Dünya standartlarına cavab verən təhsil ocağı

 

Xalqımızın XX əsrin əvvəllərindən başlamış kütləvi şəkildə maariflənməsində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təşəbbüsü ilə yaranmış Bakı Dövlət Universitetinin böyük xidmətləri olmuşdur. 90 illik fəaliyyəti dövründə BDU-nun ölkə həyatının bütün sahələrinə güclü təsir edən əvəzsiz rolu danılmazdır. Ümummilli lider Heydər Əliyev çıxışında təhsil ocağının fəaliyyətinə yüksək dəyər verərək demişdir: "Əsrin əvvəlindən bugünə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisədirE Universitet həqiqət axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur".

Hazırda ölkəmizin aparıcı təhsil və elm mərkəzlərindən birinə çevrilmiş Bakı Dövlət Universiteti müasir dövrün tələblərinə uyğun olaraq böyük yeniliklərlə yaşayır. Təhsil ocağının maddi-texniki bazası möhkəmləndirilir, tədrisin keyfiyyəti dünya standartları səviyyəsinə çatdırılır, burada sivil dünyanın qəbul etdiyi normalar tətbiq edilir, müasir avadanlıqlar alınır, laboratoriyalar qurulur, yeni sistemlər tətbiq edilir. Universitetin zəngin tarixi ümummilli lider Heydər Əliyevin iştirakı və onun qayğısı sayəsində yazılıb desək, səhv etmərik. Təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi sahəsində də ən böyük nailiyyətlər məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qazanılıb. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Bakı Dövlət Universiteti bu gün öz liderliyini, aparıcı mövqeyini qoruyub saxlaya bilmişdir. Yarandığı ildə cəmi 44 əməkdaşla işə başlayan BDU-nun indi 16 fakültəsi, 1300-dən çox professor-müəllim heyəti var. Onlardan 300-dən çoxu elmlər doktoru, professor, 800-dən çoxu elmlər namizədidir. Burada 52 ixtisas üzrə 18 mindən çox tələbə təhsil alır. İndiyədək universitet Azərbaycan ziyalılar ordusuna 100 mindən artıq yüksək ixtisaslı mütəxəssis vermişdir. BDU güclü maddi-texniki bazası, 2 milyondan çox kitab fondu olan zəngin kitabxanası, onlarca tədris laboratoriyası, geniş tədris və elmi-tədqiqat kompleksi olan mürəkkəb, çoxşaxəli təhsil müəssisəsidir.

Təhsil ocağında hər il yeni kafedra və ixtisaslar açılır, elmin müxtəlif sahələrində tədqiqatlar aparmaq üçün yeni laboratoriyalar yaradılır, müasir cihaz və avadanlıqlar alınır. BDU-nun nəzdində elmi-tədqiqat institutları və elmi mərkəzlər fəaliyyət göstərir. Hazırda universitetin yüzlərlə yetirməsi dünyanın qabaqcıl təhsil müəssisələrində oxuyur, çalışır, habelə xarici ölkələrdən gələn 500-dən çox tələbə Azərbaycan elminin sirlərinə yiyələnirlər. Hazırda Bakı Dövlət Universiteti dünyanın inkişaf etmiş ölkələrinin aparıcı universitetləri ilə bir sırada dayanır, nüfuzlu assosiasiyalarda təmsil olunur, dünyanın aparıcı elm və təhsil mərkəzləri ilə ikitərəfli əməkdaşlıq zəminində səmərəli fəaliyyət göstərir. Son illər Bakı Dövlət Universitetinin özü bir çox beynəlxalq tədbirlərin mərkəzinə çevrilmişdir. Burada informasiya cəmiyyətinin əsası sayılan kompüter texnologiyası uğurla tətbiq edilir. Hazırda universitetdə internetin zəngin məlumat bazasından tələbələrin yararlanması üçün görülən böyük işlər davam etdirilir.

