Respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla yekunlaşdı

 

Əvvəlki illərdə olduğu kimi, 2008-ci il də ölkəmiz üçün sosial-iqtisadi sahədə qazanılan yüksək uğurlarla, iqtisadiyyatın dinamik inkişafı, mühüm islahatların həyata keçirilməsi və əhalinin sosial rifahının daha da yaxşılaşması ilə yadda qaldı. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunmasını, makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və tarazlı iqtisadi inkişafı təmin etdi.

 

Ölkəmizin

sosial-iqtisadi

inkişafında

yeni mərhələnin

başlanğıcı

 

Sosial-iqtisadi uğurlardan danışarkən təbii ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına toxunmamaq qeyrimümkündür. Ötən ildə bu proqram həm uğurla icra edildi, həm də qarşıya qoyulan bütün hədəflərə artıqlaması ilə çatmaqla yekunlaşdı. Cənab İlham Əliyevin prezidentliyinin birinci müddətində dövlətimizin nail olduğu iqtisadi uğurlarda bu Dövlət Proqramının əvəzsiz rolu oldu. Zaman göstərdi ki, Prezident İlham Əliyev bu proqramı təsdiq etməklə çox böyük uzaqgörənlik etmişdir. Çünki proqramın icrası nəticəsində Azərbaycanın bütün iqtisadi potensialı tam hərəkətə gətirildi, dinamik sosial-iqtisadi inkişaf təmin edildi. Azərbaycan sənaye istehsalının və ümumdaxili məhsulun artım tempinə, o cümlədən yaradılan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövləti kimi imicini möhkəmləndirdi.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyaraq regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırdı. Zamanın nəbzini düzgün tutmaqla, mövcud iqtisadi potensialdan və resurslardan, bütün imkanlardan səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük uzaqgörənliklə nail olan Prezident İlham Əliyev bununla həm də ulu öndər Heydər Əliyevin ideyalarını, arzularını, görmək istədiklərini reallaşdırdı. 1993-cü ildən ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət müstəqilliyin ilk günlərindən başlayaraq ölkədə baş alıb gedən siyasi böhranla yanaşı, iqtisadi böhranın da aradan qaldırılmasına, Azərbaycanın demokratik dövlət quruculuğu və azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açdı. Ölkədə aparılan ardıcıl iqtisadi islahatlar ötən əsrin 90-cı illərinin birinci yarısında iqtisadiyyatdakı geriləməni dayandırdı və yeni inkişaf mərhələsinə keçidi təmin etdi. Heydər Əliyevin iqtisadi siyasəti çox qısa zaman ərzində iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb oldu. İnflyasiyanın qarşısı alındı, büdcə kəsiri ümumi daxili məhsulun ən aşağı faizi səviyyəsinə endirildi. 1996-cı ildən makroiqtisadi sabitliyə nail olundu, 1997-ci ildən isə dinamik iqtisadi inkişaf təmin edildi. Ardıcıl və sistemli iqtisadi islahatlar nəticəsində, o cumlədən dövlət mülkiyyətinin özəlləşdirilməsi və sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması yolu ilə iqtisadiyyatın inkişafı və əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edildi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və MDB məkanında ən uğurlu olması ilə fərqlənən torpaq islahatı nəticəsində torpaq əvəzsiz olaraq kəndliyə verildi. 1995-ci ildən 2003-cü ilə kimi sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər nəticəsində ümumi daxili məhsulda qeyri-dövlət sektorunun xüsusi çəkisi 30 faizdən 73 faizə çatdı, ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi təmin edildi. Həmin müddətdə orta aylıq əmək haqqı və pensiyanın məbləği isə 6 dəfədən də çox artdı.

