2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsi təsdiq edildi

 

Noyabrın 26-da Milli Məclisin növbəti iclası olmuşdur. Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, gələn ilin əsas maliyyə sənədi və büdcə zərfinə daxil olan digər qanun layihələri bir neçə gün ərzində parlamentdə geniş müzakirə edilib. Müzakirələrdə çıxış edən deputatlar layihə barədə fikir və təkliflərini bildirmişlər. Azərbaycan iqtisadiyyatında dinamik inkişaf davam edir. Bu ilin 10 ayı ərzində ÜDM-in artımı 8,5 faiz olmuşdur. Bu, dünyada ən yüksək göstəricilərdən biri, MDB-də isə birincidir.

 

Sonra maliyyə naziri Samir Şərifov çıxış etdi. O dedi ki, 2010-cu il dövlət və icmal büdcə layihələrinin Milli Məclisin iclaslarında ətraflı müzakirəsi zamanı 76 deputat çıxış etmişdir. Onlar əhalinin rifah halının, ölkənin müdafiə potensialının daha da gücləndirilməsi, ekoloji problemlərin həlli, alternativ enerji mənbələrinin yaradılması, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sənaye və aqrar sektorlara dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun və regionların inkişafı, qanunvericilik bazasının təkmilləşdirilməsi, vəsaitlərin istifadəsində dövlət və ictimai nəzarətin artırılması, eləcə də digər bu kimi mühüm əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə dair təkliflər, tövsiyələr irəli sürüblər. Deputatların layihə barədə fikir və təklifləri hökumət üzvləri tərəfindən təhlil olunmuş, onların həlli yolları, tətbiqi mexanizmi, maliyyət tutumu nəzərə alınmaqla bəzilərinin həlli üçün əməli addımlar atılıb.

Maliyyə naziri daha sonra bildirdi ki, bir sıra dövlət əhəmiyyətli və prioritet vəzifələrin, o cümlədən ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması, alternativ enerji mənbələrinin yaradılması ilə bağlı əlavə vəsaitin ayrılması məqsədilə icmal büdcənin, onun tərkib hissəsi olan Dövlət Neft Fondunun büdcə xərcləri 20 milyon manat artırılacaqdır. Artım üçün nəzərdə tutulan vəsaitin 2010-cu ilin ölkəmizdə ekologiya ili elan olunması nəzərə alınaraq ekoloji problemlərin həlli ilə bağlı müvafiq dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatına, ölkənin enerji balansının artırılmasında mühüm əhəmiyyət kəsb edən və ekoloji təmiz, alternativ enerji mənbələrinin yaradılması ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulur. Artımlar nəzərə alınmaqla 2010-cu il üçün icmal büdcənin xərclərinin yuxarı həddi 12 milyard 636 milyon manat təşkil edəcəkdir. Yeni layihədə elm və təhsil, səhiyyə və bir neçə digər sahələr üzrə xərclər də artırılıb.

Ümumilikdə səslənən fikirlərə əsasən Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsini qısaca belə xarakterizə etmək olar: sosialyönümlü, investisiya tutumlu və müdafiə qabiliyyətli.

Sonra "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi səsə qoyuldu və səs çoxluğu ilə qəbul edildi.

İclasda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov isə bildirdi ki, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" qanun layihəsinə dair deputatlar tərəfindən irəli sürülən tövsiyələr və təkliflər müvafiq strukturlarda müzakirə edilmiş və növbəti ildə əhalinin sosial müdafiəsi ilə bağlı bir sıra vacib tədbirlərin görülməsi nəzərdə tutulub.

Müzakirələr zamanı deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.

Sonra İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini deputatların müzakirəsinə təqdim etdi. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

Deputatlar daha sonra Milli Məclisin və Hesablama Palatasının 2010-cu il üçün xərclər smetasını da səsə qoydular. Hər iki sənəd qəbul edildi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya qanununun layihəsini müzakirəyə təqdim etdi. Deputatlar qanun layihəsini səsə qoyaraq qəbul etdilər.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin təsdiq edilməsi barədə, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısının Naxçıvan Bəyannaməsinin təsdiq edilməsi haqqında və "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihələrini iclas iştirakçılarının müzakirəsinə təqdim etdi. Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov "Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrini deputatların müzakirəsinə təqdim etdi. Deputatlar qanun layihələrinə müsbət münasibət bildirdilər.

Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov "Avropanın memarlıq irsinin qorunmasına dair" Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsini müzakirəyə çıxardı. Deputatlar bu sənədə də müsbət münasibət bildirdilər.

Sonra "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda və "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə etdilər. Hər iki qanun layihəsi səsə qoyularaq qəbul olundu.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İmmiqrasiya haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublkası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarına, İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihələrini deputatların müzakirəsinə təqdim etdi. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov daha sonra 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi. Qanun layihəsinin müzakirəsinin Milli Məclisin növbəti plenar iclasında davam etdirilməsi qərara alındı.

 

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 4.