Ərzaq bolluğuna etibarlı zəmin yaradılır

 

Ümummilli lider Heydər Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət göstərirdi. Məhz o böyük şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda torpaq islahatı uğurla həyata keçdi, kiçik və orta sahibkarlığın, özəl sektorun, fermer təsərrüfatlarının, ümumilikdə kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradıldı.

Bu məsələni daim diqqət mərkəzində saxlayan ölkə başçısı cənab İlham Əliyev də kiçik və orta sahibkarlığa, aqrar sahənin inkişafına, əhalinin ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsinə böyük önəm verir. Xalqın milli maraqlarına əsaslanan məqsədyönlü islahatların ardıcıl həyata keçirilməsi ölkəmizin qüdrətini və imicini daha da artırmış, əhalinin maddi rifahının yaxşılaşdırılmasına əlverişli şərait yaratmışdır. Kiçik sahibkarlıqla məşğul olan müəssisələrin sayı 10 mindən yuxarıdır. Aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində torpaq istifadəçilərinə mexanikləşdirilmiş istehsalat xidmətlərinin həcmi və növü genişləndirilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarının traktor, kombayn, digər kənd təsərrüfatı maşın və avadanlıqları, habelə toxum və gübrə ilə təminatı xeyli yaxşılaşdırılmışdır. Mütəxəssislər və təsərrüfat adamları bunu çox yüksək qiymətləndirirlər. Məhz ulu öndərin özülünü qoyduğu siyasi kursun ugurlu davamının nəticəsidir ki, ölkəmiz neçə vaxtdır regionda iqtisadi inkişaf tempinə görə lider dövlətə çevrilib. Dövlətin dəstəyi nəticəsində ölkə iqtisadiyyatı ildən-ilə özünün yeni inkişaf mərhələsini yaşayır.

Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyev bu məsələdən bəhs edərkən demişdir ki, Azərbaycan hökuməti aqrar sahənin hərtərəfli inkişafını təmin etmək üçün fermer təsərrüfatlarına və özəl sektora daim dəstək verməyə çalışır... Cari ilin altı ayı ərzində dövlət büdcəsindən kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 33 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait ayrılmışdır. Dövlət dəstəyinə əsasən indi bir tərəfdə fermerlərə və sahibkarlara təsərrüfatlarını inkişaf etdirmək üçün kreditlər verilir, digər tərəfdə isə kənd təsərrüfatı məhsullarının istehsalında işlədilən yanacaq və sürtkü yağlarına görə subsidiyalar paylanır. Ölkəmizin 28 rayonunda 166 min fermerə çatası 25 milyon manat avqust ayının əvvəllərindən onların hesabına köçürülüb. Fermerlərə pul yardımı da gündəmdədir. Subsidiyalar əkilən hər hektara görə 40 manat olmaqla plastik kartlar vasitəsilə ödənilir. Bu il bütövlükdə 59 rayonda 1 milyon 493 min hektar sahəyə görə 59 milyon manat həcmində subsidiyanın verilməsi nəzərdə tutulub. Bu səbəbdən yeni mövsümdə təxminən 25 minə yaxın yeni plastik kartın verilməsi gözlənilir. Avqust ayının sonu, sentyabrın əvvəllərinədək bütün rayonlarda subsidiya almaq hüququ olan fermerlərin hamısı həmin yardımlardan bəhrələnə biləcəklər.

Xatırladaq ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar ölkə Prezidentinin 2007-ci il sərəncamına uyğun olaraq ildə bir dəfə verilir. Bunun üçün hər il dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılır. Bu il 1 milyon 493 min hektar sahədə əkin aparacaq fermerlər subsidiyalardan yararlana biləcəklər.

Bir sözlə, aqrar sahəyə göstərilən qayğı, müəyyənləşdirilən iqtisadi siyasət öz bəhrəsini verməkdədir. Bu gün dünyanı bürüyən maliyyə böhranı bir çox dövlətlərin iqtisadiyyatına güclü ziyan vursa da, Azərbaycan bu problemdən maksimum sığortalana bildi. Qlobal maliyyə-iqtisadi böhranın Azərbaycan sahibkarlığına təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin tapşırıq tövsiyələrinə əsasən, sahibkarların rəqabət qabiliyyətinin qorunması, onların birbaşa vergi yükünün azaldılması istiqamətində hökumət tərəfindən təsirli tədbirlər görülmüşdür. 2010-cu ildən fərdi sahibkarların gəlirinin vergiyə cəlbedilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilmişdir. Əhalinin vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən etibarən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmişdir. Ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad edilmişdir. Cari ilin altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər rayonda 770 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da regionlarda 3400-ə yaxın yeni yerinin açılmasına imkan yaradacaqdır.

Ölkə Prezidentinin sərəncamı ilə yaradılmış "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsi aqrar sahənin müasir texnikalarla müntəzəm təchizatı da kənd təsərrüfatında ciddi dönüş yaradılmasında mühüm rol oynamışdır. Torpaq mülkiyyətçilərinə məxsus maşın-traktor parkında "Aqrolizinq" ASC-nin 55 aqroservis filialı 105 mexanikləşdirilmiş dəstəsi tərəfindən texniki xidmət, təmir nizamlama işləri görülür, onlardan səmərəli istifadə üsulları öyrədilir, lazımi tövsiyələr verilir. Ölkəmizdə fermer təsərrüfatının özəl sektorun inkişafına yaradılan şərait, sahibkarlığa dövlət dəstəyi Azərbaycanın büdcə gəlirlərinə daxil olan mədaxillərin rəngarəngliyini artırıb. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasında ölkə Prezidenti İlham Əliyev bu nailiyyətə son illərdə Azərbaycanda aqrar sahədə aparılan islahatlar sayəsində nail olunduğunu bildirib: "Azərbaycan iqtisadiyyatı uzun illər uğurla inkişaf edir, iqtisadiyyatımız çoxşaxəlidir bu, əsas amildir ki, bizi bu çətin sınaqda qoruya bilmişdir. Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat ugurlu inkişafında davam edir. Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artmışdır. Sevindirici haldır ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl göstəricidir onu göstərir ki, bizim iqtisadiyyatımız ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır. Bu il inflyasiyanın səviyyəsi çox aşağıdır. Altı ayda inflyasiya 3,7 faiz təşkil etmişdir. Ərzaq malları üzrə inflyasiyanın 2,1 faiz olduğunu nəzərə alsaq görərik ki, inflyasiya insanların sosial vəziyyətinə təsir etməmişdir... Bu rəqəmlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm iqtisadiyyatdır, aparılan iqtisadi islahatlar davam etdirilməlidir".

Azərbaycan Prezidenti tərəfindən iqtisadiyyatın bu vacib sahəsinin inkişafına göstərilən qayğı əhalinin maddi-rifah halının yaxşılaşmasına xidmət etməklə yanaşı, xalqımızın ərzaq təhlükəsizliyinə etibarlı zəmin yaradır.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2009.- 13 sentyabr.- S. 1.