Dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi YUNESKO-da qeyd olundu

 

YUNESKO-nun "Segük" sərgi salonunda dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş sərgi bütün toplaşanlar tərəfindən 17 noyabr YUNESKO-da "Azərbaycan günü" çərcivəsində baş verən hadisələrin məntiqi sonluğu kimi dəyərləndirildi.

Sərginin açılışında Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünya boyakarlıq sənətində Səttar Bəhlulzadənin xüsusi yeri olduğunu, ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzmiş rəssamın təbiət mənzərələrini ölməz əsərlərində əks etdirdiyini, yaratdığı tablolarda tamaşaçıya Vətənə məhəbbət hissi aşıladığını, sadə həyat tərzi keçirmiş bu insanın dünya şöhrətli əsərlər yaratdığını, ulu öndərimiz Heydər Əliyevin Səttar Bəhlulzadə yaradıcılığına xüsusi önəm verdiyini bildirdilər. Səttar Bəhlulzadənin əsərlərilə özünə ölməzlik abidəsi ucaltdığını qeyd edən Elçin Əfəndiyev və Əbülfəs Qarayev bir çox ölkələrdə dahi rəssamın sərgisinin keçirildiyini, onun bir çox tablolarının dünya muzeylərini bəzədiyini, rəssamın xalq tərəfindən hədsiz sevildiyini bildirdilər.

Baş direktorun mədəniyyət məsələləri üzrə köməkçisi Fransuaz Riviyer YUNESKO ilə Azərbaycan arasında sıx əməkdaşlıq yarandığını, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz səyləri nəticəsində bu əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğuladı, qurumda Azərbaycanla bağlı müxtəlif tədbirlərin keçirildiyini xatırlatdı. F.Riviyer Azərbaycanın istedadlar ölkəsi olduğunu, Səttar Bəhlulzadənin 100 illiyi münasibətilə onun əsərlərindən ibarət təşkil edilmiş sərginin bunu bir daha təsdiq etdiyini diqqətə çatdırdı. O dedi ki, bu əsərləri görəndən sonra heç vəchlə Azərbaycanı görmək arzusundan vaz keçməyəcək. Dünyanın müxtəlif ölkələrindən gəlmiş tədbir iştirakçıları arasında alimlər, diaspor nümayəndələri ilə yanaşı Azərbaycanın böyük dostu, görkəmli yazıçı Oljas Süleymenov da vardı.

Tamaşaçılar Səttar Bəhlulzadənin bir neçə orijinal əsəri və 80-ə yaxın fotoreproduksiyasıını böyük maraqla seyr edir və valeh olurdu. Ekspozisiyada sərgilənən əsərlərin kiçik formatda hazırlanmış fotoreproduksuyaları qonaqlara hədiyyə olundu. Böyük Səttarın ölməz əsərləri musiqiçilərimizin ifa etdiyi ecazkar Azərbaycan musiqisi fonunda daha da cazibədar görünür, böyük xalqın qədim və həmişəyaşar mədəniyyətini anladırdı. Sərgidə YUNESKO-nun rəsmiləri, Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev, müxtəlif ölkələrin səfirləri, akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Fransa ictimaiyyətinin nümayəndələri, diasporumuzun təmsilçiləri, azərbaycanlı tələbələr də iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 noyabr.- S. 7.