2003-cü ildə cənab İlham Əliyevin xalqın etimadını qazanaraq ölkə Prezidenti seçildikdən sonra qarşıya qoyduğu məqsədlərdən biri aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında qazanılan uğurları daha da artırmaq, regionların inkişafına nail olmaq, ölkənin bütün bölgələrini sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etdirmək, eləcə də əhalinin güzəranını daha da yaxşılaşdırmaq idi. Çünki iqtisadiyyatın regional baxımdan inkişafının zəifliyi sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətə mənfi təsir göstərir, əhalinin iş dalınca paytaxta axınını sürətləndirirdi. Bu hədəflərə çatmaq üçün isə regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək və digər tədbirləri həyata keçirtmək lazım idi. Bütün bunları nəzərə alaraq hazırlanan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" 2004-cü il fevralın 11-də Prezident İlham Əliyev tərəfindən təsdiq edildi. Dövlət başçısının bununla bağlı imzaladığı fərmanda deyilir: "Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycan Respublikasında həlli vacib məsələlərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Bu istiqamətlərdə tədbirin həyata keçirilməsi regionların iqtisadi inkişafında mövcud olan kəskin fərqin aradan qaldırılmasını və regional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı onların iqtisadi gücünü artırar və sosial problemlərin həllini sürətləndirər".

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında 2004-2008-ci illərdə ayrı-ayrı rayonlarda iqtisadiyyatın inkişafını sürətləndirən amillər, bununla bağlı dövlət siyasətinin və dəstəyinin əsas istiqamətləri müəyyən edildi. Dövlət Proqramının giriş hissəsində məqsədə aydınlıq gətirilir: "Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır".

Dövlət Proqramı Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Dağlıq Şirvan və Naxçıvan iqtisadi rayonları üzrə tərtib edilmişdi. Proqramda qarşıya qoyulan məqsədlərə çatmaq üçün müəssisələrin istehsal fəaliyyətini yoluna qoymaq və yeni istehsal müəssisələri yaratmaq, yerli resurslardan istifadənin səmərəsini artırmaq, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasını və inkişafını təmin etmək, aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək, investorların regionlara cəlb olunması üçün əlverişli şərait yaratmaq, yeni iş yerlərinin açılmasına həvəsləndirmək, əhalinin kommunal xidmətlərlə təminatını yaxşılaşdırmaq kimi vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin isə yerli və xarici sahibkarların vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsi, Sahibkarlığa Kömək Milli Fondu, büdcədənkənar dövlət fondları, kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının kreditləri, beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdu.

 

Proqramın icrası

regionların simasını kökündən dəyişdi

 

Dövlət Proqramı çərçivəsində görülən işlərin təhlili göstərir ki, onun icra edildiyi 5 ilə yaxın müddətdə iqtisadiyyatın neftdən asılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və bütövlükdə regionların tarazlı inkişafının təmin olunması istiqamətində son dərəcə mühüm işlər görülüb. Bütün şəhər və rayonlarda yeni istehsal və xidmət sahələri açılıb. Təqdirəlayiq haldır ki, yeni istifadəyə verilən istehsal müəssisələrinin böyük qismi özəl sektorun payına düşüb. Bu, bölgələrdə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərin səmərəliyindən xəbər verir.

Respublikanın regionlarının sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev Dövlət Proqramının icrasına bilavasitə nəzarət etmək məqsədilə son 5 il ərzində regionlara 50-dən artıq səfər edib. Dövlət başçısının respublikanın regionlarına hər bir səfəri yeni müəssisələrin istifadəyə verilməsi və ya təməlinin qoyulması ilə əlamətdar olub. Ölkə başçısı Dövlət Proqramının icrası ilə yerində tanış olmuş və bu səfərlərin nəticəsi kimi ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 15 sərəncam imzalamışdır. Prezident İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafına göstərilən bu qayğı dövlət proqramının uğurlu icrasının həlledici amili olmuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Ümumilikdə proqramın icra edildiyi müddətdə ölkənin bütün regionlarını əhatə etməklə 20 mindən artıq yeni müəssisə yaradılıb. Beləliklə, həm regionlarda məhsul istehsalı, həm də əhaliyə göstərilən xidmətlərin səviyyəsi və keyfiyyət göstəricisi əhəmiyyətli dərəcədə artıb.

Dövlət Proqramının uğurla icrası regionları tarazlı iqtisadi inkişaf yoluna çıxarmaqla yanaşı sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaratdı. Regionların mövcud iqtisadi potensialından düzgün istifadə etməklə yeni istehsal və xidmət müəssisələrinin yaradılması tarazlı inkişafla bərabər əhalinin məşğulluq problemlərinin yoluna qoyulması və yeni iş yerlərinin açılması ilə müşayiət edildi. Bu müddətdə ölkə üzrə 750 mindən artıq yeni iş yeri açılıb. Bu iş yerlərinin 80 faizdən çoxu regionların payına düşür. Yeni iş yerlərinin açılması isə əhalinin maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərdi və yoxsulluğun səviyyəsinin 16 faizədək enməsində mühüm rol oynadı.

