Bir addım irəli iki addım geri

 

Yaxınların söhbətidir. "20 Yanvar" dairəsindən "Şamaxinka" deyilən əraziyə gedən yolun kənarında xeyli adam toplaşmışdı. 2-3 nəfər möhkəm mübahisə edirdi. Yol polisi və adi vətəndaşlar idi. Qalanları isə sadəcə tamaşa edirdilər. Marağım macalımı üstələdi. Kənardakılardan mübahisənin səbəbini soruşdum. Məlum oldu ki, ər-arvad evə gedərkən maşınlarını mağazanın qabağında saxlayıb çörək almaq istəyiblər. Xanım avtomobildən düşməyib. Bu vaxt yol polisi avtomobilə yaxınlaşıb ondan sənəd tələb edib. Elə həmin an kişi mağazadan çıxıb. Yol polisi ona qaydanı ("Saxlamaq olmaz" nişanının tələblərini) pozduğunu deyərək sənədləri tələb edib. Sürücü nə qədər izah etməyə çalışsa da ki, onun mağazaya girib-çıxmağı cəmi 2-3 dəqiqə çəkib, xeyri olmayıb və mübahisə böyüyüb. Hətta o dərəcədə ki yol polisi əlavə qüvvə (?) çağırıb…

 

Yəqin Nəqliyyat Nazirliyinin müfəttişlərinin sərnişin və yük daşımaları ilə məşğul olan sürücülərlə mübahisələrinin şahidi olanlar az deyil. Bəzən bu mübahisələr əlbəyaxa savaşa çevrilir. Kütlə də hazırdır. Bir neçə saniyə bəs edir ki, "mübahisə ocağı" adamla dolsun. Ara qarışır, məzhəb itir! Hərənin ağzından bir avaz gəlir, hər kəs hadisəyə öz səviyyəsində qiymət verir.

Bizim bu cür və digər (misalları çox çəkmək olar) küçə mübahisələrinə hakimlik etmək fikrimiz yoxdur. Kimin haqlı, kimin haqsız olduğunu ayırd etmək iddiasından da uzağıq. Məqsədimiz başqadır. Məsələ bundadır ki, hər hansı mübahisəli məsələnin küçədə aydınlaşdırılması yolverilməzdir! Hətta bu mübahisənin obyekti küçədə olsa belə. Adi bir yol hərəkəti qaydasını pozan sürücü ilə yol polisi küçədə ağız-ağıza verib mübahisə edirsə və bu mübahisəni seyr etmək üçün onların başına xeyli adam toplaşırsa, kiçik bir "qığılcım" bəs edər ki, iki nəfər arasındakı söz deyişməsi ictimai asayişin kütləvi şəkildə pozulması halına çevrilsin. Bundan əlavə, unutmaq olmaz ki, əyninə bu və digər dövlət qurumunun uniformasını geyib küçəyə çıxan şəxs təkcə özünə və təmsil etdiyi quruma görə cavabdehlik daşımır. O, dövlətin müəyyən səlahiyyət çərçivəsində küçədə təmsilçisidir və bu səbəbdən ölçülüb-biçilməmiş hərəkəti ilə özünün timsalında lokal sayda olsa belə, əhalini dövlətdən narazı salır. Bu isə siyasi məsələ olduğundan səbatsızlıq kimi də qəbul edilə bilər. Bir neçə həftə əvvəl baş vermiş hadisələr bu iki amilə diqqəti artırmağın vacibliyini bir daha ortaya qoydu. Dəvəçi rayonu ərazisində Nəqliyyat Nazirliyi müfəttişləri ilə yük maşını sürücüsü və Şəmkir-Gədəbəy bölgəsində kənd camaatı ilə DYP əməkdaşları arasında olmuş insidentləri nəzərdə tuturuq. Hər iki halda kriminaldan qaçmaq olardı, əgər tərəflər qanuna əməl edib səlahiyyət və vəzifə borcları çərçivəsində hərəkət etsəydilər. Təəssüf ki, bu, baş vermədi və hər iki dövlət qurumu arzuolunmaz vəziyyətlə qarşılaşdı.