BDU ölkənin ilk universiteti kimi bu gün öz tarixi mövqeyini, müsbət ənənələrini, elmi uğurlarını və cəmiyyətdəki yüksək nüfuzunu qoruyub saxlayır. Düzdür, sonradan bir çox ali təhsil müəssisələri yaradılsa da, universitet cəmiyyətdəki lider mövqeyini hər zaman qoruyub saxlaya bilmişdir. 90 yaşlı universitet bu gün həm ölkədaxili islahatlarda aparıcı mövqeyini qoruyub saxlayır, eyni zamanda, Azərbaycan təhsilinin dünya miqyasına, xüsusən Avratlantik məkana inteqrasiya prosesində öndə gedir.

Bütün bunlar möhtərəm Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyası ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamına uyğun olaraq həyata keçirilir. Elmi qurumların strukturunun müəyyənləşdirilməsini, tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını və maliyyələşdirilməsini, ölkənin elmi kadr potensialının artırılmasını və onun sosial müdafiəsinin gücləndirilməsini, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsini və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədilə verilən sərəncam Prezident İlham Əliyevin Azərbaycan elminə göstərdiyi diqqət və qayğının barız nümunəsidir.

Dövlət başçısının fəaliyyəti ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Hazırda daimi olaraq elmin inkişafına diqqət artırılır, bu sahənin maddi-texniki bazası möhkəmləndirilir, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilir.

Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə çoxalması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar həmin əhəmiyyətli sahəyə diqqət və qayğının bariz nümunəsidir. Elm və təhsil ictimaiyyətinə göstərilən yüksək diqqət və qayğını, ümumilikdə ölkəmizin bütün sahələrdə qazandığı böyük nailiyyətləri respublikamızın nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin çoxsaylı tələbə-müəllim heyəti də yaxından hiss edir və dərin rəğbət hissi ilə alqışlayır.

Möhtərəm Prezident İlham Əliyevin bu il may ayının 22-də imzaladığı "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiqi haqqında sərəncamı bütün sahələrdə olduğu kimi, təhsildə də Avropa məkanına inteqrasiyanı sürətləndirməyə xidmət edır. Ölkə başçısının bu sərəncamı respublikanın ali təhsil sisteminin və onun məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədilə verilmişdir.

Ölkəmiz Bolonya prosesinə 2005-ci ilin mayında qoşulub. Bu proses uğurla davam edir. Hazırda Azərbaycanın 26 ali məktəbində ayrı-ayrı ixtisaslar üzrə kredit sistemi tətbiq olunur. 2010-cu ilədək ölkənin bütün ali təhsil müəssisələrində bütövlükdə bu sistemin tətbiq edilməsi nəzərdə tutulur. Dövlət başçısının sərəncamına uyğun olaraq BDU-da bununla bağlı əsaslı işlər görülməkdədir.

Bolonya prosesinin əsas şərtlərindən biri kimi pilləli təhsil sisteminə Bakı Dövlət Universitetində 1993-cü ildən keçilmişdir. Kredit sisteminə yaxınlaşdırılmış tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi isə 1999-cu ildən tətbiq edilmişdir. 2006-cı ildən etibarən BDU-nun 2 fakültəsində: biologiya və jurnalistika fakültələrində, sonradan daha 4 fakültədə, hazırda isə universitetin bütün fakültələrində Bolonya prosesinə keçilmişdir.

Bolonya prosesinin əsas məqsədi Avropa məkanında fəaliyyət göstərən universitetlərin inteqrasiyasıdır. Bu vahid kreditləşmə və diplomların dünya səviyyəsində qarşılıqlı tanınması sisteminin yaradılmasına zəmin yaradır. Həmin prosesin əsas tələbi istər müəllim, istərsə də tələbə heyəti arasındakı aktivliyə müəyyən dərəcədə müstəqilliyin verilməsidir. Tələbə özünüidarəetmə sisteminin yaradılması və ona universitetin idarə edilməsində iştirak hüququnun verilməsi və bu hüquqların qorunması tədrisin keyfiyyətini təmin edən əsas mexanizmdir. Prosesin Azərbaycan üçün vacibliyi onunla izah edilir ki, ölkədə inkişaf edən bazar iqtisadiyyatı gənclərin qarşısında yeni məsələlər qoyur. İlk növbədə, ölkə üçün vacib olan ixtisaslaşmanı müəyyən edir və qazanılmış biliklərin tətbiqi sahələrini müəyyənləşdirir. Gənclərin dünyada baş verən proseslərə yaradıcı gözlə baxmasının, analitik və tənqidi təfəkkürlə yanaşmasının vacibliyini ortaya çıxarır.

