikdən yaxa qurtararaq millətləşmə prosesinə daxil olmuş, millətləşərək və deməli, hüquqi-siyasi tarixi birlik səviyyəsində vahidləşərək qlobal dünyanın formalaşmasında fəal və nüfuzlu qüvvəyə çevrilmişlər. Aydındır ki, bu xalqların milli təhlükəsizliyi və müdafiəsi də daha etibarlı və möhkəmdir. Və hazırda onlar öz milli təhlükəsizlik və müdafiə məsələlərini heç də yalnız bugünün təhdidləri, həyatlarına bilavasitə təhlükə yaradan motivlər təsiri altında həll etmirlər. "Döyülmə qorxusu" klassik millətlər üçün artıq keçmiş mərhələdir; onlar o yaşa çatıblar kı, fədakarcasına qazandıqları tarixi təcrübəyə və nailiyyətlərə, ağıla, ictimai ideallar uğrunda apardıqları zəngin mübarizə dərslərinə, özünü doğrultmuş sosial-siyasi, iqtisadi və mənəvi prinsiplərə və ən başlıcası, konstruktiv elmi biliklərə və yaradıcı intellektual ənənəyə söykənərək öz yollarını davam etdirirlər. Çünki vaxtında mayası özlərindən olan mənəvi (ruhi) çevrilişlər silsiləsini həyata keçirə bilmişlər. Onlar ideal cəmiyyət və dövlət barədə arzularını adi niyyətlər səviyyəsində bildirməklə işlərini bitmiş hesab etməmiş, sosial-siyasi, fəlsəfi və hüquqi fikir müstəvisində ictimai həyatın optimal təşkilinə və idarə olunmasına dair müvafiq təminatverici forma və mexanizmlər düşünüb hazırlamış, necə deyərlər, "sosiumun cəbri"ni yaratmışlar. Demokratik həyat üsuluna, həqiqi vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarına etibarlı təminat verən "hüquqi dövlət" adlandırdığımız fenomen də elə bu qəbildəndir.

Məhz bu zəmində indi qabaqcıllar sırasında adlarını öndə çəkdiyimiz ölkələr vaxtilə öz məkanlarında mütərəqqi sosial rekonstruksiyalar həyata keçirmiş, cəmiyyət həyatının təşkili və idarə olunmasında misilsiz uğurlar əldə etmişlər. Bu isə, öz növbəsində, yeni-yeni inkişaf mənbələrinin, yaradıcı enerjinin formalaşmasına imkan vermiş, insani-intellektual resursları bilavasitə cəmiyyətin ən məhsuldar qüvvəsinə çevirmişdir.

Iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrin elmi-texniki siyasətinin təhlili göstərir ki, elm, istehsal və sosial həyatın qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi bu ölkələr üçün, sadəcə olaraq, dövlət siyasətinin başlıca vəzifəsi deyil, o, yeni tip iqtisadiyyatın mahiyyətini təşkil edir. Bu - innovasion iqtisadiyyatdır ki, son 25-30 ildə həmin ölkələrdə yaradılıb və fəaliyyət göstərməkdədir.

Innovasion iqtisadiyyat dedikdə, yalnız elmin nailiyyətlərini öz inkişafında istifadə edən iqtisadiyyat nəzərdə tutulmur. Bu, elə iqtisadiyyatdır ki, burada intellektual kapital istehsal sisteminin, korporasiya və şirkətlərin, müəssisə və firmaların dəyərinin əsas hissəsini təşkil edir. Innovasion iqtisadiyyatda məhz elmi biliklər, intellektual kapitala həssas münasibət və qayğı milli daxili məhsulun əsas artımını təmin edir. Firmaların intellektual potensialının strukturu aşağıdakı əsas komponentləri ehtiva edir: elmi-tədqiqat işlərinin və konstruktor araşdırmalarının təşkilinə qoyuluş; insan resurslarına qoyuluş (personalın keyfiyyəti); ticarət markası, lisenziyalar, patentlər, nou-xau; menecmentin kvalifikasiyası; korporativ mədəniyyət (maliyyə institutları ilə, təchiz edən və istehlakçılarla münasibətlər); korporativ arxitektura (ierarxik münasibətlərin minimizasiyası, adaptivlik, şəbəkədaxili əlaqələrə qabiliyyət); korporativ etika (firmanın sosial məsuliyyəti, cəmiyyət və hakimiyyətlə qarşılıqlı əlaqəsi, məhsul və istehsalın ekolojiliyi).

