Sakit ola bilmərik

 

23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun işğalı ilə Qubadlı Zəngilan rayonları, demək olar ki, mühasirəyə düşdü. Bircə ümid yeri vardı. Zəngilan rayonunun alayı dəfələrlə xahiş etmişdi ki, Füzuli Cəbrayılı qaytara bilmiriksə, heç olmasa Zəngilana kömək üçün bir neçə texnika göndərilsin. Ancaq heç kim eşitmədi.

30 avqust 1993-cü il. Ermənilərin növbəti irimiqyaslı hücumu ilə Qubadlının Xanlıq kəndi zəbt olundu. Dinc əhali pərən-pərən düşdü. Müdafiə yox idi. Geri çəkilənlərin qarşısını heç kim ala bilmirdi. Qubadlının prokuroru, məhkəmə sədri, milis şöbəsinin rəisi öldürüldü... Rayondakı səkkiz batalyon ərazini tərk etdi.

1993-cü il avqustun 31-i Qubadlı rayonu işğal edildi. Qubadlı alayının bir neçə bölüyü sonradan geriyə qayıtsa da, heç nəyə nail ola bilmədi yenə Zəngilandakı ordu hissələri Qubadlı rayonu istiqamətinə köməyə göndərildi.

1 sentyabr 1993-cü il. Mahruzluda, Ulaşlıda, Çərəlidə, Qaralarda ermənilərin hücumlarının qarşısı alındı. Xeyli itki verən düşmən günaşırı Zəngilan alayına hücum edirdi. Zəngilan alayı böyük bir ərazidə düşmənlə üzbəüz idi. Zəngilan-Bakı şose yolu hələlik açıq olsa da, bir neçə "qrad" qurğusu olan maşını Beyləqan istiqamətinə göndərdilər.

İki ay mühasirədə qalan Zəngilanın faciəli günləri oktyabrın 23-dən başlandı. Həmin gün Zəngilanın Azərbaycanla əlaqəsi tamam kəsildi. Hər tərəfdən mühasirəyə alınmış düşmənlərin güclü hücumuna məruz qalmış əhali öz dədə-baba torpağını tərk edərək Araz çayını keçib İran ərazisinə pənah gətirdi.

Oktyabrın sonları Zəngilanın yüzillik tarixinə qara hərflərlə yazıldı.

O günləri xatırladıqca yaralarımız qan verir. Amma yenə sözüm, söhbətim səndədir, ey doğma Zəngilanım. Sənsiz bir anım da olmayıb. Doğma elimizdən, dolu evimizdən, barlı-bərəkətli bağçalarımzdan əl çəkib pərən-pərən düşdük. Taleyin gərdişi beləymiş. Bir az da dözün, dünya belə qalmaz.

Qaçqın düşüb itirdiklərimizin qədrini sonradan daha dərindən dərk edib ürək sızıltısı ilə yanıb-yaxılırıq. Bizim kimi bütün qaçqın düşənləri xatırladıqca adamın bağrının başına elə bil köz yapışdırırlar. Ötən 16 ildə o torpağı görmək həsrəti ilə neçə-neçə zəngilanlı öz dünyasını dəyişib.

...Bu mənim, sənin, bizim torpağımızdır, qardaş. Şəhid olmuş dostlarımızın, qardaşlarımızın qanını almayınca, düşmən tapdağında qalan torpaqlarımızı azad etməyincə, sakit ola bilmərik!

 

 

Akif KƏRİMLİ,

Azərbaycanın fəxri bədən

tərbiyəçisi idman işçisi

 

Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 7.