Bütün uğurlarımızın təməli

 

"Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq".

 

Heydər ƏLİYEV

 

 

Düz 15 il bundan əvvəl, 1994-cü il sentyabrın 20-də Bakıda, "Gülüstan" sarayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış neft şirkəti arasında saziş imzalandı və həmin sənəd sonradan tariximizə "Əsrin müqaviləsi" kimi əbədi həkk olundu. Bu, Azərbaycan Respublikasının imza atdığı ilk beynəlxalq neft anlaşması idi və ilk gündən tarixi mahiyyətinə görə müstəqillik salnaməmizdə öz layiqli yerini tutdu. Saziş xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın nurlu sabahına işıq saçan neft strategiyasının əzəmətli təntənəsinin başlanğıc nöqtəsi oldu.

Bu möhtəşəm layihənin müəllifi, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdarkən müstəqilliyini yeni qazanmış Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya idi. Dövlətçiliyimizin müqəddəratının həll edildiyi o ağır məqamda dahi şəxsiyyət, müdrik siyasi xadim Heydər Əliyevin atdığı qəti addımlar, yürütdüyü tarazlı daxili və xarici siyasət ölkəni bürümüş dərin böhranı aradan qaldırdı, xalqımızı üzləşdiyi fəlakətlərdən xilas etdi, qısa müddətdə respublikada möhkəm ictimai-siyasi sabitlik yaratdı. Ümummilli lider yeni dövr üçün Azərbaycanın iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi və ölkənin bazar iqtisadiyyatı yolunda irəliləməsi üçün misilsiz işlər gördü.

Ulu öndər Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından son dərəcə səmərəli istifadə edilməsini vacib sayaraq ilk günlərdən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışırdı. Azərbaycanın zəngin neft-qaz yataqlarının mənimsənilməsi, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılması üçün o zaman imkanlar məhdud idi. Çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görən ulu öndər siyasi iradəsi hesabına bu istiqamətdə aparılan danışıqları uğurla sona çatdırdı. Azərbaycan keçmiş Sovet məkanında Qərb şirkətləri ilə iri neft müqaviləsi imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu baxımdan "Əsrin müqaviləsi"nin reallaşması təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyır. Qlobal layihə, eyni zamanda, Azərbaycanın müstəqil dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqlədi, suverenliyimizin mühüm təminatçısına çevrildi. Eləcə də bölgədə digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün müsbət təmayül yarandı, Azərbaycanın Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçdi. Bu gün artıq Azərbaycan regionun lider dövləti kimi beynəlxalq birliyin əsas partnyorudur. "Əsrin müqaviləsi" ilə əsası qoyulmuş yeni neft strategiyası ölkəmizə iqtisadi səmərə gətirməklə bərabər, həm də mühüm geosiyasi amildir.

Hazırda hasilatın pay bölgüsünə dair 12 saziş üzrə dünyanın 12 ölkəsini təmsil edən 22 neft şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Ötən 15 ildə neft-qaz sənayesinə 30 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur. Mühüm məsələlərdən biri də budur ki, xarici şirkətlərlə əməkdaşlığın rəngarəng formaları tapılmışdır. ARDNŞ və onun struktur bölmələri tərəfindən təsis edilmiş 36 birgə müəssisə və 4 alyans bu gün neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir.

 

* * *

 

1997-ci ildə "Çıraq" yatağından ilkin neftin hasilatına başlanılması ilə neft stategiyasının uğurlarının başlanğıcı qoyuldu, "Əsrin müqaviləsi" çərçivəsində istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasına başlandı. İlkin neftin hasil olunması "qara qızıl"ı ixrac etmək, onu dünya bazarlarına çıxarmaq məsələsini gündəmə gətirdi. 1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verildi. Lakin hasil olunacaq böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud idi. Digər tərəfdən, Azərbaycanın xarici siyasət xəttinin balans prinsipinə söykənməsi baxımından strateji məhsulların, xüsusilə xam neftin yalnız bir ölkənin ərazisindən nəqli məqsədəuyğun sayıla bilməzdi. İxrac boru kəmərlərinin çoxvariantlığı baxımından 1997-ci ildə neftin Bakı-Supsa marşrutu ilə Qara dənizə çıxarılması haqqında Azərbaycanla Gürcüstan arasında sazişin imzalanması mühüm hadisə oldu. 1999-cu ildə isə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. Beləliklə, bir əsrə yaxın fasilədən sonra ilk dəfə olaraq Azərbaycan nefti Şimala yox, Qərbə istiqamət götürdü.