Intellektual potensialın bu müxtəlif komponentləri müvafiq bazar etirafını və qiymətini alırlar. Bunu birja indekslərinin strukturunda baş verən dəyişikliklərdən görmək olar. XX əsrin 80-ci illərindən başlayaraq fond kapitalının qiymətləndirilməsində firmanın material aktivlərinin dəyəri ilə onun intellektual kapitalının dəyəri arasında fərq kəskin surətdə ikincinin xeyrinə artmışdır. Onu da nəzərə alaq ki, ümumi bazar kapitalizasiyasında intellektual kapitalın çəkisi son dərəcə yüksəlmişdir.

Menecmentin nəzəriyyə və praktikası üçün tamamilə yeni sahə yaranmışdır - intellektual aktivlərin, yaxud da biliklərin idarə olunması. 1991-ci ildə İsveçin nəhəng sığorta və maliyyə şirkəti "Scandia AFS" ilk dəfə olaraq yeni vəzifə təsis etmişdir - intellektual kapital üzrə korporativ direktor. 1995-ci ildən isə başlayaraq həmin şirkət səhmdarlara öz intellektual kapitalının rəsmi qiymətləndirilməsini təqdim edir.

ABŞ-ın aparıcı tədqiqat universitetlərindən olan Massaçuset texnoloji institutunun professoru, Nobel mükafatı laureatı (1987-ci ildə, iqtisadiyyat üzrə) Robert Solou öz araşdırmalarında sübut edib ki, Amerikada iqtisadi artımın ən azı 50 faiz ənənəvi faktorlardan olan əmək və kapitalın böyüməsi hesabına yox, elmi-texniki tərəqqinin nailiyyətləri sayəsində təmin edilib. Nəzərə alaq ki, Solou öz hesablamalarını XX əsrin birinci yarısına nəzərən aparmışdır. Digər iqtisadçıların müxtəlif ölkələrin materialları əsasında apardıqları tədqiqatlar Solounun göstəricilərini təsdiqləmiş, hətta bir çox hallarda inandırıcı yeni nəticələr ortaya qoymuşdur.

Bu gün artıq heç kim şübhə etmir ki, cəmiyyətin bütün həyat sahələrinin inkişafı birbaşa innovasion texnologiyaların inkişafından asılıdır və bu bağlılıq durmadan artmaqdadır. Qabaqcıl ölkələr innovasion silsilələri yaşamaqdadır. Belə olduqda intellektual istehsala və intellektual kapitala günbəgün artan diqqət də dərkolunandır.

Bununla belə, məlumdur ki, innovasion sikllər istehsalat texnologiyalarından və bazar məhsullarından başlamır, əsas mənbə - fundamental tədqiqatlardır. Innovasion silsilələr, bir qayda olaraq, fundamental elmin hesabına yaranır. Son 30-35 ilin təcrübəsi buna əyani sübutdur. Fundamental kəşf innovasion siklin başlanğıc mərhələsidir.

