Xalqın etimadını doğruldan lider

 

Hər bir xalqın inkişaf yolunun banisinə çevrilən, onu dünya miqyasında tanıdaraq layiqli mövqeyə çıxaran fenomen liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev də belə nadir şəxsiyyətlərdən olaraq müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi yeni şərtlər müqabilində davam etdirməyə qadir, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir.

Hələ 2003-cü ilin oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları təmin etməklə böyük ictimai rəğbət qazanmış, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. 2003-2008-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.

Birinci prezidentliyi dövründə ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalan, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən, onu böyük iqtisadi uğurlara qovuşduran cənab İlham Əliyevin 2008-ci ilin 15 oktyabr seçkilərindəki möhtəşəm zəfəri də obyektiv reallığa əsaslanmışdır. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi 2008-ci ilin 15 oktyabr prezident seçkilərində də cəmiyyətin həlledici çoxluğunun istəyi kimi ortaya çıxmışdır. Ölkə ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxaraq etimad qazanmış bu siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə prinsipial siyasi iradə nümayiş etdirmişdir.

Xalqın dəyişməz seçimini labüd edən başlıca amillərdən biri də cənab İlham Əliyevin 2003-2008-ci illərdə xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi, milli mənafelərə maksimum cavab verən siyasət yeritməsidir. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin", - bu fikir Azərbaycanın dövlət başçısının xalqına necə bağlı lider olduğunu əyani surətdə aşkara çıxarır. Güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik olan Azərbaycan Prezidenti hökumət qarşısında hər bir mərhələ üçün duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkmişdir. Dövlət başçısı ötən beş ildə imzaladığı məqsədyönlü dövlət proqramları, fərman və sərəncamlarla, qəbul etdiyi çevik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, inkişaf mexanizminin işləkliyinə nail olmuşdur.

2008-ci ilin 15 oktyabrında mövcud siyasi kursun ictimaiyyət tərəfindən birmənalı dəstəklənməsini təmin edən başlıca amillərdən biri müstəqil Azərbaycanın ötən illərdə əldə etdiyi yüksək sosial-iqtisadi nailiyyətlərdir. İkinci elə bir dövlət tapmaq çətindir ki, son 5 ildə ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqeyini qoruyub saxlasın, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 10 dəfədən çox artırsın. Azərbaycan isə bununla yanaşı, həm də respublikanın regionlarının sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını uğurla icra etmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinin açılması naminə sistemli addımlar atmışdır. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərləri də cənab İlham Əliyevin birinci prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkmişdir.

Regionların 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində paytaxtla bölgələrin inkişafı arasında fərq azalmış, rayonların siması dəyişmiş, insanların sosial rifah halı yüksəlmiş, mədəni-intellektual və mənəvi intibahın əsası qoyulmuşdur. Nəticədə bu illərdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə artaraq 38 milyard manat olmuş, sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə artmışdır.

Fəal və səmərəli iqtisadi siyasətin nəticəsi olaraq 2003-cü ildən büdcə xərcləri 10 dəfədən çox artmış, respublikanın strateji valyuta ehtiyatları 18 milyard dolları ötmüşdür. ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etmiş, ölkə üzrə qeyri-neft sektoru 1,8 dəfə artmışdır. 2008-ci ilin yekunlarına görə, ÜDM-də qeyri-dövlət sektorunun payı 85 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyalar beş ildə 6,2 dəfə artmış və onun xüsusi çəkisi 2003-cü ildə 26,8 faiz təşkil edirdisə, 2008-ci ildə isə 69 faizdən çox olmuşdur.

Dövlət başçısı İlham Əliyev ilk gündən sosialyönümlü iqtisadi siyasətə üstünlük vermiş, bu strategiya insan amilinin yüksəlişinə xidmət etmişdir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. İqtisadiyyatda liberallaşdırma və insanların mənafelərinin qorunması prinsipinin irəli sürülməsi bazar iqtisadiyyatı prinsiplərinə də mütərəqqi yeniliklər gətirmişdir. Nəticədə 2008-ci ilin dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə yönəldilmiş xərclərin məbləği 2003-cü illə müqayisədə 5,2 dəfə çox olmuşdur. 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 3,5 dəfə, onun adambaşına düşən həcmi isə 3,3 dəfə artmışdır. Bu dövrdə muzdla işləyənlərin orta aylıq əməkhaqqı 3,5 dəfə artaraq inflyasiya səviyyəsini 1,9 dəfə üstələmiş və 268 manata çatmışdır. 2008-ci ilin sentyabrından minimum əməkhaqqının və pensiyanın minimum məbləğinin həddi 75 manata çatdırılmışdır. Ümumilikdə minimum pensiyanın məbləği 4 dəfə, minimum əməkhaqqı 8 dəfə artırılmışdır.

