Zamanın nəbzi

 

Kütləvi informasiya vasitələri arasında ən çeviyi, operativi və kütləvisi olan televiziya dövrümüzün aktual problemlərini, baş verən hadisələri dərhal cəmiyyətə çatdırmaqda, ictimai rəyin formalaşmasında misilsiz bir missiya həyata keçirməkdədir. Ölkə telekanallarının cəmiyyətin müasir tələbləri səviyyəsinə qaldırılması yolunda son illər dövlətimizin atdığı rasional addımlar razılıq doğurur. Azərbaycan teleməkanı zəngin və çoxçalarlı bir tale yaşamaqdadır. Maarifləndirmə, məlumatlandırma və əyləndirmə funksiyalarını tamaşaçı zövqünün tələbləri, cəmiyyətin arzuladığı şəkildə yerinə yetirmək indi hər bir telekanalın qarşısında duran bir nömrəli vəzifədir.

 

Kütləvi informasiya vasitələri sistemində televiziyanın rolunun artdığı bir dövrdə ən mühüm vəzifə milli televiziyanı cəmiyyətin müasir tələbləri səviyyəsinə yüksəltmək, ictimai şüura, siyasi durumun tələblərinə cavab verən təsirli forma və metodları aşkara çıxarmaqdır. Akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilmiş "Azərbaycan teleməkanı: problemlər və vəzifələr" yazısında da məhz bu prinsiplər önə çəkilir. Qeyd etmək yerinə düşər ki, son illər Azərbaycan Televiziyasında aparılan islahatlar bütövlükdə bu prinsiplərin reallaşdırılmasına yönəldilmişdir. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova təmsil etdiyi qurumda həyata keçirilən islahatların efirdə və ekranda nəzərəçarpan yeniliklərlə nəticələndiyini vurğulayır:

- AzTV-dəki yeniliklər kadr və struktur dəyişikliklərində, texniki təchizatda və müasir texnologiyaların tətbiqində, studiya və pavilyonların təmirində, yardımçı bölmələrin standartlara uyğunlaşdırılmasında özünü əyani göstərir. 53 yaşlı ana televiziyamız telekanallar arasında birincilik statusunu ləyaqətlə saxlamaqdadır. Bu, təbii ki, asanlıqla başa gəlməyib. Azərbaycan Televiziya və Radiosunda həyata keçirilən düzgün proqram siyasəti, kadrlarla bağlı "seleksiya işi", verilişlərin bədii-estetik, ideoloji səviyyəsini qaldırmaqla bağlı kompleks tədbirlər uğur gətirən amillərdəndir.

Azərbaycan Prezidentinin 1998-ci il tarixli fərmanında bildirilirdi ki, ölkə telekanalları yalnız Azərbaycan dilində yayımlanmalıdır. Həmin qərara bütün ciddiliyi ilə riayət edən yeganə kanal hələlik AzTV-dir. Hazırda hər gün rus və ingilis dillərində 15 dəqiqəlik "Xəbərlər"i çıxmaq şərti ilə, demək olar ki, bütün verilişlər Azərbaycan dilində təqdim olunur. Gündəlik efir vaxtının təxminən 6-7 saatı lisenziya ilə alınan xarici filmlərin payına düşür. Xüsusi film siyasəti aparıldığından efirə yalnız mənəvi dəyərlərimizə uyğun gələn kinolentlər çıxır. Dublyaj vaxtı dilimizin saflığının qorunmasına böyük önəm verilir.

Efirə gedən verilişlərin formatının dəyişməsi, proqramların ideoloji-bədii səviyyəsinin yüksəlməsi, texnoloji parametrlərin yaxşılaşdırılması tamaşaçılardan aldığımız məktublarda da etiraf edilir. Verilişlərin keyfiyyətinə nəzarət edən yeni tənzimləyici quruma uzun illər təcrübə qazanan əməkdaşların cəlb edilməsi ekrana yalnız keyfiyyətli proqramların çıxmasına zəmin yaradır. Avropaya texniki cəhətdən yüksək səviyyəli yayıma görə "Avropa keyfiyyəti" medalı almağımız AzTV-də inkişafın yüksələn xətlə getdiyindən xəbər verir.

