"Zəfər bayrağımız əbədidir!" kitabı hazırlanmışdır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Təkan" Tələbə Gənclərin İctimai Birliyi tərəfindən "Zəfər bayrağımız əbədidir!" adlı kitab hazırlanaraq yeniyetmə və gənclərin ixtiyarına verilmişdir.

Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, əsas məqsəd üçrəngli bayrağımız haqqında tarixi məlumatları ümumiləşdirmək, keçdiyimiz tarixi dövrü qələmə almaq və xüsusi əyani vəsait kimi oxuculara çatdırmaq, yeniyetmə və gənclərdə dövlət rəmzlərinə məhəbbət hissini aşılamaq, Azərbaycan tarixini təbliğ etməkdir.

Kitabda qədim tariximizin qısa xülasəsi, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin xəritələri, tarixi şəxslərin şəkilləri, dövlətimizin milli atributları olan bayraq və gerbin yaranma tarixi, mənaları və onlar haqqında müxtəlif fikirlər əksini tapmışdır.

Kitabın gələcəkdə orta ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində də təbliğ edilməsi nəzərdə tutulur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 6.