Azərbaycanın milli sərvəti

 

Elm, təhsil millətin gələcəyi, dövlətin təməlidir. Hər bir xalq inkişaf yolunu məhz malik olduğu elmi-intellektual potensialla müəyyənləşdirərək dünya miqyasında layiqli yer tutmaq imkanı qazanır. Bəşər tarixində silinməz iz qoymuş böyük şəxsiyyətlərin elmə və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev də idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq ilk nöbvədə xalqın intellektual gələcəyini düşünmüşdür. Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı hesab edən ulu öndər milli təhsilin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir.

 

Müsəlman Şərqində ilk ali təhsil ocağı

 

Ümummilli lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə - 70-80-ci illərdə təhsilin tənəzzüldən çıxarılması və ölkənin gələcək inkişafının elmi təməl üzərində qurulması, respublikanın elmi-intellektual resurslarının güclənməsi üçün səylə çalışmışdır. Həmin dövrdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, elmi yeniliklərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin diqqət mərkəzində saxladığı məsələlərdən olmuşdur. Heydər Əliyevin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi nəticəsində həmin illər ərzində 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmiş, respublika ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə yüksəlmişdir. Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu dəyərli ənənələr sırasında azərbaycanlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsi təcrübəsi mühüm yer tutur. Bütün bunlar Azərbaycan üçün yüksək ixtisaslı kadrların hazırlanması, o cümlədən kadrların milliləşdirilməsi istəyindən irəli gəlmişdir.

Ulu öndər həmin dövrdə paytaxt Bakının kosmopolit ruhlu kadr potensialından azad olması üçün milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini vacib məsələ kimi önə çəkmişdi. Həmin illərdə milli-mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi rolunda çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də ulu öndərin diqqət mərkəzində olmuşdur. Ona görə də hər zaman Azərbaycanın inkişafını və intibahını burada axtarır, Bakı Dövlət Universiteti də layiqli kadrların yetişdirilməsi üçün əlindən gələni edirdi. Ulu öndər universitetə, sözün əsl mənasında, müqəddəs bir məbəd kimi yanaşırdı. Bu müqəddəsliyə xələl gətirə biləcək mənfi təzahürlərin aradan qaldırılması üçün yeri gələndə sərt addımlardan belə çəkinmirdi. Cəmiyyətdə ədalətin zəfər çalması məqsədini özünün həyat kredosuna çevirən ulu öndərin prinsipial addımları sayəsində universitetdə bilik yeganə meyar kimi qorunmuş, bir sıra nüfuzlu ixtisaslara qəbul zamanı yol verilən nöqsanların qarşısı alınmış, sıravi vətəndaşların övladlarının bu ixtisaslara doğru yolunu bağlayan sədlər ortadan götürülmüşdür.

Ulu öndər Azərbaycan rəhbərliyinə yüksəldikdən dərhal sonra universitetin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə iştirak etmişdir. Heydər Əliyev yubiley tədbirində bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmiş, onun dərin məzmunlu nitqi sonrakı mərhələdə milli təhsil manifestinə çevrilmişdir: "Azərbaycan xalqının torpağında birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır. Bu gün Azərbaycan Dövlət Universitetinin keçdiyi yarıməsrlik yola yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada layiq olduğunu özünün bütün fəaliyyəti ilə sübuta yetirmişdir. Azərbaycan Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksək ixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır".