Azərbaycan Televiziyasında veriliş və proqramların mövzu dairəsi olduqca genişdir. Bunu onların adlarından da aydın hiss etmək mümkündür: "Oğuznamə", "Turan", "Xəbər var", "Nəzərdən qaçırmayın", "Tərəf-müqabil", "Rakurs", "Bu axşam", "Unudulmayanlar", "Kinoklub", "Günün nəbzi", "Həftə", "Parlament həftəsi", "İntellekt", "Ailə həkimi", "Əsgər anı", "Azərbaycan Respublikasına xidmət edirəm", "Azərbaycan - yurdum mənim", "Şahmat klubu", "Səhər", Bizim planet", "Kənd saatı", "Ədəbi abidələr", "Yurd yeri", "Mən də uşaq olmuşam", "Bağçılıq", "Sərbəst söhbət", "Məclisi-üns", "Olimp" və s. Bu yaxınlarda onların sırasına bir sıra verilişlərin adları da yazılacaq. Ümumilikdə 2009-cu ildə ekrana 70 adda proqram çıxdığını xatırlatmaq istərdik.

Azərbaycan teleradiosunun tamaşaları da qibtə doğurur. Hazırda bu irsdən bütün telekanallar yararlanır. Təbii ki, AzTV həmin xəzinəni zənginləşdirmək niyyətindədir. Artıq yazıçı Anarın ssenarisi əsasında ikiseriyalı "Evləri köndələn yar" lirik komediyasının çəkilişlərinə hazırlıq başlanıb. Komediya bu tamaşa qəhrəmanlarının 25 ildən sonrakı taleyinə həsr olunub. Rolları xalq artistləri Siyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal, Telman Adıgözəlov, Firəngiz Mütəllimova, Arif Quliyev və başqaları oynayacaqlar. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rejissoru Vüqar Vəliyev, quruluşçu operatoru Eldar Məmmədov, quruluşçu rəssamı Nurlana Pünhanzadədir.

Son 3 ildə AzTV-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində 120 sənədli televiziya filmi çəkilib. Dekabrda 50 yaşı tamam olacaq birliyin təkcə son illər ərzində 400 saat həcmində çəkdiyi filmlər siyasət, elm, mədəniyyət, incəsənət xadimlərinə, ölkəmizin dilbər guşələrinə, erməni işğalçılarının məkrli siyasətinin ifşasına həsr olunub.

Televiziya və radio işçilərinin peşə bayramı günündə elektron KİV-də çalışan həmkarlarımıza gələcək fəaliyyətlərinin yaxşılaşması yolunda mühüm yaradıcılıq uğurları arzulamaqla bizi narahat edən problemlərin üzərinə daim geniş spektrdə işıq salınması zərurətini də yada salmaq istərdik.