Dövlət Proqramının əsas prioritetlərindən biri regionlarda səhiyyənin inkişafı, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi idi. Bu məqsədlə yeni səhiyyə ocaqlarının, o cümlədən diaqnostika mərkəzlərinin inşası proqramın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdi. Məlum olduğu kimi, müasir standartlara cavab verən belə mərkəzlər artıq bir neçə rayonda istifadəyə verilib və onların açılışında dövlət başçısı cənab İlham Əliyev də iştirak edib. Bu mərkəzlərdə dünyanın ən qabaqcıl ölkələrində son texnologiyalar əsasında istehsal olunmuş, müasir, standartlara cavab verən tibbi avadanlıqlar, o cümlədən süni böyrək aparatları quraşdırılıb, hemodializ üçün imkanlar yaranıb. İndi rayonlarda hətta ən nadir ürək əməliyyatlarının, o cümlədən mikrocərrahiyyə əməliyyatlarının aparılması mümkündür. Diaqnostika mərkəzlərindən başqa rayonlarda onlarla yeni xəstəxana istifadəyə verilib və ya müasir standartlar səviyyəsində yenidən qurulub.

Sosial-iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri güclü infrastrukturun formalaşdırılmasıdır. Təsadüfi deyil ki, Dövlət Proqramı təsdiq olunarkən qarşıya qoyulan prioritet vəzifələrdən biri də bütün sahələrdə infrastrukturun müasirləşdirilməsi idi. Son illərdə bir neçə modul tipli elektrik stansiyasının istifadəyə verilməsi, su və istilik elektrik stansiyalarının yenidən qurulması, müasir standartlar səviyyəsində magistral avtomobil yollarının çəkilməsi və yenidən qurulması, Gəncədə, Lənkəranda, Zaqatalada hava limanlarının istifadəyə verilməsi, ucqar dağ rayonları olan Lerik və Yardımlıya təbii qazın verilməsi, rayonlarda olimpiya komplekslərinin, o cümlədən turizmin inkişafına xidmət edən otellərin, istirahət mərkəzlərinin inşası infrastruktur sahələrinin yeniləşməsinə mühüm töhfələr verməklə yanaşı ölkəmizin həyatında böyük hadisəyə çevrildi.

 

Proqramın icrası vaxtından əvvəl başa çatdı

 

Əslində Dövlət Proqramın uğurla icrasının nəticəsi olaraq qarşıya qoyulan hədəflərin hamısına vaxtından əvvəl nail olunmuş, bütün məqsədlər vaxtından tez gerçəklikdə öz əksini tapmışdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bu barədə demişdir: "Demək olar ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatıb və mənim rayonlara son səfərlərim bunu bir daha əyani şəkildə göstərir. Regionlarda nə qədər böyük işlər görülüb, rayonlarımızın siması dəyişibdir. Çox gözəl layihələr icra olunur - həm infrastruktur layihələri, həm də özəl biznesin inkişafı üçün aparılan işlər, qoyulan sərmayələr. Rayonlarımızın iqtisadi artımı da çox yüksək sürətlə ölçülür. Son beş il ərzində əksər rayonların iqtisadiyyatı 2 dəfədən çox artıbdır. İlk növbədə, bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı olmuşdur. Yəni bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafına son beş il ərzində verilən dəstək və diqqət öz gözəl bəhrəsini verir və Azərbaycan iqtisadiyyatı artıq, demək olar ki, çoxşaxəlidir".

Proqram çərçivəsində nəzərdə tutulan bütün işlərin artıqlaması ilə yerinə yetirilməsi Prezident İlham Əliyevin xalqa verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini və reallığa çevrilərək cəmiyyətin bütün sferalarının maraqlarına xidmət etdiyini göstərir. Cənab İlham Əliyevin xalqımızın maraqları və tələbatı üzərində qurulan sosial-iqtisadi inkişaf xətti həqiqi bəhrələrini vermiş, Azərbaycan geniş bir bölgənin ən perspektivli dövlətləri sırasına çıxmışdır. Məhz buna görə də Azərbaycanın inkişaf templərinə və investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında reytinqi xeyli yüksəlmişdir.

