Prezident İlham Əliyev Ulyanovskda Nəriman Nərimanovun abidəsini ziyarət etmişdir

 

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Dmitri Medvedevin dəvəti ilə Ulyanovskda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Nəriman Nərimanovun abidəsini ziyarət etmişdir.

Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev Ulyanovskda yaşayan soydaşlarımızla görüşüb, onlarla söhbət etdi. Dövlətimizin başçısı dedi:

- Mənə verilən məlumata görə, Ulyanovsk vilayətində 20 minə qədər azərbaycanlı yaşayır. Bu, böyük icmadır. Bildiyimə görə, yaxşı da yaşayırsınız Azərbaycanı təbliğ edirsiniz. Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün öz səylərinizi göstərirsiniz. Bu gün hamımız üçün çox əlamətdar bir gündür. Ulu öndər Heydər Əliyevin adını daşıyan meydan açılıb. Rusiya Prezidenti mən bu tədbirlərdə iştirak etmişik. Bu, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına çox dəyərli töhfədir. Eyni zamanda, burada yaşayan azərbaycanlılar üçün əlamətdar hadisədir. Arzu edirəm ki, siz burada həmişə yaxşı yaşayasınız. Əlbəttə ki, Azərbaycan haqqında həmişə düşünəsiniz, əlaqələri heç vaxt itirməyəsiniz. Bilməlisiniz ki, Azərbaycan dövləti həmişə sizin arxanızdadır. Siz burada, Rusiyada Azərbaycanı təmsil edirsiniz. Sizin buradakı fəaliyyətinizdən əlbəttə ki, Azərbaycan haqqında mühüm fikir formalaşacaqdır.

Sizə işinizdə uğurlar arzulayıram.

Azərbaycan diasporunun üzvü dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

- Hamımız Vətənimizi sevirik, Sizinlə fəxr edirik.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 26 noyabr.- S. 1.