Həmyerlimiz Dünya Rəssamlıq Akademiyasının üzvü seçilib

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin zalında düzənlənən tədbiri giriş sözü ilə açan tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Sadıqov bu toplantının ürəkaçan bir hadisəyə həsr olunduğunu bildirdi.

O, Xorvatiyadan Azərbaycana xüsusi missiya ilə təşrif gətirmiş "Yeni era" Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silovu universitetin müəllim və professor heyətinə təqdim etdi. R.Sadıqov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tarixi, inkişaf mərhələləri, yerinə yetirdiyi vəzifələr barədə məlumat verib, daha sonra hörmətli qonağın Bakıya - ADMİU-ya gəlişinin məqsədini açıqladı. Bildirdi ki, son illər ADMİU-nun beynəlxalq əlaqələri nəzərəçarpacaq dərəcədə genişlənib. Bu gün ADMİU-nun məzunlarının, hazırda təhsil alan istedadlı tələbələrinin və burada pedaqoji fəaliyyət göstərən görkəmli sənət xadimlərinin adları beynəlxalq miqyasda keçirilən tədbirlərdə çəkilir, yaradıcılıq sərgilərinin, ayrı-ayrı əsərlərinin sorağı uzaq-uzaq ellərdən gəlir. Xorvatiyalı qonağı Azərbaycana gəlməyə sövq edən də məhz ADMİU-nun təhsil və yaradıcılıq sahəsində əldə etdiyi uğurlar olub.

Məlum oldu ki, Anatoli Silovun ölkəsində həmyerlimizi - ADMİU-nun rəssamlıq fakültəsinin professoru Arif Əzizi də yaxşı tanıyırlar və ona hörmət bəsləyirlər. Buna görə də onun "Yeni era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilməsi barədə qərar qəbul ediblər.

A.Silov Azərbaycan rəssamlıq məktəbinin nümayəndələrinin yaradıcılığına dərindən bələd olduğunu, xüsusilə Arif Əzizin yüksək istedadını, savad və mədəniyyətini, tolerantlığını alqışladığını bildirdi. Qeyd etdi ki, onun başçılıq etdiyi akademiya 130 ölkəni özündə birləşdirir. Burada Avropanın, Asiyanın, Afrikanın, Cənubi Amerika və Kanadanın məşhur sənətkarları təmsil olunur. Onlar öz ölkələrinin ən nüfuzlu təhsil ocaqlarından seçiliblər və Arif Əziz akademiyanın həqiqi üzvləri sırasında 23-cü akademik olacaq. Bu faktı, ümumiyyətlə, Azərbaycan rəssamlığının uğuru saymaq olar.

Tədbirdə Arif Əzizə Dünya Rəssamlıq Akademiyasının fəxri diplomu təqdim edildi.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 6.