Fundamental tədqiqatların və konstruktor-layihələşdirmə işlərinin yüksək riskli olmasını nəzərə aldıqda aydın olur ki, dövlət bu sahədə əsas sponsor kimi qalmalıdır. O da məlumdur ki, dövlət etdiyi qoyuluşun müqabilində kifayət qədər yüksək gəlir götürür (əgər korrupsiya və rüşvətxorluğa yol verilmirsə!). Məsələn, ABŞ-da bu gəlir 30 faizdən 80 faizə qədər təşkil edir. Aparıcı ölkələrdə hökumət müasir proqressiv iqtisadiyyatın "vizit vəsiqəsi" sayılan və əsasən universitetlər nəzdində fəaliyyət göstərən "elmi parklar"ın maliyyələşməsini, demək olar ki, bütövlükdə öz üzərinə götürür. Nəticədə həm elm və innovasion istehsal, həm də dövlətin, ölkənin özü böyük dividentlər əldə edir. Təsadüfi deyildir ki, elmi parklar və texnopolislər müasir Yaponiyanın "iqtisadi möcüzə"sinin əsası sayılır. Qabaqcıl ölkələrdə, bir qayda olaraq, dövlət bankları, fondlar və şirkətlər elm tutumlu məhsul istehsal edən firmalara güzəştli faizlərlə uzunmüddətli kreditlər ayırır, torpaq və əmlakdan, bina və qurğulardan istifadədə güzəştli rejimlər yaradırlar. Hökumət və yerli hakimiyyət orqanları tərəfindən yeni ideya və ixtiralara həssaslıqla yanaşılır, onların "inkubasion dövrü"nə xüsusi diqqət yetirilir - nəzərə alınır ki, hər bir yeni ideya, kəşf və ixtira, körpə uşaq kimi birdən-birə ayaq üstə durmur və ona görə də xüsusi qayğıya, səriştəli münasibətə ehtiyaclıdır.

Söz yox ki, bazar iqtisadiyyatı fəaliyyət göstərən məkanda elmin, texnika və texnologiyanın inkişafı istiqamətində, bütövlükdə intellektual sərvətin artması yolunda biznes strukturlarının, xüsusi kapitalın yönəldilməsi, səfərbər edilməsi də olduqca zəruri və əhəmiyyətlidir. Belə olduğu halda, yəqin ki, elm və biznes, intellektual ehtiyatlar və işgüzarlıq əlaqələrinə daha diqqətlə yanaşılmalı və bir çox məsələlərə dövrün tələblərini nəzərə almaqla yenidən baxılmalıdır. Bu planda dünya ölkələrinə məxsus dəyərli təcrübə dərindən və ətraflı öyrənilməli, struktur-funksional, təşkilati-idarəetmə işləri aparılmalı, elmin və biznesin simbiozunu təmin edən formalar, üsul və prinsiplər yaradılmalıdır. Elə etmək lazımdır ki, elm və biznes bir-birinə münasibətdə antaqonist vəziyyətdə olmasın.

Dünya təcrübəsinin diktə etdiyi qanunauyğunluqları nəzərə aldıqda, tam əsasla belə bir zərurətin xüsusi vurğulanmasına ehtiyac vardır: indiki transformasion (tranzit) dövrünü yaşayan Azərbaycanda elmə, xüsusən də fundamental və praktiki tədqiqatlara, intellektual bazanın inkişafına dövlətin məqsədyönlü maddi-texniki, maliyyə və mənəvi yardımı, kapital qoyuluşu olduqca vacibdir. Artıq həyata keçirilmiş və reallaşdırılan neft-qaz layihələrindən əldə olunan maliyyə vəsaitlərinin optimal-zəruri bir hissəsi məhz intellektual potensialın artmasına, yenidən təşkilinə və idarə olunmasına yönəlməlidir. Intellektual resurs (ən geniş mənada) bütün sahələrdə həyata keçirilən islahatların, iqtisadi və sosial rekonstruksiyaların atributiv vasitəsi olmalı, onun zənginləşməsi və səmərəli istifadəsi isə bir strateji məqsəd kimi öndə tutulmalıdır. Prezident İlham Əliyevin dəfələrlə öz məruzələrində, müsahibə və çıxışlarında vurğuladığı kimi, güclü intellektual zəmin və ondan düzgün istifadə - bizim layiqli inkişaf və tərəqqimizin qarantıdır. Bu həqiqəti vurğulamaqla yanaşı, ölkə başçısı belə bir mühüm məsələyə məqsədyönlü, ardıcıl diqqət yetirilməsini də həmişə vacb bilmişdir: demokratik cəmiyyət quruculuğu problemlərinə. Məsələn, YAP-ın III qurultayındakı çıxışında (26 mart 2005-ci il) İlham Əliyev demişdi: "Bizim çox gözəl intellektual potensialımız, resurslarımız var. Amma onu da bilirik ki, yalnız və yalnız demokratik cəmiyyətdə hər bir vətəndaş öz istəyini, öz bacarığını sərbəst ifadə edə bilər. Ancaq demokratik inkişaf ölkələri tərəqqi yoluna gətirib çıxara bilər. Ona görə bütün addımlarımız məhz bu istiqamətdə atılır".

