Qurban bayramı - Allaha sədaqət, insana xoş münasibət

 

Sabah müsəlmanlar üçün əlamətdar gündür. İslam dünyası özünün böyük bayramını - mübarək Qurban bayramını qeyd edir. Bu bayramın həyatımızda xüsusi yeri var və onu həmişə sonsuz sevinc hissi ilə qarşılayırıq.

Qurbankəsmə mərasiminin tarixi qədimlərə gedib çıxır. Tarix boyu müxtəlif xalqlar bu mərasimi müxtəlif cür icra etmişlər. Hətta insanları qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi dəhşətli adətlər olmuşdur. Hər üç səmavi dində - iudaizmdə, xristianlıqda və islamda qurbanlıq bu və ya digər formada mövcuddur. İslamın bərqərar etdiyi Qurban bayramı isə bəşəriyyətin həyatında tamamilə yeni səhifə açdı, Allahın yaratdığı ən kamil məxluqa - insana bir vaxtlar bəslənmiş vəhşi münasibətə son qoydu. Bu bayram İbrahim peyğəmbərin həyatında baş vermiş bir əhvalat ilə əlaqədardır. Həmin əhvalat Qurani-şərifdə öz əksini tapmışdır.

Müqəddəs kitabımıza görə, İbrahim əleyhissəlam yuxusunda görür ki, Allah ondan oğlu İsmayılı qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir, əhvalı pozulur. Bir ata kimi, özü də qoca vaxtında, Yaradanın bəxş etdiyi övlad payını itirmək istəmir. İbrahim peyğəmbər həmin yuxunu təkrar-təkrar görür və axırda dərk edir ki, sevimli oğlunu qurban kəsmək Allahın əmridir, Xaliqin buyuruğu isə yerinə yetirilməlidir. Beləliklə, İbrahim peyğəmbər ciyərparasını Rəbbi yolunda qurban kəsmək qərarına gəlir.

Ata və oğul Məkkə yaxınlığındakı Mina dağına yollanırlar. İbrahim peyğəmbər İsmayılı Minada qurban kəsmək istəyirdi. Yolda qoca kişi qiyafəsinə girmiş şeytan onları Allahın əmrini yerinə yetirməkdən daşındırmağa cəhd edir. Tanrı yolunda qurban getməyə hazır olan İsmayıl şeytanı daşqalaq edib qovur. Mina dağına çatanda İbrahim peyğəmbər oğlunu yerə yıxıb bıçağı boğazına çəkir. Amma nə qədər cəhd etsə də, Allahın hökmü ilə bıçaq kəsmir. Elə bu məqamda səmadan səs gəlir ki, "Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq" (Quran, əs-Saffat, 104-105).

Uca Yaradan İsmayılı qurban kəsməyi əmr etməklə peyğəmbərlik üçün bəyənib seçdiyi bəndəsini - İbrahim əleyhissəlamı imtahana çəkirdi və onun bu sınaqdan mətanətlə çıxdığını görüb İsmayılın əvəzinə qurban kəsmək üçün qoç göndərir. İbrahim peyğəmbər qoçu qurban kəsib Allaha şükür edir...

Qurban bayramının əsasında duran bu hadisənin böyük mənası var. Bir tərəfdən, Allah-taala İbrahim peyğəmbərin səmimiliyini, Tanrıya sədaqətini və qəlbən bağlılığını, Onun buyuruqlarına əməl etməyə hazır olduğunu insanlara sübut etdi. Digər tərəfdən, Allah-taala İbrahim peyğəmbər vasitəsilə öz bəndələrinə bildirdi ki, yalançı dinlərdə olduğu kimi, insanların qurban kəsilməsini istəmir. Allah qurban kəsmək üçün göydən qoç göndərməklə yalançı etiqadların puçluğunu, yaratdığı ən mükəmməl məxluqun - insanın hər şeydən uca olduğunu bəndələrinin nəzərinə çatdırdı.

Qurban kəsmək müsəlman üçün vacibdir. Amma qurbanı yalnız imkanı olanlar kəsməlidirlər. İmkanlıların qurban kəsməməsi məqbul olmadığı kimi, imkansızların da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərc hesabına qurban kəsməsi məqbul deyil.

Müsəlman qurbanı qoyun və keçidən, dəvə və inəkdən kəsməlidir. Çöl heyvanlarından, eləcə də quşlardan qurban kəsilə bilməz. Kəsilən heyvan sağlam, qüsursuz və cavan olmalıdır. Xəstə, arıq, çolaq, gözü kor, buynuzu sınmış, dişləri tökülmüş, qulağı, quyruğu kəsilmiş heyvan qurbanlıq ola bilməz. Qurban kəsmək üçün seçilən qoyun və keçi bir illik, inək iki illik, dəvə beş illik olsa, yaxşıdır. Qurban əti adətən, üç yerə bölünür: bir hissəni qurban kəsən özünə və ailəsinə saxlayır, bir hissəsini qohum-əqrəbaya və dost-tanışa verir, bir hissəsini də ehtiyacı olanlara paylayır. Müsəlman istəsə, qurban ətinin hamısını kasıblara paylaya bilər. Həm də imkan daxilində bir yox, bir neçə qurban kəsib ehtiyacı olanlara paylamaq savabı artırar. Yeri gəlmişkən, peyğəmbərimiz Məhəmməd salavatullah Qurban bayramında çoxlu qurban kəsib kasıblara paylayarmış...

Qurbanlığın başqa bir gözəl xüsusiyyəti də var. Belə ki, burada dini ayrı-seçkiliyə yol verilmir. Yəni, başqa dinə mənsub olan imkansız insan varlı müsəlmanın imkanlarından bəhrələnib adi günlərdə əli çatmayan qurbanlıq ətindən yeyə bilər və bu onun haqqıdır. Qurbanlığın məğzi də elə ondan ibarətdir ki, insanlar Tanrıya xoş gələn belə bir əməli icra edirlər.

Bu mübarək bayram dinimizin bir sıra fəzilətlərini özündə əks etdirir. İmkanlı müsəlmanın qurban kəsib imkansızların ehtiyaclarını, qismən də olsa, ödəməsi xeyirxahlığın təzahürüdür. Allaha xoş gələn bu əməl Qurban bayramında özünü daha qabarıq şəkildə büruzə verir. Qurban ətinin paylanması insanların bir-birinə kömək etməsinin vacibliyinə dəlalət edir.

Dinimizin təlqin etdiyi ədalət prinsipi də Qurban bayramında özünü göstərir. Qurban ətinin paylanması maddi sərvətlərin ədalətli bölüşdürülməsi mənasına gəlir. Digər dini bayramımızın - Ramazan bayramının mahiyyətində də bunu görmək olar. Bu bayramın ərəbcə adı "id əl-fitr"dir, yəni, fitrə, sədəqə bayramı. İmkanlı insanlar Allahın əmri ilə var-dövlətlərinin bir hissəsini fitrə şəklində kasıblara verməklə maddi sərvətlərin ədalətli bölüşdürülməsi prinsipinə əməl edirlər. Xüms-zəkat da eyni mahiyyət daşıyır...

Qurban bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət, xeyirxahlıq duyğuları aşılayır. Müsəlmanlar bir-birinə daha yaxın, daha məhrəm, daha mehriban olurlar.

Uca Tanrı kəsəcəyimiz qurbanları qəbul eləsin! Gələn Qurban bayramını Qarabağda qeyd edək, inşallah!

 

 

A.MEHDİYEV

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 8.