Prezident İlham Əliyev Volqa çayı üzərində yeni körpü-keçidin təntənəli açılış mərasimində iştirak etmişdir

 

Noyabrın 24-də Ulyanovskda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev Volqa çayı üzərində körpü-keçidin birinci hissəsinin - ikiyaruslu yeni körpünün təntənəli açılış mərasimində iştirak etmişlər.

Körpü "2002-2010-cu illər üçün Rusiyanın nəqliyyat sisteminin modernləşdirilməsi" məqsədli federal proqramına daxil edilmişdir və Rusiyanın Avropa hissəsini Ural, Sibir və Uzaq Şərqlə birləşdirən nəqliyyat dəhlizinin mühüm qovşağıdır. Tikintisi keçən əsrin 80-ci illərindən aparılan bu körpünün inşası barədə qərar o vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyevin bilavasitə iştirakı ilə qəbul edilmişdir.

Mərasimə toplaşanlar dövlət başçılarını hərarətlə qarşıladılar.

Prezidentlər mərasimdə çıxış etdilər.

Rusiya Prezidenti Dmitri MEDVEDEV çıxış edərək dedi:

- Hörmətli İlham Heydər oğlu!

Hörmətli dostlar!

Bu gün əlbəttə, çox xoş gündür. Biz bu günü çoxdan gözləyirdik. Tikinti işləri çox çəkmişdir. Bütün bunlar hələ 1980-ci illərin əvvəlində başlanmışdı. Bu barədə qərar qəbul edilməsi o vaxt hökumətin - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Heydər Əlirza oğlu Əliyev ilə bilavasitə bağlı idi. Əslində bu tikinti iyirmi il ərzində müxtəlif dərəcədə uğurla davam etmişdir. Lakin əsas məsələ odur ki, son vaxtlar biz bunun üçün vəsait tapmağa, qüvvələrimizi cəmləşdirməyə nail olmuşuq və bu gün burada iştirak edənlərin hamısı olduqca xoş bir hadisənin - yeni körpünün istifadəyə verilməsinin şahidləridir.

Əslində bu körpü bizim ucsuz-bucaqsız ölkəmizin hissələrini - bir tərəfdən Avropanı, digər tərəfdən Uralı və Sibiri birləşdirir. Bu, həm tikintisinə görə, həm də ölçülərinə görə misilsiz körpüdür. Onun yalnız körpü hissəsinin uzunluğu 5,8 kilometrdir. İndicə biz İlham Heydər oğlu ilə bu körpüdən keçdik. Biz maşınla gedirik, gedirik, söhbət edirik, körpü isə elə hey uzanır. Bu, sadəcə olaraq fantastikadır. Əlbəttə, bu, həm də bizim ölkədə həll etdiyimiz texnoloji məsələlərin miqyasını göstərir. Biz bəzən çətinliklərlə üzləşsək də, həmin məsələləri həll edirik və nəticə etibarilə çox yaxşı nailiyyətlər qazanırıq.

Mən ölkəmiz üçün çox gərəkli olan bu nadir və mürəkkəb obyektin inşasında iştirak edənlərin hamısına səmimi təşəkkürümü bildirmək istərdim. Mən burada iştirak edən, bu obyektin yaradılmasının başa çatmasına və istifadəyə verilməsinə qüvvə sərf etmiş, can qoymuş inşaatçılara təşəkkür etmək istərdim. Müvafiq qərarlar qəbul edilməsində iştirak edənlərin hamısına, burada iştirak edən veteranlarımıza təşəkkür etmək istərdim.

Mən bu körpünün yaradılmasında aidiyyəti olanların hamısını, o cümlədən Heydər Əliyevi də xatırlamaq istərdim. Mən çox məmnunam ki, İlham Heydər oğlu burada iştirak edir. Bu, bizi çox sevindirir, xüsusən ona görə ki, həmin işlər barədə və ümumiyyətlə, Heydər Əliyevin iştirakı barədə xatirə burada ehtiramla qorunub saxlanılır. Ulyanovsk şəhərində Heydər Əliyevin adını daşıyan meydan vardır. Bu gün biz həmin meydana gedəcək, Heydər Əliyevin abidəsini ziyarət edəcəyik.