Şübhəsiz, ümummilli liderin Bakı Dövlət Universitetinin inkişafına göstərdiyi yüksək qayğı ilk növbədə bu ali təhsil ocağının çağdaş milli dövlətçilik tariximizdəki əlahiddə yeri və statusu ilə şərtlənmişdir. Müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi ötən əsrin əvvəllərində fəaliyyətə başlamış və 90 ilə yaxın müddətdə şərəfli yol keçmiş Bakı Dövlət Universiteti Azərbaycanın çağdaş tarixinə öz möhürünü vurmuş, milli dövlətçiliyin formalaşması prosesinin cığırdaşı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, o dövrün qabaqcıl elm və mədəniyyət adamlarının səyləri, fədakarlığı, elmi-pedaqoji potensialı sayəsində həyata vəsiqə alaraq regionun aparıcı elm-təhsil mərkəzinə çevrilən universitetin təsis edilməsi, həqiqətən də, ölkə həyatında müstəsna əhəmiyyətli hadisə olmuşdur. Ötən müddətdə Bakı Dövlət Universiteti Azərbaycanda yüksək ixtisaslı milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmiş, bir çox ali təhsil ocaqlarının, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasında böyük rol oynamışdır. Xalqın ziyalı təbəqəsinin və elmi-intellektual potensialının formalaşmasında, dövlətçiliyin inkişafında müstəsna əhəmiyyət kəsb etmiş, elmin, mədəniyyətin və ictimai-siyasi fikrin inkişafında sözünü demiş ziyalıların və dövlət xadimlərinin bütöv bir nəsli məhz Bakı Dövlət Universitetinin auditoriyalarından çıxmışdır, burada yetişmişlər. Bu gün fəxrlə vurğuladığımız məqam həm də budur ki, ulu öndər Heydər Əliyev də məhz universitetin tarix fakültəsinin məzunu olmuş, öz həyatında bu elm məbədinin rolunu daim yüksək dəyərləndirmişdir.

 

BDU-ya lider qayğısı

 

Yarandığı gündən elmi-intellektual düşüncənin əsas mərkəzi olmuş Bakı Dövlət Universitetinin milli təhsil sistemindəki müstəsna yeri və rolu, milli kadr hazırlığı prosesinə əvəzsiz töhfələri müstəqillik illərində də ölkə rəhbərliyi səviyyəsində layiqincə qiymətləndirilmişdir. Ulu öndər Heydər Əliyevin elm və təhsilə qayğı siyasətinin tərkib hissəsi olaraq son 15 ildə universitetin hərtərəfli inkişafına xüsusi diqqət yetirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi bunu bir daha təsdiqləyir.

Azərbaycanın elə bir vətəndaşı yoxdur ki, milli elmin, təhsilin flaqmanı sayılan Bakı Dövlət Universiteti onun həyatında hansısa şəkildə rol oynamasın. Çoxumuz bu müqəddəs elm məbədindən pərvazlanmış, burada öyrəndiyimiz biliklərin, dəyərli müəllimlərimizdən aldığımız ustad tərbiyəsinin işığı ilə sabaha doğru qanadlanmışıq. Bu mənada Bakı Dövlət Universiteti Azərbaycanın həyatında bir taledir. Uğurlu gələcəyə doğru aparan ən aydın yollar məhz buradan - BDU-nun işıqlı auditoriyalarından, qaynar dəhlizlərindən, dünyanın bütün pisliklərindən təcrid olunmuş müqəddəs bir dünya kimi daxil olaraq nurlu tələbəlik xatirələrinə daldığımız geniş bağ-bağatından keçir.

Uzun illərdir ki, gələcək həyata məhz buradan qədəm qoyan on minlərlə Azərbaycan gənci öz xeyir-duasını burada alır. Bu təhsil ocağı bütün Azərbaycan gəncləri üçün arzuların reallıqla qovuşduğu üfüq xəttidir. Bakı Dövlət Universiteti bu gün çağdaş dünyamızın tələb və standartlarına uyğun savadlı, vətənpərvər mütəxəssislərin hazırlanması işini uğurla həyata keçirməklə burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, universitetdə təhsil alan tələbələrin sayına, intellektual səviyyəsinə, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə bütün Qafqaz regionunda liderliyini qoruyur.