Heç kəs iddia etmir ki, bizim vətəndaşlar arasında mövcud qanun və qaydaları pozmağa meyilli olanlar yoxdur! Hələ də küçədə yol hərəkəti qaydalarını pozan kifayət qədər sürücülər, yük və sərnişin daşımaları ilə məşğul olub müxtəlif vergilərdən yayınan yetərincə avtomobil sahibləri var və onlara qarşı mübarizə aparmaq lazımdır. Amma bu mübarizə qolunu çırmalayıb yumruğu işə salmaq kimi başa düşülməməlidir. Qayda-qanuna əməl etməyə çağırışın özü qayda-qanun çərçivəsində olmalıdır. Yəni qanuna qanunu pozmaqla əməl etdirməzlər, bu, qətiyyən yolverilməzdir! Buna siyasi dildə "bir addım irəli, iki addım geri", xalq arasında isə "qaş düzəltdiyi yerdə vurub gözünü çıxarmaq" deyirlər. Özü də belə vəziyyət o halda daha çox dözülməz olur ki, bəzi qayda-qanun "keşikçi"lərinin lüzumsuz inadkarlığı heç də qayda-qanuna əməl edilməsinə xidmət etmir. Bəlkə də belə olsaydı, həmin "keşikçi"lərin təqibindən qaçanların və onlarla "çənə döyən"lərin sayı xeyli azalardı. Təəssüf ki, belə deyil və necə olduğu hamıya məlumdur. Bu isə uniformalıların təkcə bir epizodda yol verdikləri üçüncü, yumşaq desək, səhvdir. Sübut olunacağı təqdirdə hətta cinayət hesab ediləcək belə səhvlərə yol verilməməsi üçün müvafiq nazirlik və idarələr tədbirlər görməlidirlər.

Amma görürlərmi? Nəqliyyat Nazirliyi müfəttişlərinin birinin söhbətinin şəxsən şahidi olmuşam. Özündən (bəlkə də vəzifəsindən) razı bu müfəttiş şəstlə deyirdi: "Sürücülər bizə deyirlər ki, sizin avtomobillərin nömrələrini açmağa ixtiyarınız yoxdur. Onlara cavab veririk ki, bəli, yoxdur, gedin kimə istəyirsiniz şikayət edin!". Sonra da təəssüflə əlavə etdi: "Amma nə olsun, traslardakı "KamAZ"ların çoxu nömrəsizdir. Yol polisi isə bir söz demir". Müfəttişin bilməyərəkdənmi, ya qəsdənmi tanımadığı şəxslərin yanında açdığı bu "mətbəx" sirri səmimi etiraf olmaqla bir çox mətləblərdən xəbər verir. Əvvəla ondan xəbər verir ki, nəqliyyat müfəttişləri şəxsi avtomobillərindən qazanc məqsədi ilə istifadə edən sürücülərə qarşı etdikləri özbaşınalıqları özbaşına törətmirlər, buna yuxarılar icazə veriblər. İkincisi, onlar öz səlahiyyət hədlərini aşmaq, o cümlədən avtomobillərin dövlət nömrə nişanlarını açmaqla "özgə bazarı"na girirlər və DYP-nin buna əhəmiyyət verməyərək göz yumması nəqliyyat müfəttişlərinə cavabdır. Üçüncüsü, nəqliyyat müfəttişlərinin qarşı tərəfə "kimə istəyirsiniz şikayət edin" mesajı qəsdən sosial narazılıq yaradılmasına xidmət etdiyindən xəbər verir ki, bu da onların günahının ən böyüyüdür.