Özəl kanallardakı sərbəstlik yeni yaradıcılıq axtarışlarına rəvac versə də, efirə bir mövzu rəngarəngliyi gətirsə də, təəssüf ki, geniş imkanlar bu mövzuların yüksək bədii-estetik həllində, tamaşaçılara təqdim olunması texnologiyasında gözlənilən nəticələri vermədi. Əyləncəli verilişlərə üstünlük arzuolunmaz SMS bəlasını doğurdu. Təbii ki, bu faktor bəzi məqamlarda başadüşüləndir. Telekanal kollektivlərinin texniki və iqtisadi problemlərinin həlli üçün dünyanın hər yerində bu cür rıçaqlardan istifadə edilir. Lakin bütün bunların kökündə etik, estetik dəyərlər, maarifçilik prinsipləri, xalqımızın yaşam tərzini şərtləndirən mental xüsusiyyətlər dayanmalıdır. Təbii ki, hər zamanın öz tələbləri, qanunauyğunluqları var və düşüncə tərzində, təfəkkürdə dəyişikliklər qaçılmazdır. Mövcud problemlərə baxış bucağı dəyişsə də, problemlərin mahiyyətinin şərhində və təqdimində milli dəyərlərin deformasiyası yolverilməzdir. Qardaş Türkiyənin kanalları bu baxımdan örnək kimi qəbul edilə bilər. Bu ölkənin ən zəif əyləncə kanallarında belə türkçülük, vətənpərvərlik duyğuları öndə dayanır, bayraq, himn qarşısında baş əyilir. Bizdə isə AzTV və İctimai Televiziya istisna olmaqla, tamam başqa cür düşünürlər. Azərbaycan reallığı, vətən təəssübkeşliyi, Qarabağ həsrəti, insanların sosial vəziyyəti, iqtisadi və siyasi nailiyyətlərə hesablanan perspektiv niyyətlər televiziya verilişlərinin leytmotivini təşkil etməli olduğu halda hansısa "bozbaş" müğənninin ailə-məişət problemləri, sevgi macəraları, qarderob və avtomobil ehtirasları, həmkarları ilə uzun illər davam edən "razborkaları" saatlarla tamaşaçıya sırınır. Ən qorxulu tendensiya odur ki, daim mənasız, şit, bayağı şou-proqramlara baxan uşaqlar insan həyatının bütünlüklə əyləncədən ibarət olduğunu düşünürlər. Onlar şüurlarının alt qatında ömür boyu etiraf edilməyəcək bir sadəlövhlüklə bu cür həyat tərzi keçirmək xülyasına düşürlər. Yeniyetmə və gənclər nəyi və necə öyrənməyi, nədən zövq almağı qarışdırır, ailənin, müəllimlərin paradoksal öyrətmələri, diktələri qarşısında çaş-baş qalırlar. Televiziya həyatımıza istənilən vaxt icazəsiz müdaxilə etdiyi kimi, hər hansı fikri təlqin edə, cürbəcür ideyaları beynimizə yeridə bilir.

Azərbaycan televiziya məkanında yüksək estetik dəyərlərə malik, ciddi yaradıcılıq axtarışlarının məhsulu olan, müasir tamaşaçı və dinləyici tələbatına tam cavab verməklə yanaşı, xalqımızın mədəni və mənəvi dəyərlərinin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə yönələn proqramların, əsərlərin meydana çıxmasına nail olmaq mümkündür. Bunun üçün isə televiziya kanalları arasında münasibətlər ciddi şəkildə tənzimlənməli, vahid proqram siyasəti həyata keçirilməli, yüksək ixtisaslı televiziya jurnalistləri və rejissorları, kino və teleoperatorlar hazırlanmasına diqqət artırılmalıdır. Bu gün televiziya kanalları öz işinin öhdəsindən layiqincə gələn istedadlı, səriştəli jurnalistlərin, aparıcıların, operator və montaj ustalarının, musiqi tərtibatçılarının fədakarlığı sayəsində uğur qazanırlar. Sənətin sintetik növü hesab olunan televiziyada sadalanan komponentlərin hansısa zəifləyəndə bu özünü dərhal ekranda göstərir. AzTV uzun illər kadr ocağı kimi tanınır və indi də belədir. Ana televiziyamız həmişə yaxşılardan yaxşılarını seçib, yetişdirib, sonralar yeni televiziya kanalları yarananda öz kadrlarını bu kanallardan əsirgəməyib də. Hazırda İctimai Televiziyanın yüksək reytinq qazanmasında Az.TV kadrlarının rolunu da unutmaq olmaz. Doğrudur, bu kanalın rəhbərliyi digər mənbələrdən də yararlanıb, istedadlı gəncləri, yaradıcı insanları vaxtaşırı kollektivə cəlb edib. Amma güc yenə də ölkənin ilk televiziyasından dəvət olunan təcrübəli, yaradıcı və idarəçilik sahəsində sınaqdan uğurla çıxan əməkdaşların çiyninə düşüb. "Space", "Lider", "Xəzər" telekanalları da vaxtilə AzTV-də çalışan jurnalistlərin və digər peşə sahiblərinin gücünə arxalanmaqda səhv etməyiblər.

