Azərbaycan-Rumıniya münasibətləri çox uğurla inkişaf edir

 

 Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 29-da Buxarestdəki "Tey" parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Burada dövlətimizin başçısını və xanımını Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanu qarşıladı.

Mehriban xanıma gül dəstəsi təqdim olundu.

 Parka toplaşmış yüzlərlə şəhər sakini, məktəblilər, Azərbaycan diasporunun fəalları, Rumıniyada təhsil alan azərbaycanlı tələbələr dövlətimizin başçısını və xanımını alqışlarla qarşıladılar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri qoydular.

Uşaqlarla xatirə şəkli çəkdirən dövlətimizin başçısı və xanımı "Tey" parkını gəzdilər, sakinlərlə və Azərbaycan diasporunun fəalları ilə söhbət etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 sentyabr.- S. 1.