III Respublika yaradıcılıq festival-müsabiqəsinə yekun vuruldu

 

Oktyabrın 21-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin III Respublika yaradıcılıq festival-müsabiqəsinə yekun vurulmuşdur.

Teatrın foyesində müsabiqə iştirakçılarının rəsm əsərlərindən ibarət sərgi açılmışdır.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, bu tədbirlərin keçirilməsi olduqca vacib və əhəmiyyətlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən danışan Ə.Həsənov Prezident İlham Əliyevin bu problemi həll etmək istiqamətində gərgin fəaliyyət göstərdiyini, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunması naminə beynəlxalq miqyasda apardığı məqsədyönlü siyasəti tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Ə.Həsənov demişdir ki, festival-müsabiqədə çıxış edən gənclərin əksəriyyəti öz doğma yurdunu görməmişdir. Lakin gün gələcək onlar öz istedadlarını doğma Qarabağ torpağında nümayiş etdirəcəklər.

Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın (2005-2009-cu illər) icrasını təmin etmək istiqamətində görülən işlər barədə məlumat vermişdir. 2006-cı ildən başlayaraq keçirilən qacqın və məcburi köçkün yeniyetmə və gənclərin Respublika yaradıcılıq festival-müsabiqəsi məhz bu proqram çərçivəsində təşkil edilir. Məqsəd qaçqın və məcburi köçkün həyatı yaşayan gənclərimizin yaradıcılıq potensialını aşkar etmək, onların gələcək inkişafına lazımi şərait yaratmaqdır.

Natiq demişdir ki, gələcəkdə də bu iş davam etdiriləcək, müsabiqənin yekun mərhələsi 2010-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçiriləcəkdir.

Tədbirdə çıxış edən festival-müsabiqənin münsiflər heyətinin üzvü Azərbaycanın xalq artisti Mənsum İbrahimov son illər musiqimizin, mədəniyyətimizn təbliği istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışmışdır.

Bildirilmişdir ki, festivalda qalib adını qazanan istedadlı gənclər yaxın gələcəkdə ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər.

Sonra rəsm, musiqi və bədii qiraət nominasiyaları üzrə keçirilən festival-müsabiqənin qaliblərinə birinci, ikinci və üçüncü dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

Tədbir festival qaliblərinin geniş konsert proqramı ilə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 2.