Belə şəraitdə Azərbaycanın təhsil sisteminin Bolonya prosesinə qoşulması onun təkmilləşməsinin və dünya standartlarına uyğun olmasının əsas amillərindən birinə çevirir və ölkə gəncləri üçün əlavə perspektivlər açır.

Bolonya prosesi və onun əsas tələblərindən biri kimi kredit sisteminin tətbiqi barədə Təhsil Nazirliyində müvafiq əsasnamə və ona uyğun universitetdə əsasnamə hazırlanmış və təsdiq olunmuşdur. BDU-da yuxarıda göstərilən fakültələrin bütün ixtisasları üzrə dövlət təhsil standartları yenidən işlənilmiş, tədris planları, işçi tədris planları hazırlanmış, fənlərin sayı xeyli azaldılmış, ixtisas fənlərinə diqqət artırılmış və hər semestrdə 15 həftəlik tədris qrafikinə keçilmişdir. Tələbələrin fərdi müəllimlərin işçi tədris planları və tədris qrafikləri müəyyənləşdirilmişdir. Əyani vəsait kimi göstərilənlər tövsiyə şəklində çap olunmuş və həmin fakültələr üzrə tələbələrə və müəllimlərə verilmişdir. Bu göstərilənlər tövsiyələrdə öz əksini tapmışdır. Akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil edilmiş və fakültələrin maddi-texniki bazası gücləndirilmişdir.

Bir neçə dəfə BDU rəhbərliyinin tələbə və müəllimlərlə Bolonya prosesinin tətbiqinin gedişi barədə görüşü keçirilmişdir. Bolonya prosesi tətbiq edildikdən sonra universitetdə tədris prosesinin gedişi və tələbələrin aktivliyi ötən illərə nisbətən xeyli yüksək olduğu müəyyən edilmişdir.

Biz kredit sisteminin tətbiq edildiyi ali məktəblərlə, xüsusən də digər ölkələrin aparıcı universitetləri ilə əlaqə saxlayırıq. Hesab edirik ki, respublikanın Bolonya prosesinə qoşulmuş digər ali məktəblərində tədris prosesinin təşkilinin qarşılıqlı əlaqələndirilməsi, koordinasiya edilməsi məqsədəuyğundur.

Hər bir universitet tələbəsini qarşıdakı yeniliklər haqqında bilgiləndirmək məqsədilə universitetin nəşriyyatı xüsusi olaraq "Bolonya prosesində kredit sisteminə dair tövsiyələr" çap etdirmişdir. Burada ali təhsil müəssisələrində bu sistem ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə, kredit sistemi vasitəsilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi meyarları, fənlər üzrə imtahanlar, onların əsasnaməsi özünə yer almışdır. Düşünürük ki, bu qaydalarla tanış olan hər bir tələbə öz hüquq və vəzifələrinin öhdəsindən layiqincə gələ biləcəkdir.

Bundan əlavə, tələbələrə Bolonya prosesinin tarixi, onun tətbiqi prinsipləri, kredit sisteminin faydası, bu sahədə həyata keçirilən yeniliklər haqqında dolğun və hərtərəfli məlumat vermək məqsədilə universitetin nəzdində Elektron Tədris Mərkəzi yaradılmışdır. Hazırda həmin mərkəz müvəffəqiyyətlə fəaliyyət göstərir.

Bu ildən etibarən BDU tələbələrinin ixtiyarına daha bir yenilik verilmişdir. Bizim mütəxəssislər tərəfindən çox gərəkli olan "Elektron universitet" saytı yaradılıb. 4000-dən artıq tələbə bu sistem vasitəsilə müəllimlərin mühazirələrinin elektron versiyasına, tapşırıqlara, test və suallara rahat giriş əldə edir. Bu sayt hər bir tələbənin həyatında mühüm rol oynayır və onun yardımçısına çevrilir. Avropa təhsil sisteminə inteqrasiya yolunu tutan, Bolonya prosesinin şərtləri əsasında təməli qoyulan "Elektron Universitet"in xidmətləri, şübhəsiz ki, yaxın vaxtlarda öz müsbət nəticələrini göstərəcəkdir.

