Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında

 

Azərbaycan Respublikasında fundamental elmi tədqiqatların stimullaşdırılmasını, ölkəmizin təbii resurslarının, mədəni tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılması maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

2.3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 1.