Təəssüf ki, yaradılmaması mümkün olan sosial narazılıqları yaradan təkcə nəqliyyat müfəttişləri və yol polisləri deyil. Kommunal xidmət təşkilatları, vergi, gömrük və yerli icra orqanları, çoxsaylı nəzarət departamentləri və xidmətləri, hətta bütün hüquqların təminatçısı məhkəmələr də bəzən sosial narazılığın ünvanına çevrilirlər. Halbuki dövlət bu qurumların hər birinin üzərinə öz səlahiyyətləri daxilində xalqa xidmət etmək vəzifəsi qoyub. Bu vəzifəni necə yerinə yetirmək nümunəsi isə var! Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, Prezident İlham Əliyevsə son 6 ildə xalqa xidmətin nümunəsini yaradıblar. Hətta Heydər Əliyev bir-birinə tam zidd olan iki müxtəlif ictimai formasiyada xalq üçün gərəkli işlər görməyin mümkünlüyünü sübut edib! Bütün təsərrüfat məsələlərinin "Qosplan"da həll olunduğu keçmiş SSRİ zamanı respublikanın müstəqil enerji sistemini yaradan Heydər Əliyev bunu Azərbaycanın və xalqın gələcəyi üçün etdiyini bilirdi. Yadınızdadırmı, ötən əsrin 90-cı illərinin ikinci yarısında ulu öndər bölgələrə növbəti səfərlərinin birində ona işıq pulunu ödəyə bilməyən əhalinin xahişinə cavab olaraq enerji təsərrüfatı rəhbərlərinə nə göstəriş verdi? "Əhalini sıxmayın, nə qədər imkanları var, o qədər ödəsinlər. Biz hələ SSRİ dövründə müstəqil enerji sistemini bu adamlar üçün yaratmışıq". Əhalinin sosial xahişinə bundan səmimi münasibət olarmı? Bəs, indi bəzi enerji, qaz, su satışı müəssisələri nə edir? Hətta iş o yerə çatıb ki, əhalidən istifadə etmədikləri bu xidmətlərin pulunu tələb edirlər! Kimi müxtəlif ünvanlara ayaq döyməyin nəticəsiz qalacağını güman edib həmin pulu ödəyir, buna imkanı olmayanlar, yaxud ədalət axtaranlarsa qapılarda qalır. Hər iki halda əhali narazı düşür. Özü də təkcə kommunal xidmət təşkilatlarından yox! Bunu dərk etmək üçün elə böyük siyasi savad tələb olunmur, sadəcə dövlətə canıyananlıq lazımdır!

Hər addımbaşı qarşılaşdığımız digər misal. Məlumdur ki, 2002-ci ilin aprel-may aylarından Heydər Əliyevin şəxsi təşəbbüsü və dəstəyi ilə ölkədə sahibkarlığın inkişafına xüsusi diqqət verilməyə başlandı. O vaxt yerli və Azərbaycanda fəaliyyət göstərən xarici iş adamları ilə keçirilən görüşlərdən sonra dövlət başçısı bir sıra vacib sərəncamlar imzaladı, qəti göstərişlər verdi. Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin ləğvi, özəl müəssisələrdə lüzumsuz yoxlamaların qarşısının alınması, özəlləşmə zamanı işgüzar adamlara daha çox üstünlüyün verilməsi, eləcə də onlara güzəştlərin edilməsi və s. tədbirlər birbaşa sahibkarlığın inkişafına stimul yaradan addımlar idi. Hazırda bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilməsi üçün İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır, ölkədə özəl sektorun fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilir və yeni qanunlar qəbul olunur, iri maliyyə tutumlu layihələrin icrası yerli özəl şirkətlərə həvalə edilir, regional inkişaf dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə sahibkarlığın inkişafı üçün münbit şərait yaradılır və digər konkret tədbirlər həyata keçirilir. Nəticədə bu gün ölkə üzrə ümumi daxili məhsul istehsalında qeyri-dövlət bölməsinin payı 80 faizdən çoxdur, bu sektorda işləyənlərin orta aylıq əməkhaqqı (cari ilin 9 ayının statistikasına görə 536,7 manat) isə dövlət müəssisələrində çalışanlarındakından 1,4 dəfə yüksəkdir. İndi ölkə üzrə real sektorda aqrar, qeyri-neft məhsullarının emalı, ticarət, mənzil tikintisi, toxuculuq malları istehsalı və s. sahələr demək olar bütünlükdə özəl bölməyə aiddir. Nəqliyyat, sənaye tikintisi, rabitə kimi mühüm sahələrdə də özəl sektorun xüsusi çəkisi dövlət bölməsindən artıqdır. Çox yox, cəmi bir neçə il qabaq Azərbaycanda həm mənzil, həm də sosial və sənaye obyektlərini əsasən xarici şirkətlərin inşa etdiyini yəqin heç kim unutmayıb. İndi bizim tikinti şirkətlərimiz yerli bazardan nəinki onları çıxarıb, hətta Avropa və MDB ölkələrində iri layihələr həyata keçirməyə başlayıblar. Özü də xarici bazarlara çıxan təkcə tikinti şirkətlərimiz deyil. Azərbaycanın özəl müəssisələrində istehsal edilən ərzaq, az qiymətli metaldan hazırlanan məmulatlar, nəqliyyat vasitələri, toxuculuq materialları, məişət elektrotexnikası xarici bazarlarda alıcı sarıdan korluq çəkmir. Bütün bunlar ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, əhalidə razılıq və məmnunluq hissi oyadır.

