Birgə mətbuat konfransı

 

Sentyabrın 28-də Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra dövlət başçılarının birgə mətbuat konfransı olmuşdur.

Prezidentlər əvvəlcə bəyanatla çıxış etdilər.

 

Rumıniya Prezidenti Trayan Beseskunun bəyanatı

 

- Əvvəlcə sizin hamınızı salamlamaq istəyirəm. Mən hörmətli cənab Prezident Əliyevə, onun xanımına və onları müşayiət edən nümayəndə heyətinə ölkəmizə səfər etdiklərinə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Mən, eyni zamanda, cənab Prezidentə minnətdaram ki, dəvətimi qəbul edib ölkəmizə rəsmi səfərə gəlmişdir.

Mən hesab edirəm ki, cənab Prezidentin budəfəki səfəri bizim dörd ildən çox müddət ərzində gördüyümüz böyük işlərin bir növ yekunlaşdırıcı səfəridir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, son illər ərzində ölkələrimiz arasında prezidentlər və hökumətlər səviyyəsində görülmüş bir çox işlər Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.

Bu gün biz çox vacib bir sənədi imzaladıq. Bu, strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamədir. Bundan əlavə, hökumətlər arasında digər mühüm sazişlər imzalandı. Bu sazişlər bizim siyasi dialoqumuza, həmçinin enerji sahəsində əməkdaşlığımıza, iqtisadi sahədə işbirliyimizə, sərmayə qoyuluşuna, təhlükəsizliklə bağlı əməkdaşlığımıza və eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı yardıma aiddir. Bizim enerji sahəsindəki əməkdaşlığımız təkcə Nabukko layihəsinin həyata keçirilməsi istiqamətində atılan addımlarla məhdudlaşmır. Biz, eyni zamanda, Rumıniyanın Konstansa limanında maye qaz terminalının yaradılması ilə də bağlı bir çox işbirliyi qurmuşuq və əməkdaşlıq edirik.

Eyni zamanda, biz regional məsələlərə də toxunduq. Biz regionda dondurulmuş münaqişələr, xüsusən də, Dağlıq Qarabağ münaqişəsi məsələsini nəzərdən keçirdik. Biz bir daha bildirmək istəyirik ki, bununla bağlı Rumıniyanın mövqeyi dəyişməz olaraq qalır. Rumıniya hesab edir ki, dondurulmuş münaqişələrin həlli yalnız və yalnız dinc yolla, mövcud beynəlxalq hüquq norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşma əsasında baş tutmalıdır. Sağ olun.

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, məni Rumıniyaya dəvət etdiyinizə görə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz təşəkkürümü bildirirəm. Rumıniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir və bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə, deyə bilərəm ki, son illər ərzində görülmüş işlərin məntiqi nəticəsidir. Mən əminəm ki, bu gün imzalanmış bütün sənədlər gələcək əməkdaşlığın uğurlu inkişafı üçün də yaxşı əsas yaradır. İkitərəfli münasibətlərin inkişafı üçün çox gözəl imkanlar, çox böyük potensial vardır və biz gələcək illərdə bu potensialdan səmərəli şəkildə istifadə edəcəyik.

Bu gün həm təkbətək görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə bütün vacib məsələlər müzakirə edildi və gələcək əməkdaşlıq haqqında çox vacib qərarlar qəbul edildi. Siyasi əlaqələr, qeyd etdiyim kimi, çox yüksək səviyyədədir.

Əminəm ki, iqtisadi sahədə yeni, gözəl layihələr icra olunacaqdır. Neft-qaz sahəsində əməkdaşlıq uğurludur və bu əməkdaşlığın gələcəyi daha da uğurlu olacaqdır. Azərbaycanın çox zəngin neft-qaz yataqları vardır və Azərbaycanın resursları dünya və Avropa bazarlarına uğurla çıxarılır. Əgər tezliklə tranzit ölkələrlə beynəlxalq təcrübəyə əsaslanmış müqavilələr imzalanarsa, gələn ildən başlayaraq Azərbaycan qazı Avropa İttifaqının bazarına çıxarıla bilər.