Bununla belə, neft hasilatının artımı əsas ixrac boru kəmərinin qısa zamanda inşa olunmasını labüd edirdi. Azərbaycan xalqının maraqlarını daim hər şeydən uca tutan ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan ideyasını irəli sürdü və sonadək bu ideyanı dəstəkləyərək onun gerçəkləşməsinə nail oldu. Bu kəmərin çəkilməsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edirdi. Odur ki, həm ölkə daxilində, həm də xaricdə bu ideyanın əleyhinə çıxan qüvvələr az deyildi. Lakin zaman öz hökmünü verdi və ulu öndərin başqa ideyaları kimi, bu konsepsiyası da uğurla həyata keçirildi. Azərbaycan xalqının ümummilli liderinin yenilməz siyasi iradəsi və qətiyyəti hesabına bu istiqamətdə başlanılmış işlər məntiqi sonluğuna çatdı. 2006-cı ilin may ayının 28-də Azərbaycan nefti Ceyhan limanına nəql olundu. Gerçəklik növbəti dəfə ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balansı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı ixrac strategiyasının əsaslı olduğunu bütün dünyaya sübut etdi. Təsadüfi deyil ki, qədirbilən xarici tərəfdaşlarımızın təşəbbüsü ilə bu kəmərə ulu öndər Heydər Əliyevin adı verilmişdir.

Artıq BTC əsas ixrac neft boru kəmərinin coğrafi-siyasi əhəmiyyəti dünya birliyi tərəfindən birmənalı olaraq etiraf edilir. Zaman keçdikcə onun önəmi daha da artmaqdadır. BTC beynəlxalq dairələrdə həm də Mərkəzi Asiya neftinin dünya bazarlarına etibarlı nəqlinə imkan verən unikal mühüm texniki-iqtisadi infrastruktur kimi qəbul olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin avqustunda Qazaxıstana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq, ötən il ARDNŞ və "KazMunayQaz" şirkətləri arasında "Qazaxıstan Xəzər Nəql Sistemi" layihəsi üzrə memorandum imzalanmış və bu istiqamətdə işlərin başlanmasına start verilmişdir. Həmin sistem "Kaşaqan" və "Tengiz" yataqlarından hasil olunan Qazaxıstan neftinin Azərbaycan üzərindən BTC vasitəsilə dünya bazarlarına nəql edilməsi üçün nəzərdə tutulmuşdur. Artıq "Tengiz" yatağından hasil edilən neft BTC kəməri ilə Ceyhan limanına nəql olunur

Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən yeni neft strategiyasının əsas nailiyyətlərindən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Ehtiyatlarına görə dünyadakı ən iri qaz-kondensat yataqlarından sayılan "Şahdəniz" yatağında hasil olunan təbii qazın Türkiyəyə, oradan isə Avropa ölkələrinə nəqlini həyata keçirmək məqsədilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə paralel olaraq Bakı-Tbilisi-Ərzurum əsas ixrac qaz (Cənubi Qafqaz Boru Kəməri) kəməri çəkilmişdir və bu kəmər də Azərbaycanın şaxələnmiş ixrac neft-qaz kəmərləri sistemində özünə layiqli yer tutmuşdur. 2007-ci ildən "Şahdəniz" qazı Cənubi Qafqaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Bu gün bir çox dövlətlər - Yunanıstan, İtaliya, Ukrayna, Rusiya, Baltikyanı ölkələr, İran bu layihəyə böyük maraq göstərirlər. Artıq Türkiyə ilə Yunanıstan arasında "Şahdəniz" qazını nəql edəcək boru kəməri inşa olunaraq istismara buraxılmışdır. Bu hadisə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun mühüm olduğunu bir daha təsdiqləyir. Bu gün Xəzər hövzəsində hasil olunan təbii qazın Cənub Enerji Dəhlizi konsepsiyası çərçivəsində Avropaya nəqli imkanları genişdir və Azərbaycan həm Avropa Komissiyası, həm də maraqlı ölkələr və şirkətlərlə qazın etibarlı, uzunmüddətli tranziti, son istehlak bazarına birbaşa nəqli, eləcə də kommersiya və rentabelliyi baxımından ən səmərəli marşrutların müəyyən olunması istiqamətində fəal iş aparır. Azərbaycan, ümumiyyətlə, əlverişli şərtlər daxilində Avropa ölkələrinə neftin, neft məhsullarının və xüsusilə təbii qaz həcmlərinin nəqli üçün tranzit və ixrac istiqamətlərində əməkdaşlığa hazır olduğunu dəfələrlə ən yüksək səviyyədə bəyan etmişdir. Bunun üçün Azərbaycan lazım olan bütün infrastruktura malikdir.

