Ağdam rayonunda əhalinin səhiyyə xidməti ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

 

Son illər Ağdam rayonunun işğal altında olmayan və 86 min nəfərə qədər əhalinin məskunlaşdığı yaşayış məntəqələrində tikinti, abadlıq-quruculuq işləri genişlənmiş, müxtəlif Dövlət Proqramları çərçivəsində yeni qəsəbələrin salınması, infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşmış, bir çox sosial problemlər öz həllini tapmışdır.

Sosial məsələlərin həlli istiqamətində tədbirlərin davam etdirilməsi, o cümlədən əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması üçün Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni uşaq xəstəxanası və doğum evinin tikilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni uşaq xəstəxanasının və doğum evinin tikilməsi məqsədi ilə Ağdam Rayon İcra Hakimiyyətinə ilkin olaraq 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın

1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 25 noyabr.- S. 1.