Bir sıra aktual mövzulara diqqət yetirilməsini və onların xüsusi tədqiqat obyekti kimi öyrənilməsini də (ilk növbədə - Azərbaycan materialları əsasında) qeyd etmək istərdim: elmi kadrların yetişdirilməsi və onlardan səmərəli istifadə problemi; intellektual istehsal sisteminin optimallaşdırılması; intellektual mülkiyyətə dövlətin və cəmiyyətin münasibəti; alim etikası və müasirlik; əqli əməyin təbiəti və onun qiymətləndirilməsi; elmdə əxlaqi norma və prinsiplər; elmi etosun imperativləri; elmi ictimaiyyətin dövlət hakimiyyəti və qeyri-hökumət təşkilatları ilə münasibəti; XXI əsrdə elmi siyasətə yanaşmada başlıca dəyişikliklər; alimin peşəkar məsuliyyətinin əsasları; dövlət və elmi ictimaiyyət tərəfindən alim zəhmətinin qiymətləndirilməsi; elmi rasionallığın məntiqi-riyazi, təbii-elmi və humanitar tipləri; metanəzəri idrakın müasir metodları; elm və fəlsəfənin əsas qarşılıqlı əlaqə konsepsiyaları; gələcək elmin formalaşmasının əsas tendensiyaları; elmin sosial institut kimi xüsusiyyətləri; post-neoklassik elm; texnika və texnologiyanın sosial-fəlsəfi problemləri; elmi məktəblər, biliyin təşkilində və dinamikasında onların rolu; elmi fəailiyyətin məhsuldarlığı və effektliyi, onların qiymətləndirilməsi və optimallaşdırılması üsuları; müasir cəmiyyətin innovasion sistemi və onun strukturu; innovasion iqtisadiyyat və bilik cəmiyyəti; innovasion inkişafın ictimai standartlarının yaradılması; effektiv idarəetmənin intellektual zəminləri və s.

Bu qəbildən olan problem-mövzuların məqsədyönlü və ardıcıl işlənməsi ilə yanaşı, xüsusi diqqət intellektual resursların, o cümlədən insan kapitalının formalaşması, istifadə və idarə olunması məsələlərinə yetirilməlidir ki, Azərbaycanın innovasion inkişafının strategiyası optimal məzmun-mahiyyətdə müəyyənləşdirilsin və sistemli surətdə həyata keçirilsin. İnnovasion inkişaf strategiyasının nəzəri əsasları, mənəvi-etik tutumu, hüquqi təminatları kifayət qədər aydın, dəqiq, kamil olmalıdır ki, o, işlək, sövqedici və yaşarlı plan-proqram, ideal rolunda çıxış edə bilsin.

"İdeal" sözünü burada mən təsadüfən işlətmədim. Bəli, hər bir taleyüklü strategiya cəmiyyət və insanlar üçün bir idealdır - arzulanan hədəf (məqsəd) və bu hədəfi əldə etmək, reallaşdırmaq prosesidir. Hegel deyirdi: "Məqsəd vacibdir, lakin özünün qərarlaşma prosesi ilə bir yerdə".

