Nyu-Yorkda qurban bayramı münasibətilə tədbir

 

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən daxil olan məlumatda bildirilir ki, Nyu-Yorkda fəaliyyət göstərən İslam İrsi Cəmiyyətinin Qadınlar Şurası Qurban bayramı münasibətilə tədbir təşkil etmişdir. Tədbirdə BMT baş katibinin xanımı, BMT Baş Məclisi sədrinin xanımı, İslam İrsi Cəmiyyəti Qadınlar Şurasının sədri, Bəhreynin BMT yanında daimi nümayəndəsinin xanımı və 100-dən çox dövlətin BMT yanında daimi nümayəndəliyinin rəhbərlərinin xanımları, BMT Katibliyində çalışan qadınlar, Nyu-Yorkda fəaliyyət göstərən qadın cəmiyyətlərinin nümayəndələri iştirak etmişlər.

Tədbiri İslam İrsi Cəmiyyəti Qadınlar Şurasının sədri xanım Avatif Əl Hacca açaraq, qonaqları salamlamış, tədbir iştirakçılarını müqəddəs Qurban bayramı münasibətilə təbrik etmişdir. O, Azərbaycan Respublikasının əməkdar artisti Telman Cəlilovun rəhbərliyi altında Nyu-Yorkda fəaliyyət göstərən "Soydaş" Azərbaycan rəqs qrupunu qonaqlara təqdim etmişdir. Azərbaycanlı uşaqlardan ibarət rəqqaslar milli rəqslərimizi məharətlə ifa etmiş və tədbir iştirakçılarının alqışlarını qazanmışlar. BMT baş katibinin xanımı azərbaycanlı uşaqlara yaxınlaşaraq Azərbaycan folklorunu Nyu-Yorkda tanıtdıqlarına görə onlara minnətdarlığını bildirmiş, birlikdə xatirə şəkli çəkdirmişdir.

Daha sonra tədbirin iştirakçılarına, Azərbaycan da daxil olmaqla, müxtəlif dövlətlərin mətbəxlərindən nümunələr təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 8.