Televiziya ekranı ilə tamaşaçı arasında təmas körpüsü yaradılmasında "baş memar" aparıcılardır. Təqdim olunan mətnin, habelə öz düşüncələrinin, ağlının və fikrinin süzgəcindən keçənlərin tam təfərrüatı ilə tamaşaçı və dinləyiciyə çatdırılması missiyası ilk növbədə teleaparıcıların üzərinə düşür. Aparıcı televiziyaların vizit vərəqi, bir növ, loqosu hesab olunur. Lakin gizli deyil ki, bu gün televiziyaların çoxu layiq olmayan adamları, o sıradan aparıcılığın sirlərinə dərindən yiyələnməyənləri populyarlaşdırır. Aygünlər, kamranlar, zaurlar, turanlar, səbuhilər, yusiflər ağıllarına gələn ifadələri işlətməkdən, ağlagəlməz hərəkətləri etməkdən çəkinmirlər. Səlis nitq mədəniyyətinə malik olmayanlara, doğma dilimizin norma və qaydalarından xəbərsizlərə, davranış etikasından uzaq düşənlərə meydan vermək, daha dəqiq desək, ekran, efir etibar etmək nə dərəcədə doğrudur? "Aparıcı" ifadəsi leksikonumuza son illər gəlib. Bu missiyanı yerinə yetirənlər əvvəllər diktor adlanırdı. Yaxşı yadımdadır. Ötən əsrin 70-ci illərində Dövlət Televiziyası və Radiosunda işə başlayarkən bizə tövsiyə etmişdilər ki, vaxt tapan kimi - əslində biz bu vaxtı mütləq tapmalıydıq - radionun adlı-sanlı diktorları, sözün həqiqi mənasında, "bel sütunları" hesab olunan Soltan Nəcəfov, Aydın Qaradağlı, Ramiz Mustafayev, Sabutay Quliyev, Qara Tağızadə, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Əli Məhəmmədoğlu ilə görüşək, onların məsləhətlərini eşidək. O vaxtların pozulmaz ənənəsi vardı. Radioda bir neçə ay, bəlkə də bir-iki il çalışmayanı, görüb-götürməyəni televiziyaya yaxın qoymurdular. Radio bir məktəb idi, adlarını çəkdiyimiz insanlar isə bu məktəbin ustad müəllimləri. Gənclər bu müəllimlərdən səlis, məntiqli danışmağı, mikrofonla işləməyi, dinləyici ilə ünsiyyət yaratmağı öyrənirdilər. Sonralar digər həmkarlarımla televiziyaya dəvət alanda radioda keçirdiyimiz illərin necə səmərə verdiyini açıq-aydın duyduq. Radionun "Xəbərlər" proqramının baş redaktoru Valid Sənani bizə xeyir-dua verərkən dedi ki, burada püxtələşməsəydiniz, mavi ekranı sizə heç cür etibar etməzdilər. Televiziyada isə Nizami Məmmədov, Rafiq Hüseynov, Ofeliya Sənani, Roza Tağıyeva, Sabir Ələsgərov, Hicran Hüseynov, Şərqiyyə Hüseynova, sonralar adı bu siyahıya yazılan Rafiq Həşimov, Nəsimi Nəbizadə, Esmira Çərkəzqızı kimi əməkdaşlar canlı efirdə necə işləmək nümunəsi göstərirdilər. Telli Pənahqızı, Akif Təvəkküloğlu, İlham Alışanlı, Bahadır Şəfi və adlarını çəkə bilmədiyim digər həmkarlarım Azərbaycan Televiziyasının inkişafında öz yaradıcı əməklərini əsirgəmirdilər. O vaxtlar hələ televiziya texnikası o qədər də inkişaf etməmişdi, suflyordan istifadə olunmurdu, amma diktorlar mətnləri elə məsuliyyətlə, ciddiliklə çatdırırdılar ki, efirdə, ekranda çox nadir hallarda çaşqınlıq baş verirdi. Səhvlər də elə ustalıqla düzəldilirdi ki, tamaşaçı, yaxud dinləyici çox vaxt bunu duymurdu. Çünki bu adamlar öz işlərini, peşələrini sevirdilər, efirə, ekrana, tamaşaçıya hörmətləri vardı. Onlar daim axtarışda idilər, oxuyurdular, öyrənirdilər, auditoriya qarşısında məsuliyyətlərini dərindən dərk edirdilər. Bu ənənə AzTV-də indi də uğurla davam etdirilir. Ölkədə ilk dəfə bu telekanalda teleaparıcılar məktəbi yaradılıb. Məşhur teleaparıcı Rafiq Hüseynli bu məktəbin rəhbəri kimi uzun illər televiziya sahəsində qazandığı təcrübəni gənclərə öyrədir, onlara telejurnalistikanın sirlərini aşıylayır. AzTV-də yenicə işə başlayanlar yaxşı bilirlər ki, müasir tamaşaçı çox həssasdır. İndi bəlağətli pafosla deyilən sözləri, primitiv fikirləri qəbul etmirlər. Yeni təfəkkür və düşüncə tərzinə, müasir texnoloji prinsiplərə, geniş erudisiyaya yiyələnmədən tamaşaçı və dinləyici ilə dialoqa girmək mümkünsüzdür. Yüksək nitq mədəniyyəti, Azərbaycan dilinin normalarının ciddi qorunması, efirdə davranış etikasına dəqiq əməl edilməsi, sadəlik və səmimilik aparıcının başlıca keyfiyyət göstəriciləridir. Bunlarsız aparıcı nə etməli, hansı ifadəni necə çatdırmalı olduğunu yaddan çıxarır, gülünc vəziyyətə düşür.

