Azərbaycan ilə Norveç arasında hüquq sahəsində əlaqələr dinamik inkişaf edir

 

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Norveç Krallığı Ədliyyə Nazirliyinin baş katibi Morten Ruudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, ölkələrimiz arasında hüquqi əlaqələrin dinamik inkişaf etdiyini bildirən nazir iyun ayında Avropa ədliyyə nazirlərinin Norveçdə təşkil olunmuş konfransı çərçivəsində səmərəli ikitərəfli görüşlər keçirdiyini söyləmişdir. F.Məmmədov əməkdaşlıqla bağlı bu görüşlərdə aparılmış faydalı danışıqlar nəticəsində hazırkı səfərin gerçəkləşdirildiyini qeyd etmiş, norveçli həmkarını yenidən bu vəzifəyə təyin olunması münasibətilə təbrik etmişdir.

Görüşdə Azərbaycanda məhkəmə ədliyyə sisteminin inkişafı üzrə görülən genişmiqyaslı işlərdən danışılmış, bu sahədə xarici dövlətlərlə əməkdaşlığın əhəmiyyəti vurğulanaraq hakimliyə namizədlərin tədrisində norveçli ekspertlərin yaxından iştirakı təqdir edilmişdir.

Norveçin Azərbaycan ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi önəm verdiyini bildirən qonaq ölkəmizdə aparılan hüquqi islahatların miqyasına heyran olduğunu bildirmiş, beynəlxalq təşkilatlar tərəfindən bu nailiyyətlərin yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Görüşdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlərin olduğu vurğulanmış, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, hakimlərin hakimliyə namizədlərin treninqi, o cümlədən Norveçə tədris səfərinin təşkili, habelə məhkəmə qərarlarının icrası maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Qonaqlar həmçinin Ali Məhkəmənin fəaliyyəti, yeni möhtəşəm müasir binası ilə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 noyabr.- S. 4.