2008-ci ilin yeni ünvanları

 

Yanvarın 17- Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, idman qurğusu ilə tanış oldu.

Yanvarın 17-də Ağcabədi şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan 3 mərtəbəli, 24 mənzilli binanın açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən dövlət başçısı İlham Əliyev mənzillərin orderlərini sahiblərinə təqdim edib.

Elə həmin gün Ağcabədi rayonuna təbii qazın verilməsi bərpa olunub. Bu münasibətlə keçirilən mərasimdə iştirak edən Prezident İlham Əliyev yeni qaz kəmərinin layihəsi ilə tanış olub. Dövlət başçısı Ağcabədiyə təbii qazın verilməsini bildirən məşəli alovlandırıb.

Fevralın 8- Heydər Əliyev prospektində MKT İstehsalat-Kommersiya MMC-nin Bakı iplik fabrikinin və Beynəlxalq Ticarət Mərkəzinin Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. İplik fabrikində MDB üzrə ilk dəfə İsveçrənin Ritter şirkətinin istehsalı olan müasir avadanlıq məhz Azərbaycanda quraşdırılıb.

Martın 7- Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Kilsə Neapol Memarlıq Universtitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında "A+A" şirkətlər qrupu tərəfindən inşa olunub.

Martın 3-də Samux rayon mərkəzində şahmat məktəbinin açılışı olub. Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsib, məktəblə tanış olub.

 Dövlət başçısı İlham Əliyev aprelin 18-də Beyləqan rayonuna təbii qaz verilməsi münasibətilə keçirilən mərasimdə nitq söyləyib, Heydər Əliyev muzeyinin açılışında iştirak edib. Sonra Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 24 mənzilli binada mənzil verilənlərə orderləri təqdim edib.

 Prezident İlham Əliyev aprelin 18-də Füzuli rayonunun Zobucuq adlanan ərazisində - Quruçayın üzərində yeni çəkilmiş 15 kilometrlik yolda salınmış körpünün açılışında iştirak etdi. Dövlət başçısı Füzuli rayonunda məcburi köçkünlər üçün qəsəbələrin salındığı əraziyə baş çəkdi. Zobucuq adlanan ərazidə 5 qəsəbə salınmışdır. Prezident sakinləri qəsəbənin istifadəyə verilməsi münasibətilə təbrik edib. Sonra dövlət başçısı Füzuli rayonunda tibb mərkəzinin və su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib.

 

 

Azərbaycan.-2009.-6 yanvar.-S.2.