2003-cü ildən ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin əsasında da məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanmışdır. 3000 min metr hündürlükdə yerləşən Xınalıq kəndinə yolun, sovet dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi də bu məqsədə xidmət edir. Paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, Olimpiya idman komplekslərinin tikintisi, qaçqın və məcburi köçkün düşərgələrinin ləğvi və digər tədbirlər dövlət başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin dinamizmini, səmərəliliyini bir daha sübuta yetirir.

Son illərdə ölkədə uğurla həyata keçirilən siyasət Azərbaycan üçün taleyüklü bir sıra layihələrin gerçəkləşməsini, respublikamızın bütövlükdə Cənubi Qafqaz regionunda lokomotiv dövlətə çevrilməsini də təmin etmişdir. Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri 2006-cı ilin iyulunda tam istifadəyə verilmiş, vaxtilə bir çoxlarının əfsanə hesab etdiyi bu layihə reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına daşımağa başlamışdır. BTC ilə yanaşı, Azərbaycan qazını dünya bazarlarına çatdıracaq Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verilmiş, Azərbaycanın mavi yanacağı - Türkiyə və Yunanıstan ərazisindən keçməklə - Avropaya çatdırılmışdır. Strateji əhəmiyyətli bu layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır. Eyni zamanda, 2007-ci ildən Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi istiqamətində mühüm razılaşmalar əldə olunmuş, heç bir ölkədən iqtisadi enerji asılılığı olmayan Azərbaycanın Cənubi Qafqaz regionundakı lider mövqeyi daha da möhkəmlənmişdir.

Cənab İlham Əliyevin 2008-ci ilin oktyabrında xalqın yüksək etimadını qazanaraq ikinci müddətə Azərbaycan Prezidenti seçilməsi isə əldə edilmiş bu və digər uğurların davamlılığını, ardıcıllığını təmin etmiş, respublikamız son bir ildə dünya iqtisadiyyatına sarsıdıcı zərbə vuran qlobal maliyyə böhranından maksimum sığortalanmışdır. Qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məqamlar qlobal böhranın respublikamıza ağır təsirinin qarşısı alınmışdır.

İlin əvvəllərindən neftin qiymətlərinin kəskin şəkildə enməsinə baxmayaraq, dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi çevik və real antiböhran tədbirləri iqtisadi fəallığı qorumuş, dünya miqyasında özünü qabarıq göstərən neqativ proseslərin respublikamıza ciddi sirayət etməsinə imkan verməmişdir. Dövlət başçısı hələ Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş iclasında xüsusi vurğulamışdır ki, Azərbaycan 2009-cu ildə də fəal antiböhran tədbirləri həyata keçirməli, maliyyə intizamı gücləndirilməli, lüzumsuz xərclərə yol verilməməli, bazarın sabitləşməsi üçün bir sıra səmərəli tədbirlər həyata keçirilməli, sahibkarlığın inkişafına diqqət yüksəldilməlidir. Eyni zamanda, cari ildə hökumətin əsas məqsədi xarici mənfi təsirlərin neytrallaşdırılması yolu ilə - mövcud inkişaf xəttinin davam etdirilməsi əsasında böhrana girməmək olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti möhkəmlənmişdir.

Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev I Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən yeni regional proqramın hazırlanması barədə hələ 2007-ci ildə tapşırıq vermişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının imzalanmasının dördüncü ilinə həsr olunmuş müşavirədə cənab İlham Əliyev bildirmişdir ki, qarşıda duran vacib vəzifələrdən biri də məhz Azərbaycanın regionlarında formalaşdırılan infrastrukturun Avropa Birliyi meyarlarına çatdırılmasıdır.

Dövlət başçısının 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın başlıca məqsədi bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Sahibkarlığın inkişafı da ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir.

Dövlət Proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi; sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması; kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi; sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və sair strukturların yaradılmasının davam etdirilməsi; ticarət yarmarkalarının yaradılması; yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması; sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur.

Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında dərin məzmunlu nitq söyləyən cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının böhranın ciddi təsirinə məruz qalmadığını bir daha vurğulamış, eləcə də qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyətini vurğulamışdır: "Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat uğurlu inkişafında davam edir. Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artmışdır. Çox sevindiricidir ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, bizim iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır. Əlbəttə, neft-qaz sektorunun inkişafı və bu sahədə görülən işlər bizim iqtisadi imkanlarımızı böyük dərəcədə genişləndirmişdir. Biz də bu gözəl imkanlardan səmərəli istifadə etdik və iqtisadiyyatımızın digər sektorlarının inkişafı üçün əməli-praktik işlər görülmüşdür".

Hesabat dövründə iqtisadi inkişafa zəmin yaradan başlıca amillərdən biri də milli iqtisadiyyatın şaxələləndirilməsi siyasətinin uğurla davam etdirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə olunmasıdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2009-cu ildə inkişaf etmiş ölkələrdə ümumi daxili məhsul 2,5-5 faiz, Avropa İttifaqı ölkələrində 4,7 faiz, Asiyanın yeni industrial dövlətlərində 6 faiz, MDB dövlətlərində məcmu olaraq 4 faiz azalacaqdır. Fond 2009-cu ildə ümumilikdə dünya iqtisadiyyatının 1,4 faiz azalacağını proqnozlaşdırır. Dünya bazarında neftin qiymətlərinin 3-4 dəfəyədək aşağı düşməsinə rəğmən, Azərbaycanda son 6 ayda ümumi daxili məhsulun 3,6 faizlik artımı iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirilən siyasətin praktik nəticəsindən xəbər verir.

Ölkəmizin müstəqil iqtisadi siyasət yeritməsi, beynəlxalq maliyyə qurumlarının təsiri ilə hərəkət etməməsi, maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştirakdan çəkinməsi qlobal maliyyə böhranının təsirini zəiflədən əsas amillər sırasındadır. Azərbaycanın dünya maliyyə institutlarına öz kapitalı, fond aktivləri və qiymətli kağızları ilə fəal inteqrasiya etməməsi də ölkəni qlobal iqtisadi böhrandan hifz edir. Respublika iqtisadiyyatında müşahidə olunan dinamik artımın maliyyə iqtisadiyyatına deyil, real əmtəəyə, istehsala əsaslanması qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayır.

Bir çox dövlətlərdən fərqli olaraq, qlobal maliyyə böhranı respublikada aztəminatlı təbəqənin sosial rifah halına da heç bir təsir göstərməmiş, əksinə, ərzaq malları üzrə inflyasiyanın cəmi 2,1 faiz olması fonunda əhalinin pul gəlirlərinin 19 faiz artması alıcılıq qabiliyyətinin yüksəlməsinə imkan yaratmışdır. Hesabat dövründə əhalinin real gəlirləri 15-16 faiz təşkil etmiş, orta əməkhaqqı 15 faiz artmışdır. Bundan əlavə, regionların inkişafına xidmət edən tədbirlərin uğurla davam etdirilməsi nəticəsində respublikada 35 min yeni iş yeri açılmışdır və bunun da 25 mini daimidir.

Hesabat dövründə dövlətdən ünvanlı sosial yardım alan vətəndaşların sayının 800 minə çatması, orta hesabla hər ailəyə 100 manat məbləğində yardımın göstərilməsi, habelə ipoteka kreditləşməsinin bərpası da hökumətin sosialyönümlü siyasətinin bariz göstəricisidir. Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında vurğuladığı kimi, yoxsulluğun azaldılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir: "Bu böhran bir həqiqət anı idi. Kimin nəyə qadir olduğunu çox açıq şəkildə göstərdi. İlk növbədə onu göstərdi ki, Azərbaycan dövləti istənilən iqtisadi sınaqlardan şərəflə çıxa bilər və bu iqtisadi sınaqlar Azərbaycan əhalisinə heç bir təsir göstərməmişdir. Belə olan halda sosial proqramların davam etdirilməsi ilə bağlı bütün lazımi tədbirlər görüləcəkdir. Yoxsulluğun azaldılmasına dair bu vaxta qədər görülən tədbirlər davam etdirilməlidir. Hələ ki demək tezdir, ancaq mən hesab edirəm ki, Azərbaycanda yoxsulluğun azaldılması meyilləri davam etdirilməlidir. Sosial infrastrukturun yeniləşdirilməsi və tikintisi, xəstəxanaların, məktəblərin tikintisi və sairə ilə bağlı proqramlar, büdcədə nəzərdə tutulmuş investisiya layihələri icra olunmalıdır".

Səmərəli iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanın investisiya cəlbediciliyinə görə dünya ölkələri sırasında ön sıralarda olduğunu son illərdə müxtəlif beynəlxalq təşkilatların hazırladıqları hesabatlar da təsdiqləyir. Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, "Qoldman Saks" təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır.