İstər elmi-texniki və texnoloji irəliləyiş, istərsə də sosial-siyasi, iqtisadi rekonstruksiya baxımından aparıcı (klassik) millətlər statusuna yüksəlmiş xalqlar üçün bir mühüm cəhət həmişə səciyyəvi olub - ideala doğru cəhd. Ortaya ideya qoymaq, konkret hədəfə hesablanmış konsepsiya hazırlamaq, reallıqdan qaynaqlanan, perspektivə cavab verən ideala doğru cəhd və kütləvi fəallıq, bu ideal uğrunda dözümlü və əzəmətli mübarizə aparmaq kimi cəhətlər onların milli tarixində önəmli və şərəfli yer tutur. Bu məqamları mən məqsədli surətdə xüsusi vurğulayır və qabardıram. Belə ki, bizim mətbuatda, hətta elmi yazılarda ideya və yaxud hansısa ideal uğrunda mübarizəni lüzumsuz və bəzən də ziyanlı şey kimi qələmə verirlər. İdeya naminə fəaliyyəti yalnız mənfi nəticələrlə yekunlaşan inqilabçılıq, yaxud da xəyalpərəstliyə, utopiyaya uymaq mənasında səciyyələndirirlər.

Unutmamalıyıq ki, insan fəaliyyəti öz məzmun-mahiyyətinə və təyinatına görə həmişə başqa canlıların fəaliyyətindən köklü surətdə fərqlənir. Başqa canlılara yalnız heyvani tələbat və instinktlərdən doğan kortəbii, şüursuz, ideyasız-filansız fəaliyyət məxsusdursa, Homo Sapiensə şüurlu, konkret ideyaya, nəzəri konseptə söykənən fəaliyyət xasdır. O fəaliyyətdir ki, əvvəlcədən təfəkkürdə və təfəkkür vasitəsilə yoğrulub-yetişdirilir. Xüsusən də insani-intellektual ehtiyatlardan söhbət gedirsə! İntellekt naminə, insan kapitalı naminə fəaliyyət ideyasız ola bilməz.

Düzdür, bəşər tarixində , o cümlədən siyasətdə ideyasız-prinsipsiz əməllər az olmayıb, lakin dünya elmində asan uğur, mənfəət əldə etmək, yaxud da ucuz şöhrət, populyarlıq qazanmaq üçün törədilən belə riskli əməllərə avantüra deyirlər. Bu üsula isə, bir qayda olaraq, böyük ambisiyalara, lakin kiçik ağıla, səthi biliyə malik, məsuliyyət və əxlaq cəhətdən kasad olan siyasətbazlar, səriştəsiz adamlar daha tez-tez əl atırlar. Onu da deyim ki, avantürizmlə heç bir əqli, elmi-rasional ideyaya söykənməyən "içi lax" utopizm, faktiki olaraq bir-birini doğuran, qidalandıran fenomenlərdir. "Çində Azərbaycan bayrağını sancmalıyıq!", "Sabah gedib iki maşın erməni başı gətirəcəyəm!", "Bir-iki günə Yerevanın üstünə atom bombası yağdıracağıq" kimi sərsəmləmələr məhz bu tip avantürizmin - utopizmin məhsulu idi. Belə "blef"lər ucbatından Azərbaycanın başına gələn bəlalar hələ ki yaddaşlardan silinməyib.