Əminliklə deyə bilərik ki, yeni mərhələdə universitetin keçmiş nüfuzunu və kadr potensialını bərpa etməsi, cəmiyyət üçün layiqli kadrların hazırlanmasında aparıcı söz sahibinə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. Ümummilli lider BDU-nun 80 illik yubileyindəki tarixi çıxışında deyirdi ki, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə cəmiyyəti Bakı Dövlət Universitetindən ayrı təsəvvür etmək mümkün deyildir. "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir" - deyən dahi rəhbərin universitetə qayğısı bu ali təhsil müəssisəsinə yeni həyat vermiş, çətinliklərə rəğmən, onu yeni dövrün tələbləri səviyyəsində mütəxəssis hazırlığına sövq etmişdir. Universitet hər zaman dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar elm-təhsil məbədinin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Ümummilli liderin təşəbbüsü ilə BDU-nun 80 illik yubileyinin təntənəli şəkildə qeyd olunması da bu diqqətin əyani təzahürü olmuşdur. Universitetin Böyük Elmi Şurası elmin və təhsilin inkişafında göstərdiyi qayğıya, bu təhsil ocağının şöhrətini yüksəklərə qaldırdığına görə ulu öndər Heydər Əliyevə BDU-nun Fəxri Doktoru diplomunu təqdim etmişdir.

Ümummilli liderin Bakı Dövlət Universiteti ilə bağlı tarixi qərarlarından biri də 2000-ci ildə bu nüfuzlu ali təhsil ocağına özünüidarəetmə - muxtariyyət statusunun verilməsi olmuşdur. Müəyyən prinsiplər əsasında universitetə belə bir statusun verilməsi onun inkişafında yeni bir mərhələnin əsasını qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini, dünya təhsil sisteminə sürətli inteqrasiyasını, eyni zamanda beynəlxalq əlaqələrinin genişlənməsini təmin etmişdir.

 

Yeni mərhələ

 

Ulu öndər Heydər Əliyev BDU-ya milli elm və ali təhsilin aparıcı mərkəzlərindən biri kimi yanaşdığından, ona rəhbərlik edən şəxsin də cəmiyyətdə yüksək nüfuza, sanbala, dərin elmi-intellektual biliyə, təşəbbüskarlığa, idarəçilik keyfiyyətlərinə malik olmasına xüsusi diqqət yetirmişdir. Təsadüfi deyildir ki, təhsilimizin flaqmanı olan universtitetə rəhbərlik missiyasını 10 il öncə ulu öndər məhz elmi mühitdə tanınmış sima, nüfuzlu alim, bacarıqlı təşkilatçı Abel Məhərrəmova həvalə etmişdir. Şübhəsiz ki, ümummilli lider bu kadr seçimində Abel Məhərrəmovun islahatlara meyilliliyi, işgüzarlığı, çevik idarəçi olması kimi keyfiyyətlərə də xüsusi önəm vermişdir.

Son 10 ildə universitetdə təhsilin məzmun və formaca yeniləşdirilməsi prosesinə başlanılmış, aparıcı ölkələrin təcrübəsinin mənimsənilməsi istiqamətində əsaslı addımlar atılmışdır. Bu müddətdə universitetdə ictimai fəallıq artmış, gənclərin BDU-nun elmi həyatında və idarəçiliyindəki rolu yüksəlmişdir. Eyni zamanda beynəlxalq aləmdə Bakı Dövlət Universitetinin mövqeləri möhkəmlənmiş, universitetin elmi-pedaqoji kadrlarının beynəlxalq elmi konfranslarda və simpoziumlarda iştirakı həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, keyfiyyətli təhsil ilk növbədə nizam-intizamdan, qaydalara uyğun davranış normalarından başlayır. Universitet rəhbərliyinin yüksək idarəçilik məharəti hesabına bu gün həmin normalar BDU-da mühüm keyfiyyət faktına çevrilmiş, yaradılan dəmir intizam, tədrisin keyfiyyətinə gündəlik nəzarət fəaliyyətin səmərəliliyini xeyli artırmışdır. Universitetdə hökm sürən işgüzar ab-hava, elmi yaradıcılıq mühiti, müasir maddi-texniki baza, komfort şərait çoxsaylı kollektivin böyük rəğbəti ilə qarşılanır. Qısa müddətdə gerçəkləşdirilən bu tədbirlərin canlı şahidi olan BDU-nun professor-müəllim heyəti, tələbələri əmindirlər ki, uğurların miqyası qarşıdakı dövrdə daha geniş olacaq. Milli Məclisin deputatı, akademik, əməkdar elm xadimi Abel Məhərrəmovun rəhbərliyi altında universitetin əldə etdiyi nailiyyətlər şübhəsiz ki, ulu öndər Heydər Əliyevin rəhbər qayğısı nəticəsində mümkün olmuş və Prezident İlham Əliyevin himayədarlığı altında möhkəmlənmişdir.