 

* * *

 

Azərbaycanda geofizika və geologiya şərəfli bir inkişaf yolu keçmişdir. Bu sahənin mütəxəssisləri Xəzər dənizinin istisnasız olaraq bütün milli sektorlarında iri neft və qaz yataqlarının açılmasında gərgin əmək sərf etmiş, dünyanın bir çox ölkələrində öz zəngin bilik və bacarıqlarını əməli işləri ilə sübuta yetirmişlər. Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli", "Şahdəniz" yataqları, həmçinin Xəzərin qonşu dövlətlərə aid sektorlarında hazırda istismar olunan bir çox yataqlar məhz Azərbaycanın kəşfiyyat geofiziklərinin apardıqları seysmik tədqiqatlar nəticəsində aşkar olunmuşdur. Ümumiyyətlə, bugünə qədər Azərbaycan ərazisində 71 neft və qaz yatağı aşkar edilmişdir və bunların 54-nün işlənməsi uğurla davam etdirilir.

Bu illər ərzində xarici neft şirkətləri ilə dənizdə aparılan axtarış-kəşfiyyat və qazma işləri nəticəsində olduqca böyük nailiyyətlər qazanılmışdır. İlk növbədə qeyd olunmalıdır ki, 1998-ci ildə ehtiyatlarının həcminə görə orta qiymətləndirilən "Əşrəfi" və "Qarabağ" yataqları, 1999-cu ildə isə nəhəng "Şahdəniz" qaz-kondensat yatağı aşkar edilmişdir. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun saziş sahəsində aparılan işlər nəticəsində məlum olmuşdur ki, burada neft və qaz ehtiyatları əvvəllər nəzərdə tutulduğundan qat-qat artıqdır. Yəni, ehtiyatların ümumi həcminin 511 milyon ton neft, 160 milyard kubmetr qaz ehtiyatı həcmindən 925 milyon ton neft, 280 milyard kubmetr qaz həcminə qədər artıq olduğu sübut edilmişdir.

Bu gün geoloq və geofiziklərimizin qarşısında ölkədə neft və qaz ehtiyatlarının artırılması məqsədilə yeni perspektivli strukturların axtarışı və qazmaya hazırlanması, quyularda keyfiyyətli və müasir mədən-geofiziki tədqiqat işlərinin aparılması kimi həlli vacib məsələlər durur. Bu mənada, Geofizika və Geologiya İdarəsinin təchizat məsələlərinə xüsusi diqqət yetirilir. Artıq bu sahədə ciddi dönüş yaradılmışdır. Son dövrlərdə ARDNŞ-in bu idarəsi dünya standartlarına cavab verən avadanlıqların alınıb istehsalata tətbiq edilməsi istiqamətində ardıcıl addımlar atmış, bununla da aparılan işlərin texniki səviyyəsi əsaslı surətdə yüksəlmişdir. Geoloqlarımızın həm ölkə daxilindəki quru və dəniz sahələrində, həm də Xəzərin Türkmənistan və Rusiya şelfində uğurlu mühəndis-geoloji qazma işləri aparmaları üçün imkanlar qat-qat yüksəlmişdir və bu imkanlardan maksimum istifadə olunur.

