Baş tutmayan müsahibə

 

Qayğıların çoxluğundan imkan tapıb çoxdan görmədiyim bulvara çıxırdım. Oturacaqda əyləşib xəzrinin xəfifcə dalğalandırdığı bayrağa tamaşa edən bir kişi diqqətimi çəkdi. Aman Allah, necə də oxşayırdı ona. Oturuşu, sifətinin cizgiləri, ağ tüklərin gümüşü cığır açdığı saç düzümü, əlləri... birə-bir onunku idi. O da Xəzəri çox sevirdi. Fəqət, onu beləcə oturub həyatın şirinliyindən zövq alan görmək ən böyük arzularımdan olsa da, belə bir fürsətin dəhşətli dərəcədə mümkünsüz olduğunu da dərk edirdim.

 

İrfan Ülkü ilə tanışlığımızın tarixi on il əvvələ təsadüf edir. O vaxt Türkiyənin dəyərli oğlu, doktor Akkan Suverin başçılıq etdiyi Mərmərə Qrupu Vəqfinin təşkil etdiyi Avrasiya İqtisadi Sammitinə qatılanların sırasında sətirlərin müəllifi də vardı. Və elə həmin tədbirarası fasılələrdən birində nümayəndə heyətimizin rəhbəri, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bizi bir-birimizə təqdim edərək -ikiniz də qələm adamısınız, tanış olun, - dedi. Və İrfan Ülkü ilə həmin tanışlıq mütəmadi İstanbul-Bakı görüşləri ilə 2008-ci il oktyabrın 14-dək davam etdi.

 

***

 

Hava limanında ölkəmizdə keçiriləcək prezident seçkilərini izləyəcək Türkiyə nümayəndə heyətinin tərkibində başqa dostlarımızla yanaşı, İrfan bəyi də görəndə sevindim. Yanındakı qəzetçi və televizyonçu həmkarlarını təqdim etdi. Ümumi söhbət əsnasında zarafatla qayıtdı ki, Halitciyim (danışığına beləcə şəkər qatmağı da var idi - X.N.), neçə ildi bir-birimizi tanıyırıq. Amma bir dəfə də olsun məndən müsahibə almadın. Dedim, ay İrfan bəy, yazarın yazardan müsahıbəsini necə təsəvvür edirsiniz? - Xeyr, anladacağım bir çox məsələlər var. Mütləq görüşək, - israr etdi.

Əslində, İrfan Ülkü mənim, beş-on adamın deyil, bütün Azərbaycanın dostu idi. Ulu öndərimizin heyranı, Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövründə onun yanında olmuş, haqqında "Qızıl aydan hilala: Heydər Əliyevin fırtınalı həyatı" kitabını yazmış istedadlı türk jurnalisti idi. Və sözün düzü, mən xeyli vaxt idi ki, ondan öz kitabım üçün ulu öndərimizlə bağlı xatirələrini rica edəcəkdim. Oktyabrın 16-sı, seçkilərdən sonra, rahatca oturub işləməyi qərara almışdıq. Fəqət, zalım əcəl imkan vermədi. Öz xatirələrini bölüşmək müyəssər olmasa da, haqqında pərən düşmüş düşüncələrimi qələmə aldım.

 

***

 

Qəzetçi, yazıçı, araşdırmaçı. Qələmə, sözə bağlı ömür, narahat tale.

İrfan Ülkü 23 yaşlı bir dəliqanlı olaraq "Tərcüman"da fəaliyyətə başladı. Sonrakı illərdə "Günəş", "Türkiyə", "Yeni Günaydın" və "Ortadoğu" qəzetlərində köşə yazarı, baş redaktor oldu, "Star TV", TGRT, "Kanal - 6"da müxtəlif vəzifələrdə çalışdı. Amma harada olmasından, hansı vəzifədə işləməsindən asılı olmayaraq onun bütün məziyyətlərini toplayıcı linza kimi sıyırıb ortaya qoyan bir keyfiyyəti vardı - kişiliyi, mərdliyi. Bunun arxasınca isə digər xarakterik cizgiləri gəlirdi: böyük türk sevdası, dövlətcilliyi, cəsarəti, dostcanlığı, bütün media camiəsinin qəbul etdiyi peşəkarlığı, istedadı və bir də övladı kimi ərsəyə gələn yazıları, əsərləri. Bu gün Türkiyə mediasının çox gərəkli isimlərini görməkdəyik. Əslində, media da haradasa bir biznes sahəsi olduğu üçün alınıb-satıldığından, həmin adamlar həmişə fərqli amplualarda çıxış etməli olurlar. Ancaq İrfan Ülkü elələrindən olmadı. Ola bilmədi. Hər dəfə belə bir "transformasiya təhlükəsi" gündəmə gələndə əqidəsini, baxışlarını, ideallarını dəyişməkdənsə, iş yerini dəyişməyi əfzəl bildi.