Çox təəssüf ki, son vaxtlar bəzi telekanalların hər cür avadanlıq və texnologiyalarla təchiz edilmiş studiyalarında tamaşaçı ilə ünsiyyət qurmaq şansı qazananların çoxu adicə ölkə, şəhər adlarını və soyadları belə düzgün tələffüz etmir, təmas qurmaq mədəniyyətinin tələblərini açıq-aşkar pozur, bununla da çıxılmaz vəziyyətə düşürlər. Dediklərimizə informasiya proqramlarının oxunuşunda da, əyləncə və maarifçilik proqramlarında da tez-tez təsadüf edilir. Bəzi aparıcılar isə, ümumiyyətlə, özünü necə aparmaq qaydalarından tamamilə xəbərsizdirlər. "Xəzər" televiziyasının "Sualım var" kimi uğursuz proqramının aparıcısı Səbuhinin respondentlərlə necə davrandığının, yəqin ki, çoxunuz şahidi olmusunuz. Qoca, cavan, qadın, uşaq tanımayan, ağlına və ağzına gələni rastlaşdığı insanlara tuşlayan bu "populyar" indi proqramının adını dəyişib "Səyyah" qoyub. Dəyişən isə yalnız addır. Məqsədsiz, mənasız, yersiz-yataqsız mövzular, cəfəng suallar, əlüstü seçilən obyektlər... Ümumiyyətlə, görəsən, bu oğlanı nə vaxt başa salacaqlar ki, jurnalist etikası adlı anlayış da var!

İndi televiziya verilişlərinin yayım radiusu min kilometrlərlə ölçülür. Telekanalların yaradıcılıq və texniki imkanları xeyli genişlənib. Ekrandan, efirdən yaxşı xəbərlər, sevincli məlumatlar almaq, maraqlı proqramlara baxmaq və eşitmək isə hər bir Azərbaycan vətəndaşının ürəyindən gələn arzudur.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2009.- 6 noyabr.- S. 6.