Görülən tədbirlər uzun fasilədən sonra şirkətin daxili vəsaitləri hesabına bir sıra perspektivli strukturlarda işə başlamaq üçün imkan yaradır. Artıq son 20 ildə ilk dəfə olaraq "Ümid" perspektiv qaz-kondensat strukturunda daxili imkanlar hesabına axtarış-kəşfiyyat quyusunun qazılmasına başlanılmışdır. Strukturda stasionar özülün tikintisi üzrə tələb olunan müfəssəl mühəndis-geoloji qazma işləri başa çatdırılmış, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda hazırlanmış "Ümid-1" stasionar özülü dənizin dərinliyi 58 metr olan sahəsində "Neftqaztikinti" tresti tərəfindən quraşdırılmışdır. Hazırda layihə dərinliyi 6500 metr olan quyuda kəşfiyyat qazması uğurla gedir. Digər perspektivli sahələr üzrə də yeni layihələr nəzərdə tutulur. Yaxın zamanlarda "Babək" strukturunda axtarış-kəşfiyyat qazmasına başlanılacaq. Həmçinin gələn il Fransanın "Total" və "Gaz de Franse" şirkətləri ilə imzalanmış "Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş əsasında bu strukturda birinci axtarış quyusunun qazılması planlaşdırılır.

 

* * *

 

Dünyada sənaye üsulu ilə neft hasilatına başlanması tarixi Azərbaycanın adı ilə bağlıdır. 1847-ci ildə bu üsulla ilk neft quyusunun Xəzər sahillərində, Bibiheybət mədənlərində qazılması faktı artıq beynəlxalq ictimai fikirdə təsdiq olunmuşdur. Bibiheybət buxtasının qurudulması, Neft daşlarında istismara başlanılması ilə dənizdə neft hasilatına start verilmişdir. Lakin etiraf etmək lazımdır ki, hazırda Azərbaycanın bir neft və qaz ölkəsi olaraq dünya miqyasında tutduğu yer, mövqe və qazandığı şöhrət, bütün bunlardan daha çox "Əsrin müqaviləsi" çərçivəsində görülən işlər, Azərbaycanın neft-qaz sektorunda başlanmış yeni intibahla əlaqədardır. "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi istiqamətində aparılan işlərin intensiv şəkildə davam etdirilməsi ölkə üzrə neft və qaz hasilatının dinamik artımına zəmin yaratmışdır. Keçən il Azərbaycanda neft hasilatının həcmi 45 milyon tonu ötüb keçmişdir ki, bu da ölkəmizin neft sənayesi üçün rekord göstərici hesab olunur. Xatırladaq ki, buna qədər Azərbaycanda neft hasilatının ən yüksək göstəricisi (23 milyon 482 min ton) 1941-ci ildə qeydə alınmışdır.

"Azəri" və "Günəşli" yataqlarının tammiqyaslı istismara daxil edilməsi, burada yeni quyuların qazılması, eləcə də 12 il əvvəl istismara verilmiş "Çıraq" yatağındakı quyuların neft veriminin artırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində neft hasilatı ilbəil daha da artır. Bu yataqlar blokundan indiyədək 170 milyon ton neft hasil edilmişdir. Ümumiyyətlə, son 15 ildə respublikamızda 308 milyon tondan artıq neft hasil olunmuşdur ki, bunun 140 milyon tondan çoxu Dövlət Neft Şirkətinin payına düşür. Cari ildə ölkə üzrə 50 milyon tondan artıq neft hasil olunacağı proqnozlaşdırılır ki, bunun da 8,5 milyon tonu ARDNŞ tərəfindən çıxarılacaq.

"Əsrin müqaviləsi" və digər kontrakt sahələrində dünya standartlarına uyğun ən yüksək texnika və texnologiyanın tətbiq olunması neft sənayesinin modernləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Neftqazçıxarma sahələrində texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşdırılması, istehsalın optimallaşdırılması, effektivliyin yüksəldilməsi, texniki və ekoloji təhlükəsizliyin təminatı məqsədilə mövcud elmi-texniki potensialdan daha səmərəli istifadə edilir, müxtəlif proseslərin icrası üçün yeni texnika-texnologiyalar tətbiq olunur. Perspektivli yataqlarla bərabər, uzun müddət işlənməkdə olan köhnə yataqlar da tədqiq edilir, qalıq neft-qaz ehtiyatları yenidən qiymətləndirilir və bu məlumatlar əsasında işlənmənin davam etdirilməsi üçün daha səmərəli geoloji-texniki variantlar layihələndirilib həyata keçirilir.