Enerji resurslarının şaxələndirilməsi həm istehlakçılar, həm də istehsalçılar üçün vacibdir və bizim maraqlarımız bu işdə üst-üstə düşür. Əminəm ki, Nabukko və digər layihələr uğurla icra olunacaqdır. Neft-qaz sahəsində əməkdaşlıq, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Memorandumda da öz əksini tapıb və Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə enerji amili çox mühüm yer tutur. Mən fürsətdən istifadə edərək, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafında xüsusi rol oynadığına görə Rumıniyaya və cənab Prezident, şəxsən Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.

Eyni zamanda, Siz qeyd etdiyiniz kimi, bütün dondurulmuş münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərin rəhbər tutulması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması mövqeyi çox böyük əhəmiyyətə malikdir və buna görə mən Sizə minnətdaram. Dünyada bütün məsələlər, o cümlədən münaqişələr ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Əminəm ki, əgər bütün tərəflər beynəlxalq hüquq normalarına riayət etsələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli həll oluna bilər və Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçı qüvvələrdən tezliklə təmizlənə bilər.

Cənab Prezident, göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram və əminəm ki, gələcək əməkdaşlığımız da çox uğurlu olacaqdır.

 

 

* * *

 

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar:

YUNİS ORUCOV (Azərbaycan Televiziyası): Mənim sualım Rumıniya Prezidentinədir.

Cənab Prezident, Siz bu gün azərbaycanlı həmkarınızla strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannaməni imzaladınız. Sizcə bu sənəd ikitərəfli münasibətlərimizə hansı töhfəni verəcək? Bu sənədin ümumilikdə perspektivlərini nədə görürsünüz? Təşəkkür edirəm.

TRAYAN BESESKU: Bildirmək istəyirəm ki, bizim strateji tərədaşlıq haqqında bu cür razılaşmamız cəmi iki ölkə ilə vardır. Yəni, bu strateji tərəfdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə aparılır. Onlardan biri Birləşmiş Ştatlar, ikincisi isə Fransadır. Mən bununla bağlı qeyd etmək istəyirəm ki, bu gün cənab Prezidentlə imzaladığımız bu bəyannamə əsasında, o cümlədən digər mühüm razılaşmaları nəzərə alaraq, bundan sonra bizim hökumətlərimiz iki ölkə arasında qəbul olunacaq siyasi qərarların həyata keçirilməsi üzrə planı tərtib edəcəklər. Bir növ, yol xəritəsi. Bu yol xəritəsinin gələcəkdə həyata keçirilməsini təhlil etdikdən sonra biz belə bir qənaətə gələcəyik ki, atılmış bu addımlar uğurlu oldu, yoxsa yox?!

Mən burada həddindən artıq nikbin sözlərlə çıxış etmək istəməzdim. Sadəcə, deyə bilərəm ki, bu gün Prezident Əliyevlə bizim imzaladığımız strateji tərəfdaşlıq haqqında bu bəyannamədə əks olunmuş müddəalar bir növ, göstərici, bələdçi xarakteri daşıyır. Qeyd etmək istəyirəm ki, həmin sənəddə əks olunmuş müddəalar çox real müddəalardır və onlar hər iki ölkənin milli maraqlarına, o cümlədən Avropa İttifaqının maraqlarına uyğun gəlir. Hesab edirəm ki, əgər biz həmin prioritetləri həyata keçirə bilsək, iki ölkə arasında strateji tərəfdaşlıq böyük uğura çevriləcəkdir. Eyni zamanda, orada təcəssüm olunmuş prinsipləri Rumıniya nəinki öz milli maraqları prizmasından görür, eyni zamanda, Rumıniya hesab edir ki, bu sənəd Avropa İttifaqının enerji və xarici siyasətinə də töhfə verir, Avropa İttifaqının Qara dəniz regionundakı, o cümlədən "Şərq tərəfdaşlığı" təşəbbüslərinə də xidmət edir.