Sosial idrakın, siyasi təfəkkürün məhsuldarlığını, yaradıcılıq gücünü bildirən cəhətlərdən biri mövcud olanla (reallıqla) zəruri olan arasındakı ziddiyyətləri aşkarlayıb-araşdırmaqdan və onların həllinə dair nəzəri mülahizələr, müvafiq konsepsiyalar irəli sürməkdən ibarətdir ki, burada da xüsusi missiya, məsuliyyət elmi elitanın üzərinə düşür. Məhz elmi elita, siyasi və iqtisadi elita ilə yanaşı, intellektual resursların artımına, səmərəli istifadəsinə ilk növbədə cavabdehdir. Bu cavabdehlik ödənilirsə, deməli, elmi elita Azərbaycan cəmiyyətinin mərhələli və sistemli transformasiyasına uyğun olaraq sosiumun inkişafının yeni gündəliyinin müəyyənləşməsində və reallaşmasında öz töhfəsini vermiş olur. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin öz əsərlərində tam haqlı olaraq əsaslandırdığı kimi, cəmiyyətin transformasiyasına mütənasib surətdə bütövlükdə milli elitanın özü transformasiya edir və etməlidir də. İctimai transformasiya ilə elitaların transformasiyası qarşılıqlı, bir-birini şərtləndirən proseslərdir. Bu isə eyni zamanda o deməkdir ki, transformasiyanın (prosesin) birində baş verən pozitivlər (həm də neqativlər) digər transformasiyada özünü göstərir, müsbət və yaxud mənfi tendensiyalara yol açır. Gördüyümüz kimi, yalnız nəzəri deyil, həm də mühüm praktiki əhəmiyyət daşıyan problem ortaya çıxır: bu qarşılıqlı əlaqəni, dialektik mürəkkəbliyi öyrənmək, aydınlaşdırmaq və bu əsasda zəruri tədbirlər görmək məsələsi. Məhz bu taleyüklü problemin vacibliyindən çıxış edən akademik Ramiz Mehdiyev yazır: "Müasir Azərbaycanın dövlətçiliyin inkişafının yeni fazasına daxil olduğunu nəzərə alsaq, heç bir riskə yol vermədən, elitaların ehtiyatlı transformasiyası barədə düşünmək vaxtı çatmışdır. İndi bu, zamanın tələbi, ölkənin dinamik inkişafından doğan zərurətdir" (Mehdiyev R. Zaman haqqında düşünərkən və elitanı trasformasiya edərkən: varislik və innovasiyalılıq // "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı, 2009, ¹ 1, s.15).

Adını çəkdiyim bu proqram xarakterli məqaləsində o, əhəmiyyətli bir məqamın da üzərində dayanır: hər bir transformasiya və onun mərhələləri pozitiv yük və məqsəd daşımalı, quruculuğa və tərəqqiyə xidmət etməlidir. "Başqa sözlə desək, əgər hər hansı dəyişikliklər üç amilə, sabitliyin qorunub saxlanmasına, dövlətçiliyin möhkəmlənməsinə və ümumi rifaha xidmət edirsə, onlar səmərəlidir" (Yenə orada, s.17). Bu fikrin məntiqi davamı olaraq deyə bilərik ki, elitanın transformasiyası da ilk növbədə ictimai və ümummilli mənafelərə xidmət etməli, eqoistik maraqlar, şəxsi iddialar çərçivəsinə salınmamalı, yalançı novatorluqdan və dağıdıcı inqilabçılıqdan uzaq olmalıdır. Bu proses kifayət qədər düşünülmüş əsaslar üzrə və sistemli surətdə həyata keçirilməlidir. Məhz ona görə, fikrimcə, akademik Ramiz Mehdiyev "elitaların ehtiyatlı transformasiyası" ifadəsinin işlədilməsini vacib bilir. Yalnız bu əsasda və belə yanaşma vasitəsilə keyfiyyətli milli elitanın formalaşması və onun aparıcı nümayəndələrinin, həqiqətən də fərqlənənlərin dəyərləndirilməsi mümkündür.

Bəli, daim dövlətdən və cəmiyyətdən yararlanmaq, fayda götürmək başlıca niyyəti və qabiliyyəti olan şəxslərin deyil, məhz durmadan dövlət və cəmiyyət, millət üçün çalışanların, sözün həqiqi mənasında, seçilmiş insanların qayğısına qalmaq, onların, dəyərləndirilməsi olduqca mühüm məsələdir və burada hakimiyyət nümayəndələrinin, siyasi elitanın üzərinə böyük məsuliyyət düşür. Ümumiyyətlə, yaradıcı insanların, fədakar şəxsiyyətlərin seçib-seçilməsində, dəyərləndirilməsində qərarlaşmış, elmi və əxlaqi-mənəvi əsaslara söykənən sistem olmalıdır. Bu sistemin fəaliyyəti obyektiv meyarlardan çıxış etməli, milli və ictimai maraqlardan qaynaqlanmalı, sağlam prinsipləri rəhbər tutmalı və maksimum dərəcədə şəxsi-subyektiv motiv və meyillərin təsirinə düşməkdən özünü qorumaq qabiliyyətinə malik olmalıdır.

