Mərdanov qardaşları

 

Yaradıcılığın qəribə məqamları var. Sağlığında haqqında dəfələrlə bol-bol təriflər deyilir, cild-cild kitabların müəllifi olur, amma dünyasını dəyişən kimi unudulur. Bəzən isə əksinə. Adı tarixin saralmış vərəqləri arasında uyuyur, sonradan tapılır, üzə çıxır, cəmi bir bayatısı ilə ədəbiyyatda əbədiləşir, yaşayır. Bu arada yada Ağabəyim Ağa düşür. Onun məşhur bayatısı görün neçə ildir yol gəlir, yaddaşlardan silinmir:

 

Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

 

Zamanın sınağından ancaq əsl sənət əsərləri qalib çıxır. Nahaq deməyiblər ki, hər şeyi zaman göstərər. Bu zamanın güzgüsündə isə əbədi yaşamaq qüdrəti hər kəsin taleyinə yazılmayıb.

Adı milli kino sənətimizin tarixinə əbədi həkk edilmiş Səməd Mərdanov cəmi 29 il ömür sürüb. Amma Azərbaycanın səsli və sovet komediya kinosunun yaradıcılarından biri kimi nakam ömrünə bir əbədiyyət gətirib.

O, 1909-cu ilin sentyabrında Tiflisdə varlı bir ailədə anadan olmuşdu. Atası Haşım bəy əsl zadəgan və sənət aşiqi idi. Dövrün tanınmış ziyalıları, söz-sənət sahibləri ilə ünsiyyət qurmağı, onlarla söhbət etməyi çox sevərdi. Tiflisdə yaşayan ziyalılar, eləcə də bu şəhərə qonaq gələn yazıçılar, aktyorlar mütləq Haşım bəyin qonağı olardılar. Onun qapısını kimlər açmamışdı? Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Ərəblinski və başqaları. Haşım bəy xeyriyyə cəmiyyətlərində yaxından iştirak etməklə bərabər, Tiflisin mədəni həyatında həmişə ön cərgələrdə olan bir şəxsiyyət idi.

Onun böyük oğlu Mustafa Mərdanov 1916-cı ildə Tiflis kişi gimnaziyasını bitirdikdən sonra Moskva Dövlət Teatr İnstitutunda təhsil almışdı. Bir neçə il Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışdıqdan sonra Bakıya gələrək Azərbaycan Dövlət Dram Teatrında aktyorluq etmişdi. Mustafa Mərdanov teatrda işləməklə bərabər filmə də çəkilirdi. O, həm də Azərbaycan kinosunun ilk və sevilən aktyorlarından biri idi.

Mustafa Mərdanovun yaradıcılıq bioqrafiyasını nəzərdən keçirəndə onun sənətində iki qanadın eyni dərəcədə inkişaf etdiyi bəlli olur. Görkəmli aktyorumuz bir tərəfdən səhnədə dünya klassiklərinin, eləcə də yerli müəlliflərin tamaşaya qoyulmuş əsərlərində müxtəlif rollar yaradırdı, digər tərəfdən isə kinoya çəkilərək tamaşaçılar tərəfindən böyük sevgi və maraqla qarşılanırdı. Mustafa Mərdanov "Bismillah", "Hacı Qara", "Sevil", "Bakılılar", "Kəndlilər", "Səbuhi", "Səhər", "Əhməd haradadır" və s. filmlərə çəkilib. "O olmasın, bu olsun" filmindəki Həsən bəy obrazı isə ona geniş şöhrət gətirdi. Mustafa Mərdanovun bu filmdə dediyi bəzi kəlmələri hələ də aforizm kimi işlədirlər. 1943-cü ildə xalq artisti fəxri adına layiq görülən Mustafa Mərdanov 50 il Azərbaycan səhnəsində, sözün əsl mənasında, sənət fədaisi olub. Çox sonralar öz müasirləri haqqında xatirələrini qələmə alan görkəmli aktyor 1968-ci ildə vəfat edib.

74 il ömür sürən Mustafa Mərdanov kiçik qardaşı Səməddən 15 yaş böyük idi. Məhz belə bir yaradıcı mühitdə böyüyən, qardaşının həyat və yaradıcılıq yolundan nümunə götürən Səməd Mərdanov 1935-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. O, bu ali məktəbdə məşhur kinorejissor M.Eyzenşteynin tələbəsi olmasını həmişə iftixarla xatırlayırdı. Tələbə ikən rejissorluq qabiliyyəti mütəxəssislərin diqqətini cəlb edirdi. O, Moskvada təhsil aldığı müddətdə Bakıda "Köçərilər" filmini çəkməyə dəvət alıb. 1931-ci ildə çəkilmiş bu filmin taleyi indiyə qədər qaranlıqdır.

Səməd Mərdanov həm də professional təhsil alan ilk azərbaycanlı kinorejissor, diqqətəlayiq bir sənətin sahibi kimi çox işlər görmək arzusu ilə yaşayırdı. İlk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" adlı film "Azərfilm" və Moskva kinostudiyalarının birgə istehsalı idi. Səməd Mərdanovla Barnet birlikdə çəkdikləri bu filmlə sovet kino tarixinin ilkinləri sırasına düşdülər. 1939-cu ildə Səməd Mərdanov "Kəndlilər" filmini çəkdi. Bu filmdə Azərbaycanda gedən inqilabi hərəkatdan bəhs edilirdi. "Kəndlilər" Azərbaycan kinosunun qızıl fonduna daxil edilib. Filmdə dövrün çox görkəmli aktyorları Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Möhsün Sənani, Rza Əfqanlı, Rza Darablı, eləcə də qardaşı Mustafa Mərdanov iştirak etmişdir. 1940-cı ildə ekrana buraxılan "Kəndlilər" bu professional rejissorun Azərbaycan həyatından çəkilmiş ilk filmi kimi həm birinci, həm də son yadigarı oldu. Səməd Mərdanov haqqında çox az yazılıb. Vaxtsız ölümünün səbəbi bizə dəqiq bəlli deyil. Bildiyimiz odur ki, ağır xəstə olub. Uzun müddət müxtəlif xəstəxanalarda müalicə alıb, amma bu istedadlı rejissoru ölümün qara caynağından xilas etmək mümkün olmayıb. Bəlkə də o dövrdə baş alıb gedən repressiyaların mənəvi zərbəsi idi ki, Səməd Mərdanov da bu bəlaya düçar oldu. Kim bilir?!

Yaxınları söyləyirlər ki, "Ölülər" filmini çəkmək istəyirmiş. Təəssüf ki, həyatı kimi, yaradıcılığı da yarımçıq bitdi. Bəlkə də heç başlamamış qaldı. Yaxşı ki, Azərbaycan kino tarixində ilkinliyin ünvanı kimi həmişə yaşayacaq və xatırlanacaq. Əslində, mədəniyyət tariximizin solmayan yarpaqlarına çevrilib Mərdanov qardaşları. İndi 100 yaşı tamamlanan Səməd Mərdanov sənət aləmində də həmişə cavan və əbədiyaşar olacaq.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 27 sentyabr.- S.7.