Çox sağ olun. Mən bir daha Prezident Əliyevə bu bəyannaməni imzaladığına görə minnətdarlığımı bildirmək istəyirəm.

MÜXBIR (Rumıniya): Mənim sualım Prezident Əliyevədir. Siz mətbuat üçün bəyanatınızda Azərbaycanın neft və qaz ehtiyatlarının daşınmasında tranzit məsələlərini də qeyd etdiniz. Mən bilmək istərdim, Sizin fikrinizcə, Nabukko layihəsinin həyata keçirilməsi Konstansa-Triest layihəsinin reallaşmasına nə kimi töhfə verə bilər?

İLHAM ƏLİYEV: Bilirsiniz, bizim təcrübəmiz onu göstərir ki, Azərbaycan tərəfindən irəli sürülmüş və həyata keçirilmiş layihələr gələcəkdə başqa layihələrin icrasına da gətirib çıxarır. Əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bir sözlə, əgər bu dəhliz açılmasaydı, yəqin ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də tikilməzdi. Əgər Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilməsəydi, bu gün Nabukko haqqında, ümumiyyətlə, söhbət aparmağa dəyməzdi. Çünki Nabukko layihəsinin icrası ancaq Azərbaycanın bu gün mövcud olan qaz infrastrukturunu işə salması ilə bağlıdır. Beləliklə, biz görürük ki, bir uğurlu layihə o biri layihənin icrasına gətirib çıxarır. Şübhə yoxdur ki, əgər Nabukko layihəsi uğurla icra olunarsa, regionda şaxələndirmə məqsədilə tikiləcək digər kəmərlərin inşasına da gətirib çıxaracaqdır. Bugünkü danışıqlarda həm Nabukko layihəsi, eyni zamanda, Konstansa-Triest layihəsi müzakirə olundu. Azərbaycan tərəfi hər iki layihəyə öz dəstəyini vermişdir və mən bu gün də bunu bir daha təsdiq etdim.

TRAYAN BESESKU: İcazənizlə, mən bu cavaba da əlavə olaraq öz şərhlərimi vermək istərdim. Azərbaycanın Dövlət Neft Şirkəti Avropa İttifaqı ölkələrində öz fəaliyyətini Rumıniya vasitəsilə genişləndirmək fikrindədir. Burada, bu layihənin həyata keçirilməsində Dövlət Neft Şirkəti hesab edir ki, Konstansada hazırda xam neftin saxlanılması üçün bizim tutumların genişləndirilməsi imkanı mövcuddur. Dövlət Neft Şirkəti bu sahədə işləmək arzusunu bildirmişdir. Beləliklə, Dövlət Neft Şirkəti öz resurslarını mövcud iki mümkün yol ilə nəql edə biləcəkdir. Bu yollardan bir variant o ola bilər ki, Azərbaycan Dövlət Neft Şirkəti Konstansada özü, yəni, artıq tranzit olunmuş enerji daşıyıcılarının emalı üzrə Rumıniyadakı emal zavodlarında emal prosesləri ilə özü məşğul ola bilər və bunu rumın həmkarları ilə həyata keçirə bilər. Bu, birinci variant. İkinci variant isə Dövlət Neft Şirkəti Konstansa vasitəsilə, Konstansada xam neftin saxlanılma tutumu həcminin daha da artırılması yolu ilə tranzit edib, daha sonra isə onu Triestə istiqamətləndirə bilər.

Eyni zamanda, bildirmək istəyirəm ki, Gürcüstanda - Supsa limanında böyük bir terminal vardır. Hazırda həmin terminalda yüksək tonnajlı tankerlər lövbər sala bilir. Mən şəxsən özüm xam neftin həmin tankerlərə doldurulmasını görmüşəm. Xam neft həmin tankerlərlə Bosfor və Dardanel boğazlarından keçməklə Avropa bazarlarına çatdırılır. Hesab edirəm ki, bu da düzgün bir yoldur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 2.