Afinada ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilmişdir

 

Afinada ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilmişdir. Milli Məclis sədrinin müavini, ölkəmizin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi parlament konfransı "Enerji təhlükəsizliyi və ətraf mühit" mövzusuna həsr olunmuşdur. Toplantıda "Regional əməkdaşlıq və enerji təhlükəsizliyi", "İqlim və ətraf mühit sahəsinə dair siyasət - Kopenhagenə doğru", "İnsanın təhlükəsizliyinin təmin edilməsi üçün təbii ehtiyatlardan optimal istifadə" mövzuları ətrafında müzakirələr aparılmışdır. "Enerji təhlükəsizliyi və ətraf mühit" mövzusunda müzakirələrdə Milli Məclis sədrinin müavini Bahar Muradova da çıxış etmişdir.

Daimi komitənin iclasında isə ATƏT-in Aralıq dənizi regionuna münasibətində perspektivlər və çağırışlar, həmçinin həmin bölgədə ticarət və iqtisadi əməkdaşlıq məsələlərinə baxılmışdır.

Toplantıda Azərbaycan Milli Məclisinin deputatları çıxış edərək ölkəmizin bu məsələlərə dair mövqeyini çatdırmışlar. Sessiya çərçivəsində Cənubi Qafqaz ölkələri parlamentarilərinin ayrıca üçtərəfli görüşü keçirilmişdir.

ATƏT PA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin də iştirak etdiyi görüşdə Cənubi Qafqaz regionunda münaqişələrin həlli və təhlükəsizlik məsələləri müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 2.