Hamını bəzər, özü lüt gəzər

 

Bakı Dövlət Universitetinin 90 illiyi ilə əlaqədar təşkil olunmuş yubiley tədbirinə qatılan Prezident İlham Əliyev çıxışında Azərbaycanın iqtisadi sahədə keçid dövrünü başa vurduğunu bəyan etdi. Təxminən 14-15 il davam edən bu dövrün nəticələrindən biri, bəlkə də ən əsası ölkənin enerji təhlükəsizliyinin təmin olunmasıdır.

...1994-cü ilin söhbətidir. Nazirlər Kabinetindən regionlara təbii qaz verilişinin məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq məktubu göndərilirdi. Məktubun məzmunu ondan ibarət idi ki, obyektiv səbəblər üzündən, daha dəqiq desək, keçmiş SSRİ-nin vahid qaz təsərrüfatı sistemi dağıdıldığından rayonların təbii qazla təchizatında məhdudiyyətlər tətbiq ediləcək. Belə də oldu. Hətta sonralar bu məhdudiyyətlər qazın tamam kəsilməsinə çevrildi. Getdikcə mavi yanacağın yoxluğuna alışan əhali baltalarını itiləyib düşdü meşələrin, o olmayanda isə həyət-bacalarındakı ağacların üstünə. Çünki həmin dövr rayonlara heç əməlli-başlı elektrik enerjisi də verilmirdi. Veriləndə də elə qrafik tətbiq edilirdi ki, olmasaydı, ondan yaxşı idi. Üstəlik, gərginlik aşağı olduğundan - lampalar yalnız közərirdi, məişət texnikasını isə işlətmək mümkün deyildi. Elə paytaxtda da vəziyyət ürək açmırdı. Şəhərin bir çox qəsəbə və kəndlərinin qaz təchizatı ya tamamilə dayandırılmış, ya da təzyiq aşağı düşdüyündən ondan istifadə etmək mümkünsüz idi. Bakının istilik sistemindənsə danışmağa dəyməzdi. Bunun nə vaxtsa bərpasına inanmayan əhali hətta mənzillərində boruları və batareyaları söküb atırdılar.

Bütün bunlar çox uzaq tarixi olmayan keçmişin reallıqlarıdır. Və bu reallıqların yaranma səbəbləri təbii idi. Nəhəng və vahid təsərrüfat sisteminə malik ölkə dağılmışdı. Bütün respublikalar kimi, Azərbaycan da müstəqil enerji təsərrüfatını qurmağa macal tapmamışdı. Bir tərəfdən də Qarabağ savaşı, ictimai-siyasi gərginlik və iqtisadi tənəzzül. Bunların hər üçü təcili həllini gözləyən məsələlər idi və ulu öndər Heydər Əliyev çox qısa müddətdə bu qlobal işlərin öhdəsindən məharətlə gəldi. Biz əgər indi Azərbaycan iqtisadiyyatında keçid dövrünün artıq arxada qaldığını, o cümlədən ölkənin enerji təhlükəsizliyinin təmin olunduğunu bəyan ediriksə, bu, məhz həmin işlərin nəticəsidir. Bu gün artıq nəinki şəhər və rayon mərkəzlərimiz təbii qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunur, hətta kəndlərə mavi yanacaq göndərilir, onların enerji təsərrüfatları yenidən qurulur. Biz hələ Azərbaycanın regionun və Avropanın enerji təminatçılarından birinə çevrildiyini demirik. İndi bölgədə heç bir qlobal enerji layihəsi Azərbaycanın iştirakı olmadan həyata keçirilmir. Ölkəmiz layihələrə qoşulmaqla öz karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarır. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə reallaşan bu işlər iqtisadiyyatımızın inkişafını sürətləndirməklə yanaşı, ölkəmizə başucalığı, xalqımıza qürur hissi yaşadır.

Bax, belə bir zamanda ölkənin daxili təbii qaz təsərrüfatı sistemində yaşanan bəzi problemləri başa düşmək nədənsə çətindir. Biz havalar soyuyan kimi istər rayonlarda olsun, istərsə də paytaxtın bir çox ərazilərində qazın təzyiqinin aşağı düşməsini, kəndlərə mavi yanacaq aparacaq boruların çəkilişinin xərcini (bu, elə də az məbləğ deyil) imkansız bələdiyyələrin, yaxud əhalinin boynuna qoyulduğunu və digər cari problemləri demirik. Bunlar, istək olarsa, həll ediləsidir. Həlli düyünə düşmüş problemsə başqadır. Bu, son illər Bakıda tikilib istifadəyə verilmiş çoxmərtəbəli binaların qaz, daha doğrusu, qazsızlıq problemidir. Artıq neçə ildir ki, bu problem haqqında yazılmasına, deyilməsinə və göstərilməsinə baxmayaraq, onu həll etmək istəyən tapılmır. Sanki ölkəmizə gəlib-gedən qonaqlara inkişafımızın əyani sübutu kimi şəstlə göstərdiyimiz, statistikaya fəxrlə saldığımız bu binalar bir ilğım, orada yaşayanlarsa Azərbaycana dəxli olmayan hansısa canlılardır. Yoxsa, ilin-günün bu vaxtında, hər il milyonlarla kubmetr qaz hasil edən dövlətin paytaxtında qazsızlıq problemini başqa hara yozasan. Bilirik ki, burada dövlətlik bir iş yoxdur. Bunun üçün hökumət və onun müvafiq qurumları var. Məhz onlar məsələnin həlli yollarını araşdırmalı və tədbirlər görməlidirlər. Amma gəlin görək onlar bunu necə edirlər və ümumiyyətlə, edirlərmi?