Azərbaycanda neft hasilatının əhəmiyyətli dərəcədə artımı emal sənayesinin canlanmasına şərait yaratmışdır. "Əsrin müqaviləsi"nin imzalanmasından sonra neft emalı kompleksinin texniki-iqtisadi göstəricilərinin optimallaşdırılması, resurs potensialından səmərəli istifadə edilməsi istiqamətində ciddi işlər aparılmış, emala daha iri həcmlərin cəlbolunma ehtimalı nəzərə alınaraq, bu sahədə yenidənqurma və modernləşdirmə tədbirlərinə başlanılmışdır. Ölkəmizin neft məhsullarına olan tələbatı tam ödənilmiş, bu məhsulların ixracı ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsi istiqamətində ciddi uğurlar qazanılmışdır.

Yeni neft strategiyasının uğurla reallaşması ölkəmizdə qaz hasilatının kəskin şəkildə artmasına səbəb olmuşdur. "Əsrin müqaviləsi" həyata vəsiqə qazandıqdan sonra görülmüş işlərin nəticəsidir ki, indiyədək "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan təxminən 38 milyard kubmetr qaz hasil edilmiş, bunun 16 milyard 651,8 milyon kubmetri Azərbaycan dövlətinə təhvil verilmişdir. Ümumilikdə isə 15 ildə Azərbaycanda təxminən 135,9 milyard kubmetr qaz hasil olunmuşdur.

Hazırda ölkənin təbii qaz təminatında nail olunmuş ciddi dönüş, müşahidə edilən köklü dəyişikliklər və irəliləyişlər bilavasitə ulu öndər Heydər Əliyevin neft strategiyası ilə sıx bağlı olan 3 başlıca amillə şərtlənmişdir. Bu, bir tərəfdən, "Əsrin müqaviləsi" çərçivəsində səmt qazının təmənnasız alınması ilə, digər tərəfdən, nəhəng 1 trilyon 200 milyard kubmetr qaz və 240 milyon tondan artıq kondensat ehtiyatlarına malik olan "Şahdəniz" yatağının istismara başlanması ilə əlaqədardırsa, üçüncü tərəfdən, Dövlət Neft Şirkətinin müstəqil surətdə işlədiyi köhnə yataqlarda qaz hasilatının artırılması istiqamətində görülmüş işlərlə izah edilir. Məlum olduğu kimi, 2007-ci ildən Rusiyadan qaz idxalının dayandırılması ilə ölkə iqtisadiyyatının və əhalinin "mavi yanacaq"la təminatı vəzifəsini tam həcmdə ARDNŞ həyata keçirir. Şirkət Prezident İlham Əliyevin göstəriş və tövsiyələrini əldə rəhbər tutaraq bu məqsədlə xüsusi kompleks tədbirlər proqramı hazırlamış və bu gün də həmin proqramın icrasını uğurla davam etdirir. Aparılan hesabat və araşdırmalar göstərir ki, ARDNŞ üzrə illik qaz hasilatının 8 milyard kubmetrə çatdırılması tamamilə realdır. Həyata keçirilmiş çoxsaylı kompleks tədbirlər nəticəsində 2008-ci ildə 2005-ci illə müqayisədə qaz hasilatı 2 dəfə artırılaraq 7,75 milyard kubmetr səviyyəsinə çatdırılmışdır. Bu il isə qaz hasilatı 8 milyard kubmetr səviyyəsində proqnozlaşdırılmışdır. Yanvar-iyul ayları ərzində ARDNŞ tərəfindən artıq 4,3 milyard kubmetr qaz hasil edilmişdir.

Bu il həm də vaxtilə qaz idxal etdiyimiz Rusiyanın "Qazprom" şirkəti ilə ARDNŞ arasında Azərbaycan qazının alqı-satqısı haqda saziş imzalanmışdır. 2010-cu ildə Şimal ixrac boru kəməri ilə Rusiya tərəfinə 500 milyon kubmetrədək təbii qaz verilməlidir və biz artıq bu istiqamətdə hazırlıq aparırıq.

ARDNŞ ölkəmizin təbii qaza olan daxili ehtiyaclarını tam ödəməklə yanaşı, müstəqil olaraq Gürcüstana da qaz ixrac edir. Cari ilin yanvar-iyul aylarında qonşu ölkəyə 265,3 milyon kubmetr qaz nəql olunmuşdur. Eyni zamanda, Gürcüstanın qazpaylayıcı şəbəkəsinin böyük bir hissəsi də ARDNŞ-in idarəçiliyinə verilmişdir.