 

Çağdaş tələblərə

cavab verən nüfuzlu ali təhsil ocağı

 

Son illərdə elmə, təhsilə, ali məktəblərin inkişafına xüsusi diqqətin göstərilməsi həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Eyni zamanda neft gəlirləri ilə bağlı dövlət büdcəsinin vəsaitlərinin ildən-ilə artması elm və təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərin hazırkı mərhələdə həlli vacibliyini aktuallaşdırır.

Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə alınır. Gələcək həyata məhz bu ali məktəbdən qədəm qoyan on minlərlə Azərbaycan gəncinin müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının artması, kompüter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır. Bakı Dövlət Universiteti bu gün çağdaş dünyanın standartlarına uyğun intellektual, yüksək ixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirməklə burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə MDB məkanının liderlərindən biridir.

BDU-nun elm-təhsil müəssisəsi olaraq qarşısında duran başlıca məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Bunu düzgün dərk edən universitetin professor-müəllim heyəti qarşıdakı məqsədə çatmaq üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir. BDU-nun professor-müəllim heyəti gələcəyin yetkin gəncliyini formalaşdırmaq üçün daim əzmkarlıqla işləyir, xalqın sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması üçün tədris və təhsilin keyfiyyətini günü-gündən gücləndirməyə çalışır. Sivil dünyanın ən mütərəqqi yeniliklərinin BDU-ya gətirilməsi, bu yeniliklərin Azərbaycanın elm, təhsil sahəsində tətbiqi akademik Abel Məhərrəmovu daim düşündürən başlıca məsələlərdəndir.

Son illər universitetdə gənc nəslin fiziki-mənəvi tərbiyəsi, onların sağlam ruhda formalaşması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Universitetdə yeni, müasir standartlara cavab verən idman kompleksinin yaradılması və tələbələrin ixtiyarına verilməsi bu təhsil ocağının həyatında əlamətdar hadisələrdən biri olmuşdur. Son illərdə Bakı Dövlət Universitetində müasir tələblərə cavab verən əsaslı təmir işləri aparılmış, lazımi avadanlıq və texniki qurğularla təchiz edilmiş nəşriyyatın və üzgüçülük kompleksinin, fizika fakültəsində yeni yaradılmış "Nanomaterialların kimyəvi fizikası" kafedrası və "Nano" Araşdırmalar Mərkəzinin açılışı olmuşdur.

Müasir qloballaşma dövründə hər bir ali təhsil müəssisəsinin gücü və qüdrəti onun beynəlxalq arenada mövcud nüfuzu və əlaqələri ilə ölçülür. Bu nöqteyi-nəzərdən BDU-nun hazırkı beynəlxalq əlaqələri onun nəinki MDB, bütövlükdə Avropa məkanında nüfuzlu ali təhsil ocağı kimi tanınmasını, məşhurlaşmasını təmin, beynəlxalq təhsil sisteminə uğurlu inteqrasiyasını təmin etmişdir. Hazırda Bakı Dövlət Universiteti postsosialist məkanının 100-dən çox universitetini bir araya gətirən Avrasiya Universitetləri, Xəzəryanı Ölkə Universitetləri, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyalarının üzvüdür. BDU, eyni zamanda M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Ortadoğu Teknik Universiteti, Nitsa Sofiya - Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Dövlət Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində səmərəli əməkdaşlıq edir.