İrfanın həm bir qələm əhli kimi, həm ictimai, həm də yeri düşəndə siyasi fəaliyyətinin məhvərindən keçərək bütün varlığını, vücudunu sıyırıb ehtiva edən digər fərqli nişanəsi isə onun qəti vətəndaş mövqeyi idi. Özünün həm mənəvi, həm də hüquqi anlamında bu vətəndaşlıq mövqeyi onun üçün şəxsi, yaxud korporativ olaraq bütün maraq və mənafelərdən, elan olunub-olunmamış prinsiplərdən üstün idi.

İldə heç olmasa bir dəfə görüşürdük İrfanla. İstanbulda. Akkan bəy özü vaxtilə Türkiyənin ünlü qəzetçilərindən olduğu üçün İrfan Ülkünü yüksək dəyərləndirir, yaddan çıxarmır, keçirdiyi tədbirlərə dəvət edirdi. Elə onun talesiz ölümünə yananlardan biri də Akkan Suver oldu.

2008-ci il mayın əvvəllərində Avrasiya İqtisadi Zirvəsinin baş katibi Vaqif Qasımovla İstanbulda növbəti sammitə qatılmışdıq. "Ramada" otelində qalırdıq. Üç gün arxada qalmışdı və axşam Bakıya dönəsi idik. İrfan etirazlarımıza baxmayaraq, bizi "uğurlamağa" gəlmişdi. Dünyanın yorğunu görünürdü. Bir neçə saat oturub qəhvə içə-içə söhbətləşdik. Bildirdi ki, bəs "6 News TV"nin baş direktorluğunu həvalə ediblər ona. Hər nə qədər qayğılı görünsə də, həvəslə planlarından, Orta Asiya ölkələri və Azərbaycanda həyata keçirmək istədiyi layihələrindən danışırdı.

İrfan Ülkü elə beləcə idi - sadə, səmimi, istiqanlı, qayğılı. Türkiyənin tanınmış jurnalist-publisisti, qəzetçi-televizyonçusu. Tanıyanlar bilirdilər ki, o, çox universal, istedadlı və sərrast vətəndaş mövqeyi olan bir türk idi. Bütün müsbət məziyyətlərinin fövqündə bir də içində Azərbaycan sevgisindən güc alan böyük bir tonqal alovlanırdı.

İrfanın Azərbaycan sevgisi intəhasız idi. Nədən qaynaqlanırdı, haradan götürürdü mənbəyini, deyə bilmərəm. Amma hər sözündə, kəlməsində, baxışlarında, davranışında duyulurdu. Ölkəiçi vəziyyəti, siyasi durumu o qədər səlis bilirdi, mühakimələri o qədər sərrast və peşəkar idi ki, handa bir jurnalist, yaxud siyasətçi həsəd apara bilərdi. O bu munis sevgini həzin misralara köçürməyi də bacardı - Azərbaycanın sovetlər dönəmindəki 70 illik tarixinin poetik tərcümanı olan "Pıçıltılar Kitabı" adlı şer kitabı belə bir vurğunluğun tərcümanı kimi ərsəyə gəlmişdi.