Nəzərə almaq lazımdır ki, ümumiləşdirilmiş tərzdə sadalanan bu müvəffəqiyyətlərin hər birinin arxasında neftçilərimizin gərgin, gündəlik əməyi dayanır. Qaz proqramı çərçivəsində quyuların yerləşmə şəbəkəsi təkmilləşdirilmiş, əlavə quyular qazılıb istismara daxil edilmiş, mövcud kommunikasiyalar yenidən qurulmuş, 170 km-ə qədər boru xətləri çəkilmiş, əlavə neft-mədən obyektləri tikilmiş, yeni tələblərə cavab verən mükəmməl texniki sistem yaradılması nəticəsində hasil edilən qazın gündəlik texnoloji sərf və itkiləri azaldılmış, qazma və istismar qurğuları modernləşdirilmiş, səmərəli texnika-texnologiyalar geniş tətbiq olunmuşdur.

Prezident İlham Əliyev ölkənin təbii qazla tam təmin edilməsi məqsədilə ARDNŞ qarşısında yeraltı qaz anbarlarının aktiv həcmlərini genişləndirmək barədə tapşırıq qoymuşdur. Ölkə başçısının tapşırığına əsasən, 2007-ci ildən Qaradağ Yeraltı Qazsaxlama Anbarında (YQA) yenidənqurma işlərinə başlanmışdır. Birinci mərhələdə anbarın aktiv qaz həcminin 2,3 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Burada gündəlik məhsuldarlığı 7 milyon kubmetr və təzyiqi 160 atmosfer olan iri kompressor stansiyası inşa edilir. Qaradağ YQA-da quyulara qaz vurulması məqsədilə yeni qazpaylama məntəqəsinin tikintisi başa çatdırılmışdır.

Uzun illərdir ki, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının qaz təchizatının etibarlı qaydada təminatı ölkə rəhbərliyi tərəfindən ARDNŞ qarşısında mühüm vəzifə olaraq qoyulmuş aktual məsələlərdəndir. Mütəxəssislərimiz muxtar respublikanın fasiləsiz olaraq "mavi yanacaq"la tam təmin olunması üçün müxtəlif texniki variantlar üzrə çoxprofilli tədqiqatlar aparmışlar. Araşdırmalar nəticəsində Naxçıvan MR-də müasir dünya standartları səviyyəsində təbii qazın sıxılması və izotermik üsulla saxlanması kompleksinin yaradılması məqsədəuyğun sayılmış, bu haqda texniki təkliflər hazırlanaraq Prezidentə məruzə edilmişdır.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının təbii qaz təminatının alternativ variantı kimi Türkiyə üzərindən (İqdırdan) Naxçıvana qaz kəmərinin çəkilməsinə dair ilkin razılıq da əldə edilmişdir. Razılığa əsasən, bu məsələ ilə bağlı mütəxəssislərdən ibarət birgə işçi qrupu yaradılmışdır və qrup artıq Türkiyə üzərindən Naxçıvana qaz kəməri çəkilməsinin texniki aspektlərini öyrənməklə məşğuldur.

 

* * *

 

"Əsrin müqaviləsi"nin 15 illik uğurları Azərbaycan rəhbərliyinin və neftçilərimizin xarici tərəfdaşlarla birgə apardıqları məqsədyönlü və səriştəli fəaliyyətin nəticəsidir. Bu əməkdaşlıqda professional anlaşmaya, birgə fəaliyyətin koordinasiyasına, tərəflərin mövqe və mənafelərinə qarşılıqlı hörmət və diqqət göstərilməsinə xüsusi önəm verilir. İlk dövrlərdə qurğu və avadanlıqların əksər hissəsi əsasən xaricdən gətirilsə də, getdikcə yerli istehsala daha çox üstünlük verilmiş, hazırlıq mərhələsindən etibarən saziş çərçivəsində həyata keçirilmiş bütün işlərdə ARDNŞ-ə məxsus infrastruktur və kommunikasiyalardan səmərəli istifadə olunması məsələsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə neft sənayemizin arsenalında əvvəldən olan "Dədə Qorqud" və "İstiqlal" yarımdalma üzən qazma qurğuları təmir edilmiş və modernləşdirilmişdir. Eyni zamanda, xarici şirkətlər tərəfindən məxsusi olaraq tikilmiş, hazırda Azərbaycanın yeni neft strategiyasının memarı, ulu öndər Heydər Əliyevin adını daşıyan "Lider" qurğusunun köməyi ilə böyük irəliləyişlər əldə edilmişdir. Layihələrin icra olunmasında Bakı Dərin Özüllər Zavodunun istehsalat obyektlərinin və Xəzər Dəniz Neft Donanmasının nəqliyyat vasitələrinin oynadığı mühüm rol xüsusi vurğulanmalıdır.

