Sazbənd

 

Sazbənd İmaməli Budaqovun sazla dostluğu çox erkən başlayıb. Gürcüstan elindən olsa da, deyir ki, kəndimizdə aşıq az idi. Toylarımızı aşıq Abbas aparardı. Hərdən də qonşu kəndlərdən aşıqlardan Xındı Məmməd, Kamandar, Hüseyn, Əmrah gələrdilər.

İmaməlinin atası Qiyas da saz müəllimiydi. Şagirdlərə bu sənətin sirlərini öyrədirdi. Onda hələ İmaməli sazı əlinə götürməmişdi. Bir gün yenə atası uşaqlarla məşğul idi. Amma ha başa salırdısa, şagird götürə bilmirdi. İmaməli özünü saxlaya bilmədi:

- Axı orda nə var ki, sən bacarmırsan?

Atası:

- Bacarırsan, sən çal, - deyə sazı ona verdi. İmaməli çaldı. Və o gündən Qiyas Budaqov oğlunun da ilk müəllimi oldu. 5 ildən sonra İmaməli özü uşaqları öyrədirdi. Onda 13 yaşı vardı. Bir neçə ildən sonra qonşu kəndə aşıq Kamandarın yanına getdi. Bilmədiklərini öyrənmək, sənətini təkmilləşdirmək üçün.

Atası aşıq Hüseyndən dərs almışdı. İmaməli deyir ki, təzə başlayanda məndə də aşıq Hüseyndən nəsə vardı. Bir az da Ədalətdən götürdüm. Sonra da üz tutdum Kamandara. Mən ondan çox şey öyrəndim. Kamandar çox arif adamdır. İnsanı bir baxışdan anlayır.

Aşıq İmaməli Budaqov indi Bakıda yaşayır. 8-ci kilometr qəsəbəsində həmkarı Lətif Həsənovla birgə məktəb açıblar. Həm saz düzəldir, həm də uşaqlara saz çalmağı öyrədirlər. O deyir ki, saz bu xalqın tarixidir. Ulu keçmişimiz burada elə möhürlənib ki, onu heç vaxt silmək olmaz. Saza bağlandınsa, ondan qopa bilməzsən. Bu da onun bir möcüzəsidir.

Qırx şagirdi var. Aralarında sazdan xəbəri olmayan da olur, bilmədiklərini təkmilləşdirməyə gələnləri də. İl ərzində şagirdlərinə 15-16 aşıq havası öyrədir. İmaməli adi sazbənd deyil, həm də tədqiqatçıdır. Həmkarı Lətif Həsənovla birlikdə aşıq musiqisi ilə bağlı kitab da yazıblar.

 

 

S.YUSİFQIZI

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 11.