Azərbaycan-Sloveniya münasibətlərində yeni mərhələ

 

Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanaraq inkişaf etdirməkdədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət strategiyası respublikamızın müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə beynəlxalq əlaqələrində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Bu siyasi kursun son 6 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin beynəlxalq miqyasda mövqelərinin daha da güclənməsinə gətirib çıxarmışdır.

Azərbaycan beynəlxalq əməkdaşlıq üçün çox mühüm əhəmiyyətə malik dövlət kimi qəbul olunur. Xüsusən də, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində ölkəmizin müstəsna rol oynaması, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfə yüksək qiymətləndirilməkdədir. Respublikamızın zəngin təbii ehtiyatları ölkənin çiçəklənməsi və vətəndaşlarının rifahının təmin olunması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycan Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası bu əməkdaşlığın bariz nümunəsidir.

Cənubi Qafqazın aparıcı dövlətinə çevrilən Azərbaycan regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakını təmin etməklə yeni əməkdaşlıq üçün imkanlar açmışdır. Azərbaycanla bütün sahələrdə əlaqələrin genişləndirilməsinə maraq göstərən dövlətlərin sayının ildən-ilə artması bunu bir daha təsdiqləyir. Son illər Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verən ölkələrdən biri də Sloveniya Respublikasıdır.

Balkan yarımadasının şimal-qərbində yerləşən Sloveniyanın Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. İki dövlət arasında əlaqələrin yeni mərhələdə inkişafı bütövlükdə qlobal və regional təhlükəsizliyə və sabitliyə töhfə verməklə, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcəkdir.

Sloveniya Respublikasının Prezidenti Danilo Türkün bu günlərdə Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Dövlət başçıları arasında keçirilən görüş zamanı ölkələrimiz arasında turizm, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, sənaye, energetika və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın perspektiv imkanları geniş müzakirə olundu. Sloveniyanın dövlət başçısının ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Sloveniya biznes forumunun keçirilməsi də əlamətdar hadisə kimi yadda qaldı. Biznes forumda Sloveniya tərəfindən 70, Azərbaycan tərəfdən isə 90-dək iş adamı iştirak edirdi. Forum çərçivəsində hər iki ölkəni təmsil edən iş adamları arasında səmərəli görüşlər keçirildi və işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə edildi. Forumda Sloveniya ilə əlaqələrin genişləndirilməsində böyük potensialın olduğu, eyni zamanda, Azərbaycanda əlverişli investisiya mühitinin olması sloveniyalı sahibkarların diqqətinə çatdırıldı.

Slovenyia Prezidentinin Azərbaycana səfəri zamanı iki ölkə başçısının iştirakı ilə sənədlərin imzalanma mərasimi keçirildi. "Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat"ın imzalanması ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, "Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) və Sloveniya Respublikasının Minatəmizləmə və Minalardan Zərər Çəkmiş İnsanlara Yardım üzrə Beynəlxalq Etimad Fondu arasında Əməkdaşlıq Memorandumu"nun, "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun, "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlq haqqında Memorandumu"nun, eləcə də "Azərbaycan Respublikası hökuməti və Sloveniya Respublikası hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında Saziş"in imzalanması qarşıda geniş imkanlar açır.

Prezident İlham Əliyev Sloveniya Prezidenti ilə görüşündə bildirmişdir: "Bu gün Sloveniya ilə Azərbaycan arasında münasibətlərin yeni səhifəsi açılır. Sizin Azərbaycana ilk səfəriniz ikitərəfli münasibətlərimizdə mühüm hadisədir. Mən bu səfəri yüksək qiymətləndirir və onun ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələsinə zəmin yaradacağına inanıram. Şübhə etmirəm ki, keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi, habelə imzalanmış sənədlər qarşılıqlı fəaliyyət üçün yeni sahələr müəyyən edəcək, əlaqələrimizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Sloveniya ilə Azərbaycanın müstəqillik tarixi də oxşardır. Uzun müddət başqa dövlətlərin tərkibində olmuş və dövlət müstəqilliyini təxminən eyni vaxtda qazanmış ölkələrimiz son illərdə böyük sınaqlardan uğurla çıxmışlar. Əlamətdar haldır ki, artıq münasibətlərimiz möhkəmlənir və genişlənir. Ölkələrimiz arasında ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları, sərmayə qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlıq imkanları vardır. Düşünürəm ki, biz birgə səylərimizlə bu imkanları reallaşdıra bilərik".

Azərbaycan Sloveniya ilə beynəlxalq və regional təşkilatlar, eləcə də Avropa İttifaqı, ATƏT və NATO çərçivəsində sıx əməkdaşlığa da xüsusi əhəmiyyət verir. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsü əməkdaşlığımız üçün yeni imkanlar açır. Sloveniya dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tutduğu ədalətli mövqeyi dəstəkləyir və problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır.

Prezident Danilo Türk Azərbaycana rəsmi səfəri zamanı ölkəsinin bu münaqişə ilə bağlı tutduğu prinsipial mövqeyi bir daha nümayiş etdirdi: "Dağlıq Qarabağ demək olar ki, ən uzun çəkən münaqişələrdən biridir və bu illər ərzində həllolunma sahəsində istənilən irəliləyişi görmədik. Münaqişənin həlli prinsipləri artıq keçmişdə müəyyən olunub və onlar çox aydındır. Bu prinsiplər ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişənin sülh yolu ilə həllolunma prinsipləridir. Mən Bakıda bu tribunadan çxış edərək demək istəyirəm ki, Dağlq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən edilmiş prinsiplər əsasında problemin yekun və birmənalı həlli məqsədilə ATƏT-in Minsk qrupu və digər iştirakçıların daha güclü səylər göstərməsinə dəstək veririk".

Azərbaycanın regionda lider dövlət statusunu qoruyub saxlaması, dünyadakı mövqelərinin getdikcə möhkəmlənməsi qarşılaşdığımız bütün problemlərin milli maraqlarımıza uyğun həll edilməsinə imkan yaradıb. Münaqişə ilə bağlı ölkəmizin haqlı mövqeyinin dost ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi Azərbaycan rəhbərliyinin yürütdüyü xarici siyasətin düzgünlüyünü bir daha təsdiqləyir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.-  15 noyabr.- S. 6.