Ölkədə aparılan əsaslı iqtisadi islahatlar və qarşıya qoyulmuş məqsədlərin reallaşması istiqamətində nəzərdə tutulan bütün işlərin artıqlaması ilə yerinə yetirilməsi iqtisadi artımın davamlı xarakter almasını şərtləndirmişdir. Beləliklə, Azərbaycanda iqtisadiyyatın həcmi bu illərdə iki dəfədən çox artmışdır ki, bu da dünyada analoqu olmayan göstəricidir. Bu illər həm də yeni iqtisadi təşəbbüslərlə zəngin olmuşdur. Ölkə rəhbərliyi istər sosial, istər iqtisadi sahədə yeni təşəbbüslərlə çıxış etmiş və bunlar hazırda praktikada öz bəhrələrini verməkdədir.

Onu da qeyd etmək lazımdır ki, 2004-cü ildə bu Dövlət Proqramı təsdiq olunandan sonra bəzi məsələlər ortaya çıxmışdır. Amma əvvəldə də, qeyd etdiyimiz kimi, ötən illərdə proqrama bir sıra əlavələr edildi ki, bu da sürətli iqtisadi inkişafın doğurduğu zərurətdən irəli gəlirdi. Təqdirəlayiq haldır ki, sonradan əlavə olunan bütün məsələlər də vaxtında yerinə yetirildi.

 

Yeni Dövlət

Proqramına

bu vaxta qədər

həll olunmamış

məsələlərin

hamısı salınacaqdır

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası 2008-ci ildə başa çatdı və ötən müddət ərzində regionlar keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2009-2013-cü illəri əhatə edəcək yeni Dövlət Proqramının hazırlanması tapşırığını vermişdir. Nazirlər Kabinetinin ötən iclaslarından məlum olduğu kimi, cənab Prezidentin tapşırığına uyğun olaraq, regionlarda başlanmış işlərin ardıcıl şəkildə davam etdirilməsi məqsədilə 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı üzrə yeni Dövlət Proqramı hazırlanır. Bu sənəddə vətəndaşlarımızı narahat edən bütün məsələlər, o cümlədən hər bir kəndin problemləri öz əksini tapmalıdır. Prezident İlham Əliyev bu proqramla bağlı bildirib: "Mən bəyan etmişəm və indi hazırlıq işləri aparılır ki, 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hazırlansın. Bu, mövcud proqramın məntiqi davamı olacaqdır. Bu proqrama bu vaxta qədər həll olunmamış məsələlərin hamısı salınmalıdır ki, növbəti beş il ərzində regionların bütün sosial, iqtisadi, infrastruktur problemləri həll edilsin. Buna bizim gücümüz çatar. Keçən beş ilin təcrübəsi onu göstərir ki, hansı məsələ qarşıya qoyulubsa, o, uğurla icra edilib, bəzi hallarda isə müəyyən edilmiş vaxtdan tez icra olunubdur. Ona görə regionların inkişafı prioritet kimi qalır".

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkədə aparılan dövlət siyasətinin məntiqi davamı kimi hazırlanan yeni Dövlət Proqramı sürətli iqtisadi inkişafın və artan maliyyə imkanlarının fonunda növbəti illərdə regionlarda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, o cümlədən sənaye sahələrinin, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun, o cümlədən təhsil, səhiyyə və mədəniyyət obyektlərinin müasirləşdirilməsi və sair üzrə həyata keçiriləcək tədbirləri əhatə edəcəkdir.

Təbii ki, Azərbaycanın hər bir kəndinin inkişaf etdirilməsi, "qara qızıl"ın insan kapitalına çevrilməsi amili, ərzaq təhlükəsizliyinin təmin olunması da əsas məsələlər olacaq. Əminliklə qeyd etmək olar ki, ölkədə formalaşmış əlverişli iqtisadi mühit, Azərbaycan hakimiyyətinin iqtisadi siyasəti növbəti Dövlət Proqramının da uğurla həyata keçirilməsini təmin edəcəkdir. Cənab İlham Əliyevin prezidentliyinin birinci mərhələsi iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsinin mühüm və uğurlu mərhələsi kimi tarixə düşdü. Bundan sonrakı mərhələ isə daha əzəmətli olacaqdır.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2009.-7 yanvar.-S.1-3.