Ümumiyyətlə, bu gün bu vacib obyektin yaradılmasında iştirak etmiş çoxlu sayda insanları xatırlamaq üçün bir səbəbdir. Mən burada iştirak edənlərin hamısına, bu körpünü yaradanların hamısına səmimi təşəkkür edirəm. İnanıram ki, bu körpünün taleyi uğurlu olacaqdır. Çox sağ olun.

Azərbaycan Prezidenti İlham ƏLİYEV minnətdarlıq edərək dedi:

- Hörmətli Dmitri Anatolyeviç!

Əziz dostlar!

Mən ilk növbədə, Dmitri Anatolyeviç, Sizə təşəkkür etmək istərdim ki, məni Ulyanovska gəlməyə və bu möhtəşəm körpünün açılışında iştirak etməyə dəvət etmisiniz. Bu, həqiqətən möhtəşəm memarlıq və nəqliyyat qurğusudur. Yəqin ki, Avropa qitəsində onun analoqu yoxdur. Mənim Azərbaycan Prezidenti kimi, 1984-cü ildə bu körpünün tikilməsi haqqında qərar qəbul edilməsində iştirak etmiş Heydər Əliyevin oğlu kimi burada olmağım da mənə çox xoşdur.

Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev dəfələrlə Ulyanovska gəlmiş, həm xoş günlərdə, həm də Ulyanovsk üçün faciəli günlərdə xalq ilə birlikdə olmuş, Volqada dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması üzrə komissiyaya başçılıq etmişdir. Mənə çox xoşdur ki, Ulyanovskda həmin işlər barədə xatirəni, Azərbaycan Prezidenti haqqında xatirəni yaşadırlar. Bu, bizim üçün çox dəyərlidir. Bu, bütün həyatı boyu öz vətəninin rifahına xidmət etmiş insana münasibətin göstəricisidir. Heydər Əliyev Moskvada işləyəndə də, Azərbaycan Prezidenti olanda da çalışırdı ki, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız arasında həmişə qarşılıqlı anlaşma, dostluq, qarşılıqlı dəstək və əməkdaşlıq olsun.

Bu gün onu qeyd etmək mənə xoşdur ki, bu işlər həqiqətən belədir. Ölkələrimiz arasında qarşılıqlı əlaqələr uğurla inkişaf edir, bizim aramızda çox sıx münasibətlər yaranmışdır, prezidentlər səviyyəsində tez-tez əlaqə saxlayırıq. Biz bu münasibətləri strateji tərəfdaşların, mehriban qonşuların, dostların münasibətləri kimi səciyyələndiririk. Bugünkü görüş və Ulyanovska dəvət də bunu təsdiq edir.

Bir müddət bundan əvvəl Dmitri Anatolyeviç mənə zəng vuranda onun məni bu tədbirə dəvət edəcəyini güman etmirdim. Bu, olduqca dəyərli dəvətdir, mən çox mütəəssir oldum. Bu, məhz xalqlarımız arasında, ölkələrimiz arasında münasibətlərin ruhuna uyğundur.

Sizə onu da demək istəyirəm ki, sözün hərfi mənasında dünən Bakıda "Rus kitabı evi" açılmışdır. Tədbir çox təntənəli şəraitdə keçdi. Bakıda, həmçinin Vneştorqbankın filialı açılmışdır. Beləliklə, dünən bizim ölkələrin iqtisadi və mənəvi həyatında iki mühüm hadisə baş vermişdir.

Bu gün burada, bu körpü üzərində bu hadisəni bayram edirik. Biz Heydər Əlirza oğlu Əliyevin adını daşıyan meydana gedəcəyik. Başqa sözlə desək, bütün bunlar ölkələrimiz arasında münasibətlərin səviyyəsindən xəbər verir. Bu münasibətlər bizim üçün çox dəyərli və çox əhəmiyyətlidir. Mən əminəm ki, biz gələcəkdə də irəliyə doğru hərəkət edəcəyik.

Mən bu möhtəşəm hadisə münasibətilə Ulyanovsk şəhərinin bütün sakinlərini, bütün rusiyalıları təbrik edirəm. Sizin hamınıza sülh və firavanlıq arzu edirəm!

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 noyabr.- S. 1.