Hazırda Azərbaycanda hasil olunan neftin böyük bir hissəsinin çıxarıldığı "Günəşli", "Çıraq", "Mərkəzi Azəri", "Şərqi Azəri", "Qərbi Azəri", "Dərinsulu Günəşli" blokları, eləcə də müvafiq üst tikililəri keçmiş Sovet İttifaqında, eləcə də Avropada ilk bu tipli müəssisə olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa edilmişdir. Təsadüfi deyil ki, zavod bu gün də istər AÇG yataqlar blokunda, istər xarici tərəfdaşlarla birlikdə həyata keçirilən digər layihələr çərçivəsində, istərsə də ARDNŞ-in müxtəlif proqramlarının icra edilməsi işində öz missiyasını şərəflə yerinə yetirir. Zavodun modernizasiyası daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Artıq dayaq bloklarının yerli istehsalına nail olmaq üçün 3 N-li texnoloji xəttin yenidən qurulması və əlavə bir yeni xəttin tikilməsi haqda qərar qəbul olunmuşdur. Eyni zamanda, "Əsrin müqaviləsi" çərçivəsində yeni layihələndirilən "Qərbi Çıraq" platforması üçün qazma modulunun tikintisi də ilk dəfə olaraq Azərbaycanda həyata keçiriləcək.

Məlumdur ki, dəniz obyektlərinin tikintisini aparmaq, sahildən aralıda neft və qaz hasil etmək üçün ixtisaslaşmış gəmilərin olması vacib amillərdəndir. Bu baxımdan Xəzər Dəniz Neft Donanması mühüm əhəmiyyət kəsb edir. Bu gün artıq XDND-nin gəmiləri daxili sifarişləri yerinə yetirməklə məhdudlaşmır, Xəzər hövzəsində çalışan bir çox xarici şirkətlər tərəfindən müxtəlif işlərə cəlb olunurlar. Hazırda donanmanın balansında 263 gəmi, o cümlədən 7 üzən emalatxana və tərsanə var. Bu il bunlardan 49-u təmir edilərək istismara verilmiş, təmir üzrə proqnozlara 124,7 faiz əməl olunmuşdur. Bundan başqa, ARDNŞ müasir avadanlıqlarla təchiz olunmuş yeni gəmilərin alınmasına da diqqət yetirir. Bununla bağlı, XDND ilə Böyük Britaniyanın "BYUİ" şirkətinin yaratdığı "Byui-Caspian" gəmi menecmenti alyansı uğurla fəaliyyət göstərir. Alyans tərəfindən hazırda Xəzərin Azərbaycan sektorunda 14 gəmi istismar olunur. Bunlardan 11-i yeni tikilərək və ya alınaraq Bakıya gətirilmişdir. Alyans 2010-cu ildə hazırda tikintisi davam etdirilən daha 2 yeni gəmini Bakıya gətirməyə hazırlaşır.