Müasir dövrün informasiya reallığının cəmiyyət qarşısında qoyduğu yeni tələblər nəzərə alınmaqla, BDU-nun tam kompüterləşməsi layihəsi uğurla başa çatdırılmışdır. Bu gün BDU-da 300-ə yaxın nöqtədən internetə çıxış vardır. Burada təhsil alan tələbələrin xarici dillərə daha dərindən yiyələnmələri üçün müasir tələblərə cavab verən linqafon kabinələri quraşdırılmış, fakültə və kafedralar elm və texnikanın ən müasir yeniliklərini əldə etməyə şərait yaradan müasir avadanlıqlarla təchiz olunmuş, auditoriyaların bir çoxu mərkəzi monitor sisteminə qoşularaq bütün fakültələrdə tədris prosesinin avtomatlaşdırılmasına başlanmışdır. BDU-nun kitabxanasının müasir standartlara uyğun yenidən qurulması kitab fondunun kompüter sisteminə keçirilməsi və internetə bağlanması sivil dünya ilə əlaqənin ən bariz nümunəsidir.

BDU-da ulu öndər Heydər Əliyevin mənəvi irsinin, bu dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması mühüm vəzifə kimi qiymətləndirilir. Hazırda universitetdə fəaliyyət göstərən "Heydər Əliyev muzeyi" bu istiqamətdə ciddi araşdırmalar aparır. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə ictimaiyyətə çatdırılması, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə aşılanması yönündə mühüm işlər görülür.

Bu gün milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya təhsil standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən siyasət əzmlə davam etdirilir. Bakı Dövlət Universitetinin tələbə və müəllim heyəti ulu öndərin ideallarına sadiq qalaraq yüksək elmi potensialla respublikamızı böyük uğurlara aparan inkişaf strategiyasına öz töhfəsini verməyə çalışır.

 

Universitetə

yüksək diqqət və

qayğı nümunəsi

 

2008-ci ilin 15 oktyabr seçkilərində layiqli qələbə qazanaraq Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyevin ötən 5 ildəki fəaliyyəti onun ulu öndərin əsasını qoyduğu mütərəqqi elm və təhsil ənənələrini də uğurla davam etdirdiyini və yeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini təsdiqləyir. Ötən müddətdə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlamış, ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir.

2008-2009-cu dərs ili ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin müasir standartlara cavab verən tədris korpusunun açılış mərasimində iştirakı və dərin məzmunlu nitq söyləməsi bu ali təhsil ocağının tarixində əlamətdar hadisələrdən biri kimi əbədiyaşarlıq qazanmışdır. Dövlət başçısı mərasimdəki çıxışı zamanı ölkənin qabaqcıl ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin fəaliyyətinə yüksək dəyər vermiş, onun inkişafına bundan sonra da lazımi diqqət ayrılacağını vurğulamışdır: "Bu gün universitetin yeni, gözəl korpusu açılır və bu münasibətlə də sizi ürəkdən təbrik edirəm. Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanmasında çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır".

Yeni tədris korpusunun müasir səviyyədə inşa edilərək istifadəyə verilməsi BDU-ya yüksək diqqət və qayğının bariz təcəssümü olmaqla, ölkədə elm və təhsilin inkişafı naminə həyata keçirilən məqsədyönlü tədbirlər sisteminin məntiqi davamı kimi qiymətləndirilə bilər. Uzun illərdən bəri tikintisi yarımçıq qalmış bu tədris korpusunun qısa müddətdə və müasir tələblər səviyyəsində inşası, eyni zamanda, universitetin cəmiyyət həyatındakı müstəsna roluna verilən yüksək dəyərin ifadəsidir. Bu tədris korpusunun inşasına hələ 1991-ci ildə başlanılsa da, sonradan maliyyə problemləri üzündən işlər dayandırılmışdı. Lakin son illərdə açılan yeni fakültələr, kafedralar, elmi-tədqiqat institutları və digər bölmələr, o cümlədən tələbələrin sayının artması yeni korpusun tez bir zamanda istifadəyə verilməsi zərurətini yaratmışdı. Bu zərurət nəzərə alınaraq 2006-cı ildə tədris korpusunda yenidən əsas inşaat işlərinə başlanılmış, həmin il dövlət büdcəsindən 600 min manat, 2007-ci ildə 2,5 milyon manat vəsait ayrılmışdır.