Bakını isə bir özgə məhəbbətlə sevirdi... dəlicəsinə, çılğıncasına. Saatlarla və dəfələrlə, usanmadan eyni məkanları dolaşa bilərdi. Təkcə paytaxtın tarixi mərkəzini deyil, "civarı" da gəzməyi xoşlayırdı. İllah da ki, Mərdəkanı. 1998-ci ilin aprelində İstanbulda kiçik bir kitabçası işıq üzü görmüşdü. Adı da belə idi: "Gecənin yollarında Bakı". Bu şəhərlə ani görüşləri, Qarabağ müharibəsinin dəhşətləri, Heydər Əliyevin xilaskar obrazı ilə bağlı düşüncələrini, qəlbində çağlayan duyğuları poeziyanın həzin, lətif dilinə çevirib oxucularına ərməğan etmişdi.

İlk kitabı isə Heydər Əliyev haqqında oldu - "Qızıl ulduzdan hilala. Heydər Əliyevin fırtınalı həyatı". Bu kitab 1993-cü ildə - tarixən çox maraqlı, zaman olaraq qarğaşalı bir vaxtda qələmə alınmışdı. Sonralar - dünyanın düz vaxtı Heydər Əliyevdən irili-xırdalı kitab "bağlayanların" sayı itəcəkdi. Ancaq o vaxt ortada bir tək İrfan vardı. Özü də həmişə səmtinə sarı həsrətlə baxdığımız Türkiyə yazarı olaraq.

Yeddi il sonra işıq üzü görən "Müstəqillikdən sonra Azərbaycan" kitabında isə müəllif sovet əsarətindən qurtularaq müstəqilliyinə qovuşmuş bir ölkənin ilk beş ilinin fırtınalı tarixindən bəhs etmiş, Azərbaycanın yeni tərcümeyi-halını yazan Heydər Əliyevin həmin dönəmdə qarşılaşdığı çətinliklərin pərdəarxası olaylarından bəhs etmişdi.

Son dərəcə məhsuldar işləyən İrfan Ülkü sonrakı illərdə oxucularına bir-birindən maraqlı "Moskvayla İslam arasında Orta Asiya", "Trotskiçi imperatorluq", "Türklüyün son cəbhəsi. KQB arxivlərində Ənvər paşa", "Böyük oyundakı türk - Ənvər Altaylı" kitablarını təqdim etdi. O, Türkiyədə və bütövlükdə türk dünyasında Orta Asiya və Qafqaz üzrə mütəxəssis kimi qəbul edilirdi.

İrfan Ülkü bir müddət Bakı Slavyan Universitetində türkologiya və jurnalistika fənlərindən dərs də deyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Ölkə yazıçılarının XI qurultayına fəxri qonaq kimi qatılarkən məşhur türk şairi Atilla İlhanın qurultaya ünvanladığı məktubu oxumazdan əvvəl "Biz də Dədə Qorquddan gəlirik, siz də Dədə Qorquddan gəlirsiniz, ədəbi atalarımız eynidir" deyərək iki qardaş ölkənin ədəbi, mədəni, tarixi birliyindən söz açmışdı. O, ictimai həyatın nüfuz edə bildiyi bütün başqa sahələri kimi, ədəbi əlaqələrimizdə də bir dostluq sovqatını əmanət qoyub getdi.

 

***

 

2008-ci il oktyabrın 15-i. Səhər obaşdandan İrfan Ülkü qəzetçi həmkarları ilə birlikdə onlar üçün ayrılmış maşında ceçki məntəqələrini gəzərək səsvermənin gedişini izləyirdi. "Cümhuriyyət"in yazarı Leyla Tavşanoğlu, "Sabah"dan Yavuz Donat və "Vətən" qəzetinin təmsilçisi Can Ataklı Bakıda ilk dəfə olduqlarından İrfan bəy ev sahibi kimi şəhərlə tanışlığı da öz üzərinə götürmüşdü. Paylarına düşən məntəqələrdə səsverməni izlədikdən sonra "qonaqları" ilə şəhər kənarına çıxdı. Can Ataklı yüksək əhval-ruhiyyə ilə açılan həmin günün məşum sonluğunu belə anladır: "Bir xeyli seçki məntəqəsində olduqdan sonra Bakının ətrafını da görmək istədik. Azərbaycanı haradasa elə Türkiyə qədər sevən, uzun illərini bu ölkədə keçirmiş İrfan Ülkü bizi ilk neft milyonçularının yaşadığı qəsəbədən (İrfan bəy Yesenin poeziyasına məhəbbətinin sorağı ilə Mərdəkanda bir neçə dəfə olmuşdu - X.N.) keçməklə Şüvəlana gətirdi. Pir Həsən türbəsini və məscidi ziyarət etdik. Sonra ilk neft milyonçularından Hacı Zeynalabdin Tağıyevin evinə getdik. Böyük bir malikanə olsa da, çox baxımsız vəziyyətdə idi. Qapıya çıxıb bizimlə ilgiləndilər, məlumat verdilər. Elə bu əsnada İrfan qəfildən sarsılıb yerə yıxıldı. Ürək krizi keçirirdi. Bütün çalışmalarımıza rəğmən ölümün pəncəsindən qurtula bilmədi. Köməyimizə gələn təcili yardım həkimi ana damarın bir andaca tıxandığını, xəstəxanada belə ona köməyin mümkün olmayacağını söylədi".