Göründüyü kimi, bu gün Azərbaycan zəngin infrastruktur potensialına görə Xəzəryanı ölkələrin hamısından irəlidədir. Diversifikasiya olunmuş, etibarlı magistral neft və qaz kəmərləri sistemi, dərin dəniz özülləri tikməyə, suyun dərinliklərində istənilən əməliyyatı keçirməyə imkan verən infrastruktur vahidləri gələcəkdə Mərkəzi Asiya mənşəli karbohidrogenlərin dünya bazarına çıxarılması üçün qonşu Xəzəryanı ölkələrə böyük şanslar yaradır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatı üçün malik olduğu bütün imkanları təqdim etməyə hazır olduğunu dəfələrlə yüksək tribunalardan bəyan etmişdir. Prezident yeni neft strategiyasının fəlsəfəsinə uyğun olaraq, qarşıya Dövlət Neft Şirkətini mövcud beynəlxalq standartlara, müasir tələblərə cavab verən modern, çevik və güclü bir quruma çevirmək vəzifəsi qoymuşdur. Bu isə, ilk növbədə, şirkətin strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasını, idarəetmənin effektivliyinin artırılmasını nəzərdə tutur. Həmin proseslərin tərkib hissəsi kimi mühasibat sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülmüş, qısa müddətdə nəzərəçarpacaq uğurlar əldə edilmişdir. Maliyyə hesabatlarının beynəlxalq standartlarının tətbiqi müasir şəraitdə beynəlxalq önəm kəsb edən şəffaflığın artırılması, eləcə də gəlir və xərclərin, aktiv və öhdəliklərin qiymətləndirilməsi baxımından yüksək səmərə vermişdir. ARDNŞ-in beynəlxalq reyting alması üçün, "Fitch Rating" və "Moodys Rating" şirkətləri ilə müqavilə imzalaması və tələb olunan məlumatları qısa vaxtda hazırlayaraq qarşı tərəfə təqdim etməsi bu sahədə böyük uğurlar qazanılacağına əminlik yaradır.

Heydər Əliyevin qalibiyyətli neft strategiyasının nailiyyətləri sayəsində Azərbaycan artıq investisiya cəlb edən ölkədən xarici ölkələrin perspektivli sahələrinə investisiya qoyan bir ölkəyə çevrilmişdir. Azərbaycan Dövlət Neft Şirkəti bu sahədə də öncül mövqe tutur və mövqeyini ilbəil möhkəmləndirir. Şirkət rəqabətədavamlı beynəlxalq qurum kimi dünyada daha yaxşı tanınmaq üçün Azərbaycan hüdudlarını aşaraq 10-dan artıq ölkədə öz nümayəndəliklərini təsis etmiş, neft məhsullarının dünya enerji bazarında vasitəçilərin köməyi olmadan istehlakçılara daha əlverişli şərtlərlə satışını təmin etmək və əldə edilən gəlirlərin optimal həddə çatdırılması üzrə fəaliyyətin mərkəzləşdirilməsi məqsədilə İsveçrədə "SOCAR TRADİNG" şirkətini yaratmışdır. Dövlət Neft Şirkəti, ölkə rəhbərliyinin tapşırığına əsasən, 2007-ci ildən beynəlxalq enerji bazarlarına yaxınlaşmaq məqsədilə xarici investisiya layihələri həyata keçirmək xətti götürmüşdür. Gürcüstanda və Türkiyədə həyata keçirdiyimiz layihələri bu sahədə uğurlara misal göstərmək olar. İstər Kulevi Qara Dəniz Terminalında, istər Türkiyənin neft-kimya bazarında liderlik edən "Petkim" kompleksində, istərsə də ARDNŞ-in idarəçiliyində olan xaricdəki müəssisələrdə ciddi nailiyyətlər qazanılmışdır.

Bu gün ölkədə həyata keçirilən irimiqyaslı sosial layihələr, şəhər və kəndlərimizin abadlaşması, ölkənin simasının tanınmaz dərəcədə dəyişməsi ötən 15 ildə yeni neft strategiyasının Azərbaycana gətirdiyi bəhrələri əks etdirir. Sevinirik ki, bütün bu dəyişikliklərdə ARDNŞ-in çoxminli əmək kollektivinin də rolu var. Şirkətimiz inkişaf etdikcə respublikanın sosial-iqtisadi həyatında daha yaxından iştirak edir. Cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilər dövlət və xalq qarşısında sosial məsuliyyət hissini bir an olsa unutmur, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları çərçivəsində təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində aparılan işlərdə fəallıq göstərirlər. ARDNŞ-in bu sahədə gördüyü tikinti-quruculuq işlərinə respublikanın, demək olar, bütün bölgələrində rast gəlmək mümkündür. Ətraf mühitin, Xəzər dənizinin qorunmasına yönəldilmiş layihələrdə, xüsusilə neftlə çirklənmiş torpaqların təmizlənməsi proqramlarında da ARDNŞ-in həyata keçirdiyi işlərin həcmi ilbəil artır.

 

 

Rövnəq ABDULLAYEV,

ARDNŞ-in prezidenti

 

Azərbaycan.- 2009.- 15 sentyabr.- S. 4.