Davos Forumunun "2009-2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabat"ı respublikamızda əlverişli biznes və investisiya mühitinin mövcudluğunu bir daha təsdiqləyir. Hesabata əsasən, respublikamız rəqabət qabiliyyətli iqtisadiyyata malik dövlətlər sırasında 34-cü pillədən 13-cü pilləyə yüksəlmiş və iqtisadi göstəricilərinə görə, hətta bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri "Doing Business-2010" reytinqində isə Azərbaycan investisiya cəlbediciliyinə görə 183 ölkə arasında 38-ci yeri tutmuşdur. Hesabat müəllifləri hesab edirlər ki, biznes sahəsində son islahatlar Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan vermişdir. Hesabatda Azərbaycan biznesin həyata keçirilməsi indikatoruna görə 38-ci, biznesin başlanmasına görə 17-ci, işə qəbula görə 33-cü, əmlakın qeydiyyatına görə 9-cu, kreditlərin alınmasına görə 15-ci, investorların qorunmasına görə 20-ci, müqavilələrin icrasının təmin edilməsinə görə 26-cı olmuşdur. Müqayisə üçün bildirək ki, həmin reytinqdə Qafqaz ölkələrindən Gürcüstan 90-cı, Ermənistan 97-ci yerləri tutmuşdur.

Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda biznesə başlama prosedurlarının sadələşdirilməsi faktının xüsusi önə çəkilməsi də təsadüfi deyildir. Bu, respublikamızda azad sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühitlə bağlıdır. Demokratik həyat tərzinin diktə etdiyi sərbəst bazar münasibətləri şəraitində qeyri-neft sektorunun yüksəlişi, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, yeni iş yerlərinin açılması, sosial xarakterli bir çox problemlərin həlli, şübhəsiz, məhz milli sahibkarlığın inkişafından keçir və bu baxımdan Azərbaycan Prezidentinin iş adamlarının fəaliyyətinə verdiyi yüksək dəyər olduqca sevindiricidir. Dünyada baş verən iqtisadi prosesləri dərindən bilən dövlət başçısı respublikanın sosial-iqtisadi tərəqqisində özəl sektorun, sahibkarların rolunu düzgün dəyərləndirir, hökumət strukturları ilə iş adamlarının sağlam əsasda əməkdaşlıq etməsini zəruri sayır.

Son illərdə milli səviyyədə həyata keçirilmiş tədbirlər, ilk növbədə, Azərbaycanda orta sinfin formalaşmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına, iqtisadiyyatda milli istehsalçının rolunun və əhəmiyyətinin artmasına əlverişli imkanlar açmışdır. Qısa müddətdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra ardıcıl addımlar atılmışdır.

Azərbaycan Prezidentinin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanla təsdiq olunmuş qaydalara əsasən, 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər Nazirliyi həyata keçirir. "Vahid pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə artmışdır. 2008-ci ildə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business" hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində "İslahatçı ölkə" elan edilmişdir.

2009-cu ilin son altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilmişdir və bu da regionlarda 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır. Hesabat dövründə dövlət büdcəsindən kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 33 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə isə 10 milyon manat həcmində vəsaitin ayrılması da sahibkarlığa kömək tədbirlərinin tərkib hissəsidir.

2010-cu ildən bir sıra sahələrdə vergilərin aşağı salınması planlaşdırılır və bu da sahibkarlığın inkişaf etdirilməsi, daxili bazarın qorunması baxımından çox əhəmiyyətli addımdır. Gələn ilin yanvarından fərdi sahibkarların gəlirinin vergiyə cəlbedilmə dərəcəsinin 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi nəzərdə tutulur. 2010-cu ildən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endiriləcək, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad ediləcəkdir.

2008-ci il oktyabrın 24-də keçirilmiş Prezidentin andiçmə mərasimində "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm", - deyən dövlət başçısı İlham Əliyev ötən beş ildə olduğu kimi, son bir ildə də bu vədinə sadiq qalmışdır. Ötən ilin uğurları deməyə əsas verir ki, dövlət başçısının verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir. İnanırıq ki, elmi əsaslara söykənən bu siyasətin qarşıdakı illərdə də uğurla davam etdirilməsi vətəndaşları qayğılandıran bütün problemlərin aradan qalxmasına, xalqın rifah halının daha da yüksəlməsinə imkan yaradacaqdır.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar

Cəmiyyətinin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 4.