Birgə mətbuat konfransı

 

Noyabrın 13- Sofiyada, Prezident Administrasiyasında Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun birgə mətbuat konfransı olmuşdur.

Bolqarıstan Prezidenti Georgi Pırvanov bildirdi ki, bu gün iki ölkə arasında imzalanan sənədlər münasibətlərimizin keyfiyyətcə yeni mərhələsini təşkil edir. Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. "Eyni zamanda, iqtisadi sahədə əməkdaşlıq meyillərini görürük", - deyən Georgi Pırvanov ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Avropa Avratlantik təsisatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Bolqarıstan Prezidenti bildirdi ki, Azərbaycan bizim energetika sahəsində yaxın tərəfdaşımızdır.

Georgi Pırvanov Azərbaycanda hasil edilən qazın Bolqarıstana nəqlində maraqlı olduqlarını diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, bu gün keçirilən danışıqlarda gözəl nəticələr əldə olunub ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir. Azərbaycan dövlətinin başçısı bildirdi ki, Bolqarıstan bizim üçün önəmli tərəfdaş dost ölkədir.

Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması bütün başqa sahələrə öz müsbət təsirini göstərir. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda Bolqarıstanın çox önəmli rolu vardır.

Avratlantik strukturlara inteqrasiya prosesində Bolqarıstanın həmişə Azərbaycanı dəstəklədiyini vurğulayan dövlətimizin başçısı dedi ki, bu yaxınlarda Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının üzvü olmuşdur. Biz ümid edirik ki, bu proqram çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcəkdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əlaqələrə toxunan dövlətimizin başçısı qeyd etdi ki, son illər enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti artmışdır. Azərbaycan bu məsələlərin həllinə öz töhfəsini verir.

Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq da uğurlu olacaqdır.

Sonda dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 noyabr.- S. 3.