Lakin hər hansı kiçik çinli məmurun düşünülməmiş atdığı səhv bir addım bu hisslərə kölgə salır. Biz bilirik ki, sahibkarların heç də hamısının, necə deyərlər, "ətəyində namaz qılınası" deyil. Onların arasında yaradılmış münbit şəraitdən sui-istifadəyə meyilli olanlar, qanunlarla müəyyən edilən vergi və müxtəlif ödəmələrdən yayınanlar, daha çox qazanmaq üçün ən müxtəlif əyri yollara əl atanlar təəssüf doğursa da var və belə halların qarşısını almaq əlaqədar dövlət qurumlarının birbaşa vəzifəsidir. Amma iş burasındadır ki, bu zaman da həmin vəzifəni icra edən qurumların bəzi əməkdaşlarının özləri qanunsuzluqlar törədirlər. Nəqliyyat müfəttişləri və yol polisləri kimi. Sadəcə, məkan küçə yox, kabinetlərdir. Qanunsuz vasitənin heç vəchlə qanuni nəticəyə bəraət vermədiyi kimi, məkanın dəyişməsi də mahiyyəti dəyişmir. Dəyişən varsa, o da bu zaman yaranan mübahisənin predmetidir. Qalan nə var eynidir, səbəb də, nəticə də! Səbəb sahibkarlıq subyektinin qanunu pozması, nəticə isə onun bu əməlinin adlarını çəkdiyimiz çoxsaylı qurumların nümayəndələri tərəfindən qanunsuz yolla cəzalandırılmasıdır! Əvəzində nə alınır? Qayda-qanun bərpa olunurmu, sahibkar köhnə əməlindən əl çəkirmi? Təbii ki, yox! Cəhənnəmə gedən özünə yoldaş axtaran kimi, qanunu pozan sahibkar da onları özünə sözün hər iki mənasında şərik edir.

Düzdür, bəzən bu ortaqlıq təşəbbüsü nəzarətçilər tərəfindən gəlir, amma nə fərqi? Hər iki halda ortada "koalisiya" yaranır və bu o vaxta qədər davam edir ki, sahibkar gözünü açıb görür "bir həsirdir, bir Məmmədnəsir". Başlayır narazılıq, dedi-qodu, yazı-pozu, bəzən yerli, bəzən açıq dinc savaş. Biri hüquqlarının pozulduğunu, digəri qanunlar çərçivəsində hərəkət etdiyini iddia edir, başqa sözlə, hərə özünü haqlı sayır. Bu qarşıdurmada əsas zərbə isə ölkədə sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühitin imicinə dəyir! O imic ki, qeyd etdiyimiz kimi, son 7 ildə gərgin səy, əmək və hətta risk hesabına formalaşıb. Ona kölgə salınmasına imkan verməyə (hələ kölgə salmağı demirik) heç kimin ixtiyarı yoxdur! Xüsusən, bu sahə ilə birbaşa təmasa girən və onun fəaliyyətini tənzimləməli olan bəzi qurum nümayəndələrinin. Heç kim onlara səlahiyyət verməyib ki, ölkədə istehsal və ticarət sahələrində süni inhisarçılıq yaratsınlar, sahibkarları sübutu mürəkkəb olan məlum əməllərlə qanunları pozmağa təhrik etsinlər, sonra bundan istifadə edib müəyyən şərtlər irəli sürsünlər və ona əməl etməyənləri sıxışdırıb cəzalandırsınlar və s. Özü də bu cür hallar təkcə hələ təzə-təzə formalaşan və bu səbəbdən bir o qədər təcrübəsi, səriştəsi olmayan sahibkarlar təbəqəsini incik salmır, həm də ölkədə süni bahalıq yaradır, inflyasiyanı proqnozlaşdırılmayan həddə çatdırır. Çünki istehsal və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar üzərlərinə yüklənən əlavə xərcləri istər-istəməz istehlakçıların ciblərindən çıxarırlar. Bu isə yolverilməzdir!

 

 

R.MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 14 noyabr.- S. 5.