Problemlə bağlı ilk müraciət etdiyimiz "Azəriqaz" İstehsalat Birliyi oldu. Yeri gəlmişkən, bu qurum Dövlət Neft Şirkətinin tabeliynə veriləndən sonra çoxları sevindi ki, nəhayət, köhnə problemə yeni yanaşma olacaq və problem həll ediləcək. Təəssüf ki, hələlik sevinməyə əsas yoxdur! Birliyin mətbuat xidmətinin verdiyi şifahi arayışdan məlum oldu ki, "Azəriqaz" paytaxtda yüzlərlə yeni hündürmərtəbəli yaşayış binalarının qazlaşdırılmamasının səbəbini əvvəlki tək kənarda görür. Arqument də köhnədir - binalar dövlət komissiyası tərəfindən qəbul edilməyib və onların smart kartla işləyən sayğacları yoxdur. "Əks halda, həmin binalara qaz verilməyəcək" - bu, "Azəriqaz"ın birmənalı və qəti mövqeyidir.

Nə demək olar, qanun qanundur. Bəs, onda müvafiq dövlət komissiyası bu barədə nə fikirləşir? Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən komissiyasından bildirdilər ki, müraciət edən tikinti şirkətlərinin sənədləri və binaların keyfiyyəti yoxlanıldıqdan sonra onlara müvafiq akt verilir. "Əgər sənədlər qaydasındadırsa, binanın keyfiyyəti tələblərə cavab verirsə, problem yoxdur" - bu da dövlət komissiyasının mövqeyi.

Daha nə problem var, tikinti şirkətləri məsələnin həllini niyə yubadırlar? Bax burada, necə deyərlər, "Qəribi ağlamaq tutur". Elə "ağlamaq" ki, hamı onun səbəbini bilsə də, çarəsini qıla bilmir! İndi necə olsun, bu çarə qılınanacan minlərlə sakin qışda soyuqdan əsməlidirmi, ilboyu kürəyində propan qaz balonu daşımalıdırmı, yaxud ailə büdcəsinin yarıdan çoxunu elektrik enerjisinə verməlidirmi?

Deyirlər, həlli mümkün olmayan problem yoxdur, onu həll etmək istəməyənlər var! Sözügedən məsələdə də belədir! Necə olur ki, "Azəriqaz" İB heç bir icazəsi, sənədi olmayan, hətta bəzi hallarda neft buruqlarının arasında, yüksək gərginlikli enerji ötürücü xətlərinin altında və boru kəmərlərinin üstündə tikilən evlərə, salınan məhəllələrə qaz verir, Bakının mərkəzində və digər yaşayış massivlərində inşa olunmuş, neçə illərdir məskunlaşmış yeni binalara gəldikdə isə yadına dövlət aktı, smart kart sayğacı düşür? Yaxşı, bu bir parça kağız vacibdirsə (baxmayaraq ki, vətəndaşların qanuni haqqı, rahatlığı ondan daha vacibdir), onda həmin binaların elektrik enerjisi, su, kanalizasiya ilə təchizatına nə deyirsiniz? Belə çıxır ki, onlar bu xidmətdən qanunsuz istifadə edirlər? Sözsüz ki, yox! Əks halda, indiyəcən onlar çoxdan cəzalandırılmışdı. Sadəcə, bu xidmətləri göstərən qurumlar vəzifələrinin nədən ibarət olduğunu daha yaxşı bilirlər. Belə olmasaydı, onlar da hansısa sənədi, lap elə dövlət aktını bəhanə gətirib yeni binalara xidmət etməkdən boyun qaçırardı. Deməli, problemi həll etməyi istəmək lazımdır ki, bu da "Azəriqaz"da hələlik hiss olunmur.

Bu istəyin hiss edilmədiyi qurumlardan biri də problemin əsas düyün nöqtəsi olan Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki dövlət komissiyasıdır. Biz bilmirik, komissiyanın adı gələndə tikinti şirkəti sahiblərinin halı niyə dəyişir. Bunun səbəbinin komissiyanın ağır "şərt"ləri və ya şirkətlərin tikdikləri binaların yoxlamadan keçə bilməyəcəyi qorxusu olmasından da xəbərimiz yoxdur. Bütün hallarda ortada bu istək görünmür. Görünsəydi, tərəflərin hər üçü (tikinti şirkətləri, dövlət komissiyası və "Azəriqaz" İB) problemə korporativ maraqlarından deyil, bu gün ölkədə həyata keçirilən sosial siyasət baxımından yanaşardılar. Nə qədər ki, bu yanaşma yoxdur, problemin həllinin ən müxtəlif bəhanələrlə uzadılacağı ehtimalı çoxdur. Belə halda isə məsələyə hökumət səviyyəsində müdaxilə olunmalıdır. Yoxsa, enerji təhlükəsizliyinin təmin edildiyi, Azərbaycan qazının nəinki ölkəmizin, hətta qonşu Gürcüstanın ucqar kəndlərinə gedib çatdığı indiki zamanda Bakıda minlərlə sakinin mavi yanacaqsız qalmasını başa düşmək və izah etmək müşkül olaraq qalacaq.

 

 

R.MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 18 noyabr.- S. 5.