Elə bir talesiz, çarəsiz həyat yaşayırıq ki, hərdən qədərə, müqəddərata da inanmalı olursan. Deyilənə görə, İrfan haçansa dostlarından birinə Azərbaycanda ölmək istədiyini söyləyibmiş. Bəlkə də Tanrı öz bəndəsinə sevgisini belə bir təsadüfi və vaxtsız ölümlə çatdırmaq istəyibmiş...

Az qala unutmuşdum, İrfan bəy həm də Hüseyn Cavidin vurğunu idi. Cavid əfəndini "...türk düşüncə və duyğu kainatının böyük şairi" adlandırırdı: "İyirminci yüzildə türk xalqları böyük şairlər, yazıçılar, bəstəkarlar yetişdirdi. Hüseyn Cavid onların arasında fərqli bir yerə malikdir. Cavid Naxçıvanda, o, türk memarlığının zərif, firuzəyi çinilərl işlənmiş türbəsində əbədi uyuyur. O yalnız Azərbaycanın deyil, Türkiyənin, bütün türk dünyasının da şairidir. Böyük xatirəsi qarşısında sayğıyla baş əyməyi bir borc bilirəm", - deyən İrfan Ülkü böyük şairdən bir də bu misraları misal çəkmişdi məqalələrindən birində:

Görmədim əsla tikansız gül, zülmətsiz işıq,

Hər vüsalı daim təqib edər bir ayrılıq.

 

Elə vüsala ümid yeri qoymayan həmin ayrılıqdır ki, düz bir ildir sırsıra buz parçasına dönərək kəsib İrfanla aramızı.

 

* * *

 

Əmirgən İstanbulun yeri, havası çox xoş bir səmtidir. Üzü Tarabyaya sarı cilvəli Bosforun sahilində yüzillik ağacların kölgələndirdiyi bir təpənin başıdır. Bu tərəflərə yolu düşən adamı bihuş edən sakitlik və havası ilə İstanbulda deyil, hansısa bir kurort şəhərciyində olduğunu zənn edər. Belə bir məkanda 1952-ci ildə doğulmuşdu İrfan Ülkü. Əsl istanbullu, yeddi arxa dönəni saf qanlı türk oğlu türk idi.

Elə Əmirgən məzarlığında da torpağa tapşırdılar Irfan Ülkünü. Tabutu candan əziz sevdiyi iki ölkənin bayrağına sarınmışdı. Onu son mənzilə yola salmağa çoxsaylı dostları gəlmişdi. Qələmi, varlığı və idealları ilə türk xalqına xidmət etmiş bir insanı əbədiyyət yolçuluğuna uğurlayanlar arasında siyasətçilər, məmurlar, sənət və ədəbiyyat adamları, qəzetçilər vardı.

Elə bilirəm, onu yenə görəcəyəm. Hər görüşdükdə təbəssüm dilimləri ilə şölələnən çöhrəsi, çiynindən aşırdığı qara dəri çantası ilə... Ruhlarımızın dolaşdığı əbədiyyət aləmində də ölkə, sərhəd, məsafə anlayışı yoxdu ha!..

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2009.- 24 oktyabr.- S. 6.