Bolonya sisteminin ən üstün cəhətlərindən birincisi odur ki, ölkəmizdə ali təhsilini başa vuran tələbənin təhsil haqqında sənədləri digər ölkəyə təqdim olunan zaman o, heç bir çətinliklə rastlaşmayacaq və sıxıntı keçirməyəcək. Onun qiymət cədvəlində fənlərin qiymət göstəricisi-krediti və bütün fənlər üzrə orta qiymət göstəricisi yazılacaq. Tələbə məcburi fənlərdən başqa, digər fənləri və onları tədris edən müəllimləri seçməkdə müstəqil və sərbəst olacaq.

Bolonya prosesinə keçid mərhələsində əsas məsələ tələbələrdə qalıq biliyin artırılması, gücləndirilməsi və yaxşılaşdırılmasıdır. Bunun uçün onlarda öz fənlərinə olan marağı daha da artırmaq gərəkdir. Bu məqsədlə ötən ildən etibarən BDU-da dövlət imtahanları keçirilir. Bütün fakültələrin tələbələri 3-4 əsas ixtisas fənlərindən dövlət imtahanı verirlər. İldən-ilə bu proses daha da təkmilləşir.

Dövlət imtahanına builki yanaşma daha obyektiv olmuşdur. Prosesin özü də yüksək səviyyədə təşkil edilmişdir. Keçən il dövlət imtahanı ilk dəfə təşkil olunduğundan müəyyən çətinliklər yaranmış, bizi qane etməyən məqamlar özünü göstərmişdir. Biz bütün bu əyintiləri hərtərəfli araşdırıb təhlil etdik və bu il onların qarşısını almağa müvəffəq olduq. Builki dövlət imtahanları daha mükəmməl keçirilmişdi. Cari ilin fevral ayından başlayaraq ardıcıl olaraq bütün fakültələrdə tələbələrin universitet rəhbərliyi ilə görüşləri təşkil olunmuş, dövlət imtahanlarının mahiyyəti haqqında geniş açıqlama verilmişdır. Növbəti mərhələdə universitet rəhbərliyinin tapşırığı əsasında dövlət imtahanlarının sualları hazırlanmış və onlara təqdim olunmuşdur. Tələbələr imtahan sualları ilə artıq fevral ayından etibarən tanış olmuşlar, müvafiq elmi ədəbiyyat əldə edib hazırlaşmağa başlamışlar. Belə yanaşmanın nəticələri kifayət qədər effektiv oldu. Uğurlu nəticələr artıq göz önündədir. Tələbələrin böyük əksəriyyəti dövlət imtahanından müvəffəq qiymət almışlar. Dövlət imtahanına hazırlıq mərhələsinin yüksək səviyyədə keçməsinin başqa bir müsbət cəhəti də özünü açıq şəkildə göstərmişdir. Magistraturaya qəbul imtahanları zamanı BDU-nun tələbələri müqayisəolunmaz dərəcədə yüksək nəticələr göstərmişlər. Universitetlə bağlı olan ixtisasları nəzərə almaq şərtilə magistraturaya qəbul planında ayrılmış yerlərin 90 faizini Bakı Dövlət Universitetinin tələbələri tutmuşlar. Hətta universitetdə hazırlığı aparılmayan ixtisaslar üzrə də BDU-nun tələbələri magistraturaya qəbul olunanlar sırasında çoxluq təşkil edir. Bu, gözəl göstəricidir. Deməli, Bolonya prosesinə keçid, tədrisin təşkili, Avratlantik məkana inteqrasiya mərhələsində dövlət imtahanlarının düzgün, qərəzsiz, neqativ hallara yol vermədən, obyektiv və şəffaf keçirilməsi yolumuzun uğurlu və demokratik olmasının bariz nümunəsidir. Hesab edirik ki, dövlət imtahanlarının belə təşkili Bakı Dövlət Universitetinin tələbələrinin magistraturaya qəbul mərhələsində yüksək bal toplaması ilə nəticələnmişdir.

 

 

Vüsət ƏFƏNDİYEV,

BDU-nun tədris işləri üzrə

prorektoru, professor

 

Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 5.