İstər siyasətçi və ya alim, istərsə də biznes nümayəndəsi və ya mədəniyyət xadimi olsun, dəyərləndirmə sistemi hər bir insana qabiliyyətinə, istedadına, çəkdiyi zəhmətə və əldə etdiyi konkret nəticələrə görə qiymət verməlidir. Elə fəaliyyət göstərməlidir ki, iddialı olanların özləri-özlərinə sual versinlər: "Mən, konkret olaraq, hansı müsbət nəticə əldə etmişəm, bu dövlətə və xalqa hansı fayda vermişəm?" Belə olduqda, bəlkə də qısır "siyasətçi"lərin, nə sovetlər dönəmində, nə də ki indi ortaya bir ideya, metodologiya, konsepsiya, fundamental tədqiqat qoymayan, lakin akademiklik iddiasında olan "alim"lərin, təfəkkür və istedad bəsitliyi ilə, ədalətsizliyi ilə insanları boğaza yığmış "mədəniyyət xadimləri"nin ambisiyalarının qarşısını almaq, necə deyərlər, abır-həya çərçivəsini daha etibarlı etmək olar.

Ümumiyyətlə, abır-həya, özünə tənqidi yanaşma və ictimai rəylə hesablaşma, yüksək intellektlə bir yerdə, elitar korpusa "giriş" üçün vacib meyar olmalıdır. Əgər cəmiyyətin elitasını təşkil edənlər abır-həya, intellekt cəhətdən başqa təbəqələrin, aşağı statuslu siniflərin bərabərində olacaqlarsa, onda bu elitaya nə ehtiyac var!? Yox, elita fərqlənməlidir - intellekti və abır-həyası ilə, cəmiyyətə verdiyi konkret töhfələrlə və potensial qabiliyyəti ilə. Bu səbəbdən də dəyərləndirmə sisteminin başlıca qayəsi bundan ibarət olmalıdır ki, sosial mobillik, yəni cəmiyyətdə bir sinifdən (təbəqədən) başqasına keçid əhəmiyyətli dərəcədə intellektlə, səmərəli və fədakar zəhmətlə, əxlaqi-mənəvi dəyərlərə sadiqliklə müəyyənləşsin. Sözün düzü, bir çox qabaqcıl ölkələrdə elitanın formalaşması elə bu yolla da baş verir. Məsələn, uşağın sosial statusunda baş verən dəyişikliklərin (istər yuxarı, istərsə də aşağı istiqamətdə) ABŞ-da 60 faiz, Yaponiyada isə 70 faiz əvvəlcədən intellekt səviyyəsinə görə proqnozlaşdırılır; çalışırlar ki, anadangəlmə sərvət sosiumun biganəliyi və yaxud fəaliyyətsizliyi ucbatından itib-batmasın. Təsadüfi deyildir ki, inkişaf etmiş qabaqcıl ölkələrdə istedadlı uşaqlarla iş aparan mərkəzlərin fəaliyyəti geniş yayılmışdır. Bu, hər şeydən əvvəl o deməkdir ki, həmin ölkələrdə innovasion inkişafın ictimai standartları mövcuddur və onlar özlərini əməli surətdə göstərməkdədir. Biz də var gücümüzlə çalışmalıyıq ki, yaxın və uzaq gələcəyimiz üçün milli elitanın, yəni insani-intellektual potensialın hazırlanmasında ləngliyə və biganəliyə yol verməyək, qabaqcıl ölkələrin təcrübəsindən səmərəli bəhrələnək.

 

 

Əbülhəsən ABBASOV,

fəlsəfə elmləri doktoru,

professor

 

Azərbaycan.- 2009.- 3 noyabr.- S. 5