Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladzenin fəaliyyət müddəti başa çatmışdır

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 10-da nazir Elmar Məmmədyarov Gürcüstanın ölkəmizdəki səfiri Nikoloz Natbiladze ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür.

Görüşdə N.Natbiladze Azərbaycanda Gürcüstanın səfiri olmasından məmnunluğunu ifadə etmiş, fəaliyyəti müddətində ölkələr arasındakı iqtisadiyyat, təhsil, mədəniyyət, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini, bu istiqamətdə XİN ilə faydalı əməkdaşlığı vurğulamışdır.

Azərbaycandan xoş xatirələrlə ayrıldığını deyən diplomat səfirliyin fəaliyyətinə göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirmişdir.

Nazir E.Məmmədyarov səfir N.Natbiladzeyə xoş arzularını bildirmiş və gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 noyabr.- S. 3.