Prezident İlham Əliyevin 2008-ci il mayın 20-də imzaladığı "Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı ilə Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisinə 4,6 milyon manat vəsaitin ayrılması isə inşaat işlərinin uğurla yekunlaşmasına zəmin yaratmışdır. Sonuncu sərəncamın nəticəsi olaraq yeni tədris korpusunun az bir müddətdə istifadəyə verilməsi mümkün olmuş, universitetin tədris şəraiti, maddi-texniki bazası əsaslı dərəcədə gücləndirilmişdir. Rektor başda olmaqla universitetin müəllim və tələbələri yay aylarında böyük təşəbbüskarlıq və əzmkarlıqla yeni binanın tikintisi, ətrafın abadlaşdırılması və yaşıllaşdırılması işində inşaatçılara yaxından kömək göstərmişlər.

Yeri gəlmişkən, Bakı Dövlət Universitetinin sonuncu korpusu 20 il əvvəl istifadəyə verilmişdi. Sonralar açılan yeni fakültələr, kafedralar, elmi-tədqiqat institutları və digər bölmələr, o cümlədən tələbələrin sayının ciddi şəkildə artması yeni korpusun tikilməsi zərurətini yaratmışdı. 15 min kvadratmetr ərazisi olan 10 mərtəbəli yeni tədris korpusunda 300-dən çox otaq, o cümlədən 220 auditoriya var. 4 mindən çox tələbənin təhsili üçün hər cür şərait yaradılmış, bütün kabinetlər mebellə, lazımi avadanlıqla təchiz edilmişdir. Burada universitetin 3 fakültəsi - tarix, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika fakültələri yerləşmişdir. Yeni tədris korpusunun nəzdindəki poliklinika, muzey, kitabxana və elmi laboratoriyalar müasir avadanlıqlarla təchiz olunmuşdur.

 

Bütün bunlar deməyə əsas verir ki, BDU-nun bugünü və gələcəyi etibarlı əllərdədir. Universitet ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı, yüksək təşkilatçılıq və idarəçilik keyfiyyətləri sayəsində ildən-ilə inkişaf edir, qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyir. Ölkə rəhbərliyinin müəyyənləşdirdiyi elmi prinsiplərə uyğun olaraq universitetin Avropa ali təhsil məkanına inteqrasiyası, mütərəqqi yenilikləri mənimsəməsi naminə bütün zəruri tədbirləri həyata keçirilir. Nəinki respublikamızda, ümumilikdə regionda flaqman ali təhsil müəssisəsi statusunu qoruyub saxlayan BDU müasir elmimizə və təhsilimizə töhfəsini verməklə Heydər Əliyev ideallarına sədaqətini, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi uğurlu siyasətə dərin inamını izhar edir. BDU-nun professor-müəllim heyəti ürəkdən inanır ki, ölkəmizin iqtisadi imkanları artdıqca, universitetə diqqət və qayğı daha da yüksələcək, qabaqcıl elm-təhsil müəssisəsi cəmiyyətdəki yüksək sanbalını, nüfuzunu bundan sonra da qoruyub saxlayacaqdır.

 

 

Alış QASIMOV,

Bakı Dövlət Universitetinin kafedra

müdiri, hüquq elmləri doktoru,

professor

 

Azərbaycan.-2009.-10 yanvar.-S.4.